Gözlərini açmağa çalışsa da hörra kimi gözünə dolan sübh yuxusundan can qurtara bilmirdi. Yuxu onun üçün sığınacaq idi. Gündəlik dəhşətlərdən, acılardan, qorxulardan gizləndiyi sığınacaq. İçində tez- tez yatıb ayılmamaq istəyi olurdu. Amma bu istəyin dərinliyində üstünü kül bağlamış bir həyat eşqi də vardı. Dərin yuxu təbəqəsinin altında hiss etdi ki, bu həyat eşqi bu səhər güclənib. Yatmazdan öncə xoş xəbər eşitmiş adamlar kimi içində qəribə bir həyəcan vardı. Yarıyuxulu halda əlini yatdığı yerə sürtdü, barmaqları döşəkağının sərin, təravətli təmasını hiss edəndə diksindi. Ona elə gəldi ki, yuxu görür. Axı hər səhər torpağın, uzaq başı köhnə, samanı çıxmış mitil döşəyin üstündə oyanardı. Gözlərini açıb özünün doğma evlərində görəndə içinə sevinc doldu, amma bu sevinc kirli bir sevinc idi. Barmaqları bədənindəki doqquz il ərzində bir həftədən bəri ilk dəfə qaysaq bağlamış yaralara, çapıqlara toxundu. Bu yaraların hər biri bir təcavüzün, şiddətin, əziyyətin, namussuzluğun izi idi. Başını balışın altına soxub hönkürdü. Əlləri ilə başını qamarladı və barmaqları iki həftədən bəri xeyli uzanmış saçlarına toxundu. Sarışın saçlarını çoxdan idi görmürdü, çünki, orda həmişə başını daz qırxardılar. İlk dəfə saçlarını qırxdıqları günü xatırladı. Sarışın saç qıvrımları qana bulaşmış torpağa töküldükcə sanki içini kərpic – kərpic sökürdülə. Kimsə “Sarı gəlin” oxuyurdu içində. Əsirlikdən qayıdanı bir həftə idi artıq, hər gün ağlayırdı. İçinə yığılmış göz yaşlarını ancaq indi boşalda bilirdi. Təccüblü burası idi ki, bu neçə ilə çox nadir hallarda ağlamışdı. İlahi , insanın içinə nə qədər göz yaşı yığılarmış? Sanki içinə yığılmış bütün göz yaşını bu bir neçə gündə ağlayıb boşaldırdı. Onun əsirlikdən qurtarması bir möcüzə idi. “Qırmızı Aypara” nümayəndələri onu təsadüf nəticəsində , erməni Sadvikin donuzlarını otararkən tapmışdılar . Özü də bilmədən təmas xəttini keçibmiş. İllər boyu azadlığın bu qədər yaxında olmasını anlamamasına təəccüb eləmişdi onda. Onu xəstəxanaya, bir az babat olandan sonra isə sərhəddə gətirdilər. İnana bilmirdi ki, xilas olur. İlk dəfə o gün sevincindən möhkəm ağladı və həsrətlə doğmalarını gözləməyə başladı. Bir iki saatdan sonra yaşlı, yad bir qadın gəldi onu aparmağa. Qadın jurnalistlərin suallarına çəkinə-çəkinə cavab verir, kameralardan gizlənirdi. Doqquz ildə həddindən artıq qocalmış anasını təbəssümündən tanıdı. Mağmın, qorxaq, yazıq təbəssümündən. Anasının niyə tək gəlməsi o saat beynində çeşidli düşüncələr oyatdı. Qorxudan ayaqları əsdi. Allah Iraq eləsin yoxsa atası, qardaşları əsir düşüb ya həlak olub? Anası özünü onun üstünə atdı. -Ay Allah şükür birliyinə, ay Allah şükür varlığına. Nazilə, səni sağ gördüm bu dəqiqə, burdaca ölsəm də dərdim olmaz, bala! On beş yaşı vardı əsir düşəndə, indi isə yaşı iyirmi dörd idi. O vaxtlar oxumaq istəyirdi, Bakıya getmək və Bakıda tələbəlik həyatı keçirmək sonra isə kəndə qayıtmayıb Bakıda qalmaq. Bu arzu kəndin bütün yeniyetmələrinin arzusu idi. Amma büruzə verməyə hamının cəsarəti çatmırdı. Yaşıdları tez-tez inşalarda şablon cümlələr yazırdılar. “Mən oxuyub həkim( və ya müəllim) olmaq, doğma kəndimə dönüb burda xalqıma və həmkəndlilərimizə xidmət etmək istəyirəm.” Bu inşaları əslində uşaqların çoxusunun yerinə böyük bacı və ya qardaşları yazırdı. O isə Bakıdan kəndə dönmək istəmirdi. Kəndin yapışqanlı palçığı ayaqlarına suvaşan küçələri, mal təzəyi qoxusu verən səhərləri, qeybətçi arvadları, arvadlardan geri qalmayıb tində , bucaqda onun bunun dalınca danışan kişiləri heç xoşuna gəlmirdi. Düzdür bütün mənfilikləri Allah quş cəhcəhinə , sübhün təmiz havasına, gecələrin sərin və ulduizlu səmalarına və azan səsinə büküb bir az dözülə bilən etmişdi. Amma fərqi yox idi bu günəşin yandırıb qovurduğu aran parçası ona xoş gəlmirdi. Bəzən kəndlərinə şəhərli qadınlar qızlar qonaq gəlirdi və o saat yorğun, yeknəsək həyatdan bezmiş, gün altda qalmaqdan qaralmış, miskin kənd camahatından seçilərdilər. O günün axşamı kəndin neçə-neçə qızı, qadını ağlaya-ağlaya yuxuya gedər və yuxuda firavan həyat, gözəl-gözəl paltarlar, yaraşıqlı-yaraşıqlı oğlanlar görərdilər. Əslində Nazilə doğulduğu kəndi sevirdi, bir ana şikəst övladını sevdiyi kimi, bezgin-bezgin. Nazilə Bakıya gedə bilmədi və ona görə də heç zaman bilməyəcəkdi ki, Bakıda yaşamaq daha çətindir. Və bilməyəcəkdi ki, Bakıdakı qız gəlinlərin də elə dərd –sərləri var ki, bəlkə də kənddəkilər bilsələr öz günlərinə şükr edərdilər. Budur indi artıq evlərində idi. Amma bu dəyişilmiş, başqalaşmış evin heç yeri ona doğma gəlmirdi. Bu evdən həyat, yenilik qoxusu gəlirdi. Bu evdə ona uşaqlığını, yeniyetməliyini xatırladan cox az şey qalmışdı. Demək onun yoxluğunda ev də təmir etdiriblər, yeni əşyalar da alıblar, bir sözlə yaşayıblar. O isə yaşamamışdı. Həyatı həmin o çovgunlu yanvar səhəri dayanmışdı. Əsir düşdüyü həmin o gün. İndi onu gətirib təzədən bu həyata atmışdılar və o qaldığı yerdən davam etməli idi. Sadəcə doqquz il sonra. İtirdiklərindən bircə sarışın, yumşaq saçları göz qabağında idi və bicə sarışın, yumşaq saçları təzədən öz əvvəlki halına qayıda bilərdi. Evdəkilrlə heç cür qaynayıb qarışa bilmirdi. O gedəndə yeddi yaşı olan balaca qardaşı Səməd indi bığ yeri tərləmiş on altı yaşlı növcavana çevrilmişdi. Atasını və böyük qardaşı Həmidi isə gələndən bircə dəfə əməlli başlı görə bilmişdi. Atası göz yaşları içində onu qucaqlasa da sanki yad, özgə bir qadına toxunurmuş kimi tezcə özünü yığışdırmışdı. O gün, bu gün nə atası nə qardaşı onunla bir süfrəyə əyləşmirdilər. Anası deyirdi ki, illər boyu özlərini Nazilənin əsir düşməsinə və əsirlikdən qurtara bilməməsinə görə günahkar hesab ediblər. Ümumiyyətlə o gələndən ailə bir yerdə nahar etmək vərdişindən əl çəkmişdi. Evdə elə bil hamı biri-biri ilə küsülü idi. Hərdən ona elə gəlirdi ki, ev adamları hətda onun gəlişindən narazıdırlar. Elə bil evlərinin üstünə qatı, ağır bir kölgə çökmüşdü. Gələndə sonra əsir qadınlara psixaoji dəstək göstərən təşkilatlardan birinin yardımı ilə onu psixoterapevtə apardılar. Amma ora cəmi bircə seans getdi. İstəmədi, çünki əmin idi ki, stolun arxasında güya onu dinləmək və anlamaq üçün oturmuş bu qadın onun halından xəbərdar ola bilməz. Bu dırnaqları və dodaqları qıpqırmızı rənglənmiş , saçları səliqə ilə daranmış, tez-tez telefonun ekranına baxan xanım – xatın qadın onu başa düşə bilməz. Bu qadının yanında hər gecə bir əsir oğlanın başı kəsilməmişdi, ananın qarnından körpəsi çıxarılmamışdı. Bu qadın yerdən qana bulaşmış, quru çörək tikələri yığıb yeməmişdi, saatlarla düşünüb bu gün ayın neçəsi olduğunu, hansı il olduğunu təyin etmək üçün baş sındırmaqdan dəli olmamışdı. Əsir düşmüş qızların, qadınların qaranlıq xarabalıqlardan gələn imdad səsini də eşitməmişdi. Hardan anlaya bilərdi onu? İki üçü gündən sonra arabir darvazanın ağzına çıxmağa başladı. Kənddə anasına gözaydınlığı verirdilər amma bunu elə edirdilər , sanki baş sağlığı verirlər. Onu da dindirirdilər, amma elə bil əcaib bir heyvana tamaşa edirdilər. Hamının ona yazığı gəlirdi. Bu hiss cox pis, xoşa gəlməz bir hiss idi. Hər kəs onu dindirməyə, könlünü almağa, bununla da sanki necə bədbəxt olduğunu bir daha xatırlatmağa çalışırdı. Bunun təsdiqi olaraq evlərinə dəstə -dəstə qadınlar gəlirdi. O da məcbur olurdu ki, bu qadınların qarşısına çıxsın, təzəcə uzanmağa başlayan saçlarından utana-utana gülümsəsin. Sinif yoldaşlarından, yaşıdlarından demək olar ki, hamısı ərdə idi. Süsəni gördü bir dəfə, ən yaxın rəfiqəsini, parta yoldaşı Süsəni. Süsənin artıq üç uşağı var idi. Nə qədər əlləşsə də bu başına çalma bağlamış, uzun tumanlı kənd arvadında keçmiş günləririn həmdəmi Süsənini tapa bilmədi. Elə Süsən də buna çox da cəhd eləmədi. Süsən gedəndə dalınca yüyürən beş, altı yaşlı oğlan uşağına baxdı. İçindən üşütmə keçdi. Onunda hardasa bir oğlu var idi. Əgər sağ idisə, əlbətdə ki… Uşaq deyəndə yadına orda dünyaya gətirdiyi körpə düşürdü. Atasının kim olduğu bilinməyən körpə. Yadındadır ilk günlər onun əl ayağını bağlayırdılar ki, qarnına xətər yetirməsin. Kimə lazım idi axı o uşaq? Niyə qoymurdular məhv etsin bu qaniçən balasını. Sonra taleyi ilə barışdı. Yaşı az olduğundan hələ ana olmaq haqda təsəvvürü də yox idi. Bircə onu başa düşürdü ki, qarnındakı bu şişkinlik biyabırçı bir şeydir. Sonra uşağı dünyaya gətirdi, hələ də təəccüb edirdi ki, necə sağ qala bildi. Bir ay uşaq onunla qaldı. Zəhləsi gedirdi bu daima vəngildəyən, qırışmış məxluqdan. Nifrət edirdi ona, amma sonra uşağı yanından aparandan sonra qəfildən onun üçün darıxmağa başlar. Indi rəfiqəsinin yanındakı uşağa baxanda bir anlı öz uşağını xatırladı. Ona öz uşağı deməyə dili də gəlmirdi. Səhər yuxusundan anasının sakit, rəvan pıçıltılarına oyandı. Pəncərənin altında böyük bacısı Gülxanımla danışırdılar. -Nənə, söz- söhbətdən xəbərin var? -Nə söz- söhbət? -Deyir Murad evdə deyib ki, mən Naziləni alacam. Qismətimdir, qayıdıb gəlibsə demək Allahın təqdiridir. Anası nəsə dedi amma o anlamadı. Fikir onu cox uzaqlara aparmışdı. Murad onu yeddinci sinifdən sevirdi. Bir dəfə rəfiqəsi Süsən ona məktub gətirmişdi. Məktub Muraddan idi. Onda doqquzuncuda oxuyurdu. Kəndlərinin qızları səkkizinci sinifdə sevir, doqquzda nişanlanır, məktəbi qurtarana qədər də bir-iki uşaq anası olurdular. Məktubu alanda yanaqları od tutub yanmağa başladı. İçində sevinc, qorxu, qürur qarışıq nəsə oyandı. İlk işi məktubu yaxşıca gizlətmək oldu ki, Həmid tapmasın. Sonra qoşa dəftər vəqəğini açıb oxudu. Sonuncu səhifədə qırmızı qələmlə yekə bir qızılgül şəkli çəkilmişdi. Qızılgülün üstünə Nazilə, yarpağına isə Murad yazılmışdı. Məktubu dönə-dönə oxudu, sonra sinəsində gizlətdi. Səhər oyanıb bir daha oxudu və güzgünün qarşısına keçdi. Bu dəfə gözləri, sarışın saçları, qabarıq sinəsi, dolğun hamar yanaqları ona daha gözəl göründü. Utanıb əlləri ilə üzünü qapadı. Sonra Muradın anası gəlib onu bəlgələdi. Bir kələğayı, bir də nazik bir üzük gətirmişdi. Əsir düşəndə o üzük barmağındaydı. Sonra isə bilmədi necə oldu. İndi hər şeyi xatırladıqca yanıb tökülürdü. Düşünürdü ki, görəsən Muradı sevibmi? Axı macalı olmadı ki, sevsin. Muradın üzüyü bağmağına taxılandan iki həftə sonra əsir düşdü. Bəlkə də sevirdi, amma indi içində ümumiyyətlə xoş heç nə qalmamışdı. Başqa qadınlarla bigə Muradın anası da gəlmişdi onu görməyə. Çəkinə-çəkinə nə zamansa gəlini ola biləcək bu bədbəxt qızın üzündən öpmüşdü. Xəyaldan ayrıldı. Anası danışırdı: -Bəs Veyis kişi nə deyib, ay Gülxanım? -Nə deyəcəyə ey, deyib ki, o qızı alsan başına papaq qoyub kənd içində gəzə biləcəksən? -Buy, bu nə sözdür az. Məgər mənim qızım pis bir iş tutub. Dilin yansın kişi, Allah məni öldürsün elə. Anası vaysınıb əllərini yanlarına çırpdı. Gülxanım anasının üzünə baxmadan dedi: -Nənə, onları da qınama. Sən oğluna əsirlikdən qayıtmış qız alarsan? -Allah ermənin tifağın dağıtsın! Yazıq balam! Anasının mağmın sifətini və çox yəqin ki, bu anda gözlərindən gıldır-gıldır süzülən göz yaşlarını gətirdi gözlərinin önünə. Çarpayıya yıxılıb hıçqırığını boğa-boğa hönkürdü. Kənddə cox sıxılırdı. Arzu edirdi ki, onu kimsənin tanımadığı uzaq bir şəhərə getsin. Burda üzünə şəfqətlə baxan hər kəsin gözündən yaşadıqlarını oxuyurdu. Belə yaşamaq dözülməz idi. Axşama az qalırdı. Arxası üstə uzandığı çarpayınin örtüyünün saçaqları ilə oynayırdı. Fikri başqa yerdə idi. Dünən anası ilə Gülxanımın danışdıqlarını düşünürdü. Bir anlığa qəribə şeylər xəyal etdi. Bu xəyallarda o, Murad, toy sədaları və başqa şeylər vardı. Sonra üzü çarpayıya tərəf qoyulmuş kamodun güzgüsünə baxdı. Qırxılmış saçları, yaralı alləri və bədəni, çuxura düşmüş gözləri ona elə yad göründü ki… Xəlayyarından utandı. Axı kimə lazım idi o bundan sonra? Başı özünə tamaşa etməyə elə qarışmışdı ki, Səmədin gəlib paltar dolabına söykənərək diqqətlə ona baxdığını yalnız bir neçə dəqiqədən sonra anladı. Gülümsəməyə çalışdi. -Nədi bacın qurban, nəyə baxırsan elə diqqətlə? -Bacı, deyirlər orda əsir düşən qızlar, qadınlar özlərini öldürürmüş. Köks ötürdü. Düz deyirdi Səməd, belə şeylər çox olmuşdu. O da istəmişdi dəfələrlə özünə qəsd eləsin. Amma bacarmamışdı. Ürəyi gəlməmişdi. Ən pis, dözülməz anlarda belə bacara bilməmişdi.Allah intiharı günah sayır fikrinə sarılmışdı güya. Amma sadəcə həyatdan əl götüməyə cəsarət tapa bilməmişdi. -Hə, olub elə şeylər. Niyə soruşdun ki? -Bə sən niyə özünü öldürməmisən bacı? Nazilənin matı- qutu qurudu. Gözləri yaşardı. -Sən bacının ölməyini istəyirdinmi, gözümün işığı. -Yox ey, amma adam nəsə……….. Səməd ağladı, qaçıb otaqdan çıxıd. Bax belə. Demək hamının gözlərindəki şəfqətin, mərhəmətin alt qatında cəsarət edib verə bilmədikləri o sual varmış. Səməd isə cəsarətlə verdi o sualı. Demək onun həyatı imiş bu evin üzərinə çökən qalın duman. O bu dumanı mütləq qovmalı idi. Nazilə çarpayıda büzüşüb hönkürdü. Amma artıq qərarını vermişdi. Günü sabah gedəcəkdi bu kənddən. Qoy rahat yaşasınlar. Ona da kimsənin şəfqəti, mərhəməti lazım deyildi. Muradın fədakarlığı da.O gedər, bir-iki həfətəyə isə hər şey unudular. Hamı rahatca yaşayar. Neçə ildən bəri ilk dəfə ölmək istədi Nazilə. Xoruzun ilk banında qalxıb geyindi. Paltarlarını çamadan yığdı. Pul götürdü. Az sonra tozlu kənd yolu ilə irəlləyirdi. Evdən uzaqlaşdıqca bayaqkı qətiyyəti azalsa da qərar verilmişdi. Avtomobil yoluna çıxmağına hələ xeyli vardı. Səhərin havasını ciyərlərinə çəkdi, göz yaşları yanağı boyu süzülürdü. İçindəki səs susmuşdu. Neçə illər əsirlikdə içində sarı gəlin oxuyan o səs bu səhər daha oxumurdu. -Hara gedirsən? Diksindi. Səsə geri çevrildi. Murad qarşısında dayanmışdı. Özünü itirdi. Amma artıq sanki duyğuları kütləşmişdi. -Gedirəm, Murad. Gedirəm ki, üstünüzdəki namus ləkəsi təmizlənsin. Rahat yaşaya biləsiniz. -Getmə, Nazilə! -Yox, Murad getməliyəm. Gecdir, cox gecdir. Düz doqquz il gecikmişəm. -Onda məni də apar. Susdu. Nə deyəcəyini bilmədi. İçində elə bil nəsə yerindən oynadı. -Səninləyəm, cavab ver! Aparırsan məni? -Bəs sən bu namussuzluğu götürə biləcəksən? -Nazilə, mən bu doqquz ildə hələ bu günkü qədər namuslu olmamışam. Günəş yavaş-yavaş üfüqdən boylanırdı. Kənd qıp-qırmızı şəfəqə bələnmişdi. Dinşədi.İçində sarı gəlin oxuyurdu kimsə.
Yazıya 1164 dəfə baxılıb