REMARKA: Deyirlər, ki, Dəyanət Osmanlı “fəlsəfi yazır, dili ağırdır”… Bu, adamların nə fəlsəfədən xəbərləri var, nə də Dəyanət Osmanlıdan!.. Bildiniz, nə deyirəm?!..
Belə! Çox sakit və rahat bir ovqat!.. Faktiki isə… mən həddən artıq narahat, üzgün bir deprəmdəydim! Və… əslində, mənim çox böyük rahatlığa, gözəl təbiətə, saf ruha, işıqlı sabaha əmin edən ictimai-siyasi reallığa, keçmişimin təhlükəsiz gələcəyimə təminatına böyük ehtiyacım varkən, əlacı həm də müasir tibbin nailiyyətlərindən yararlanaraq, parapsixoloji kurs keçməyim lazım ikən, götürüb… Dəyanət Osmanlının “İlk… Və… Son” kitabını – “dünyanın bütün insanlarına həsr olunmuş şeirləri”ni oxumağa başladım! Sözün müstəqim və məcazi mənasında, tənha ikən… həm sağaldım, həm özüm üçün əmin bir dünya əldə etdim, həm də ruhum dincəldi: söz-söz, misra-misra, bənd-bənd, fikir-fikir! Paylaşıram “bərpa resepti”ni: Türklər ilk şeirlərini haçan yazıbsa, “İlk…Və… Son”u oxuyanda gedib çıxırsan həmin o tarixə və görürsən ki, o şairlərin sırasından sənə bir imza da boylanır Dəyanət Osmanlı adında! Və həm də ekstravaqant bir ehtizazla tamaşa edirsən ki, Tanrının dünyanı yaratmasını vəsf edən, nəzmə çəkən imzaların içində elə bizim indi anlaşa biləcəyimiz ən gözəl açımı Dəyanət Osmanlı verib: “Tanrı Dünyanı yaradarkən həyəcanlı olmuşdur!” İlki bilən Dəyanət Osmanlının bildiyi bu İlki sona çatdırma müqtədirliyi ondadı ki, Sonu da gözəl bilir, elə SON TÜRK ŞEİRİ yazılanda da, Türkün Son Şeirinin Müəllifi də o olacaq – həm Özünü, həm də Sözünü Türklüyün vizit vərəqi kimi basa vardıracaq! Ən azından ona görə ki: “heç kimə bağışlamadığı qanına qəltan olan çiçəklərin xatirinə ötən günə “əlvida” desə də, “yollar yarımçıq qayıtsa da adamlardan”, Dəyanət Osmanlı həm Öz üzüylə ağara bilir, həm də Söz üzüylə! Sadəcə bir o sadə səbəbdən ki, “qələmində bir dəstə yuxusuz söz” gecələrinə “salamat qal” deyir!!! Və Dəyanət duya bilmədiyinin, xoşbəxt edə bilmədiyinin ayrılığını belə gözəl sevir: “uyğular ölüm saatıdı günlərin, gecələr hər şeyin səsi batanda!”
“Bildinmi nələr oldu, sənin ayrılıqdan sonrakı sevincin, sevginin yasından çıxmış tənhalığım mənim bir-birini bağışlayıb bir-birinə sarıldı”.
Və:
“Bütün gözəlliklər ruhun rəsmidi, Bütün canlıların ahıdı külək. (….) Ömrümüzün kirli günlərini əllərimizdən yuya bilsək, sevgimizə söykənib dayanardıq. Baharı, çiçəkləri, evimizin içindəki kədəri, aparıb ötürdük torpağa kimi. Ağrıdan öldüyümüz gündə unutmağa bir şey qalmadı!”
Necə deyirdilər “Bürc FM”-də, “bəzən həyat çox üzücü”? Həə, elə anları Dəyanət Osmanlı belə ifadə edir:
“Unutdum özümü ruhum incimədən, ağlımda unutduğum günlər və itirdiyim adamlar”.
NƏHAYƏT:
“Bir əziz gündə keçinsəm, ağlayıb bozlamayın. Məni sevən olmadısa, ölərəm, mələklər əzizlər”.
Məhz bu düşüncəni ona görə paylaşıram, təqdir edirəm ki, Dəyanət dəqiq ifadə edib ömrümüzün günlərini:
“Ağacların yanından avtomobillərtək ötüşdü günlər mən çata bilmədim!”
NƏTİCƏ:
“Saat yatıb, inildəyir qaranlıq. Yavaş, asta tərpən, kimsə can üstədir deyəsən, cəmi həsrətlər qovuşur!”
Aynən böylə cəmi insanlığın həyatı! Bu da başdaşı üçün epitafiya:
“Deyirəm vaxt gələr, vaxt gələr, mən can üstdə olanda, sən də izdiham kimi uzaqlaşarsan. Başdaşıma yazılar istəkli sözlər: sən məni məhv etdin!”
Bu epitafiyanı haqq edən kişilər üçün Dəyanətin bir vətəndaş yanğısı var desəm, inanın! Bir vətəndaş və şair olaraq, dəfələrlə uzanan kişi əlləri boşa çıxanda boşa çıxma anının boşanmayla nəticələnməsini görən dostumuz həmişə barışmağa üz qoymaq üçün hamıdan əvvəl və hamı üçün sonu deyib:
“Bu qədər düşünməkmi olar, ağlımdan çıxırsan, unuduram səni tamam… Özünü yetir!!!”
Çünki Dəyanət Osmanlı mahiyyətcə nə özü tükənən adamdı, nə sözü bitir! Sözdə də, poeziyada da, həyatda da bitmiş bir ömrü, cəmi bircə fikrə bərabər olanı yenidən və bir daha həyata qaytara bilir… elə bircə cümləylə!!! Yetər ki… özünü yetirəsən!
Bütün həyat “nou-hau”ları Sözün Səsiylə o qədər səlis ifadə olunur ki, şərh etmək artıq olur, bu “nou-hau”ları həyatın sınağı kimi yaşamaqdan başqa yol qalmır:
“Gecədən çıxıb gəldim otağıma, masada məktubun oyaq! Portretdən məktubuna baxan mənəm, uzun yollardan qayıda bilməyən adam! (…) Masada məktubun şeirlərimin açıq gözlərini sığayır… Məktubun özüntək narahat!”
Üstəlik də adamın necə bir zamanda və necə bir atmosferdə yaşadığını təsəvvür edin:
“Hər gün uzaq bir vadiyə tələsirəm. Orda azadlıq qəzaya düşüb!”
“Ruha döndüyüm yerdə ev tikib bayraq sancdım, hərdən gəlib öpərsən. Ruha döndüyüm yerdə ürəyim nəm çəkər sinəmdə…”
Burdan o yana deyəcəklərimə keçid üçün ayaq verirəm: istənilən şeiri (şeirləri) əvvəl-əvvəl böyük bir akt zalında və yaxud da səhnədə geniş auditoriya qarşısında oxuyurmuş kimi oxuyuram və zaldakı dinləyicilər anlamadısa, alqışlamadısa, özümə də, oxuduğuma da tüpürüb getmirəm! Sadəcə… o şeirin və yaxud o şeirlərin dəyərini bilən auditoriyanı axtarıram! Kütlə üçün oxumuram! Kütlə içindən axtarmıram! Millət üçün oxuyuram – millətin içindən axtarıram! Söz adamı üçün oxuyuram! Sözdən gəlib, Sözdən keçib, Sözə doğru gedən üçün oxuyuram! Və… rahatlaşıram!!! Çünki… ən doğrusuna Dəyanət Osmanlının “Və…” bölümüylə bağlanıram! “İLK…”lə “SON…”a “Və…” ilə bağlanan Dəyanət Osmanlının dediyi dəpdəqiqdir: “Seçim İnsan üçün, nəticə isə yenə də yalnız Tanrı üçün əhəmiyyətlidir”. Və bu “Və…” bölümü məni qürrələndirir, gücləndirir, əmin edir, mənə Söz ötürür, məni Sözlə ötürür, Sözdən Sözü Sözə ötürür!!! Bu qədər cəsarətlə mənə bu fikri deməyə əsas verir: “Tanrı Türkü qorusun!” deməkdənsə, “Türkü Tanrı üçün qoruyun!” Özü də necə qorumağı Dəyanət Osmanlı OSMANLI İMPERİYASININ 622 illik tarixinə hakim olmuş 36 sultanının cəmi qüdrəti iqtidarında bəyan edir (Və bir xatrırlama: o, həm də Azərbaycanda ilk araşdırma əsəri olan “Osmanlı sultanları” kitabının müəllifidir):
Bir yürüş başlayın, yolları toza bürüyün, Tanrı görsün!!! O uzaq yurd yerində kim qaldı öz ruhuyla qovğada, xəbəriniz oldumu, insanlarım… Bir yürüş başlayın, Kürün mübarək sularında, Yeniseyin buğdayı qoynunda qoşun-qoşun boğulun. Ruhunuzu oyadın, vaxtdır!!! Siz gedərkən tozlandı vətən qoşun-qoşun. yovşanlar titrəmədi, körpələrimiz diksinmədi arabalarda. Amma o vahiməli günün səsi hələ də tük ürpədir! Bir yürüş başlayın Suların doğulduğu yerə. Qiyamət öncəsi yürüşünüz xeyir Turana doğru. Mübarək ölüm sevdası başınızda daha rahat yaşarsınız ana məzarlarının sınırlarında!!!
Və mən deyim ki, VƏ-yə bu qədər böyük anlam vermiş Dəyanət Osmanlıya istənilən halda təşəkkür azlıq edir! Çünki bu gün hər şeydən öncə, bütün olub-keçmişlərin üstündən “bir VƏ… lazım”,-deyib də, “bir yürüşə başlamağın” gərək olduğunu bilməmişik. Biz elə bilmişik ki, çox böyük geopolitik nəsnələr bizə mane olur! Amma bilməmişik ki, bizə bircə bu “VƏ…” deməyi bacarmaq lazımmış, ağlımızı yeddi dərəyə yaydırıb, yeddi arxın suyunu bir dərəyə yığmaq yox, yeddi qata yüksəlmək, ucalmaq, yayılmaq lazım imiş! Tanrıdan Türkü qorumağı diləmək yox, Tanrıyçün Türkü qorumaq uğrunda mübarizə əfzəl imiş! Məhz buna görə deyirəm: Dəyanət Osmanlı heç vaxt həqiqi qiymətini almayacaq sağlığında! Heç dünyadan köç edəndən sonra da! İstəsələr belə, verə bilməyəcəklər o qiyməti, o mükafatı, o dəyəri! Tanrının “Türkün Sözü” adlanan “lövhi-məhfuz”unda qiyamət günü Siratda təqdim olunacaq o mükafat. Əvvəldən demişdim axı Son Sözümü: Dəyanət Osmanlı türkün İLKdən gələnlərinin sona varmışlarından Osmanlının son Dəyanəti olaraq, Sözün, Qanın, Hissin və Mübarizənin Səsi missiyasında… Səs heç zaman itmir! Səsi hərə eşitdiyi qədərincə eşidir! Səs yayılır – fəzaya da, tarixə də, gələcəyə də! İllah da ki o səs ilkdən gələn ilk səsdirsə! Bu da Dəyanət Osmanlının “Son…” bölümü: “İnsan yalnız son nəfəsində gerçəyin və əbədiyyətin sirlərini dərk edər” Etirazı olan, yaxud da bacaran varsa, buyursun… İlkdən Sonuna keçid edib Sonda Sonun baş verəcəyinə qədər müasir Azərbaycan dilində həqiqətləri dosdoğru çatdıran Dəyanət Osmanlıdan fərqli deyəcəklərsə… sevinərik!
YAZIYA SÖZARDI:
Gecə saat 4-dür və 84-cü səhifəyə çatanda, qeyri-iradi mobil telefona əl atıb Dəyanəti yığmaq istədim. Amma və lakin… qaranlığı belə həddən ziyadə gözəl aydınladan ruh adamını gecənin bu vaxtı sarsıtmış olacağıma görə əl saxlamadım! Sadəcə… mən çox gecikmişdim bu yazıyla! Həm də deyəcəyimi təxminən 30 illik tanışım Dəyanət Osmanlı özü də bilirdi: “Nəmli divarlardan yer kürəsi asılıb, savaşa həsrət torpaqlar istəyinə çatmış. Bu qanın rəsmidi, dostum, Seyr edənlər görməz. (…) Zəfər bayramlarında, vida mərasimlərində ruhlar oxuyar. Bu qanın səsidi, dinləyənlər bilməz!”
Və Dəyanətin bildiklərinə bildiklərimdən bunu da əlavə edib demək istədim: səni nə 30 il qabaq, nə 15 il qabaq anladılar, nə 15 il sonra, nə də 30 il sonra anlayacaqlar! Sən elə 30 il əvvəli də, 30 il sonranı da Söz yaşada-yaşada, Söz yarıda-yarıda yarıtdın, yaşatdın, amma Sözün yaşatmadığı, Sözdən yarımayan ömrünə davam elə! Sözünü de! Sən Sözü demək üçün varsan: ilkdən ilk olan ilk və Sonda son olacaq sirr sözü! Mən kitabdan nə silliogizmləri, nə oksimoronları, nə də digər idiomatik ifadələri, obrazlı deyimləri seçib, təhlil edib təqdim etmək eşqində olmadım! Dəyanət Osmanlı sənginliyində şairin şeirlərinin və özünün portretinin qələmə alınması anında ədəbiyyatşünaslıq nəzəriyyəsinin orta məktəb səviyyəsində izahlamaları çox naqolay bir cəhd. Həm də deyim ki, hələ 1997-ci ildə Dəyanət Osmanlının ilk kitabı çıxanda yaradıcılıq tryükləri, reveransları, neomanevrləri tam əksəriyyəti nokauta salmışdı. Onun ovaxtkı novatorluğu Azərbaycan poeziyasında heç 2007-ci ildə də uyğun şəkildə digərlərinin yaradıcılığında təzahür etmədi. Əksinə, sivil Avropa postmodernizmini “melodram və vodevil təlxəkləri”miz “məhəlli latayırlıq”larıyla “importnı həvariclər” təriqətinə mənsubluqlarını sərgilədilər! Halbuki Dəyanət Osmanlı ayrıca bir yol açmışdı!!! Xüsusi ilə vurğulamaq istəyirəm ki, Dəyanət Osmanlı şair statusunda ortaya çıxanda heç kimdə qıcıq yaratmadan, heç kimin bostanına daş atmadan, heç kimi ittiham etmədən, heç kimdən ummadan-küsmədən bir iddiayyla ortaya və ortama gəlmişdi, üstəlik də hamının – “kultbomond”un – rəğbət və inamını qazanaraq! Bəlkə də bu məqama toxunmamalıydım, amma deməyim də lazım: əgər bu gün Dəyanət Osmanlı bu yazıdakı sevgini bütün hamı tərəfindən görmürsə, bu da bir o sadə səbəbdəndir ki, həm özünə, həm də hamıya (və ədəbiyyata!) qarşı həddən artıq tələbkardır! Adətən, bu tip həqiqət mücahidlərini və Söz generallarını həm silah-sursatsız, həm də ordusuz saxlayırlar! Necə deyərlər, “dəftərxana generalı” statusunda! “Hayıf” demirəm! Sözün Ali Baş Komandanı Sözün Generalını Şəxsən mükafatlandırır!
ƏN SONDA: Əgər akademik Nizami Cəfərov Dəyanət Osmanlını sətirbəsətir oxuyursa, Dəyanət Osmanlı yaradıcılığını təhlil edirsə və rəy yazırsa sakinləri “avara uşaqlar” olan bu Yiyəsiz Söz Məmləkətində, üstəlik də bütün deyilənlərdən-yazılanlardan sonra, hələ bir mənə də fərqli bucaqdan baxıb nəsə yazmağa şans qalırsa, deməli, hələ Sözə Sərkərdəlik ən şərəfli missiyadır! Qaliblərin sırasında Dəyanət Osmanlının olacağına nəinki ümid etmək, hətta əminliklə inanmaq lazımdır – əlbəttə ki… SONda! P.S. Mən böyük məmnuniyyətlə Dəyanət Osmanlının şeirlərini almana, ingilisə, fransıza, ispana, rusa, hətta Lloyd Corc Bayronla Uilyam Şekspirə də oxuyardım! Bildiniz də nə deyirəm? P.P.S. Sadaladığım millətlərin dilinin nə qədər kasıb və kasad olduğunu məhz Dəyanət Osmanlının şeir yazdığı Azərbaycan diliylə sübut etmək olar! Bildiniz də nə deyirəm? P.P.P.S. Uzaqlarda qaldı bayram günləri, nəğmələrin can verdiyi yerdə. Bayram günlərində sevinən uşaqlar böyüyüb öldü!!!
Bildiniz də nə deyirəm?…
Yazıya 1095 dəfə baxılıb