Anadan olandan 21 gün sonra ağladı
Bu aktrisa anadan olan zaman ağlamağı gecikdirə bilsə də, yaşadığı həyat müddətində bunu bacara bilməyib. Çağa ikən bacardığını böyüyəndən sonra yadırğayıb. Anadan olmamışdan qabaq anası Ağca xanımın üç uşağı doğuş zamanı ölmüşdü. Ona görə də körpələrin ölümü nənə Ziba xanımın qəzəbinə səbəb olur və Ağca xanım evdən getmək məcburiyyətində qalır. Şuşanın adlı-sanlı bəy ailəsindən olan Ziba bəyimin isə sözü qanun idi. Buna görə də bəy övladı, Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olan Ağca xanım Barat anadan olanda ölər deyə, uşağı Ziba bəyimdən gizli saxlayır. Çünki uşaq onsuz da ölü kimi idi. Çox kiçik, cılız olmaqla yanaşı, heç ağlamırdı da. Odur ki, acıqlı nənəsinə xəbər verməyə tələsmirdilər. Düz 21 gün sonra körpədən səs gəlir. Şadyanalıq qurulur, Ziba bəyimə xəbər verilir. Amma o yenə də inanmır, “Ağcanın diri uşağı ola bilməz” deyir. Amma sonra gələcəyin məşhur aktrisasına çevriləcək Barat xanım ələyi ələnən, xəlbiri də göydə fırlanan nənəsini himayəyə götürəcək və bu faktı bir dəfə də olsun üzünə vurmayacaq…
Rejissora qoşulub qaçdı
Zaman dəyişdi, bəy nəsilləri öz nüfuzlarını xərcləyib qurtardılar. Məhz onda həyatın yeni mərhələsi başladı. O mərhələ ki, burada artıq Ağca xanım Şuşanın bəy arvadı yox, Gəncənin bir toxucu qadını idi. Nə etməli, axı yaşamaq və Barat da daxil üç uşağı saxlamaq lazım idi. Amma Barat da bekar dayanmır. 16 yaşında texnikumu bitirəndən sonra müəllim işləməyə başlayır və teatr dərnəyinə yazılır. Elə bütün həngamələr də bundan sonra başlanır.
Teatr klubunun direktoru Mir İbrahim Həmzəyev ona aşiq olur. Anası Ağca xanımın bütün etirazlarına baxmayaraq Barat rejissorla evlənir. Daha doğrusu qoşulub qaçır. Bir qızları dünyaya gəlir ki, ona da Cəfər Cabbarlının “Od gəlini” əsərindəki Solmazın adı verilir (Solmaz Həmzəyeva ömrünün 50-dən çox hissəsini televiziyada keçirir. Maraqlı cəhət ondan ibarətdir ki, o, da anasının taleyini yaşayır. Niyazinin köməkçisi Faiq Mustafayevə qoşulub qaçır və o da sonradan ərindən ayrılır). Amma sənət fədaisi olan bu cütlüyün birgə yaşayışığı cəmi iki il çəkir. Çünki bir gün Barat xanım qucağında körpə Solmazla yay teatrına gələrkən ərini skamyada bir qadınla tutur.
Bu zaman dəhşətə gələn gənc xanım qucağındakı uşağı ərinin üstünə ataraq ağlaya-ağlaya evə gəlir. Kifayət qədər hikkəli, həm də haqlı olduğundan ərini heç zaman bağışlamır. Uşağı geri alsa da, Mir İbrahimin bütün yalvarışlarına rəğmən onu qəbul etmir. Sonda Bakıya gəlir. Daha bilmirdi ki, Bakıda onu daha nələr, daha hansı xəyanətlər gözləyir…
Şəmsi Bədəlbəylidən niyə ayrıldı?
“Adamınkı gətirməyəndə gətirmir” məsəli Barat xanım üçün lap yerinə düşəndir. Xanım aktrisa Bakıda teatra düzələndən sonra rejissor Şəmsi Bədəlbəyli ilə ailə həyatı qurur. Rövşanə adlı bir qızları dünyaya gəlir. (Rövşanə xanım professor Fərhad Bədəlbəylinin anadan ayrı bacısıdır). Ailə bir müddət çox mehriban yaşayır. Şəmsi Bədəlbəyli hətta Solmazı öz doğma atası ilə də tanış edir. Amma onlar da ayrılır. Səbəbi məlum olmasa da, sərt və sözübütöv Barat Şəkinskaya altıotaqlı evi də, qızı Rövşanəni də Şəmsi Bədəlbəyliyə buraxaraq Gəncəyə qayıdır.
Amma Mircəfər Bağırov onu Bakıya qaytarır. O bu aktrisanın bacarığına vurğun idi. Bakıdan küsüb gedəndə rejissor Ədil İsgəndərova tapşırır ki, nə olursa olsun o xanım geri qayıtmalıdır. Özü də Barat Şəkinskayanın bütün premyeralarında iştirak edirmiş. Cəmi 23 yaşı olmasına baxmayaraq, əməkdar artist adını alması da onun hesabına olur.
Yəqin artıq çoxları bilir ki, Barat xanım ömrü boyu nə xan nəslindən olmağını gizlədib, nə də ailəsinin o biri üzvləri kimi anasının soyadına keçib.
Solmaz Həmzəyeva: “Anamın ailəsinin əsli Qarabağ xanı İbrahim xanın şəcərəsinə bağlıdır. Ana babam Həbib xan isə Sisyan bölgəsinin Şəki kəndindəndir. Babama həmin yerləri xan bağışlayıbmış. Sovet hökuməti qurulanda babam Arazın o tayına köçüb. Amma bəxti gətirdiyindən bu faktlar anama irad tutulmayıb. Hətta cəmi-cümlətanı 23 yaşı olanda “Azərbaycan SSR-in əməkdar artisti” fəxri adına layiq görülüb. Mircəfər Bağırov bir aktrisa kimi onu çox yüksək qiymətləndirirdi. Bütün premyeralarına gəlirdi. Çoxları kimi o da əvvəl-əvvəl elə bilirmiş ki, anam şəkilidi, ona görə soyadı Şəkinskayadı”.
Növbəti xəyanət: evə gətirilən qadın
Deyilənə görə, Barat Şəkinskaya ailə həyatının ən gözəl illərini rejissor Mehdi Məmmədovla yaşayır. Evliliklərindən dünyaya gələn oğulları Elçin Məmmədov da həm aktyor, həm də rəssam kimi çox tanınır. Biz bu aktyoru ən çox “Yeddi oğul istərəm”də Mirpaşa, “Dədə Qorqud” filmində isə Qaraca çoban rolları ilə tanıyırıq. Amma Elçinin uşaqlıq illəri atasının anasına etdiyi xəyanət üzündən o qədər də fərəhli keçməyib. Barat Şəkinskaya xəstəxanada müalicə olunarkən Mehdi Məmmədov evinə qadın dəvət edir. Sonradan bunu bilən Barat xanım Şəmsi Bədəlbəyli ilə etdiyi jesti təkrarlayır. Evi və uşağı xəyanətkarın üstünə ataraq çıxıb gedir.
Süni gözlə yaşayan Barat Şəkinskaya
Mərd xanım iradəsi gücünə döyüşə-döyüşə ayaq üstə qalmağı bacarır. Ömrünün sonlarına yaxın üzləşdiyi bir faciə onu bir gözündən edir. Belə ki, o, fotoqrafın səhvi üzündən faciə ilə üzləşir. Qızı bu barədə ürək acısı ilə danışır:
“Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, “a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim”. Ya da deyirdi ki, “bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər”. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi”.
Barat xanım 1999-cu ildə dünyasını dəyişdi. “O olmasın, bu olsun”, Qızmar günəş altında”, “Görüş “, “Qəribə əhvalat”, “Üzeyir ömrü” kimi filmlərdə də rol alan səhnənin misilsiz Dezdamonasının həyatını birdən birə üç rejissor o qədər də yaxşı səhnələşdirə bilmədi. O, güclü aktrisa idi.
Yazıya 915 dəfə baxılıb