Nəriman Əbdülrəhmanlı–Sözün köynəyindən keçən adam

Onu az qala 20 ildi tanıyırdım, ömrünün son iki ilini Azərbaycan Tərcümə və Ədəbi Əlaqələr

nəriman-ebdurrehmanliMərkəzində birgə işləmişdik.
Ağlıma gəlməzdi ki, dünyadan vaxtsız-vədəsiz köçəcək, ömrün yetmişinə yetişə bilməyəcək. Heç onu da bilmirdim ki, Natiq Səfərov Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdu, ya yox; çünki hər cür rəsmi qurumdan kənar gəzdiyini, təntənələri-filanı sevmədiyini onu tanıdığım illər ərzində sezmişdim. 60 illiyi ərəfəsində bəhanə gətirib bir balaca dərdləşmək, ədəbi proses ətrafında söhbət eləmək istəmişdim. Neçə illərdən bəri özünə qapılıb ancaq yazı-pozusuyla məşğul olan Natiq Səfərov əvvəlcə razılıq vermişdi, sonra da səhhəti və ədəbi aləmdən bezginliyi ilə bağlı günü-günə satmışdı.

Yaxşı ki, əlimizdə onun yaradıcılığıyla bağlı bilgilər, tərcümə elədiyi əsərlər və şəxsi münasibətlərdən doğan qənaətlər vardı, yoxsa onun haqqında demək istədiklərimiz yarımçıq olardı.

Natiq Səfərov 1943-cü il iyunun 27-də Naxçıvanda ziyalı ailəsində doğulmuşdu. 1961-ci ildə 4 saylı şəhər orta məktəbini, 1967-ci ildə Bakı Dövlət Universtitetinin filologiya fakültəsini bitirmişdi. Elə o vaxtdan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Azərbaycan” jurnalında, “Yazıçı” nəşriyyatında çalışmış, 1989-cu ildə yaradılan Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini, “Xəzər” jurnalının baş redaktor müavini, sonralar “Qanun” jurnalının baş redaktoru işləmişdi.

Bütün bunları ona görə xatırladırıq ki, Natiq Səfərov haqqında tez-tez yazılan, həftə səkkiz-mən doqquz qəzet-jurnallara müsahibələr verən, yubileyi təntənəylə qeyd olunan bəxtəvərlərdən deyildi. Bu da qismətindən idi ki, 50 yaşı 1993-cü ilin təlatümlü iyun ayına düşmüşdü, o qarışıqlıqda namuslu bir yaradıcının yüzün yarısını haqladığı kimsənin yadına düşməmişdi.

1E26A2EF-1B63-4C14-88A2-E87F0DD53063_mw800Sonralar öyrəndim ki, Natiq Səfərov Yazıçılar Birliyinə 45 yaşında, bu qurum öz imtiyazlarını itirdiyi bir vaxtda üzv olmuşdu; yəqin ki, bu da onu istəyənlərin təkidilə baş tutmuşdu. Gün-gündən artıb-çoxalan qəzet-jurnallarda da Natiq Səfərovun məqalələrinə, rəsmi-müstəqil telekanallarda və radiolarda çıxışlarına rast gəlmək müşkül iş idi. Hər bir yaradıcı adamın özünə hesabat məqamı yetişəndə də Natiq Səfərov özünə sadiq qalmağı bacarmışdı…

Neçə il əvvəl oxumağa maraqlı bir şey tapmaq üçün kitabxanamı araşdıranda əlimə “Azərbaycan” jurnalının bir sayı keçmişdi. Jurnalı nəyə görə saxladığımı yadıma salmağa çalışa-çalışa vərəqlərini çevirmiş, axtardığımı tapmışdım. Həmin məqamda Natiq Səfərovun tərcüməsində məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin son dərəcə maraqlı müsahibəsinin və hekayələrinin yaratdığı ovqatı, ədəbiyyata can atan qələm dostlarımla bununla bağlı uzun-uzadı söhbətlərimizi xatırlamışdım. Bizlərdən – o zaman dünya mədəniyyətinə yeganə açarımız olan rus dilini hələ əməlli-başlı mənimsəməmiş kəslərdən ötrü Natiq Səfərovun tərcümələri nəfəslik kimiydi.

Elə o vaxtlarda tərcüməçinin Nobel mükafatı laureatı Uilyam Folknerden çevirmələri də işıq üzü görmüşdü. Bu əsərləri oxuyanlar Folknerin ədəbi dühasının siqlətiylə bərabər dilimizin imkanlarını da hiss eləmişdilər. Peşəkar tərcüməçi kimi Natiq Səfərovun uğuru da elə bundaydı.

Sovet çağları ədəbiyyatının maraqlı bir cəhəti vardı: demək olar, əksər şairlər, nasirlər, dramaturqlar tərcüməylə məşğul olmağı, “Əyləşirəm hər cümə, eyləyirəm tərcümə…” prinsipini elə bil, yaradıcılığın ayrılmaz atributu sayırdılar. Elə o vaxtlar da peşəkar tərcüməçiləri barmaqla sayırdılar – hər halda, Azərbaycan ədəbiyyatında vəziyyət bu cür idi. Yaxın qonşumuz Gürcüstanda Tərcümə Mərkəzinin ötən əsrin 30-cu illərində yaranmasına, fəaliyyətini artıq formalaşmış ənənələr üzərində davam etdirməsinə baxmayaraq, bizdə bu proses təxminən 20 il sonra başlandı və təəssüf ki, formalaşma fürsəti qazanmadı. Halbuki məsələn, İshaq İbrahimov, Natiq Səfərov kimi peşəkarlar bütöv bir məktəb yarada bilərdilər.

Natiq Səfərov dünya ədəbiyyatının nümunələrini dilimizə ruscadan çevirirdi. Mən həmişə Naxçıvanda doğulub-böyümüş, Bakıda təhsil almış adamın rus dilini bunca gözəl duymasına heyrətlənmişəm. Təbii ki, ədəbi tərcümədə hər iki dilin imkanlarını dərindən bilmək bacarığı və bədii təfəkkür tərzi başlıca şərtdir. Natiq Səfərov ana dilimizə gözəl bələd olan qələm adamıydı, üstəlik, həsəd aparılası bədii təfəkkürü və zövqü vardı.

Əgər nəsr yazsaydı, onun ən yaxşı nasirlərimizdən ola biləcəyinə indinin özündə də şübhə eləmirəm. Amma o, tərcüməçi taleyini seçib dünya ədəbiyyatının nümunələrini dilimizə çevirmək missiyasını üzərinə götürdü. Natiq Səfərovun tərcüməsində 70-ci illərin başlanğıcından bəri ardıcıl oxuduğumuz əsərlər bu missiyanın uğurlu sonucuydu. Onun sayəsində bir-birindən fərqli üslublarda yazılmış, amma böyük istedadın məhsulu olan roman, povest və hekayələrlə tanış olurduq.

Tərcüməçinin qələmindən çıxan İlya İlf və Yevgeni Petrovun “Qızıl dana” romanı, Redyard Kiplinqin “Öz kefinə gəzən pişik”, Vasili Şukşinin “Qırmızı kalina”, Sətimcan Sanbayevin “Ağ arvana”, Hrant Matevosyanın “Kəhər ilxı” povestləri ədəbi həyatımızda maraqla qarşılandı. Sonra Natiq Səfərovun çevirməsində “Mahabharata və ya Bharata övladlarının böyük vuruşları haqqında dastan” (1988) adlı hind eposu, V.Tukunovun “Canilər” (1992), “Hind mifləri” (1993) kitabları işıq üzü gördü.

Onun böyük qazax şairi Oljas Süleymenovun elmi-bədii, publisistik üslubda yazılmış məşhur “Az i ya” əsərini Azərbaycan türkcəsinə çevirməsi (1993) tərcümə mədəniyyətimizin böyük uğurlarından biridir. Türkiyədə və Azərbaycanda işıq üzü görən “Az i ya” Natiq Səfərovun yüksək səviyyəli peşəkar tərcüməçi olduğunu bir daha sübuta yetirmişdi. Amma yenə təəssüf ki, əsərin çapdan çıxması ədəbiyyata diqqət baxımından əlverişsiz bir dövrə düşdü və bu sanballı mədəniyyət faktı mətbuatda yetərincə işıqlandırılmadı.

Natiq Səfərovun dünya dramaturgiyasından tərcümələri haqqında çox adamın məlumatı yoxdur. Çünki səhnə əsərləri tamaşaya qoyulanda çox vaxt tərcüməçinin adı, zəhməti xatırlanmır. Ona görə də teatrlarımızda quruluş verilmiş Jan Anuyun “Medeya”, Vsevolod Vişnevskinin “Nikbin faciə”, Aleksandr Vampilovun “Qarğa qarıltısı” pyeslərini dilimizə Natiq Səfərovun çevirdiyini az adam bilir.

Neçə illər öncə Akademik Milli Dram Teatrının səhnəsində “Medeya” tamaşasına baxanda əsərin ustalıqla tərcümə edildiyinin fərqinə dərhal varmışdım və onda bu uğurun Natiq Səfərovun payına düşdüyünü mən də ağlıma gətirməzdim.

1980-ci illərin ortalarından bədii tərcümə sahəsiylə sıx təmasda olduğumdan bu sahənin xüsusiyyətlərinə və tələblərinə az-çox bələdəm. Şair, nasir, publisist, dramaturq… üslub seçməkdə, öz duyumunu ifadə eləməkdə sərbəstdir, yəni istədiyi mövzunu, qəlbinə yaxın formanı, lazım bildiyi təhkiyəni seçə bilər. Amma tərcüməçinin müraciət elədiyi orijinal əsər ona bu azadlığı vermir, bu səbəbdən də, tərcüməçi çevirdiyi poeziya və nəsr nümunəsinin ölçülərini mümkün qədər saxlamağa çalışır. Əsər müəllifinin üslubunu, ruhunu dəqiqliklə tutmağı, tərcüməni orijinala mümkün qədər yaxınlaşdırmağı da bura əlavə eləsək, tərcüməçinin üzərinə nə qədər ağır yük düşdüyünü təsəvvür eləmək olar. Natiq Səfərovun qələmindən çıxan örnəkləri oxuculara sevdirən cəhətlər də elə budur.

Təbii ki, peşəkar tərcüməçi üçün dünya ədəbiyyatını yetərincə bilmək də ilkin şərtlərdəndir. Bu mənada Natiq Səfərov mənim tanıdığım azsaylı qələm adamlarından biriydi. Onun ədəbi proses, ədəbi ənənələr və ədəbi cərəyanlar barədə bilgisinə həsəd aparmaq olardı.

O da təsadüf deyil ki, Natiq Səfərov Azərbaycan ədəbiyyatını nəsə əlahiddə, ayrıca götürülmüş bir mövcudluq saymır, əksinə, Azərbaycan ədəbiyyatına dünya ədəbiyyatı kontekstində baxırdı. Bəlkə elə buna görədir ki, çoxlarının, hətta tənqidçilərin belə bəyənib qəbul elədiyi əsərləri ona bəyəndirmək müşkül iş idi. Üstəlik, Natiq Səfərov nəyinsə, kiminsə xətrinə düşündüklərini gizlədən, malalayan söz adamı deyildi. Buna görə onu “çətin adam” sayanlar, inciyənlər az olmamışdı.

Natiq Səfərov həyatın xırdalıqlarına sənətin ucalığından baxmağı bacarırdı. Bəlkə bu səbəbdəndi ki, gündəlik qayğılar onu hövsələdən çıxarır, hətta bezdirirdi. Onunla yalnız Böyük Sənət haqqında söhbət eləmək mümkün idi. Natiq Səfərov bu ölçülərdən qıraqda olan şeylərə ötəri, bir qədər də kinayəylə baxırdı. Zamanın sənətçi və ziyalı taleyinə gətirdiyi çətinliklər onun da həyatında iz buraxmamış deyildi. Bu səbəbdən, ömrünün son on ilində Natiq Səfərovun bədii sözdən, tərcümə sənətindən uzaqlaşması bizim üçün böyük itki idi.

Natiq Səfərov haqqında daha çox ünsiyyətdə olduğu, daha yaxından dostluq elədiyi qələm adamları, şübhəsiz, daha sanballı yazardılar. Məqsədimiz həyata gözü açılan vaxtdan sözün köynəyindən keçmiş bir qələm adamının yaradıcılığını geniş təhlil eləmək yox, sadəcə, Natiq Səfərovun ədəbiyyatımızdakı yerini xatırlatmaq idi. İnanırıq ki, ədəbi mühitimiz bədii sözün cəfakeşi olan ustad tərcüməçinin haqqını itirməyəcək.

Yazıya 851 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.