Rafiq Səməndər– “Şəhidlər” təkcə mənim kitabım deyil

Rafiq_Səməndər

20 il əvvəl rus ordusu tərəfindən başımıza gətirilən vəhşilikləri özündə cəmləşdirən “Şəhidlər” kitabının müəllifi… Nə qədər çətin olsa da, o ağır, hüznlü günlərimizdə o, şəhid ailələrini bir-bir ziyarət etdi, onları (təkcə onları yox) yandırıb yaxan dəhşətləri, özünün dediyi kimi, isti-isti qələmə aldı. 150 min tirajla nəşr olunan həmin kitab bir həftədə satıldı, hər nüsxəsi əlbəəl gəzdi. Yazıçı-publisist Rafiq Səməndərlə söhbətimizə də elə 20 Yanvardan, “Şəhidlər”dən başladıq.

– Rafiq müəllim, hər il yanvar ayı gələndə ürəyinizdən hansı hisslər keçir, nələr düşünürsünüz?

– Yanvarda dünyaya gəlsəm də, bu ay mənim üçün ağır aydır. Ona görə ki, mən yanvarın heç kimin görə bilmədiyi qara üzünü görmüşəm. Belə ki, anam yanvarda dünyasını dəyişib. Qarlı-şaxtalı gündə onu rayon mərkəzindən kəndimizə – Qubadan Rustova hansı çətinliklərlə apardığımızı xatırlayanda indi də bütün vücudum titrəyir. Güclü qar yağdığından anamı kəndə xizəklə aparmalı olduq. Onda çox sarsıldım. “Qara qar” adlı əsərimi də həmin motivlər əsasında qələmə almışam. Bu hadisədən 26 il sonra 20 Yanvar faciəsinin şahidi oldum. Bu hadisənin də yanvarda baş verməsi  necə deyərlər, mənim gözümdən tamam saldı. Odur ki, hər il yanvar gələndə daxili sarsıntı keçirir, bu ayın tez gəlib keçməsini istəyirəm.

– Amma, nə qədər çətin olsa da, 20 Yanvarın dəhşətləri ilə yaşananları isti-isti qələmə alan və “Şəhidlər” adlı sanballı bir kitab ortaya qoyan ilk dəfə siz oldunuz? Əsəri yazarkən unutduğunuz, yaxud yaza bilmədiyiniz nüanslar olubmu?

– Unutduğum yox, yadımda olan, lakin yaza bilmədiyim məqamlar çox olub. O da kitabın çap olunmamaq təhlükəsindən irəli gəlib. Odur ki, bəzi şeylərdən keçməli olmuşam. Məsələn, mənə deyirdilər ki, insanlara güllələrin qurşaqdan aşağı dəydiyini yaz. Çünki bu cinayəti törədənlər öz əməllərini ört-basdır etmək üçün aləmə car çəkirdilər ki, biz, sadəcə, xəbərdarlıq atəşi açmışıq. Belə atəşlər də aşağıdan açılır, yəni öldürmək üçün atılmır. Halbuki, güllələrin, demək olar ki, hamısı şəhid olmuş insanların qurşaqdan yuxarı əzalarına sancılmışdı. Mən də yazırdım ki, ayağından dəyən güllə başından çıxıb.

– O zaman şəhərdə komendant saatı hökm sürürdü. Şəhər rus əsgərləri ilə dolu idi… Yanvarın 20-dən sonra 30 nəfərdən çox insan da şəhid oldu. Rafiq Səməndər də şəhid ola bilərdimi?

– Az qala olmuşdum. Səhər tezdən, təxminən, saat 6-7 radələrində Hövsana bir şəhid ailəsi ilə görüşə gedərkən postların birində üzlərindən zəhirmar yağan 3 sərxoş rus əsgəri məni saxladı. İdarə etdiyim maşının pəncərəsinin şüşəsini aralayıb jurnalist, eləcə də komendan saatı ilə bağlı mənə verilmiş xüsusi vəsiqəmi onlara təqdim etdim. Sərxoş əsgərlərdən biri həmin sənədləri hirslə əlimdən vurub yerə saldı. Dedim, daha bunların əlindən salamat çıxa bilmərəm. İstədim maşını sürüb aradan çıxam. Mən bu düşüncələrdə ikən onlardan biri maşının baqajını açmağı tələb etdi. Orada bir neçə şüşə pivə butulkasını görən kimi elə bil dünyanı onlara bağışladılar…

 

“Mən sözümü “Şəhidlər”lə demişəm”

 

– Rafiq müəllim, şəhid ailələri ilə görüşərkən onların dediklərini dəftərçənizə qeyd etdiyinizi dəfələrlə söyləmisiniz. Nə vaxtsa 20 Yanvarla bağlı muzey təşkil olunarsa, həmin dəftərçənizi muzeyə verməyi düşünürsünüzmü?

– Niyə vermirəm ki? O günlərdə bir gündə 10-15 şəhid ailəsi ilə görüşürdüm. Görüşlər zamanı onların hər birinin dediklərini dəftərçəmə özümün başa düşəcəyi, daha doğrusu, heroqlif şəklində yazırdım. O dəftərçədə şəhidlərin son cümlələri də var. Televiziya əməkdaşı olduğum üçün məndə vizual yaddaş güclüdür. O işarələrə baxanda həmin cümlələri deyən adam gözümün qabağında canlanırdı və mən onunla yenidən söhbətləşirmiş kimi dediklərini başlayırdım yazmağa. İndi onları heç oxuya bilmərəm.

– Yeri gəlmişkən, sizin kitabınızda verilmiş şəhidlərin şəkilləri Şəhidlər Xiyabanında şəhidlərin məzarları üzərindəki şəkillərlə eynidir…

– Elədir… Həmin şəkilləri evlərdən bir-bir mən toplamışam. Belə şəkilləri mətbuata çıxarmaq üçün onlara retuş vurulmalı idi. O zaman “Azərnəşr”də çalışan Koqan adlı çox qabiliyyətli rituşçu bu işdə mənə yardımçı oldu. Zənnimcə, muzey üçün həmin şəkillər daha yaxşı eksponat olardı. Təəssüf ki, həmin şəkillər artıq məndə yoxdur. Belə ki, tanışlarımdan biri C. Cabbarlı adına kinostudiyada şəhidlərlə bağlı sənədli film çəkərkən onları istədi və mən də verdim. Sonradan onun rəhmətə getməsi xəbərini aldım. Lakin ona verdiyim həmin şəkilləri sonradan tapa bilmədim. Onların bu şəkildə yoxa çıxması, sözün düzü, mənə çox pis təsir etdi.

– Sizin “Şəhidlər”dən sonra şəhidlərlə bağlı neçə-neçə kitab yazıldı. Amma onlardan heç biri sizin kitabı kölgədə qoya bilmədi.

– Bilirsən, sonradan çox şeyi başladılar bədiiləşdirməyə… Mənim yazdıqlarım isə olduğu kimi idi. İsti-isti. Gedirdim şəhidlərin valideynlərinin, yaxınlarının yanına. Biri deyirdi ki, oğlum işdən çıxıb axşam evə qayıdarkən heç bir səbəb olmadan yolda vurulub, biri deyirdi küçəyə çıxanda öldürülüb. Bax, əsl cinayət bu idi. Yəni heç bir səbəb olmadan onları öldürüblər. Sonradan isə yazıçılar, jurnalistlər başladılar hadisələri fetişləşdirməyə… Amma Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması və Sabir Əhmədovun “Meydan” romanı dəyərli əsərlərdir. Lakin dünya miqyasına çıxa biləcək iri həcmli əsərlər yazılmadı. Bir də belə hadisələri yazmaq üçün zamana ehtiyac var. 20 il tarix üçün 20 saniyədir. İnanıram ki, belə əsərlər yazılacaq. Mənim yazdığım kitab yazılacaq həmin əsərlər üçün ilk mənbə rolunu oynayacaq.

– Siz “Şəhidlər”dən başqa, bu mövzuda yeni bir əsər yazdınızmı?

– Heç nə yazmamışam.  Mən bu ağrı ilə bağlı sözümü “Şəhidlər”də demişəm.

– Yeri gəlmişkən, “Şəhidlər” başqa dillərə tərcümə olunubmu?

– O illərdə kitab rus, ingilis dillərinə tərcümə olunmuşdu. Lakin sonradan, nədənsə, bu məsələ unuduldu. O vaxtdan 20 il keçməsinə baxmayaraq, hələ də onlar kitab halında ortada yoxdur.

 

“O, təkcə mənim kitabım deyil ki…”

 

– Səhv etmiriksə, həmin kitab latın qrafikalı əlifba ilə çap olunmayıb. Bunun səbəbi nədir?

– Bilmirəm. Hər halda, maddi imkanım olsaydı, onu latın qrafikalı əlifba ilə də çap etdirərdim. Bir də “Şəhidlər” tək mənim kitabım deyil ki… Amma bir şeylə təsəlli tapıram ki, üzərimə düşən işi görmüşəm. Bunun müqabilində nəsə umduğum da olmayıb.

– Onda belə çıxır ki, yeni nəsil sizin kitabınızdan xəbərsizdir… Niyə bununla bağlı etirazınızı bildirməmisiniz?

– Yenə deyirəm, mən öz vətəndaşlıq borcumu yerinə yetirmişəm və bacardığımı ortaya qoymuşam.

– Həmin kitabdan qalıbmı?

– Cəmi iki nüsxə… Həmin kitabın ilk nüsxəsini özümə bağışlamışam: “Rafiq Səməndərə Rafiq Səməndərdən yadigar. İlk nüsxəni sənə bağışlayıram. Və arzu edirəm, Rafiq Səməndər, bir də belə kitablar yazmayasan”. Sonradan Allahşükür Paşazadənin müsəlman ölkələrində yayılmaq üçün çap etdirdiyi qalın üzlü 500 nüsxəsindən birini özümdə saxlamışam.

– Rafiq müəllim, həmin kitabın ərsəyə gəlməsində kimlər sizə daha çox dəstək olublar?

– Bu işdə rəhmətlik xalq şairimiz Bəxtiyar Vahabzadə mənə daha çox mənəvi dəstək verib. Belə ki, hər gün əldə etdiyim materiallarla axşamlar onlara gedir və gördüklərim barədə ona məlumat verirdim. Həmçinin, kitabı yazdıqca hissə-hissə ona təqdim edirdim. Elə kitaba ön sözü də o yazıb.

– Rafiq müəllim, sizin fikrinizcə, 20 yanvar bizim hüzn günümüzdür, yoxsa qürur günümüz?

– 20 Yanvar bizim milli qəhrəmanlıq günümüzdür. 20 Yanvarda sanki bütün xalq ayıldı. Millət birləşdi. Bir sözlə, 20 Yanvar bizi yaxşı mənada tamam dəyişdi.Özü də bircə gecənin içində… Ən böyük qazancımız müstəqillik oldu. Burada Ömər Faiq Nemanzadənin bir fikrini də xatırlatmaq istərdim. O, yazırdı ki, azadyaşamaq istəyirsinizsə, cavanları qurban vermək lazımdır. Azadlıq elə bir şey deyil ki, onu bazardan alıb gətirəsən. Dübarə qurban verməlisən. O cavanlar üçün isəağlamaq lazım deyil.

– Şəhidlər xiyabanına yolunuz düşəndə ən çox hansı məzarın qarşısında  dayanırsınız?

– Bacardığım qədər Şəhidlər xiyabanına girməməyə çalışıram. Ora gedəndə də xiyabanın aşağı hissəsindən keçirəm. Bilirsinizmi niyə? Bir fakt deyim: axı mən ağzından güllələnmiş və dişlərini yerdən yığdığım Səxavətin məzar daşından boylanan gözlərinə necə baxım? Siz onlara şəkil, rəsm kimi baxırsınız. Mən onlarabaxanda o günlər yadıma düşür. Axı mən onların meyitlərini görənlərdən, onlar üçün məzar qazılarkən ilk bel vuranlardan biri olmuşam. Odur ki, 20 ildə bəlkə 2 vəya 3 dəfə getmişəm. Son illər isə, ümumiyyətlə, ora getməmişəm.

 

 

QVAMİ MƏHƏBBƏTOĞLU 

 

Zaman qəzeti –Səh. 10.

Yazıya 1088 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.