Aydanı uşaqlıqdan tanıyırdim… Qarayanız, qıvrım saçlı, suyuşirin qız idi.. Güləndə muncuq gözləri yumulardı… Biz uşaqlar zarafata salıb, soruşardıq:
–Düzünü de, sən güləndə görürsən?
O, and – aman edərdi ki, “görürəm”. Qəmlənəndə göz yaşı yaz yağışına dönərdi. Bir az adama yovuşmaz olsa da, yeri düşəndə ən böyük qahmar çıxanımız olardı. Dostluqda möhkəm idi. Yadımdadır…Bir dəfə evcik-evcik oynayırdıq.. 6-7 yaşımız olardı. Bizim yaşadığımız kənddə yayda tüpürsən yerə düşməzdı. Su böyük problem idi. Onun atası tonlarla su tutan böyük hovuz tikdirmişdi. Biz “evimizə” gül qoymaq üçün butulkaya su doldurmaq istədik. Bunun üçünsə, kiçik kranı yox, çəni təmizləmək üçün qoyulmuş böyük kranı açdıq. Açdıq və bağlaya bilmədik. Suyun hamısı axıb zay oldu… Bizə nə var, uşaq idik, oyunumuza davam etdik və sonra evlərimizə dağılışdıq. Sabahısı günü Aydanı oynamağa çağıranda yataqda olduğunu bildik. Suyu buraxdığına görə anası əbrüşüm çubuğu ilə dağ-dağ eləmişdi yazığı… Amma o, heç birimizin adını verməmişdi.
On üç yaşında yetim qaldı… Ağır qəzada həyatını itirən atasının meyidini gətirəndə bacısı ilə evdə tək imişlər. Bu onun yaddaşında ağır izlər buraxdı. Sonralar harda xərək görsə, ya qəzaya düşmüş adam haqqında eşitsə, öz faciələrini xatırlayıb kövrələrdi… O sarsıntılı günlərində biz məhlə uşaqları nə onu , nə də bacısını tək qoymadıq. Yanlarında olmağa çalışdıq. Yasa gələn adamları heç sevməzdi… Qalxıb gedəndə onu qucaqlayıb, öpüb — “ necə də Mehmanıma oxşayır”, “qardaşımın əkiz tayıdı” , “Allah onu alacağından bunu onun yerinə qoyub”– kimi sözlərdən sıxılardı Aydan… Amma yavaş-yavaş insan psixologiyasi bu təzyiqin qarşısında dözmədi yəqin… Atasız, qardaşsız evdə ogul əvəzi görülməyi qürurlandırdı 13 yaşlı qızı… İndi illərin o tayında qalmış bu acı xatirələrin qaranlığına işıq tutanda, anlayıram ki, o zamanlar o kövrək, həssas dostumun içindəki qadını öldürüblər… Oğlansayağı davranışlar, kişi işləri və s. ondakı incə, zərif hissləri boğub…
Hətta ağsaqqal babası belə nərdi onunla atırdı…Yəqin oğlunun iyini nəvəsindən almaq istəyirdi…
Orta məktəbin axırıncı siniflərində bütün sinif qızlarını istəyənlər vardı, ondan başqa. Ona görə yox ki, gözəgəlimli deyildi. Yox, çox gözəl sayılmasa da, kifir də deyildi. Ona görə ki, Aydandan qorxardı bütün kəndin oğlanları. Hətta bir dəfə Vəfa cürətlənib dedi ki, sinfimizdəki Umud səni istəyir, deməyə qorxur. Məktəbdən çıxanda bu qoçaq da, tutdu Umudun yaxasından:
— Bura bax, özünü yığışdır! Yığışdırmasan, mən səni yığışdıracam. –deyib su arxını göstərdi.
Yazıq Umud dodağı əsə-əsə:
–Qələt eləmişəm, biabır eləmə məni—söylədi və bir daha ondan “soraq” gəlmədi.
O da, hardasa , elə biz də, elə bilirdik, düz edir. Çünki bizim cəmiyyətdə instiktlə qorunmanın tək yolu kobudluqdan keçir. Bu arada, bacısına söz atanların da ağız- burnunu qanatmağı gecikdirmirdi…
Aydangilin böyük alça bağları vardı… Meyvə satlığa getməyəndə yonca əkib, çalıb-satmağa başladılar. Günlərlə su üstündə durmaq, biçin vaxtı dəryaz vurmaq hamısının əlinin qabarını çıxarmışdı. Sinifdə oturanda əllərini partanın altında gizlədərdi ki, keçmiş kolxoz sədrinin qızı lağ edib, söz atmasın. Bir dəfə tarix müəllimimiz hiss etdi bunu:
–Çəkinmə qızım –dedi.—Siz alnı açıq, üzü ağ, iki bala, bir ana gecələr çöldə ot presi dalınca gedəndə,–səsinin tonunu da bir az dəyişdi– bəziləri ipək yorğan – döşəkdə xumarlanırlar. Allah hər şeyi görən və qiymətləndirəndir.
Hardasa, o gün xeyli utandım. Yaşıdım qızın yaşamında indiyəcən görmədiyimi sərgiləmişdi tarix müəllimi. Axı onun dediyi bütün işləri bizim evlərimizdə kişilər –ata və qardaşlarımız görürdü.
Beləcə, illər keçdikcə cavan bir qadına—anasına ər, kiçik bacısına ata, qardaş roluna əməllicə sahibləndi əli qabarlı, kövrək könüllü dostum.
Maddi vəziyyətlərinin və imkanlarının darlığına, işlərinin çoxluğuna baxmayaraq yaxşı oxuyurdu Aydan. Yüksək bal yığmağıma rəğmən Universiteti qiyabi oxumağa qərar verdi. Həm də bizim üçün solaxay olan bir əyalətdə. Nədən ki, rayon yeridir, moda – filan, geyim-kecim, yemək-içmək və s. evlərinə güc salmasın. Bəxtindən elə birinci kursdan iş də tapıldı. Mən də başqa məktəbdə müəllim işləyirdim. İmkan olduqca görüşür, fikir mübadıləsi aparırdıq. Düzü onun təşkilatçılıq qabiliyyətinə heyran idim. Arada tədbirlərin ssenarilərini alıb öz məktəbimizdə səhnələşdirirdim. Şagirdləri özündən cəmi 4 yaş kiçik idilər bu gənc müəllimin. İlk məvacibi aldığı gün çox sevinirdi. İşdən qayıdanda yolüstü bizə gəlmişdi.
–Dur gedək bizə.. Ziba xalan bir şeylər hazırlamış olar. Bilirdi ki, bu gün ilk maaşımı alacam.
İndi düşünürəm ki, qonaq təklifini də oğlansayağı etmişdi…Amma biz onun bu cür jarqonuna öyrəndiyimizdən fikir verməzdik…
Aldığı ilk məvacibi anası öpüb, gözlərinə sürtdü:
–Allah sənə şükür, bu günü də gördük—dedi, aparıb, televizorun üstünə qoydu: — ”Atan maaşını gətirəndə, ora qoyardı”. Ata əvəzediciliyini bacardığından yenə qürrələndi.
Ziba xalanın çox gözəl əl qabiliyyəti vardı.. Həqiqətən dünyanın nemətini hazırlamışdı…
Kiçik bacısı Universitetə girəndə arxasıyca getmək ona düşürdü… Axı qardaş, ata əvəziydi. Haqq üçünə, bacısı da ömrü boyu yolunu saxlayıb.
Beləcə, illər keçir, onun da bir ürəyi olduğu, yükünü çəkən olsun istəyi kimsənin umuruna olmurdu…
Yəqin ki, bu yükün yorğunluğundan arxasını birinə yaslamağı gərəkmişdi… Belə birisi ilə məktublaşırmış. Və necə olubsa, oğlanın məktubu anasınının əlinə keçmişdi…
Artıq mənim ikinci övladım doğulacaqdı. Və hər gördüyümdə mütləq onu danlayırdım: “Qız, Vaxt keçir…” Belə nəsihət dərslərinin birində boğula-boğula danışdı o gün olanları:
“–İşdən qayıdanda bacımın həyəcanlı hərəkətləri məni şübhələndirdi. Qopacaq tufanın əlamətləri vardı evdə. Sağ olsunlar, boğazımdan çörək keçincəyə qədər dözdülər. Kaş bu yemək dəstgahı sonsuzluğa qədər uzanaydı… Başlandı nə başlandı… Anam:
“– Mən səni bu evdə ər əvəzi görmüşəm, elə bilmişəm oğlum var. İndi atan sağ olsaydı nə cavab verərdin?”
Nə olardı mənim də qardaşım olsaydı? Ya atam sağ qalsaydı.. Adamı belə öldürməzlər axı…Bəlkə də həyatımda ilk dəfə nifrət etdim bu atalıq rolundan, qardaşlıq missiyasından. Və qəlbimin qapılarını əbədi bağladım…”
Aydan üçün İllər, dolu olduğundan, durduğu dayanacaqda saxlamayan avtobuslardı…
Bacısı ailə həyatı qurdu. O ata və qardaş kimi dik dayandı. Cer-cehiz– nə lazımdır, necə lazımdır?!..
Axan illər qəlbinə sancılan millər idi sankı.
Təhsilini davam etdirməkdə israrlıydı. Universitetdəki müəllimlərini dediyinə görə, mütləq elmi işlə məşğul olmalıydı. Dediklərinə görə buna potensiyalı digər tələbələrdən yüksəkdi… Dekan anasını çağırıb danışmışdı da hətta: “–Bu qız seçilmişlərdəndir… Oxumasa qəzəbə gələr…”
Maddi imkansızlıqdan qorxsa da, anası da bir söz deməmişdi. Beləcə, başını aşağı salıb qapılmışdı öz kitablı dünyasına…
Dərs dediyi qonşu qızları da köçəndə evlərindəkilər ayıldılar ki, “vay canına, sən demə bunların da Aydan adlı qızları varmış. Ona da ailə, övlad sahibi olmaq lazımmış… “
Günlərin birində Bəxti çağırıb, el adəti ilə elçi gələnlərin birinə “hə” deyib, onu da köçürtdülər. Allahdan, bəxtinin aynasına yazılmış insan qayğıkeş, mehriban, gözəl bir adam çıxdı…
Mən onun adına çox sevinirdim. Uzağa köçsə də, imkan daxılındə kəndə gəlməyi arxa plana keçirməzdi. Doğma torpağa çox bağlıydı. Kənddə olanda imkan daxilində görüşərdik. Sonuncu dəfə məni sarsıdan,bu yazını yazmağıma səbəb olan bir hadisə baş verdi.
Dincəlməyə gəlmişdilər. Yoldaşı iş adamı olduğundan çox qala bilməyib, tez qayıtmışdı. Aydanı və iki gül balasını qonaq çağırdım. Yemək –içməkdən sonra bağçada əyləşib dərdləşməyə başladıq. Mane olmasınlar deyə mənimkilər qarışıq uşaqların hamısını bağa ötürdük. Keçmişdən, uşaqlıqdan, məktəb illərindən, öləndən, itəndən danışdıq. Camaata qan udduran qoca Qafar kişidən süpürgə satan qozbel Rəhmana kimi hamını, hər şeyi yaddaşın süzgəcindən keçirdik. Nəsillərin cılızlaşmasından , valideynini qocalar evinə verən İltimasdan söz açdıq. Mən qəfildən ona dedim:
–Bilirsənmi, əslində sənə çox heyranam.
–Niyə?
–Sizin yerinizə kim olsa, yıxılardı… Ata yox, qardaş yox, yaxın duran qohum yox…
Cavab vermədi. Acı-acı gülümsədi.
— Sən mənə belə baxma. Sənin Anana, bacına ər, ata olduğunu hamı bilir. Sən köçəndən sonra çoxu heyfisləndi ki, “heyf, belə dağ yarmağa qüdrətli uşağı kənddən çıxardıq, əldən buraxdıq…”
Gözləri dolmuşdu… Mənsə susmadan üyüdürdüm:
–Hətta bu gün də etdiklərindən xəbərdaram…
—Danışma, o mövzuya toxunma, qadan alım, istəmirəm… Başqa neynirsən… Maşallah, uşaqların əməllicə böyüyüb…
Onun söhbəti dəyişməkdə mahir olduğunu bilirdim…Daha heç nə demədim.
Avqustun axırları idi… Telefon zəng çaldı. Aydan idi. Getməmişdən qabaq sağollaşmaq istəmişdi. Bir- birimizə uğurlar arzuladıq. Sonda dedi:
–Sənə konvert saxlamışam. Anam çatdıracaq. Mən gedəndən sonra oxuyarsan.
Axşam Ziba xala məktubu mənə çatdırdı. Şeir idi. Aydanın şeir yazdığını bilirdim. Amma ailə qurandan sonra atdığını düşünürdüm. Sən demə biz onu heç tanımamışıq. Kiçik bir şeirdə, sanki bütün ömrünü, taleyini qələmə almışdı:
Qız kimi böyüdüm on üç yaşadək.
Uçdu evimizin kişi dirəyi.
Anam ər itirdi—
ərlik eylədim.
Bacım ata itirdi—
Atası oldum.
Fələyin
mələyin,
kələyin,
bilməm kimin—
Yaxasından yapışıb,
Çığırmaq istəyirəm:
Mən anadan qız doğuldum,
–mən qadınam,
əl çəkin məndən!
Bir qadın ağlayır ruhumda mənim
Mən ki, bu dünyaya kişi gəlmədim.
Başa düşdüm ki, niyə “danışma” deyirmiş… Çünki o, nə yükü azalmış anasına ərlik, nə ailəli bacısına atalıq, qardaşlıq baxışlarından azad olammamışdı…
Ər evində belə, “Aydan filan şey filan olsun!”,”filan problemimizin həllinə bəs kim kömək edəcək?!” — kimi bəzən ərkli, bəzən kinayəli istəklər bitməmiş, tükənməmişdi…
Əzizlərinin əsgərlərinə “Addımla, marş!” komandasını verdikcə elmi fəaliyyətə başlama arzusu yerində döyəcləyən əsgərə döndü.
Və təkcə bu arzusumu?…
Kimsə eşitməmiş, eşitmək istəməmişdi şair ürəkli dostumun qəlbinə sığınan bir qadın ruhunun hıçqırıqlarını…
Yazıya 1063 dəfə baxılıb