KÜSDÜRMƏYİN YAĞIŞLARI

jurnalistGənc şair Bahadur Qobustanın “Saçını
yolsun ağaclar” şeiri haqqında poetik 
düşüncələr.

Şeirimizin bu günki ehyaedici funksiyasını yeni dönəmdə özünə qaytaran şairlərimiz kifayət qədərdir desəm yanılmaram. Əksəriyyəti gənclərdən ibarət olan istedadlı qələm sahiblərimizdən biri də gözəl şeirlər müəllifi Bahadur Qobustandır. Bahadurun şeirlərini həyəcansız, hər bir misranı təkrar-təkrar oxumamış və düşünməmiş ötüb-keçmək olmur. Demək olar ki, onun bütün şeirlərinin daxilində, yəni iç dünyasında sanki bir filosof fikri gizlənib. Oxucunu yormayan, əksinə, onu daha da ruhlandıran, fikirləşməyə məcbur edən təravətli və özünəməxsus duyğular, gənc şairin orjinal deyim tərzi ilə zəngin olduğunu göstərir. Bahadurun yaradıcılığına konkret olaraq hansısa bir rakusdan deyil, bütünlükdə halal qiymət vermək daha düzgün, daha demokratik olardı.
Son zamanlar dünyada baş verən cərəyanlardan çox söhbət gedir. Moderin, postmoderin və s. cərəyanlara üstünlük verilir. Bu cərəyanlar Azərbaycanda da höküm sürməkdədir. Mən heç də bunun əleyhinə deyiləm. Yenilik hesab edənlər, qoy yenilik hesab etsinlər. Amma mənim aləmimdə şeir xoşuma gəlirsə, məni heryrətə salırsa, oxucunu mat qoyursa, deməli, əsl poeziya da elə budur, – hansı cərəyan olur olsun. Bu baxımdan Bahadurun şeirlərinə konkret demək olmaz ki, hansı cərəyana aiddir. Əslində isə onun yaradıcılığı bütün cərəyanlarla sintezdir. Şeirlərində ovqat var. Məsələn bir şeirində realist, başqa bir şeirində, ola bilsin ki, romantikdir və s. və i.
Bunu da yada salmaq istəyirəm ki, müasir avanqardizmin kökləri XX əsrin əvvəllərinə gedib çıxır. — sürrealizim, dadaizim, impressionizm, kubizim kimi “gələcəyin incəsənətini” yaratmağa cəhd edən cərəyanlar yaranıb. Lakin bunlarla  mənim işim yoxdur. Mənim axtardığım oxucu kütləsini razı salan avanqard poeziyadır ki, onu da dinləmək, onun haqqında rəy söyləmək mənim üçün xoşdur. Bahadurun “Saçını yolsun ağaclar” şeirinə fikir verək;

Saçını yolsun ağaclar,
Dünyanın payızı gəlib.
Çözülməyən ehtiyaclar
Pozulmayan yazı gəlib.

 

Buludlar ağlasa nə var,
Adamlar ağlayır elə.
Utancından ölüb bahar,
Hər yana qar yağır elə.

 

Ağaclar da insan kimidir. Dünyanın payızı gələndə yarpaq tökümü başlayır. Ehtiyaclar çözməyə vaxt tapa bilmir. İnsanın nə yazılıbsa başına da o gəlir, elə ağaclar da belədir; payız gəldikdə yarpaq tökümü başlayır, lakin ölmür ağaclar, yarpaqlar ölürlər…
Buludların ağlaması yerdə canlanma yaradır, insanların ağlaması isə bam-başqadır, göynədicidir, kədərlidir… Builudlar göz yaşlarını sıxıb qurtardıqdan sonra, aləm dəyişir, yeri-yurdu qar basır, bu vəziyyət bahara sanki utanclıq gətirir. Lakin baharın ölməyi bu dünyanı elə bil ki, öz mehvərindən dəyişməyə məhkum edir. Axı bahar təbiətin gəncliyidir, gəncliyin vaxtsız ölməsinə yol vermək olmaz. Şairin bu kəlamı dünyanı dəyişilməyə vadar edənlərə (Allahdan başqa) bir mesajdır.

 

bahadurAdamlar… yazıq adamlar,
Sizi kim öldürüb belə?
Nəfsin etdiyi edamlar,
Başınızı kəsir hələ?

 

Allahmı belə istəyib?
Allahmı deyir vuruşun.
Kimsə şər atıb Allaha,
Gedin özündən soruşun.

 

Bütün yaranmışların ən yazığı elə bəlkə də insanlar özləridir. Bütün bəlalar gələndə adamlar üçün gəlir. Diri adamların diri olması şübhə altında olduqda, onların kim tərəfindən öldürülməsi sualı meydana çıxıb. İnsanları öldürən onların nəfsi olduqda həqiqət ortaya çıxır. Nəfs adamları edama məhkum etdikdə, onların başını kəsdikdə isə qeyri-adi bir faciə başlanır. İnsanların nəfs faciəsi…
Bu faciənin baş verməsini yaradan Allahdırmı? İnsanları qanlı toqquşmalara təhrik edən də Allahdırmı?
Allah insanları yaradarkən deyib ki; sənə can verdim, əql verdim, şüur verdim, get yaşa görüm necə yaşayırsdan?!
Belə olduqda deməli, insanlar Allahtalanın buyurduğu kimi deyil, öz bildikləri kimi — yəni yerdə daha böyük yer tutmaq üçün nəfislərinin quluna çevriliblər ki, bu da ölümlə, qanla nəticələnir. Allah bizi yaradandır, onu şərləmək olmaz. Allahla danışmaq, onunla dialoqa girmək isə ancaq namaz qılmaqla baş tuta bilər.

 

Deyin, öldürək, ya sevək?
Danışın onlarla bir az.
Ölümlə sevgi haqqında
Ondan yaxşı bilən olmaz.

 

Gözünüzü açın bir az,
Bağlamayın çıxışları.
Qapamayın girişləri,
Küsdürməyin yağışları.

 

Allahla əlaqə yaratmaq yuxarıda dediyim kimi yalnız namaz vasitəsi ilə baş tuta bilər və bir də Allahtala o adamın yalvarışlarını eşidər ki, o şəxs əməlisaleh, dava, qan istəməyən, xalqın və insanların qayğısına qalan, heç bir günah işlərdə əli olmayan və ən əsas da nəfsi tox insan olsun.
Bəli, bizi yaradan bir qüvvə var, həmin qüvvəni biz Allah adlandırırıq. Hər şeyi bilən Allahdır. Şair də deyir ki, ey insanlar, gözünüzü bir az açın, çıxışları, girişləri bağlamayın. Yer üzünə yağıb hər şeyi pak edən yağışları küsdürməyin. O yağıb insanları və onların tutduqları bəd əməlləri yuyub pak etməsə, yer üzünü günahlar bürüyər, həyat məhv olar. Şair son bənddə son fikir olaraq söyləyir;

 

Bağışlayın günahları,
Göylərin də xoşu gələr.
Sevə bilsəz insanları
Allah sizə qonşu gələr.

 

Gənc şair Bahadur Qobustanın istedadlı olması bir də ondadır ki, o son bənddə öz fikrinə uğurlu bir yekun vurur. İnsan o zaman böyük olur ki, günahları bağışlamağı bacarır, belə etsəniz göylərin də, Allahın da sizdən xoşu gələr. Davadan, qan tökməkdən əl çəkib insan insanı sevsə Allah onlara qonşu gələr və həmişə onların dayağı olar, insanları xoşbəxt edər.
Göründüyü kimi gənc şair Bahadur Qobusdanın “Saçını yolsun ağaclar” şeirinin sonuncu bəndi özünə məxsus tapıntıdır. Yerdə günahlar bağışlananda göylərin xoşuna gəlməsi, eləcə də insanlar bir-birlərini sevdikdə Allahın onlara qonşu gəlməsi indiyə qədər deyilməmiş nadir fikirdir, şəxsən Bahadura aiddir. Bu da gənc şairin qələbəsi hesab edilməlidir. Bütünlükdə şeirdəki dolğun ifadələr, lakoniklik, lirik-fəlsəfi və lirik-pisixoloji ab-hava şeirin dolğun və kamilliyindən xəbər verən bir çalarlı ovqatdır. Şeirdə poetik güc, yerində işlədilmiş tər təşbehlər estetik zövqün formalaşmasında böyük stimul verə bilər.
Mən yalnız Bahadurun bir şeirinə işıq tutdum, ömür vəfa edərsə gənc şairin digər şeirlərinə də işıq tutmağa çalışacağam.
Bir sözlə, fikrimi tamamlayaraq demək istəyirəm ki, gənc şair Bahadur Qobustan artıq poeziyanın ziqzaqlı yollarında təhərini pozmadan addımlayır, inanıram ki, bu yol onu poeziyamızın zirvələrinə aparacaq.
Ona bu çətin yolda uğurlar arzulayıram.

Heybət Hörmət,
Şair-tənqidçi, “Qızıl qələm” mükafatı
laureatı, “Ümid press” qəzetinin baş
redaktoru.

Bakı-2015
03 fevral.

 

Yazıya 757 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.