“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova AzərTAc-a bildirib ki, 30 ildən artıq müddətdə formalaşmış kolleksiya bu gün də yeni nüsxələrlə zənginləşir. Muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində nəşr edilmiş 5600-dən çox miniatür kitab sərgilənir. Burada ən nadir eksponatlar Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış dörd mikrokitab (onlardan biri 0,75×0,75mm formatında, üçü 2×2 mm formatındadır), habelə Almaniyada hazırlanmış dörd mikrokitab (bu nəşrlərdən biri 2,0×2,9 mm formatında, qalan üçü 3,5×3,5mm formatındadır).
Muzeydə saxlanılan miniatür kitab nüsxələrindən 2913-ü bütün tələblərə tamamilə uyğun gəlir. Məsələn, bu kitabların ölçüləri 75×75 mm-dən çox deyil – miniatür kitabın müasir standartı məhz belədir. Kitabların xeyli hissəsinin ölçüləri 100×100 mm-dən çox deyil. Bu da keçmiş SSRİ-də miniatür kitab standartlarına uyğundur. 2015-ci il yanvarın 21-də Ginnesin Rekordlar Kitabının rekordlar üzrə menecerlər komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib və o, miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab olunub. Yaxın vaxtlarda Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim ediləcək.
Xatırladaq ki, bundan əvvəl miniatür kitabların ən böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab toplamağa müvəffəq olub.
Mən
Yazıya 853 dəfə baxılıb