Afaq ŞIXLI – ƏZİZLƏNMƏK ÜÇÜNDÜR ANALAR!

afaq s

 

Analar
oxşanıb əzizlənməyimiz üçündür
dünyadan inciyəndə…
Analar
sinələrində gizlənməyimiz üçündür
üşüyüb titrəyəndə…

Analar
qucaqlarında özümüzü,
qəlblərində qəm yükümüzü daşıyırlar.
Analar
kişi qeyrəti çəkib
qadın ömrü yaşayırlar.
Gözlərilə qor götürüb
ömrümüzün çırağını yandırırlar analar.
Saflıqda, paklıqda
göylərdən enmiş mələyi andırırlar… analar.
Dar gündə
Nüşabə, Həcər olurlar,
Xoş gündə – Nigar…
Süd qoxusu,
layla səsi,
bir də məhəbbət qoyurlar yadigar.

Analar
müdrik baxışlarında
günahlardan təmizlənmək üçündür!
Analar
sonsuz məhəbbətlə sevilib
əzizlənmək üçündür!

29.01.15.

***

Vaqif Səmədoğluya!

İnanmayin, şaiyədir!
Kim deyir ki, öldü şair?
Dərdə-qəmə gülən kimi
Ölümə də güldü şair!

İki təndə bir can kimi
Sözlə əhdə vəfa etdi,
Gözdən uzaq bir dünyaya
O xoş getdi, səfa getdi!

Sanmaram ki, möcüzədir,
Bu dünyaya bir də gəlsə.
Amma ölmədi ki, şair,
Vaxt durardı şair ölsə!

28.01.15.

Yazıya 934 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.