Şairə Afaq Şıxlının “İnanmayın şaiyədir”
şeiri haqqında poetik düşüncələr.
Şairə Afaq Şıxlı Vaqif Səmədoğluya həsr etdiyi üç bəndlik şeirində demək olar ki, xalq şairinin xarakterini açıqlamışdır. İstedadlı şairənin hər misrasında Vaqif müəllimin həyat ritmi, ürək döyüntüsü yaşayır. Şeirin üç bənddən ibarət olması təsadüfü deyildir. Birinci bənd şairin bu dünyaya gəlişini, ikinci bənd yaşayıb yaratmasını, üçüncü bənd isə ölümündən sonrakı həyatını göstərir.
İnanmayın, şaiyədir,
Kim deyir ki, öldü şair?
Dərdə-qəmə gülən kimi
Ölümə də güldü şair.
Şairlər ölmürlər,Vaqif Səmədoğlu da ölməyib, sadəcə dünyasını dəyişib, onun ölmü yalnız şaiyə ola bilər, Afaq xanım haqlıdır. Vaqif müəllim dərdlərin içindən çıxan, boy göstərən və dərdə-qəmə gülən şair idi. Bir gün də öz ölmünə güldü.
İki təndə bir can kimi,
Sözlə əhdə vəfa etdi.
Gözdən uzaq bir dünyaya
O xoş getdi, şəfa getdi.
Öz əhdinə vəfa etdi şair. Nə idi şairin əhdi? Olum, ya ölüm? Vaqif müəllimin canı sözündə idi, söz də onun canından qopurdu. İki təndə bir can idi söz. Öz əhdinə vəfa edən bir şair idi, Vaqif müəllim. Gözdən uzaq bir dünyaya səfər edən şairi öz yolundan saxlamaq olmazdı axı! O öz istədiyi məkana qovuşdu.
Sanmaram ki, möcüzədir,
Bu dünyaya bir də gəlsə.
Amma ölmədi ki, şair,
Vaxt durardı şair ölsə.
Olduqca təbii və dolğun məna kəsb edən bu şeir şairə Afaq Şıxlının xalq şairi Vaqif Səmədoğlu haqqında poetik hönkürtüsüdür.
Heybət Hörmət,
Şair-tənqidçi
Yazıya 640 dəfə baxılıb