Dar ağacı kimidi yuxusuzluq
Göz qapağım asılıb kirpiyimdən.
Kirpiyim tavana bağlanmış kəndir kimidi.
Çilçıraqdan zülmət asılıb
Ölü qaranlığın yellənən ayaqları üzümə dəyir.
Və palçıqlı bir küçədə
Bir ev plana düşüb
Alkaş Tələtin evi.
Bir çətən külfətiylə çöldə qalıb.
Tələt Yoxsulluğun “paxmelindən” ayılmır .
Bir müəllim uşağı
Bir məmur uşağıyla sinif yoldaşıdır.
Gözünün altıyla baxır
Dostunun bahalı gödəkçəsinə.
Soyuqdan üşüyür,
Həsəddən üşüyür,
Həsrətdən üşüyür.
əlimi yavaşca dizimə vururam
əlim ürəyimə dəyir.
əlim ürəyimə dəyir yaşadığım idarə binasının
dar otağında.
Ötən il satdılar mənə düşəcək qaçqın evini.
Pakistanda terror.
Sinif otağının küncündə qanla dolu uşaq ayaqqabısı,
Və bu ayaqsız başmaqlar yeriyir xəyallarımda
Qırmızı izlər salır
Dünyanın boz sifətinə.
Və bu izlər qırmızı butalara dönür.
Naxışlanır dünyamız.
qanlı şagird dəftəri gətirir
Bir sahibsiz əl.
Güllələrlə yoxlanıb bu dəftər
Səhvlərin altında qanla çəkilib xətlər.
Dar ağacı kimidi yuxusuzluq
Göz qapağım asılıb kirpiyimdən.
Kirpiyim tavana bağlanmış kəndir kimidi.
Çilçıraqdan zülmət asılıb
Ölü qaranlığın yellənən ayaqları üzümə dəyir.
Yazıya 1009 dəfə baxılıb