Yəhudi əsilli görkəmli İtaliya yazıçısı Alberto Moravia (1907-1990) ilk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan «Biveclər» adlı romanıyla imza atıb. Lakin tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlərin geniş şöhrət qazanmış romana münasibəti neqativ oldu. Hakimiyyət orqanlarının təqibini hiss edən Moravia ölkəni tərk etməyə məcbur qalıb səyahətə yollanır. Yazıçının məcburi səyahəti uzun çəkir – 1933-cü ildən 1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: «Bu illər mənim həyatımın ən pis illəridir və mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm». Gah Yunanıstanda, gah Çində, gah ABŞ-da, gah Meksikada məskunlaşan yazıçı 1943-cü ilin sentyabrında müttəfiq qoşunlarının çıxarılmasından sonra arvadıyla birgə bir müddət Fondi şəhərində, Çoçarada gizlənməli olur. Orda gördüklərini və məruz qaldığı ağır həyatı Moravia 1957-ci ildə çapdan çıxan eyniadlı «Çoçara» romanında yüksək bədii çalarlarla təsvir edib.
Alberto Moravia sivil dünya xalqlarının dilinə çevrilən bir çox məşhur romanların, o cümlədən «Həyat oyundur», «İntervü», «Diqqət», «Roma hekayələri», «Özgə həyat» əsərlərinin müəllifi kimi məşhurdur. Hazırda Azərbaycan Tərcümə Mərkəzində dünya şöhrətli nasirin seçilmiş əsərlərindən ibarət toplu çapa hazırlanır.
Alberto MORAVİA
Biz neçə nəfər idik? Altı. Aramızda iki qadın vardı – Amilkarenin arvadı Adele, bir də onların Terndən olan qohumları, Romaya qonaq gəlmiş Cemma. Dörd kişi də biz idik – Amilkare, Remo, Sirio və mən. Birinci səhvimiz onda oldu ki, biz məclisə Sirionu da dəvət etmişdik, – onda mədə xorası vardı və çox sinirliydi; hər xırda şeyin üstündə əsib-coşmağa hazır idi. İkinci səhvimiz onda idi ki, restoran seçməyi Amilkarenin öhdəsinə buraxmışdıq. Üç nəfərin hesabını ödəməli olduğundan qabaqcadan bilməliydik ki, Amilkare xüsusi xərcə düşmək istəməz. Biz hamımız İndipendens meydanında toplaşarkən o, iki ayağını bir başmağa dirəyib israr elədi ki, bəs onun yaxşı tanıdığı restorana gedək. Guya restoran lap yaxınlıqdaydı, əl uzatsan çatardıq; üstəlik, restoran sahibi də dostudur – həm yaxşı yemək verirdilər, həm də orda bizimçün güzəşt ediləcəkdi…
Gərək qabaqcadan ağlımıza vuraydıq ki, vağzalın həndəvərindəki bu kasıb məhəllələrdə bizi yaxşı nə gözləyə bilər axı? Bu rayonda yalnız Romadan yolüstü keçib gedənlər, bir də Makao kazarmasının əsgərləri olurdu, vəssalam. Və biz düz küçələrlə addımlaya-addımlaya tutqun, qaranlıq binaların yanından ötüb keçdik; həmin axşam isə sərt şaxta vardı, adamın iliyinə işləyən əsl yanvar şaxtası. Yaxşı yeməyin ölüsü olan Amilkare dil-boğaza qoymadan təkrarlayırdı:
– Hə, dostlar, mən özümçün birinci dərəcəli əsl yeməklər düzəldəcəm… Ciyərlərimi, böyrəklərimi, mədəmi və digər daxili orqanlarımı vecimə almadan yaxşıca yeyib-içəcəm. Adele, səni qabaqcadan xəbərdar edirəm ki, öz adətini yaddan çıxarıb bu axşam deyinməyi heç ağlına da gətirməyəsən.
– Mənim yanımda necə istəyirsən elə, amma sabah nəticəsinə baxarıq, – öz şişman və kefcil ərinin tam əksi olan cılız və məsum Adele ona cavab verdi.
Remo həmin vaxt qəşəng, qarasaç Cemma ilə zarafatlaşırdı, bizsə Sirio ilə axırıncı futbol matçını müzakirə edirdik. Beləcə, biz haçansa İtaliyada baş vermiş müxtəlif döyüşlərin adını daşıyan bir neçə adamsız küçədən keçməli olduq: Kastelfidardo, Palestro, Kalatafimi, Marsal. Nəhayət, bir cüt elektrik fənərinin arasında «Trattoriya Afrika» lövhəsi asılmış restoranın qapısına çatıb içəri girdik.
Restoran – biz bunu dərhal gördük – çox da fərli deyildi. Birinci otaqda bir neçə balaca mərmər stol vardı, onların üstündə təzəlikcə çaxır içildiyi görünürdü. İkinci otaq isə arakəsmə ilə iki yerə bölünmüşdü: bir tərəfində mətbəx yerləşirdi, o birində isə – üzərinə süfrə salınmış beş, ya altı masadan ibarət bütün restoran. Qalan yerlərdə vağzalətrafı müəssisələr üçün adi hal sayılan eybəcərlik hökm sürürdü: döşəmə yonqarla örtülmüşdü, divarların malası qopub-tökülmüşdü, stol-stullar laxlayırdı, masa üzərinə salınmış çirkli süfrələr də cırıq-cırıqdı. Amma bizi təbdən çıxaran əsas məsələ soyuq idi; eynən mağaradakı kimi iliyimizə işləyən nəm soyuq. Sirio içəri girəndə hətta bərkdən çığırdı da:
– Oho! Deməli, Afrika belə olurmuş!.. Burda adam lap sətəlcəm olar ki!
Doğrudan da soyuq dəhşət idi: müştərilər masa arxasında şlyapada, yaxalıqlarını qaldırdıqları paltolarda oturmuşdular; nəfəs alanda ağızdan buğ çıxırdı, lap elə bil küçədəydin.
Biz masalardan birinin arxasına keçdik, o saat da dördkünc sifətindən narazılıq, bulanıq gözlərindən zəhrimar yağan restoran sahibi başımızın üstünü kəsdirdi. Amilkare onu görəndə yamanca sevindi və tez-tələsik soruşdu:
– Sor1 Covanni, siz məni xatırlayırsınız?
Üzündə təbəssüm deyilən şeydən əsər-əlamət olmayan restoran sahibi qaşqabaqla cavab verdi:
– Mənim adım Covanni yox, Serafimodur… və düzünü desəm, sizi xatırlamıram, yadıma gəlmirsiniz.
Amilkare pərtlikdən çaşan kimi oldu, amma dərhal da suallarını yağdırmağa başladı. Restoran sahibi alnını qırışdırıb yada salmağa çalışdı, axırda nəsə fikirləşib qışqırdı:
– Hə ey! İndi yadıma düşdü. Xatırladım sizi! Yeni il qabağı siz burda olmuşdunuz, kolbasa ilə mərci yemişdiniz.
Amilkare cavab verdi ki, bəs Yeni ili evdə qarşılayıb.
Bir sözlə, onlar bir-birini tanıya bilmədilər. Sonra restoran sahibi qolları çirkli ağ gödəkçəsinin cibindən yemək kartoçkasını çıxarıb soruşdu:
– Sinyorlar nə buyurmaq istəyir?
Xatirələrlə bağlı məsələ başa çatdı. Biz kartoçkaya baxanda dərhal gördük ki, burda ürəkaçan az şey var: olan yalnız pendirli makarondur, abbakkiodur2, toyuqdur, pendirdir, bir də meyvə. Öz nüfuzunun xilasına çalışan Amilkare restoran sahibini təzədən israrla dilə tutmağa başladı:
– Axı sizin məxsusi yeməyiniz olur… həvəskar spagetti.
Restoran sahibi onlarda həqiqətən də həvəskar spagettinin olduğunu təsdiqlədi. Biz hamımız qəlyanaltı və spagetti, kimsə özünə abbakkio, qalanlar isə qızartma toyuq sifariş verdi. O ki qaldı desertə – belə qərara gəldik ki, bir az fikirləşək. Bu vaxt Sirio dedi ki, ürəyi şorba istəyir, restoran sahibi də toyuq bulyonu gətirə biləcəyini söylədi. Sonra hansı şərabdan içəcəyimizi soruşdu: ağ, ya qırmızı; şirin, ya kəmşirin? Biz Fraskati çaxırını seçdik, restoran sahibi də butulkaları, qədəhləri, çörəyi, salfetə bükülmüş süfrə ləvazimatlarını gətirib masaya düzdü, sonra mətbəxə keçdi.
Bir qədər gümrahlaşmış Amilkarenin dili açıldı:
– Hə bura necədir, xoşunuza gəlir? Düzdürmü bura yaxşı yerdir?
Biz kirimişcə baxışdıq, sonra Sirio ümumi rəyi bildirdi:
– Yaxşı olub-olmadığını görəcəyik… Hələliksə özümü elə hiss edirəm ki, elə bil ictimai ayaqyolundayam.
Bu cavab Amilkarenin könlünə yatmadı və həmin dəqiqə Sirio ilə aralarında mübahisə yarandı.
– Sən həmişə hamının kefinə soğan doğrayırsan…
– Sənsə təki pula qənaət edəsən…
– Sənin bu mədə xorasıyla restoranda nə itin azıb…
– Sənsə yeməyə pərgarsan, intəhası canından pul çıxmır…
Və sairə, və ilaxır.
Bu arada vaxt da ötüb-gedirdi, süfrəyə isə hələ ki, heç nə verilməmişdi və biz, adətən, pis restoranlarda olduğu kimi, nədən gəldi danışa-danışa çaxıra və yavan çörəyə girişmişdik.
Dəhşətli soyuq vardı: hamımızın ayaqlarımız donmuş, belimiz quruyub qaxaca dönmüşdü. Çaxırdan isə nə qədər çox içirdiksə, qızışmaq əvəzinə bir o qədər bərk üşüyürdük, çünki Sirionun təsdiqlədiyi kimi, deyəsən ona bolluca su qatılmışdı. Axırda Amilkarenin səbri tükəndi, özü durub mətbəxə yollandı və tezliklə razı görkəmlə qayıdıb bildirdi ki, indicə yeməklər veriləcək. Doğrudan da, Amilkarenin ardınca restoran sahibi bizimçün qəlyanaltı gətirib gəldi. Biz nimçələrə boylandıq: əsl biabırçılıq! Bir cüt ənginar, nazik vetçina dilimi, bir dənə də sardina. Sirio Amilkareyə üz tutdu:
– Deyəsən, sənin bugünkü qonaqlığından fərli bir şey çıxmayacaq.
Guya yeməyə əl uzatdıq, amma hamı əlbəəl üz-gözünü turşutdu ki, bəs vetçina qır duzdu və dilə vurulası deyil.
– Yəqin Afrika vetçinasıdır, – Sirio dedi; deyəsən o, bütün axşamı Amilkareni qıcıqlandırmağı qarşısına məqsəd qoymuşdu.
Bir sözlə, bütün qəlyanaltılar elə nimçədəcə qaldı. Yaxşı ki, bu vaxt qarnı bərkitmək üçün masaya spagetti verildi. Xörəkdən buğ çıxırdı, çünki içərinin havası dəhşət soyuq idi; amma ağıza vuran kimi məlum oldu ki, spagettinin istiliyi-filanı yoxdur, vur-tut bir tikə ilıqdır, vəssalam. Sirio isə öz bulyonunu qaşıqla ciddi-cəhdlə qarışdıra-qarışdıra sanki içində inci tapacağına ümid edirdi. Sonra o, restoran sahibini çağırıb tamamilə ciddi şəkildə xəbər aldı:
– Siz ovçusunuz?
O, sualı başa düşmədiyini dedi. Onda Sirio soruşdu:
– Doğrudurmu, siz bu bulyonu tüfənglə vurmusunuz?
– Siz bununla nə demək istəyirsiniz? – restoran sahibi qaşqabaqla ona baxdı.
– Onu demək istəyirəm ki, sizin bulyonun canına tüstü hopub.
Sahib etiraz etdi, özü də xeyli kobud tərzdə:
– Nə tüstü?.. Mənim bulyonumda tüstü nə gəzir?.. Tüstü sizin başınızdadır!
Rəngi ağaran Sirio səsini bir az da qaldırdı:
– Deyirəm ki, bulyondan tüstü iyi gəlir, deməli siz mənə inanmalısınız.
Restoran sahibi donquldana-donquldana mətbəxə getdi və qazançanı götürüb gəldi ki, bizə bulyonun hansı ətdən bişirildiyini göstərsin. Qazançanı növbə ilə hər birimizin burnunun altına tutduğu vaxt qəfil çığırtı eşidildi:
– Tarakan! Tarakan! Tarakana baxın!
Hamımız geri qanrıldıq. Çığıran Amilkarenin qohumu Cemma idi; o öz spagetti nimçəsindəki hansısa qara şeyi göstərirdi.
Restoran sahibi yenə höcətliyinə saldı:
– Nə tarakan!.. Burda tarakan nə gəzir!.. Yəqin soğandır, bir az yanıb… qaralıb…
Cemma da dediyindən dönmədi:
– Mənsə sizə deyirəm ki, bu, tarakandır… Bir baxın, ayaqları da görünür…
Restoran sahibi Cemmaya yaxınlaşıb diqqətlə nimçənin içinə baxdı; bu, həqiqətən tarakan idi. Sonra o, tarakanı çəngəllə tutub çox sakit tərzdə, soyuqqanlı şəkildə dedi:
– Hə, aydın məsələdir… yəqin sorucu borudan düşüb… Belə şeylər olur…
Və başqa heç nə əlavə eləmədən öz qazançası və tarakanı ilə birgə mətbəxə keçdi. Biz sarsıntı içində bir-birimizə baxdıq.
– Mən acam və yeyəcəm! – nəhayət, Amilkare çəngəli əlinə götürüb dilləndi.
Biz də hiddətimizi boğub onun kimi elədik. Təkcə Cemma yeməyə toxunmadı, dedi ki, iyrənir.
Soyuq daha da güclənmişdi; spagettini yeyən kimi gedib paltolarımızı götürdük və indi masa arxasında hamımız paltoda oturmuşduq. Restoran sahibi təzədən peyda oldu; bu dəfə toyuq və abbakkionu gətirib tələsik süfrəyə düzdü. Toyuq elə arıq, elə quruydu ki, diş batası deyildi; beləsini dördüncü dərəcəli yeməkxanalarda verirlər. Abbakkio da təkcə qabırğadan, dəridən və piydən ibarət idi, üstəlik səhərdən qaldığı, indi isə sadəcə olaraq qızdırıldığı aydın görünürdü. Amilkare çəngəli onun bir parçasına sancıb yuxarı qaldırdı və dəli kimi çığırdı:
– Axı bu yeyiləsi şey deyil! Sahib!.. Sahib!..
Və restoran sahibi yenə öz qaşqabaqlı sifətiylə peyda oldu.
– Deyin görüm, siz restoran işlətməyinizin niyəsini mənə izah edə bilərsinizmi?
– Bəs sizcə mən neyləməliyəm?
– Nə olsa! Gedin küçə süpürün, vaqon sürün, qəbirqazan olun, təkcə restoran işlətməyin.
Ardı 15-ci səhifədə
Əvvəli 14-cü səhifədə
Bir sözlə, öcəşmə təzədən başlandı, amma bu dəfə xeyli sönük şəkildə ötüşdü, çünki sahib öz tutqun düşüncələrinə elə bərk qapılmışdı ki, hətta çox incimirdi də. Aşpaz papaqlı başını mətbəxdən bayıra çıxarıb onu çağırana qədər beləcə davam elədi. Sahib aralanıb gedəndə Amilkare aşpazı səslədi:
– Ey, aşpaz… Siz bizi zəhərləmisiniz!
Aşpaz yoxa çıxdı, heç ona cavab da vermədi, biz isə təzədən qoyun qabırğaları və toyuq sümükləriylə mübarizəyə girişdik.
Hamımızın qanı it qanına dönmüşdü; biz küçədəkindən betər donurduq; mədəmiz pis bişirilmiş, üstəlik pis həzm olunan hansısa zir-zibillə dolmuşdu. Necə bir səhvə yol verdiyini nəhayət ki, başa düşmüş Amilkare vəziyyəti heç olmasa bir balaca düzəltmək istəyirdi, odur ki, iki şüşə qırmızı çaxırla biskvit sifariş verdi. Bütün axşam ərzində yeganə layiqli şey elə yalnız bunlar oldu: çaxırla biskvit. Ancaq bu işdə sahibin heç bir xidməti yox idi; şüşələr ağzıbağlıydı, biskvit isə Milandan gətirilmişdi. Biz barbera çaxırından içib, üstündən biskvit yedik və bir az qızışdıq.
Bu arada restoran boşalmışdı; bizdən başqa içəridə yalnız qonşu masadakı cavanların dəstəsi qalmışdı. Hamısı kart oynayırdı; tezliklə sahiblə aşpaz da gəlib onlara qoşuldu. Bütün axşamı Cemma ilə zarafatlaşmaqdan yorulmayan Remo indi də çaxırdan gümrahlaşıb oxumaq istəyirdi. Desert süfrəsi arxasında oxumaq Remonun adətiydi. Mən heç də onu demək istəmirəm ki, pis oxuyur, intəhası oxuduğu həmişə eyni mahnılar olurdu və biz onların hamısını əzbər bilirdik. Bu axşam Remo təbii ki, dəstəmizə ilk dəfə qoşulmuş Cemma üçün oxumaq istəyirdi və biz onun bu niyyətini bildiyimizdən qulaq asmağa razılaşdıq. Lakin Remonun nə oxumağını bilməyiniz üçün mən bunu təsvir etməliyəm. Remo özü bəstəboy, sifəti qarayanızdır; buruq telləri ensiz alnını örtüb, qan çəkmiş gözləri qıyıqdır. Bununla belə, yəni zahiri görkəminin bu cür köntöylüyünə baxmayaraq, oxuyanda heç də bayağı görsənmir, əksinə, sanki şirinləşir. O, mahnının ünvanladığı qızın əlindən yapışıb qarşısında təzim edir, gözlərini qıyıb dodaqlarını bant kimi yığaraq öz həzin, ehtiraslı səsiylə pəsdən oxuyur. Üstəlik də, oxuduğu bütün mahnıların qafiyəsi eyni cürdür: ya «ət»lə bitir – həsrət, qismət, məhəbbət; ya da «ək»lə – istək, dilək, çiçək. Beləliklə, bu axşam Remo öz adəti üzrə Cemmanın əlindən yapışıb, üzünü ona yaxınlaşdıraraq oxumağa başladı, biz də çaşqınlıq içində susub ona baxırdıq. Cemma gülümsünür və bu təbəssüm Remonu daha da ruhlandırırdı – mahnının birini bitirən kimi ikincisinə keçdi. Bu arada qonşu masadakılar da səslərini qısıb susdular və gözlərini bizə zillədilər; amma az sonra ordan gülüşmələr eşidildi. Cavanlardan biri Remonu yamsılayaraq onun ağzıyla oxumağa, o biri isə başını masanın altına soxub pişik kimi miyoldamağa başladı. Remo deyəsən bunu görmürdü, ya da özünü belə göstərirdi. O, artıq üçüncü mahnıya keçmişdi, amma qonşu masada gülüşmə səsləri və miyoldama davam etdiyindən mahnını yarımçıq kəsməli oldu, özü də ədəblə bildirdi:
– Daha bəsdir, yaxşısı budur, elə burdaca qurtarım.
Amma bu yerdə Sirio, ona dəxli olmasa da, qəfildən işə qarışıb müdaxilə etdi:
– Oxu… Cahil, nadan, tərbiyəsiz adamlara fikir vermə… Oxu.
Bunun ardınca, sanki siqnal verilmiş kimi, qırmızı sviteri qulaqlarını örtmüş bəstəboy, buruqsaç, sarışın cavan masa arxasından qalxıb əlbəəl Sirioya yaxınlaşdı və təmkinlə soruşdu:
– O cahil, tərbiyəsiz dediyiniz adam kimdir görəsən?
Sirio çox öfkəli adamdır və heç kəsdən qorxan deyil.
– Elə siz hamınız! – o, sarışın cavanın birbaşa üzünə söylədi.
– Belə de! Niyə ki? Axı biz restorandayıq… Bura ictimai yerdir, kefimiz nə istəyirsə, edə bilərik.
– Elə biz də kefimiz istəyəni edirik… Buna görə də bəyan edirik ki, o masanın arxasında oturan sizin hamınız nadansınız, hamınız da çox pis tərbiyə görmüsünüz.
Bu arada restoran sahibiylə aşpaz və sarışın cavanın iki dostu da qalxıb bizə yaxınlaşmışdı. Bizsə öz masamızın arxasında eləcə oturmuşduq.
Sarışın bağırdı:
– Sən kimsən? Sənə nə lazımdır? Bilmək olarmı sən nə istəyirsən?
Bu sözləri deyə-deyə o, əlini irəli uzadıb sanki Sirionun qalstukundan yapışmaq istədi.
– Çək əlini, çək deyirəm sənə! – Sirio hiddətlə qışqırdı və yerindən sıçrayıb ayağa qalxdı, rəqibiylə burun-buruna dayandı. Sonra bərk zərbə ilə sarışının əlini kənara itələdi. Onda sarışın oğlan Sirionun pencəyinin yaxalığından yapışıb geri dartdı. Bizim hər iki xanımımız bərkdən civildədi. Remo qışqırdı:
– Dayanın! Baş qoşmayın!..
Bir neçə saniyə keçdi. Heç kəsin gözləmədiyi halda, birdən-birə Amilkare oturduğu yerdən sıçrayıb ayağa qalxdı və sarışının yaxasından yapışıb ona dəli kimi zərbələr ilişdirə-ilişdirə otağın dərinliyinə qısnadı. Soyuducuya qısılıb qalan sarışın müqavimət göstərir, Amilkare isə bütün bədəniylə onun üstünə yıxılıb sanki oğlanı basıb əzmək istəyirdi. Birdən biz Amilkarenin enli kürəyinin nə zərblə geriyə atıldığını gördük; o, üzüstə gurultuyla yerə gəldi və düşdüyü yerdə kötük kimi hərəkətsiz qaldı. Boksçu olduğu aydın bilinən sarışın onun çənəsinin altından qısa zərbə endirmişdi, nokauta düşən Amilkare də döşəməyə səpilmiş yonqarın üstündə sərələnib qalmışdı.
Hər şey necə qurtarmalıydısa, o cür də qurtardı: polis bizim ad-soyadımızı qeyd elədi, qadınlar ağlaşmağa başladı, Amlkare isə əliylə çənəsindən yapışıb elə hey təkrarlayırdı ki, bir soldi də verən deyil. Axırda Sirio, Remo və mən hesabı ödədik; mətbəxdən restoran sahibinin səsi eşidildi:
– Siz axı niyə restorana gedirsiniz? Yaxşı olardı ki, evdə oturasınız!
Restorandan təzəcə çıxmışdıq ki, hardasa yuxarıda pəncərə açıldı və kimsə kağıza bükülü yemək artığını küçəyə vızıldatdı; tərslikdən bağlama düz Amilkarenin təpəsinə düşdü.
– Siz allah bağışlayın, – nazik bir səs yuxarıdan qışqırdı. – Bu, pişiklərin payıdır.
Həqiqətən də buralıqda kalan pişik vardı; hamısı da bizim keçib getməyimizi səbrsizliklə gözləyirdilər ki, bükülüyə girişsinlər. Amma ağlını büsbütün itirmiş Amilkare, Allah biliir nəyə görəsə bunun sahibin işi olduğunu düşünür və elə hey can atırdı ki, təzədən geri qayıtsın. Biz onu ordan qol gücünə dartıb apardıq, o isə söyüşünü kəsmir və şlyapasına yapışmış balıq pulcuqlarını təmizləyirdi. Bir sözlə, necə deyərlər, əcəb vaxt keçirdik.
Tərcümə: Mahir N.QARAYEV
1 Sor – «sinyor» müraciətinin qısaldılmış forması (tərc.)
2 Abbakkio – quzu ətinin qızartması (tərc.).
Yazıya 647 dəfə baxılıb