Yazarların etdiyi 5 ən mühüm səhv

Holli Robinson yazır 
Hər ay yerli kitabxana və məktəblərdə yazıçılıq və nəşr işlərini müzakirə etmək üçün çarpaz-janr qrupunun 5 yazarına qoşuluram. Axşamın mənim üçün ən sevimli hissəsi isə gənc fantastik roman yazarların yaşlı HİPSTER yazarlara qaranlıq məqamlar və əldə etdikləri informasiyalarla bağlı müraciət etdikləri suallar və cavablar bölümüdür.

Dünən axşam verilən və böyük mübahisələrə səbəb olan bir sualı burda sizinlə paylaşmaq istərdim. Sual belə idi: “Sizin yaradıcılıq dövründə etdiyiniz ən böyük səhvlər hansılar olub?”
Şəxsən mən bu yolda həddindən artıq çox səhvlər etmişəm və düşünürəm ki, həvəsli yazarların da məni az qala udan bu çirkli xəndəyə düşməmələrinə kömək etmək üçün bu səhvləri bir yerdə cəmləşdirməliyəm. Budur gənc yazarlar üçün, etməmələrini məsləhət gördüyüm səhvlər:

1. İmkanlardan imtina etməyin. Bizim qrupun orta səviyyəli yazarlarından biri olan Elizabet Atkinson (Amerikalı yazar – red. E.S.) qatıldığı bir müsabiqə haqqında gözəl bir hekayə danışmışdı. Belə ki, bu yarışmada ona bir əlyazmanı bitirmək üçün müəyyən qədər vaxt verilib və o, yazını vaxtında göndərib. Bu müsabiqə yazılarını qəbul edən heyət onun əlyazmasını çapa verməyib, lakin ona bir agentlik tapmağa kömək edib. Belə ki, münsiflərdən biri hansısa məşhur yayım evlərindən birində redaktor imiş və o, Elizabetin əlyazmasını dönə-dönə oxuduqdan sonra kitabı və müəllifi bir daha görmək istədiyini bildirən bir qeyd yazıb. Qrupumuzun bir digər üzvü dedektiv yazar Edit Maksvel (amerikalı dedektiv yazar – red. E.S.) də belə müsabiqələrdən biri vasitəsi ilə özünə şirkət tapıb. Mən də bir hekayə yarışmasına qatıldım. Baxmayaraq ki, sadəcə xatirə plaketi qazandım, amma bu mənim özümə olan inamımı artırdı və mən yerli jurnal və qəzetlərə məqalələrimi göndərməyə başladım. Nəhayət ki, redaktorlardan biri onlara maraq göstərdi və önümdə qəzet yazarı karyerası üçün bir qapı açıldı. İndi düşünürəm ki, əgər mən digər yarışlara da qatılsaydım, məsələn, ilk novellalar üçün müsabiqə, yəqin ki, indi tezliklə ilk əsərimi çap elətdirəcəkdim.
Mənim yanaşmam budur: imkanlar hər yerdədir. Ədəbi müsabiqələri diqqətlə izləyin, mütəmadi xəbərdar olmaq üçün “Poets&Writers” (“Poets&Writers” – ABŞ-da fəaliyyət göstərən ədəbiyyat jurnalıdır – red. E.S.) və digər ədəbiyyat jurnallarını müntəzəm olaraq alın. Hətta bəzi nəşriyyat şirkətləri onlara sponsorluq edirlər. Əvvəlcə düşünə bilərsiniz ki, “Mən heç vaxt qalib ola bilmərəm” və ya “Bu müddət mənim üçün azdır”. Amma qazana bilməyəcəyinizi əvvəlcədən necə bilə bilərsiniz ki? Əgər bunu etsəniz, nə baş verə bilər ki? Mən sizə nə baş verəcəyini deyim, sizi böyük yayım şirkət və agentliklərinə apara biləcək tutarlı bir təcrübə qazanmağa başlayacaqsınız. Qeyd: şansı gördüyünüz anda onu tutun.

2. Əgər redaktor maraq göstərirsə, davam edin. Mən ilk işimi göndərəndə, işimin yaxşı şeylər vəd etdiyini düşündüyünü deyən redaktorumdan redaktə ilə bağlı bir neçə məktub aldım. Hər şey çox sadə bir dillə mənim agentimə söylənilmişdi: “Əgər o bu yazını təkrar nəzərdən keçirməyə qərar versə, onu təkrar mənə göndərin”. Bəs, mən təkrar düzəliş edib, o yazını təkrar ona göndərdimmi? Yox, əziz dost! Təəssüf ki, Elizabetdən fərqli olaraq mən bunu etmədim. Çünki o zamanlar yazıçılığın əsl sehrinin sırf düzəliş işlərində ortaya çıxdığını bilməyəcək qədər təcrübəsiz idim. O xüsusi hekayə hələ də mənim ofisimdə sənədlər bölməsində qalır. Geriyə baxdıqda isə təəssüf edirəm. Zamanı geri çəkib, o yazını düzəldib və yazını təkrar göndərərək, bir əlyazmanı nəşr üçün tam hazır olanadək onun üzərində işləmək qətiyyətim olduğunu göstərə bilməyi, sənə qətiyyətli olduğumu deməyi arzu edərdim. 

3. Sizi ağlatmaq istəyən insanları dinləməyin. İlk akademik il ərzində yaradıcı yazıçılıq kursu almadan və həkimlik əvəzinə yazıçılığı seçmədən öncə biologiya sahəsində ixtisaslaşmışdım və tibb məktəbinə hazırlaşırdım. Amma qəfil qərarla ədəbiyyat sahəsində heç bir özülüm olmadığından “Fine Arts”- da (“Fayn Arts” – Nyu Yorkda yerləşən yaradıcılıq akademiyası – red. E.S.) kreativ yazıçılıq sahəsi üzrə ali təhsil almağa başladım. Oradakı müəllimlərimdən biri – sayılıb-seçilən və mükafatlı yazar – mənə yazdıqlarımda “televiziya reklamlarındakı kimi mənalar olduğunu” deyəndə məni ağlatmışdı. Onun məndə gördüyü şeyləri isə mən sonradan dərk etdim – mən kommersiya əsərləri, xüsusən də emosional ailə sirlərini yazmağı xoşlayırdım. O xüsusi ədəbiyyat “şiri” isə bu tip yazılar haqqında düşünmürdü. Özümü onun dediyi tipdə və uyğun bildiyi mövzular üzərində yazmağa öyrəşdirməyim isə uzun müddət aldı. Mən düşündüm ki, axı mən belə məqalələri sevmirəm. Niyə mən bunu yazmalıyam? Öz-özümə qarşı dürüst olmağım lazım gəlirdi, bunu təəssüf ki, gec anladım. 

4. Yuvaya çəkilin. Bu hadisələr yaşandığı müddətdə mənə neçə nəfərin gəlib uzun illər boyu çalışdıqları yerlər və xatirələr haqqında danışdığını sizə deyə bilmirəm. Hətta bəziləri on illərlə bir mətnin üzərində çalışmışdı. Bəli, əsl sehr düzəlişdədir, lakin əsas nöqtə sənin işinin dünyaya çıxmasına və mühakimə olunmasına izn verməndir. Bir tərəfdən bu sizin həqiqi, obyektiv rəy almağınızın yeganə yoludur. Digər bir tərəfdən isə əgər işinizi hansısa yayımevində bir redaktora təhvil verirsinizsə, o redaktor çox güman ki, onu yenidən yoxlayacaq. Və ya siz əgər özünüz nəşr etdirirsinizsə, oxucular ehtimal ki, onu hər şeydən çox məzmuna görə oxuyacaqlar və əgər bəyənsələr, kiçik qüsurları bağışlayacaqlar.

5. Öz qabığınızın altında gizlənməyin. Bəli, yazıçılıq yalnızlıq işidir və tənha keçirilən bir neçə saat tələb edir. Siz həqiqətən də, başqaları ilə söhbət edərkən yaxşı yazı yaza bilməzsiniz. Faktiki olaraq mənim üçün açıq şəraitdə kafedə oturub yazmaq çox çətindir, çünki insanlar çox tez-tez mənim fikrimi yayındırır və mən onları dinləməyə başlayıram. Eyni zamanda, yazarın tamamilə qapalı şəraitdə işləməli olduğunu düşünmək də səhv olardı. Əgər siz yaxşı yazıçılıq seminarları tapsanız – məsələn, kitabxana, bukinistlər vasitəsilə – bu sizə işləmək üçün bir müddət stimul verəcək və ən əsası isə kitab satışı və agentliklər haqqında bütün informasiyaları paylaşa biləcəyiniz bir ünsiyyət vasitəsinə çevriləcək. Bundan başqa, əgər siz çölə çıxıb az da olsa, həyatınızı yaşamırsınızsa, siz nə haqqda yaza bilərsiniz ki?


Tərcümə etdi:
Elcan Salmanqızı

Mənbə: HuffingtonPost


Yazıya 622 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.