Yıxılar budaqdan yolun üstünə,
Bir yarpaq ömrü də qalar yarıda.
Xəfif payız yeli durar qəsdinə,
Küsdürər özündən durnaları da…
Oyanar nisgilli xatirələrim,
O yarpaq bahara qayıtmaz daha.
Payızda kövrələn düşüncələrim
Bir şair ömrünü ovutmaz daha…
Xəlvətdə alışıb yanar ürəyim,
Tənha bir daxmanın sobası kimi.
Bir soyuq baxışdan sınar ürəyim,
Dağılar qaranquş yuvası kimi…
Tökülər çiynimə bəyaz tellərim,
Çılpaq budaqlara düşən qar kimi.
Hərdən xatirənin soyuq yelləri,
Gələr bir əsimlik gilavar kimi…
Ürəyim çırpınar qızıl qəfəsdə,
Sinəmdə şeirlər aşıb-daşarlar.
Xəzəllər xışıldar sarı sim üstə,
Gözümdə buludlar topalaşarlar…
Ömür də əcələ eyləyər təlaş,
Yollar da köhnələr ayaqlarımda.
Ötdükcə fəsillər,çoxaldıqca yaş,
Şuxluğun itirər dodaqlarım da…
Bir yarpaq altından boylanar çiçək,
Gözləri mürgülü, baxışı xumar.
Təbiət aşiqi, bu payız ürək,
Bir yarpaq şeirdən təsəlli umar…
Payız kimiyəm
Deyəsən ömrümün payız dəmidir,
Gözümdən qəriblik süzülüb gedir.
Tökülən saçlarım xəzəl kimidir,
Yorğun budağından üzülüb gedir…
Çırpınır ürəyim qərib quş kimi,
Qəlbimi ovutmaz bir xoş avaz da.
Səfil kirpiklərim dalaşmış kimi,
Gecələr bir-birin qucaqlamaz da…
Çıxardım əynimdən bahar köhnəyin,
Geyindim hüznlü,qəmli bir libas.
Daha xalaxətrin baxıb gülməyin,
Payız günəşinə bənzəyir bir az…
Hər qərib həsrətdə bir payız olur,
Nimdaş yaraların qaysağı kimi.
Elə məktublar da qırışır, solur,
Payızın soluxan yarpağı kimi…
Durna qatarıyla sevincim gedib,
İndi yağışlar da yağır aramsız.
Çiçəklər soluxub,quşlar tərk edib,
Ömrümə qonaqdır,bir qərib payız…
Yolsuz məhəbbətin sərnişiniyəm,
Sevgi dəhlizində qalmayıb izim.
Daha sən gedəndən payız kimiyəm,
Tamam saralmışam..Tamam Əzizim….
Birgə gedək bu yolları
Gün gün üste xəzəl kimi qalanır,
Kor bəxtimin darısqaldı xoş günü.
Zaman keçir, yaş üstə yaş calanır,
Canim gözüm, ömrümə qoş ömrünü…
Yollarına döşəmişəm sevgimi,
Sən də mənə ürəyini aç, barı.
Ömrümüzün qoy dəyişsin iqlimi,
Birgə gedək bu kəsəkli yolları…
Gəl yarışaq: çox sevəcək kim-kimi,
Təbəssümlər aşıb-daşsın dodaqdan.
Mizrabından ayrı düşən sim kimi,
Qərib-qərib baxışmayaq uzaqdan…
Zaman keçir, tez ötürür il-ili,
Düşün məni,sən də düşün azacıq.
Ömrümüzdən uzaq edək nisgili,
Uzaq dursun bu sevgidən ayrılıq…
Baxışlarım sənə salıb meylini,
Gözdən gözə körpü salmaq çətindi.
Bir dəfə sev, min dəfə gör xeyrini,
Bu dövrdə könül almaq çətindi…
Bu payızın duman çəni sovuşar,
Bir yuvanı isidərik ikimiz.
İki cığır bircə yolda qovuşar,
Bəlkə o cür qovuşarıq elə biz…
Yazıya 2097 dəfə baxılıb