Nəriman ƏBDÜLRƏHMANLI: Yunis Nərimanov – talesiz sənətçi

yusif-nerimanzade_549d27086c74c

…1964-cü ilin qışından bizə kədərli fotolar qalıb. Həmin fotolarda sənət dostları Yunis Nərimanovu son mənzilə yola salırlar. Onların arasında nə vaxtsa məşhur olan, köklü-köməcəli bir nəslin zamanın burulğanından sağ-salamat çıxmış beş-üç başıpapaqlısı gözə dəyir.

 

Tiflisdən Bakıya gələn ümid

XIX yüz illiyin sonlarında Nərimanovlar soyu Borçalının, eləcə də, Tiflisin adlı-sanlı, hörmətli tayfalarındanıdı. Qızılhacılı kəndindən qol-budaq atan, gözüaçıq, savadlı adamlarıyla tanınan soyun dayaqlarından biri də Nəriman Nərimanovun əmisi Ələsgər idi. Onun oğlu Əkbərin bir-birinin ardınca düz 8 uşağı dünyaya gəlmişdi: Əsgər, Yunis, Müzəffər, Qəzənfər, Nurəddin, Rüstəm, Gövhər, Simuzər. Ailənin ikinci uşağı olan Yunisin doğum tarixi öz əliylə yazdığı ömürnaməsində (şəhadətnaməni 1956-cı ildə Mingəçevirdə alıb) 1895-ci il aprelin 12-si göstərilib.

Tiflisdə ailəsini dolandırmaq Əkbərdən ötrü çətiniydi. Bu tərəfdən də, Bakıda «neft bumu» başlamışdı, güzəranlarını yaxşılaşdırmaq istəyənlər elə hey ora axışırdılar. 1899-cu ildə – Yunisin cəmi 4 yaşı olanda Əkbər də külfətini götürüb Bakıya köçdü. Amma az sonra ağır zəhmətdən üzülən Əkbər xəstələnib dünyasını dəyişdi.

Ailə başçısının ölümü Sitarəbəyimin çiyinlərinə ağır yük qoydu. Yunis qabiliyyətli olduğuna görə 8 yaşına çatanda Mirzə Məcidin rus-tatar məktəbinə daxil oldu. “Əmi” dedikləri doktor Nəriman Nərimanov da tez-tez ailəyə baş çəkir, imkanı çatan qədər ehtiyaclarını ödəməyə çalışırdı. Onun razılığıyla 1905-ci ildə 10 yaşlı Yunis mətbəədə mürəttib köməkçisi işləməyə başladı, qazandığı qəpik-quruşla anasının köməyinə çatdı.

Neft Bakısı təlatümlər içindəydi. Doktor Nəriman artıq siyasətə qoşulmuşdu.…

Hələ Yunis taleyinin hansı eniş-yoxuşlardan keçəcəyini bilmirdi…

 

Taleyin bəxşişi — Mirzağa Əliyevin himayəsi

Təlarümlü 1905-ci il özüylə ağlagəlməz bəlalar gətirsə də, Yunisdən tamamilə üz döndərməmiş, yoluna həyət qonşuları, böyük səhnə ustası Mirzağa Əliyev çıxmışdı. Yunis tez-tez girəvə tapır, onun evinə yığışıb «cürbəcür oyunlar çıxaran» saqqallı-bığlı kişilərin həngamələrinə baxır, hələ də əməlli-başlı anlamadığı bir aləmin sonsuzluğuna baş vururdu. Yunisin bu «oyunlara» belə cani-dildən baxması Mirzağa Əliyevin də gözündən yayınmamışdı. O, doktor Nərimandan Yunisi görkəmli rejissor və aktyor Cahangir Zeynalovun öz evində təşkil elədiyi dram dərnəyinə aparmağa icazə istədi.

Böyük ustadın evində olan sənət mühiti hələ həyatın bərkinə-boşuna düşməmiş, ömür yolunu müəyyənləşdirməmiş Yunisdən ötrü sirli-sehrli bir aləmiydi. Üstəlik də, Yunis görkəmli sənətçinin hazırladığı tamaşalarda yaşına uyğun rollar da ifa eləyirdi.

1910-cu ildə Sitarəbəyim xəstələnib canını övladlarına tapşırdı. Doktor Nəriman və Mirzağa Əliyev başsız qalmış ailənin Tiflisə pənah aparmasını məsləhət gördülər. Böyük qardaşları Əsgər Bakıda qalıb işləməli, onlara əl tutmalıydı.

15 yaşlı Yunis 6 qardaş-bacısını götürüb Tiflisə, bibisinin yanına getdi. O zaman Tiflisdə yaşayan Nərimanovlar soyunun başıpapaqlıları ailəyə əl tutur, köməyə yetirdilər.

Hələ ki, səhnə Yunisdən ötrü sehrli cazibə məkanı olaraq qalırdı. Amma peşəkar aktyor olacağını o, ağlına belə gətirmirdi…

 

…Rastına Üzeyir bəy çıxmasaydı…

O çağlar Tiflisin qaynar teatr həyatı qəlbində sənət sevgisi yaşadan Yunis Nərimanovdan ötrü göydəndüşməydi: az keçmədi ki, Tiflis Türk Dram Teatrının daimi tamaşaçılarından ifaçısına çevrildi; səhnəyə qoyulan əsərlərdə qadın rollarını oynamağı Yunisə tapşırdılar.

…1911-ci ilin yayında Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası Tiflisə qastrol səfərinə gəlmişdi. Bu xəbəri eşidən Yunisin yuxusu ərşə çəkilmişdi: nə vaxtdan bəri adlarını eşitdiyi, görməyi arzuladığı ifaçıları səhnədə görəcəyinə inanmaq istəmirdi. Üstəlik, onların tamaşalarında Tiflis aktyorları da iştirak eləməliydilər.

İyunun 29-da Tiflis Türk Dram Teatrının tamaşa göstərdiyi binada – Zülalovların evində Üzeyir bəyin «Leyli və Məcnun» əsərinin ilk tamaşası oldu. Rolların ifaçıları arasında 16 yaşlı Yunis Nərimanov da vardı. Dəhşətli həyəcan keçirsə də öz rolunun öhdəsindən bacarıqla gəldi. Truppanın rəhbəri Zülfüqar Hacıbəyov da, tamaşaçılar kimi, onun ifasından razı qalmış, Bakıya qayıdanda fikrini Üzeyir bəyə də bildirmişdi.

İlk böyük sınaqdan uğurla çıxan Yunis Nərimanov artıq Tiflisin teatr mühitində tanınmağa, tamaşalarda rollar almağa başlamışdı. Sənət yanğısını gerçəkləşdirməklə yanaşı, ailə qayğılarını da unutmurdu: kiçik qardaş-bacılarını ayağa qaldırmaq, onların əlini çörəyə yetirmək lazımıydı…

1913-cü ildə Hacıbəyov qardaşlarının truppasının Tiflisə daha bir qastrol səfəri oldu. Bu dəfə Üzeyir bəyin məsləhətilə Leylinin anası («Leyli və Məcnun») və Sənəm («O olmasın, bu olsun») rollarının ifası Yunis Nərimanova tapşırıldı. Gənc aktyorun oyunu o qədər uğurlu alınmışdı ki, Üzeyir bəy Yunisi qadın rollarının ifaçısı kimi truppanın tərkibinə daxil eləmək qərarına gəldi.

O, Bakıya – teatrda ilk addımlarını atdığı şəhərə qayıtmalı, truppayla ölkələr dolaşmalı oldu…

1920-ci iləcən səhnədə çeşidli qadın obrazları yaradan sənətçinin adı o çağların ünlü ifaçıları sırasındaydı…

 

Ekran, balet və teatr… onun həyatıydı…

Yunis Nərimanov roldan-rola püxtələşir, ifasını cilalayırdı.

Onun taleyinə ilk milli ekran əsərlərimizdən birində çəkilmək xoşbəxtliyi də nəsib olmuşdu. 1916-cı ilin sonunda rejissor Boris Svetlov Üzeyir bəyin eyniadlı komediyası əsasında «Arşın mal alan» filmini çəkəndə Cahan xala roluna Yunisi dəvət eləmişdi. Sənət müəllimləri Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Hənəfi Terequlov, Ələkbər Hüseynzadəylə yanaşı, lentin uğurlu alınması üçün qabiliyyətini əsirgəmədi Yunis. Təəsüf ki, bir az sonra Üzeyir bəyin və aktyorların tələbilə ekranlardan yığışdırılan həmin film Yunis Nərimanovun çəkilidiyi yeganə lentdi.

…Az sonra Azərbaycanda milli hökumət quruldu. Hacıbəyov qardaşları truppasının tamaşalarında oynayan sənətçi ifaçılığın yeni qatlarına ayaq basmaq arzusundaydı.

Truppanın rejissoru Hüseyn Ərəblinskinin ölümü onu bərk sarsıtmışdı. Milli hökumətin devrilməsi də qəlbində anlaşılmaz duyğular oyatmışdı: yeni qurulan hökumətə ağsaqqal saydığı, arxa bildiyi Doktor Nəriman Nərimanov başçılıq eləyirdi. Ancaq bundan istifadə eləmək, vəzifəyə keçmək fikri yoxuydu: sənətdən ayrı yaşaya biləcəyini ağlına gətirmirdi…

…O çağlarda Üzeyir bəy Azərbaycan səhnə sənətinin, xüsusilə milli operamızın inkişafı sarıdan böyük narahatlıq duyğusu yaşayırdı, hər vasitəylə milli kadrların hazırlanmasına çalışırdı. Elə buna görə də o, Yunisi baletmeyster olmaq üçün dilə tutdu: 25 yaşlı gəncin anadangəlmə qabiliyyəti, öyrənməyə həvəsi onu qane eləyirdi.

Yunis Nərimanov ustadın sözündən çıxa bilmədi, 1920-ci ildə Novikovun ikiillik balet studiyasına daxil oldu. 1922-ci ildəsə artıq gənc Yunis ilk Azərbaycan baletmeysteri kimi tamaşalara quruluş verirdi. İki il ərzində o «Leyli və Məcnun», «Şah İsmayıl», «Əsli və Kərəm» operalarının, «Adəmin həyatı», «Bayquş» tamaşalarının balet-quruluşunu gerçəkləşdirdi.

Amma «inqilabi gerçəklik» tamam ayrı sahənin – «inqilabi satira»nın inkişafını tələb eləyirdi. Bakıda fəaliyyətə başlayan «Tənqid və təbliğ teatrı»nın ətrafında tanınmış rejissorlar və aktyorlar toplaşmışdılar. Yunis Nərimanov da bir il həmin teatrda çalışdı, 1925-ci ildə Baş Siyasi Maarif İdarəsi tərəfindən yaradılan «Damğa» satira teatrına bədii rəhbər və rejissor təyin olundu.

Onda yeni quruluşun repressiya maşını təzə-təzə hərəkətə gəlirdi…

Bütün ideallarının puç olduğunu başa düşən Nəriman Nərimanov Moskvaya aparılıb aradan götürülmüşdü…

Ötüb-keçən illər özüylə yeni-yeni məşəqqətlər, qadağalar və təhlükələr gətirirdi…

 

Zamanın burulğanları içində

…O, yaxınlaşan təhlükəni yaxşı duyur, başını aşağı salıb işləyirdi. Satira teatrının səhnəsində Azərbaycan, rus və Avropa dramaturqlarının əsərlərinə quruluş verirdi, Keşiş («Şeyx Sənan»), Silvestr («Skapenin kələkləri») və başqa obrazlar yaradırdı.

Həyatdan umduğu yalnız dinclik və yaratmaq imkanıydı.

…1931-ci ildə Dövlət Türk Dram Teatrına (indiki Akademik Milli Dram Teatrı) dəvət olunanda 36 yaşlı Yunis Nərimanov 20 illik səhnə təcrübəsinə malikiydi. Artıq arzuladığı klassik səhnə əsərlərindəki baş rolları oynamaq fürsətinin yetişdiyini düşünürdü; amma qapıçı («Dönüş»), zindanban («Xanlar»), faşist («Madrid»), Atakişi («Sevil»), Muxan («Oqtay Eloğlu») kimi epizodik rollar ifa eləməli olurdu. Dözürdü, susurdu, nəhəng sənətçiləri gözlərinin qabağına gətirib öz növbəsini gözləyirdi…

…Nəslin arxası, dayağı Nəriman Nərimanov əbədiyyətə qovuşandan sonra bu soyun mənsublarının başı olmazın bəlalar çəkdi.

1937-ci ildə Yunisin böyük qardaşı Müzəffər Nərimanovun adı «qara siyahı»ya düşmüşdü. Elə həmin ilin gecələrinin birində onu «xalq düşməni» damğasıyla apardılar. Yunis  «yuxarılar»a yazdı, meşina qapıları açdı, ixtiyar sahiblərindən qardaşının sorağını istədi. Amma o vaxt belə şeylə maraqlanmaq da qorxuluydu. Axır ki, çox baş apardığını görüb «xalq düşmənini müdafiə elədiyinə görə» onu da həbs etdilər.

1941-ci ildə Yunis Nərimanovu Qazaxıstanın Semipalatinsk vilayətinə sürgün elədilər…

Fikri-zikri Vətəndə, doğmalarının yanındaydı…

Böyük səhnə üçün isə burnunun ucu göynəyirdi. Nəsibi olan üzüntülər ona səhnəyə olan sevgisini unutdura bilməmişdi…

 

10 il yarımazadlıq məngənəsində

Hər gecənin bir gündüzü var…

Axır ki, qürbətin sıxıntıları içində yaşayan Yunisin ömür yolunda zəif də olsa, işıq göründü.

…1946-cı ildə Yunis Nərimanova yarımazadlıq verdilər: o, Azərbaycana qayıda bilərdi, amma Bakıda yaşamaq ona qadağanıydı. O Tiflislə Bakının arasındakı Şamxor (Şəmkir) şəhərini seçdi, üç il buradakı Dövlət Dram Teatrının səhnəsində çıxış elədi. 1948-ci ildə teatr bağlananda olan-qalanını yığışdırıb Qubaya getdi; iki il də burada işlədi. 1950-ci ildəsə səhhətinə görə Mingəçevirə köçürülməsini xahiş elədi. Xahişini yerə salmadılar: təki Bakıdan uzaq olsun, respublikanın rəhbərinə Nərimanovu xatırlatmasın.

Stalin epoxası başa çatandan sonra Yunis Nərimanov həqiqətin üzə çıxmasına çalışdı: qardaşı Müzəffərə bəraət, özünün Bakıya qayıtmasına icazə verilməsi üçün “yuxarılara” ərizələr yazırdı. Bu dəfə istəyinə çatdı, 1956-cı ildə iki xəbəri birdən aldı: qardaşına bəraət, özünəsə, Bakıda yaşamağa icazə verilmişdi.

Amma bu xəbərlər onu sevindirə bilmədi. Bəlkə də Bakıya dönəndə ürəyindən böyük səhnədə çıxış eləmək keçirdi. İllərsə öz işini görmüşdü: sağlamlığı qayıdana oxşamırdı, yaşı da o yaş deyildi. Belə ağır günlərində qolundan tutanı, arxa duranı sənət dostları oldular…

Həkimlər «özünü gözləməyi» tövsiyə eləsələr də, Yunis Nərimanov dinc dura bilmədi, Hüseyn Rzayevə qoşulub Mədəniyyət İşçiləri Evinin nəzdində fəaliyyət göstərən «Damğa» teatr kollektivinə başçılıq elədi.

1959-cu ildə, axır ki, yada düşdü: ona «Azərbaycan SSR Əməkdar artisti» fəxri adı verdilər. Bu gecikmiş adsa, nə ömründən keçən illəri qaytara bildi, nə də səhnədə qazandığı şöhrəti. Onun yaratdığı obrazlar sənətdaşlarının xatirələrində, tamaşaçıların yaddaşında yaşayırdı.

Sonrasa… büsbütün unudulacaqdı…

 

Aydın Yol qəzeti

Yazıya 764 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.