Akif ABBASOV – TUTU NƏDƏN KƏDƏRLİ İDİ?

akif abbasov(“Acı xatirələr” romanından)

         Tutu çox pis olmuşdu. Qudasının evinə oynar-gülər getmişdi, qanı qara qayıtmışdı. Yaman tutulmuşdu. Bikəxanım ürəyini boşaltmışdı. Nə deyiləsidirsə – demişdi. Həm də onun təşvişi səbəbsiz deyildi. Yerində soruşurdu ki, qız neçə il nişanlı qalar? O olmasın, elə Tutunun özü olaydı. Qızı neçə illər nişanlı qalsaydı, dillənməzdi? Dillənərdi.

         Tutu evə çatıb qeyzlə şalını bir tərəfə, pal-paltarını başqa bir tərəfə tulladı. Hətta şalı divana dəyib döşəməyə düşdü. Fərman  hələ onu bu kökdə görməmişdi. Onun halını görüb fikirləşdi ki, arvadının özünü belə aparması səbəbsiz deyil. Nə isə bir hadisə baş verib, arvadının xasiyyətinə bələd olduğundan onu sorğu-suala tutmağa tələsmədi. Tutunun sakitləşməsini, hikkəsinin yatmasını gözlədi. Ərinin dinməyib gözləmə mövqeyi tutduğunu görüb özü sözə başladı. Çünki  dözə bilmir, dərdini bölüşmək istəyirdi: -Günahın çoxu səndədir, kişi! Fərman çiyinlərini çəkdi: -Hansı günahın, arvad?  Mənimlə iki başlı danışma! Əvvəl sözünü de, ondan sonra cavabımı eşit. Tutu bir az özünə toxtaqlıq verdi: -Rasim nə fikirləşir? Fərman təəccüblənib,  suala sualla cavab verdi: -Mən nə bilim sənin Rasimin nə fikirləşir? Tutunun yenə üzü döndü: -Mənim Rasimim? Belə çıxır ki, onun sənə aidiyyatı yoxdur? Ata evindən gətirmişəm Rasimi? Fərman əlini stola vuraraq dik atıldı: -Arvad, həddini bil! Qabağındakı keçəl Xalidə deyil ha! Ərindir! Mənim sayəmdə şellənirsən! Çörəyini, suyunu verənindir! Dilini dinc qoy, yoxsa kəsərəm! -Kəs. Daha biabır olmuşuq. O soruşur, bu soruşur, bilmirsən hansına cavab verəsən, hansının ağzını yumasan. Deyəsən, nə deyəsən? Fərman acıqlı: -Yenə sözünün qənbərqulusunu demirsən, arvad! Uşaq qərib yerdədir. Birdən qarğış deyərsən, dilim ağzım qurusun, başına bir iş gələr, yanıb-yaxılarsan. Nə edib axı bu Rasim? Adam öldürüb? Tutu tərs-tərs ona baxdı: -Dilin qurusun, kişi! Onda evimiz yıxılardı ki… -İndi mən nə edim, sözünü demirsən. Bilmədiyim çeyin cavabını necə verim? Tutu mətləb üstünə gəldi: -Qudagilə getmişdim. Fərman onun sözünü kəsdi: -Bikəxanımı günorta görmüşəm. Sağ-salamat idi. Ona görə deyirlər ki, ölüm gözlə qaş arasındadır. Top kimi idi. Birdən-birə ona nə oldu? Durum hazırlaşım. Necə olsa qohumuq. Hamıdan əvvəl biz orada olmalıyıq. Fərman ayağa qalxmaq istəyəndə Tutu onu qoymadı: -Ona heç nə olmayıb, – dedi. -Nailəyə nəsə olub? Tutu hiss elədi ki, yenə cin təpəsinə vurub. Birtəhər özünü saxlayıb: -Ay kişi, qoy bir sözümü tamamlayım, ondan sonra dillən. -Buyur, xanım qız. – Heç kimə heç nə olmayıb. Olsa bu gündən belə olacaq. Özü də olan bizə olacaq. -Heç nə anlamadım. Ay arvad, sən nə vaxtdan filosofluq edirsən? -Bikəxanım məndən cavab gözləyir? Fərman yenə özünü saxlaya bilmədi: -Nə cavab? -Bikəxanım soruşur: qızı alırsınız, almırsınız? -Niyə almırıq. Oğluma nişanlanmayıb onun qızı? Bə almaq necə olur? Tutu aydınlaşdırdı: -Deyir: alan indiyə kimi alardı. Siz zanit eləmisiniz. Bu, almaq deyil. Deyir: nəyi gözləyirsiniz, niyə gözləyirsiniz? Günahı səndə ona görə görürəm ki, ata olan bəndə bir Rasimin başına ağıl qoyursan ki, ay oğul, yığış gəl kəndə, toyunu edək? -Hə bunu düz deyir. Məni də dəng eləyiblər. Soruşan çoxdur: Rasimin əl-ayağını nə zaman bir yerə yığırsınız? -Ay kişi, insan çiy süd əmib. Tezliklə toylarını eləməliyik. Qız qoşulub birinə qaçar, kənddə-kəsəkdə, eldə-obada rüzvayi-cahan olarıq. Onda günah qızda yox, bizdə, Rasimdə olacaq ha! Camaat da bizi qınayacaq. -Arvad, mən səninlə şərik! Get o mobil telefonu bura gətir.

Yazıya 712 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.