(povest)
Gözlərimin işığı – övladlarım
Əşrəf və Ayselə həsr edirəm
Səmra tələsirdi. Ona elə gəlirdi ki, onu bioloji anasının yanına, doğulduğu və üç yaşına kimi yaşadığı evə taksi lazımi sürətlə aparmır. Paytaxt olmayan Gəncədə də tıxaclar həddən artıq çox idi. Səmra Gəncəni bu cür təsvir etmirdi, onun nəzərində bu şəhər ancaq qırmızı kərpic evlərdən ibarət idi.
– Xanım, siz axtardığınız ünvan buradır, -sürücünün səsi onu fikrindən ayırdı.
Ürəyi əsdi,iki mərtəbəli evin üstü aqlayla döşənmişdi. Ağaclardan sarı-qırmızı yarpaqlar tökülürdü. Aralarında yaşıl yarpaqlar da vardı. Hələ avqustdur axı… Yarpaqların üstündən keçib iri dəmir darvazanın zəngini basdı. Ürəyi yerindən az qala çıxacaqdı.
«Dərman atmışdım axı, indi ürəyim niyə belə bərk vurur. Bəlkə xəstəliyim məni bu kökə salıb. Ayaqlarım, əllərim də əsir”
Qapını önlüklü cavan qadın açdı.
– Jurnalist xanım sizsiniz?
– Bəli.
– Buyurun, Fəxriyyə xanım bayaqdan sizi gözləyir.
Səmra gülümsədi.
“Bir-iki dəqiqədən sonra bütün həyəcanım, əzabım arxada qalmış olacaq”. Qulluqçu qadın Səmranı geniş işıqlı zala ötürdü.
Divarlara məşhur rəssamların əsərləri vurulmuşdu.
Sakit. O biri qapıdan uca boy, dolu bədənli gözəl bir qadın çıxdı.
– Səmra xanım? – qadın yaxınlaşıb onu qucaqladı.
– Xoş gəldiniz. Biz aktrisalar diqqət mərkəzində olanda, bizə yeni ilham gəlir. Sağ olsun cənab prezident, mənə həm prezident təqaüdü, həm “şöhrət ordeni” verdi. Bunlari dəyərləndirməmək ən azı nankorluqdur.
– Mən də sizin… yetmiş beş illiyinizi təbrik edirəm, Səmranın səsi qırılırdı.
– Əyləşin, əyləşin, – Fəxriyyə xanım ona kresloda yer göstərdi. Özü də onun qarşısında əyləşdi.
– Gülya, tez qonağımıza çay gətir. Bəlkə qəhvə?
– Yox, elə çay yaxşıdır.
Fəxriyə xanım işlədiyi teatrdan, yeni tamaşalardan danışdı.
Səmra ondan gözünü çəkə bilmirdi. Onun simasını görə bilmirdi. Bu evdə hər şey, hətta Fəxriyyə xanımın özü də ona yad görünürdü. Aktrisa sanki taxdığı brilliantların içində əriyirdi.
“Görəsən bu xanım mənə görəmi belə bəzənib? Bu daş-qaşlar nəyə lazım idi… günün günorta çağı. ”
Gülya kiçik masanın üstündə çay dəstgahı düzəltdi – paxlava, şəkərbura, cürbəcür mürəbbələr, konfetlər. Mətbəxdən badımcan dolmasının ətri gəlirdi.
– Hər vaxt paytaxt jurnslistləri bizə təşrif buyurmur, çoxdan o qəzetdə işləyirsiniz?
– Lap cavanlığımdan. Ancaq artıq neçə illərdir ki xarici neft şirkətlərindən birində mətbuat xidmətinin rəhbəriyəm. Ayda 2 dəfə qəzetə məqalə verməyi öhdəmə götürmüşəm.
– Ailəniz var?
– Yoldaşım çox yaxşı jurnalistdir. İndi Polşadadır, heç qayıtmaq istəmir buralara.
– Niyə?
– Simasını itirməmək üçün.
“Elə məndə jurnalistikadan demək olar ki, getdim. Bu çirkab, xaos içində işləmək istəmədim. Sadəcə anamı, həyatımdan artıq istədiyim Tamara xanımı burada xəstə halda qoyub gedə bilmədim. Elə bil havasızlıq şəraitində yaşayıram. Səninlə görüşüm də, Fəxriyə xanım, anamın son arzusu idi.
– Bəs övladınız var?
– Əlbəttə, mənim bir qızım, hələ Məryəm adında bir nəvəm də var. Qızım Varşava universitetində professordur. Təsəvvür edirsiniz iyirmi altı yaşında doktorluq müdafiə etdi. Sovetoloqdur. Yoldaşı da bir yaxşı bakılı oğlandır. Universitetdə qızımın müəllimi olmuşdur.
– Qızınızın adı nədir?
– Şirin.
Gözəl addır.
– Bəs sizin qızınız var?
Fəxriyyə xanımın gözləri bir an kölgələndi.
– Mənim bir oğlum var. Özünün özəl bankı var. Sağ olsun cənab prezident.
– Fəxriyyə xanım, mənim sizə balaca hədiyyəm var.
– Bu ətirdir, Diordan… Səmranın əlləri əsməyə başladı.
– O… o… bu mənim sevdiyim ətirdir, – sevincini gizlədə bilmədi Fəxriyyə xanım.
– Bu da “Maks Maradan” şarfdır, üç ay bundan qabaq anamla birgə Parisdən aldıq.
– Bəs niyə özünüz örtmürsünüz? Çox gözəl şarfdır, – Fəxriyyə xanım şarfı açdı.
O… o… çox yüksək brenddir… Bu ki çox bahadır.
– Mənim üçün baha deyil, məndə ayrıları da var.
“Yox, Fəxriyyə xanım, sadəcə mənim ömrümün süqutudur. Mən çox ciddi xəstəyəm. İki günə kimi əməliyyat olunmalıyam. Mərkəzi klinik xəstəxanada həkimlər dedi ki, əllərindən gələni edəcəklər. Ancaq iş qalıb Allaha. Səmra xanım daimi nəzarətdə olmalısız. Xərçəng bütün dünyanı bürüyüb. Amma, insanlar müalicə olunub, yaşayırlar.
Ancaq mən gecə-gündüz Allaha dua edirəm ki, Tamara anam kimi ana, Hidayət doxtur kimi ata, Şirin kimi övlad, Əfrasiyab kimi həyat yoldaşı, balaca nəvəmi mükafat kimi mənə bağışladı. İndi mənim 53 yaşım var. ”
– Çayınızı soyutmayın, için.
Səmra gümüş stəkanaltılara qoyulmuş çay stəkanlarından birini – qənşərinə qoyulanını götürdü. Başı ağrıdan zoqquldayırdı. Ürəyi bulanırdı.
Təkcə qaytarmayım. İçdiyi çay boğazına gəlirdi.
– Tualet, tualet haradadır? – Səmra əlini ağzına apardı. Özünü itirmiş Fəxriyyə xanım onun qoluna girdi, mərmər döşənmiş, tualetə apardı.
Səmra qapını bağlamağa macal tapa bilmədi, elə unitaza qaytardı. Ağzına soyuq su alıb yaxaladı. Unitazın suyunu buraxdı.
“Hə, yaxşı ayağa qalxa bildim – keçirtdi beynindən Səmra.
Sonra kresloya əyləşib, çantasından diktafonu çıxarıb, üzünü Fəxriyyə xanıma tutdu
– Siz artıq 60 ilə yaxındır ki, səhnədəsiz. Bu illər ərzində sizin üçün sənətdə istinad nöqtəsi kimlər olub? Kimi öz müəlliminiz hesab edirsiz?
– Sidqi Ruhulla, Ülvi Rəcəb, Mərziyyə Davudova, Hökumə Qurbanova, Fatma Qədri, Ələkbər Seyfi, Əşrəf Yusifzadə.
– Bəs ən çox sevdiyiniz rol hansı olub?
– Ən çox sevdiyim rol “Hamletdəki” Ofeliya, “Kral Lirdəki” Kordeliya.
Maraqlıdır ki, Şekspirin yaratdığı qadın obrazları içində Kordeliya ağıllıdır. Qalan qadın obrazları bəsit və elə də ağıllı deyil. Bizim ədəbiyyatdakı qadın surətləri çox ağıllıdırlar.
Məsələn, Məhin Banu, Nüşabə, hələ tarixi qəhrəmanımız Tomris, – bax mən “Tomrisi” oynayardım.
Fəxriyyə xanım boşqaba gülab, zəfəran ətirli paxlava kəsdi, doğranmış paxlavanı Səmranın qabağına qoydu.
– Bu əsil Gəncə paxlavasıdır, – özüm bişirmişəm. Məxsusi sizə görə.
Məni yaxından tanımayan adamlar heç cürə inana bilmirlər ki, mən bu sayaq şeylər bişirə bilirəm.
Səmra paxlava götürməkdən çəkindi, qorxdu ki, yenə urəyi qalxar. Hərçənd paxlavanı çox sevirdi.
– Siz bilirsiniz ki, görkəmli rus tarixçisi və yazıçısı Karamzin özünün “Rusiya dövlətinin tarixi” əsərində bizim Tomrisə necə böyük dəyər verib. Sən demə Tomris bu adın yunanca yazılışıdır. əslində o böyük cariçanın adı Tamira, Tamaradır. Dünyada nə qədər Tamara var – Massaqet caricasının adını daşıyır. Bu ad mənim üçün də çox əziz addır.
Fəxriyyə xanımın üzündən yenə kölgə keçdi.
– Bəs sizin Azərbaycan dramaturgiyasında ən çox sevdiyiniz rol hansıdır?
– Cabbarlının “Aydınında” Gültəkin. Bilirsiniz o tamaşa gedəndə necə anşlaq olurdu. Hamı Qədir Məmmədliyə, mənə baxmağa gəlirdi. Ayaqlarımız altına saysız-hesabsız güllər atılırdı. Heyif teatrın o günlərindən. Indi heç teatra adam gəlmir, heyif.
– Yəqin teatr konyuktur əsərlər qoyur tamaşaya, bu da maraqsızdır.
– Sənət hər cür konyukturadan uzaq olmalı, gerçəkliyin fövqündə dayanmalıdır. Sənət kütlə səviyyəsinə enməməlidir.
– Tam doğru buyurursunuz. Sizin çox maraqlı, analitik yazılarınız var. Siz mənə zəng edəndən sonra mən oğlumdan xahiş etdim ki, internetdə sizim mzqalələrinizi tapsın. Böyük məmnuniyyətlə oxudum. Ananız, doğmalarınız sizin kimi qızla fəxr edə bilər.
– Sağ olun. Çox şablon bir sual verəcəm –gələcək planlarınız barədə danışardınız…
Mən yaşda adamın nə planı ola bilər? Mən indi bütün gücümü, qüvvətimi toplayıb, teatr barədə kitab yazacam. Sponsorluğu da oğlum edəcək.
– Siz zəhmət olmasa mənə oynadığınız tamaşaların disklərini verin. Mən onlara da baxmaq istərdim… sonra məqaləni yazacam. Bir də şəkillərinizi.
– Gülya, mənim tumbuçkamın üstündən həm diskləri həm də şəkilləri gətir. Sizə görə hazırladım hamısını.
– Çox sağ olun. Bəs sizin oğlunuz işdən nə vaxt gəlir? Fəxriyyə xanım nəzərlərini Səmranın başı üstündəki rəfə çevirdi. Səmra da ora baxdı.
Ürəyi yerindən qopacaqdı, – “ay Allah, ay Allah mən niyə bu saata baxdım? Bütün içim hələk-vələk oldu. Bu həmin qədim saat idi ki, Səmra onun əqrəblərini çevirmişdi. Onda Səmranın üç yaşı vardı. Həmin bu evdə (ev onda belə təm-təraqlı deyildi). Anası teatra gec getsin deyə, Səmra divanın üstünə çıxıb, saatı qucağına aldı.
Qaqa, qaqa, sən saatın qapağını aç mən əqrəbi geri çevirim. Rəşad saatı onun qucağından aldı, əqrəbi bir saat geri çəkdi və dərhal da rəfə qoydu.
Anaları içəri girib saata baxdı. – Bıy, hələ tezdir ki, vaxta var.
Sonra ütü götürüb uşaqların paltarlarını ütüləməyə başladı. Yarım saat keçməmiş telefon zəng etdi.
– Mən evdəyəm. Hələ məşqə iki saat var. Ola bilməz. Mən gəlirəm.
Fəxriyyə xanım qulağını saata tutdu. Saat işləyirdi.
– Kim buna əl vurub?
– Mən yox, mən yox, – Rəşad qapının arxasına gizləndi.
– Sən? Sən Gültəkin? (onda Səmranın adı Gültəkin idi)
Qız ağlamağa başladı.
Fəxriyyə xanım onun əllərindən vurdu, sonra saçından tutub evin küncünə sürüdü.
Axmaq uşaq. Bu gün proqon məşqdir. Nazirlikdən də adamlar gəlib.
– Onu vurma, bacımı öldürmə, əqrəbi mən dəyişdim, – Rəşad ağladı.
Fəxriyyə xanım bir-iki şapalaq da ona vurub, otağın küncünə itələdi.
Kənardan bu səhnəni səssiz-səmirsiz müşahidə edən qaynanası gəlininin arxasınca – gör bir uşaqları nə günə qoydun.
– Mama, qoy ikisi də heç olmasa bir saat küncdə dursunlar, bəlkə, ağılları başlarına gələ. Fəxriyyə xanım qapını çırpıb getdi.
Səmra bir qurtum çay içdi. Rəngi ağarmışdı.
– Siz xəstə deyilsiniz ki, – soruşdu Fəxriyyə xanım – yox-yox, sadəcə yorğunam.
İçəri hündürboy, saçlarına dən düşmüş gözəl kişi gəldi.
Səmra dərhal başa düşdü ki, bu qardaşı Rəşaddır. Rəşad əyilib, anasının üzündən öpdü. Sonra Səmranın solğun bənizinə baxdı.
– Xoş gəlmisiniz.
– Sənə dediyim jurnalist xanımdır, Səmra Qulubəyova.
– Mən başa düşdüm.
Rəçad öz otağına keçdi.
Fəxriyyə xanım.
– Oğlum başımın tacıdır. Atası rəhmətə gedəndə 3 yaşı vardı.
“Mənim də bir”, – beynindən keçirdi Səmra.
Fəxriyyə xanım üzr istəyib, oğlunun yanına keçdi, nədənsə arxasınca qapını örtmək yadından çıxdı. Səmra biixtiyar onların xısın-xısın danışdıqlarını eşitdi.
– Qurban olum, Rəşad, bu qadına qanım elə qaynayır ki, özü də deyəsən ağrıyır. Deyirəm, bəlkə bizdə qalsın bu gecə?
– Nədi, evimiz oteldi? Yüz dəfə demişəm, mama, hər yetənə üz göstərmə. Gündə bilirsən, nə qədər jurnalist gəlir mənim ofisimə? Tapşırmışam hərəsinə beş-on manat verib yola salsınlar.
– Bu elələrinə oxşamır. Məqalələrini oxumuşam.
– Özün bil.
“Qurban olum, ay qardaşım, sənin heç ağlına da gəlməz ki, evinə gələn kimdir. Biz bir ana bətnində yatmışıq. Atamız da eyni kişi olub”.
Gülya masanın üstünü yığışdırıb, yeni süfrə saldı. Nahara tədarük görürdü.
Fəxriyyə xanım bir qədər pərt görünürdü.
– Mən hesab edirəm ki, sənət heç vaxt xalqa məxsus ola bilməz.
– Estetler düz deyirdi ki, sənət sənət üçündür.
Səmra diktofonun düyməsini basdı.
– Zəhmət olmasa, bir də təkrar edin.
Fəxriyyə xanım təkrar etdi. Səmra ayağa qalxdı.
– Bağışlayın, mən yemək yeyə bilməyəcəm. Mən mütləq getməliyəm…
– Yox, yox… heç olmasa bir qismət çörək kəsin.
– Yox, mən ac deyiləm.
Qəhər onu boğurdu. Siz qəzeti izləyin, sabah yox, o biri gün məqalə çıxacaq. Və Fəxriyyə xanım onun ağlamağını görməsin deyə cəld qapıdan çıxdı. Gözləri alatoranlıq görürdü. Bir müddət kor-koranə hansı səmtə getməyinin fərqinə varmadı. Sonra səssiz-səmirsiz bir dalanda çinar ağacına söykənib, hönkür-hönkür ağladı. Bir yaşlı kişi ona yaxınlaşıb
– Xanım, sizə kömək lazımdır?
– Yox, eləcə taksi dayanacağına getmək istəyirəm.
Burada məxsusi dayanacaqlar olmur, – kişi əlini qaldırıb, yanlarından keçən sarı rəngli taksini saxladı.
– Hara gedəcəksiniz?
– Avtovağzala.
Kişi cibindən pul çıxarıb, sürücüyə uzatdı.
– Yox, yox, mənim pulum var. Səmra maşının arxa oturacağında əyləşdi. Maşın tərpəndi. Səmra arxaya baxdı. Kişi əlindəki pula baxırdı. Səmra gözlərinə qara eynək taxdı. Sürücüyə 10 manat pul uzadıb,
– Mənə bir şüşə adi su alın zəhmət olmasa. Sürücü maşını su köşkünün yanında əyləyib bir şüşə su aldı. Pulun qalıqlarını Səmraya uzatdı.
– Hamısı sizindir, – dedi Səmra. Sürücü təəcübləndi, ancaq pulları cibinə qoydu.
– Allah əvəzini versin bacı.
– Çox sağ olun.
Avtobus Bakıya düz beş saatdan sonra çatdı. Səmra bir taksiyə əyləşib, Molokan bağının yanındakı evinə gəldi. Yolda iki dənə spazmaqon həbi içmişdi. Başının kəskin ağrısı dayanmışdı. Ancaq ürəyi hələ də bulanırdı. Hamama keçib yuyundu, saçlarını qurutmamış pijamasını geydi, yatağına uzandı. Yatmaq üçün bir dənə də ketotifen həbi atdı. Özü də bilmədi ki, yuxuya necə getdi. Ancaq uyğusunda o, əlli il bundan qabaq Tbilisini gördü. Bu şəhərin hansısa küçəsində iki qadın dayanmışdı və bir də Rəşadla Səmra (onda Gültəkin).
Fəxriyyə xanım:
– Mən çox götür-qoy elədim. Mən həyatımı davam etdirməliyəm. Mənə çox çətindir. Mənim oğlum böyüyür, istəmirəm, yekələnəndə, onun başı aşağı olsun. Hərə bir qarmaq atır mənə.
Mənə Gültəkindən ayrılmaq ölümə bərabərdir. Ancaq ailə qurduğum adam mənə şərt qoyub – uşaqlardan birini. Onda Səmranın əlində balaca gəlincik də var idi. Fəxriyyə xanım ağlayırdı. O uşağı Tamara xanıma verəndə, gözləri ağlamaqdan qıpqırmızı idi.
Onda Səmra Fəxriyyə xanımın ayaqlarını qucaqladı.
– Mama, detmə, mama, detmə.
Gəlinciyi əlindən düşdü. O, hıcqırıqdan boğulurdu.
Sən get, uşağın zəhri çatlayacaq.
– Fəxriyyə xanım artıq geriyə baxmadan, Rəşadın əlindən tutub, uzaqlaşdı. Rəşad əlini anasının əlindən çıxartdı. Çıxartdı ki, əlləriylə gözündən axan yaşları silsin.
Tamara xanım uşağı qucağına aldı, – Gedək, gözəl balam, heç bilirsən sənə nə qədər oyuncaqlar alacam.
Uşaq – mama, detmə, mama detmə, – deyib ağlayırdı.
Tamara xanım.
– Heç bilirsən mən səni nə qədər gözləmişdim, elə bil bütün ömrüm boyu.
Mamamı istəyirəm, mama… mama… hıçqırıqdan boğulurdu qızcığaz.
Tamara xanım bağrına basdı uşağı, yeyin-yeyin oyuncaq mağazasına getdi. Fəxriyyə xanımın Gültəkinin adını verdiyi sənədləri əl çantasına qoymuşdu. Çantanı da uşaqla birgə sinəsinə sıxıb gedirdi.
Mağazaya çatanda, artıq tənginəfəs olmuşdu. Ancaq uşağı qucağından düşürmədi. Mağazaya girdi. Uşaq bir an oyuncaqlara baxıb, nəfəsini dərdi, sonra, sanki anası qarşısında idi.
– Mama detmə, mama detmə, – dedi.
Tamara xanım düşündü ki, bütün ömrünü bu körpəyə, onun gələcəyinə həsr edəcək. Kaş xoşbəxt taleli olsun onun ömrü. Allah Tamara xanımın həyatına düşən əzab-əziyyəti, gördüyü işgəncələri bu uşağın taleindən uzaq eləsin. Elə günü sabahdan Bakıda uşağın adını dəyişib öz anasının və balasının adını – Səmra qoyacaq. Fəxriyyə xanım Tamara xanıma uşağın atasının ölüm kağızını, həmdə yaş kağızı ilə birgə özünün könüllü olaraq qızından imtina etməsi barədə sənədi də Tamara xanıma verdi. Tamara xanımı Tiflisə əmisi qızı Züleyxa dəvət etmişdi.
Tamara xanım Gəncə teatrının qastrollarına maraqla baxırdı. Bir dəfə həftənin birinci günü həm Tiflis teatrlarının, həm də Gəncə teatrının bir neçə aktyoru Batuma gəzməyə getdilər.
Bu gəzintiyə Fəxriyyə xanım həm Züleyxanı, həm də Tamara xanımı dəvət etdi. Tamara xanım – uşaqlar da gedəcək? – soruşdu.
– Əlbəttə.
Fəxriyyə xanım bu gəzintiyə iki uşağını da gətirmişdi. Elizabet Teylora oxşayan Fəxriyyə xanımın yanında körpə qızcığazı görən Tamara xanımın ayaqları əsdi. Biixtiyar gözlərindən yaş axmağa başladı. Özünü uşağın üstünə atdı, onu bağrına basdı. Başını onun boynuna sıxıb, ağladı. Hamı təəccüb qalmışdı. Fəxriyyə xanım onun ağlamasına mane olmadı. Bir kimsə səsini belə çıxarmadı. Bircə Fəxriyyə xanımın oğlu Rəşad darıxdığından anasının əlindən tutdu.
– Mama, gedək.
Tamara xanım uşağı yerə qoymadan
– Məni bağışlayın… Sadəcə bu uşaq mənim qızıma oxşayır, – dedi.
Sonra hamı gəzinti üçün nəzərdə tutulan avtobusa mindi.
Batumda dəniz qırağında xeyli gəzəndən sonra kafelərin birində əyləşib Acar xaşapurisi yedilər. Tamara xanım uşağı qucağından buraxmaq istəmirdi.
Necə ki 18 il bundan qabaq öz ciyərparasını sinəsinə sıxıb, qatarın ümumi vaqonunda uzaq səhra diyarı olan Qazaxıstana gedirdi. Əri hərbi həkim Hidayət də sürgünə yollanılırdı. 1944-cü ilin qışı idi. Soyuğa, şaxtaya dözə bilməyib, donub ölən xəstələri konvoylar qatar dayanmadan vaqon qapısını açıb atırdılar.
Qadınlı-kişili hamı çirkli vaqonun döşəməsində özlərinə yer eləmişdilər.
Təkcə aralıqda konvoyların keçməsi üçün bir azacıq yer var idi.
Konvoylar artıq bir kütləyə dönmüş bu adamlar içində xəstə axtarırdılar. Ölümcül olanları da qapını açıb çöl-biyabana atırdılar.
Hələ evlərində olarkən uşaq sətəlcəm olmuşdu. Həmin il Azğurda qış çox sərt idi. Sobanı qalamaq üçün odunu uzaq meşədən gətirirdilər. Çox vaxt Hidayət həkim doğradığı odun 3 gün ödəmirdi ailəni. Üstəlik uşaq da ikitərəfli sətəlcəm olmuşdu. Kənddə hamının doxtur Hidayət dediyi həkim öz balasına çarə tapa bilmədi. Antibiotik üçün Tiflisə və ya Kutaisə getmək lazım idi. Hərbi hosbitalın rəisi onun getməsinə icazə vermədi. Çarəsiz qalan həkim köməkçisinə pul verib, Tiflisə yola saldı-dərmanı gecikdirmək olmaz, körpə əldən gedə bilərdi. Növbədən sonra evə dönən doxtur Hidayət içəridə bir dəstə silahlı konvoy gördü. Tamara xanım – uşaq ağır xəstədir, – deyəndə, konvoylardan biri avtomatın küpüylə qadının ağzının üstündən vurdu. Hidayət doxtur konvoyun üstünə atılanda, neçə avtomat küpü onun başından, qarnından dəydi. Onun qollarını arxadan bağlayıb, “Podlıye turki” – dedilər.
“Bizim günahımız türk, ahıska türkü olmağımızdır,” – düşündü Hidayət həkim. Qan çökmüş gözləri ilə arvadını, uşağını axtardı. Tamara xanım uşağı qalın yorğana büküb, konvoyların müşaiyəti ilə qarlı-çovğunlu küçəyə çıxdı. Həkim yüzlərlə elliləri getdikləri yolla gedəcək Orta Asiyaya – ölənlər düzün-düzünə atılacaq, qalanlar baraklarda, ya da qazma evlərdə yaşamağa məhkum olacaqlar.
Tamara xanım üfunət iyi verən vaqonda özünə zorla yer tapdı. Üç yaşlı körpəsini özünə daha çox sıxırdı. Qapının yanında, kiminsə barxanasının üstündə özünə yer almış Hidayət doxtur, uşağı öz qucağına aldı. Öz acizliyindən, köməksizliyindən az qala bağıracaqdı. Ancaq səsini içinə salırdı. Qəhər onu boğurdu. Həmişə özgələrinin dadına yetən həkim, indi öz ciyər parasına yardım edə bilmirdi. Artıq üç sutkadır ki, yol gedirdilər. O, fikirləşdi ki, əgər uşaq bir neçə saat da tab gətirə bilsə, yeni bənd aldıqları yerdə balasına kömək edə bilər-yəqin buralarda dərman tapılar. Ürəyində min dəfə Allaha dua edirdi ki, mənzil başına salamat çatsınlar. Balasının əvəzinə, Allah onun ömrünü kəssin. Heç vaxt Allaha inanmayan, həmişə özünü ateist sayan Hidayət doxtur, indi ürəyində Allahla danışırdı. Özünün tüfəng zərbələrindən aldığı yaraları zoqqulduyurdu, ancaq onlar Hidayət doxtura çəkdiyi mənəvi iztirabın müqabilində elə əhəmiyyətsiz görünürdü ki…
– Kimdə araq var? – soruşdu, həkim.
Sükut. Konvoylar ona yaxınlaşdı.
– Sənə nə lazımdır?
– Uşağın halı pisdir.
Konvoy çiyinlərini çəkdi – Cəhənnəm olun, – deyib uzaqlaşdı.
Tamara xanım qalxıb, uşağı ərindən götürdü. Hidayət doxtur səssiz-səmirsiz ağlayırdı. Uşaq artıq tövşüyürdü, balaca qarnı qalxıb-enirdi.
Tamara xanım da başa düşdü ki, bu artıq sondur. Bir azdan uşağın nəfəsi dayandı. Konvoylar tez-tez vaqona daxil olur, ölən adam axtarırdılar. Tamara xanım döşünü çıxarıb, uşağın soyuyan dodaqlarının arasına saldı. Qızcığazın büküldüyü yorğan islanmışdı.
Tamara xanım düşündü ki, əgər uşağı onun əlindən alıb çöl-biyabana atsalar, o da özünü vaqondan atacaq, öləndə də balası qucağında öləcək. Bu qərar ona soyuqqanlılıq gətirdi. Qərar qəti idi. Nə ağladı, nə şivən qopardı. Təkcə əri başa düşdü, anladı ki, Tamara döşünü uşağın – balaca Səmranın ağzına niyə verdi.
Tamara ancaq məskunlaşdığı yerə çatandan sonra, balasını döşündən ayırdı.
Orada elə türklərin, çeçenlərin dəfn olunduğu qəbristanda balaca qəbir qazıldı. Balaca Səmra əbədi olaraq səhrada qaldı.
1956-cı ildə sürgündən qayıdanda onlar Azğura getmədilər. Ora getmək çox ağır idi. Hidayət doxtur da, Tamara xanım da Bakıda məskunlaşmağı qərara aldılar. Sürgündən onlar bircə bükülü – Səmranın uyuduğu yerdən bir ovuc torpaq gətirdilər, gətirdilər ki, sonralar nə vaxtsa elə onların üstünə səpilsin bu torpaq.
Onda balaca Səmra dəfn olunandan sonra, Tamara xanım yatağa düşdü. Düz 2 ay ölüm-dirim arasında qaldı. Onun üçün fərqi yox idi yaşamağın, ya ölməyin. Sadəcə balasına tez qovuşmaq istəyirdi. Ürəyinin dərinliyində o, dünyalarını dəyişənlərə qibtə edirdi. Hidayət doxturun da 40 illik həyatı sanki, ikiyə bölünmüşdü – 1944-cü ilin qışına qədər – Səmranı itirənə qədər və sonra… Elə bil o, ölümdən sonra bir həyat yaşayırdı.
… Niyə Tamara onda, yeni il ərəfəsi axşam odun yarmağa getdi. Nə olsun ki, uşaq yatmışdı. Hə… soba sönmüşdü, otaq soyumuşdu. Uşaq da yarılan odunun səsinə oyanıb, elə yüngül gecə paltarında evin arxasındakı baxçaya düşmüşdü – Şaxta Babanı gözləyirdi.
Səma ulduzlu idi. Balaca Səmraya elə gəldi ki, Şaxta Baba elə o ulduzlardan yerə enəcək, ona qucaq-qucaq oyuncaqlar gətirəcək. O da bu oyuncaqları yanında yatızdıracaq. Səhər də yuxudan ayılanda onlarla oynayacaq. Görəsən Şaxta Baba hansı ulduzdan yerə enib, onun yanına gələcək? Tamara xanım uşağı yatağında tapmayanda qışqırdı, elə bil ağlı başından çıxacaqdı. Səsə qonşuluqda yaşayan əmisi qızı Züleyxa gəldi. Səmranı qarın üstündə tapdı. Ayağında ayaqqabı da yox idi.
Tamara xanım uşağı evdə olan spirtlə ovxaladı, üstünə iki yorğan örtdü. Gecə əri işdən qayıdanda, artıq uşağın hərarəti 40 dərəcə idi.
“Əgər onda yanıma ağır yaralı gətirməsəydilər, odunu özüm yarardım, Tamara uşağın yanında qalardı”– düşünürdü Hidayət doxtur. Bakıya qayıdandan sonra, Tamara xanım Molokan bağının yanındakı eyvandan dəstə-dəstə gəzişən uşaqları görürdü. Baxça uşaqları idilər. Hərdən bir tərbiyəçilər onların üstünə qışqırırdılar da. Ürəyindən bir gizilti keçirdi – ona daha heç kəs “mama” deməyəcək. Onda o bilmirdi ki, “ömründə bir xoşbəxt ili 1963-çü ilin xoşbəxt bir yay günü olacaq. Və bu ərəfədə də o, balaca Səmranı yuxusunda görəcək, onun əlindən tutub Tiflisin küçələri ilə gəzəcək”.
Yuxudan tər içində oyanırdı. Həmin gün nə çay içir, nə də yemək bişirirdi. Ərinə zəng edib, gördüyü röyanı ona söyləyirdi. Hidayət doxtur da hospitalın rəisindən bir həftəlik məzuniyyət üçün icazə alırdı. İki nəfərlik bilet alıb Qazaxıstana uçurdular. Karaqanda yaxınlığındakı qəbristanı ziyarət edib, yenidən Bakıya qayıdırdılar. Sürgündən gələndən sonra cəmi 2 dəfə oralara ayaq basıblar. Gələndən sonra, Tamara xanım xəstə hal olurdu. Qonşu rus arvadı:
– Matəmi azad burax, yoxsa, ərini də itirərsən, deyirdi Tamara xanıma.
Bu sözlərdən Tamara xanım əsdi.
– Hidayət doxturun təkidi ilə Tamara xanım baxçaya tərbiyəçi işinə düzəldi. Müdirə xanımın qardaşı Hidayət doxturun dostu idi. Elə onun vasitəsilə də Tamara xanım bağça müəlliməsi oldu, nə vaxtsa bitirdiyi Pedoqoji Texnikumun diplomu gərəyi oldu. Beləcə düz 1963-cü ilin yayına kimi rəvan bir həyat sürdülər. Həmin ilin yayında artıq Tiflisdə yaşayan əmisi qızı Züleyxa zəng etdi ona.
– Sən Allah gəlin. Onsuz da məzuniyyət götürübsünüz.
– Hidayət deyir ki, bağ evimizdə dincələk.
– Ağız, dincələrsiz də öz bağ evinizdə, qoy bir əncir, üzüm dəysin, mən də sizə gələcəyəm.
– Doğru deyirsən?
– Əlbəttə. Həm də burda sizin teatr qastroldadır. Gəncə teatrı çox maraqlı tamaşalar göstərir. Aktrisalardan biri də elə bil Elizabet Teylordur. Bir almadır, ikiyə bölünüblər. Keçən il tanış olmuşam onnan, səni də tanış edərəm.
– Mən maraqlanmıram Elizabet Teylornan.
– Yaxşı, mənim xətrimə gəl.
– Baxarıq. Axşam Hidayətlə danışıb sənə zəng edərəm. Öpürəm.
– Gözləyəcəyəm.
– Axşam yoldaşına heç nə demədi. Ona çox ağır gəlirdi Tiflis səmtə getmək. Elə Hidayətə də ağır olacaq. Ancaq gecə yuxuya gedəndə körpə qızını gördü. Qızı onun əlindən dartıb, harasa aparırdı.
– Hara gedirik gözəl balam?
– Tiflisə, mama, gedək Tiflisə, papa da getsin.
– “Allah, bu nə gözəl yuxu idi! Allah, bu nə xoşbəxt yuxu idi! Allah, niyə qoydun mən oyanım?”
– Hidayəti oyatdı. Yuxusunu ona da danışdı.
– Tiflisə getmək istəyirsən?
– İndi hə.
– Hazırlaş, mən gedib bilet alıram.
– Züleyxa qatarın qabağına oğluyla gəlmişdi. Əri Moskvada doktorluğunu müdafiə etməyə getmişdi. Yola düşməzdən qabaq, Tamara əmisi qızı üçün Bakı şor qoğalı, şəkərbura sifariş verdi. Ərzaqları götürənə kimi az qaldılar qatara geciksinlər. Züleyxa bacı əvəzi bildiyi əmisi qızının gəlişinə ürəkdən sevindi.
– Səhər yeməyindən sonra onları funikulyora və Tiflisin digər görməli yerlərinə apardı. Tamara xanımın ürəyində bir rahatlıq hökm sürürdü. Bəlkə də çoxdan üzünü görmədiyi əmisi qızını gördüyünə görə. Ancaq yox, Züleyxa keçən il onlara qonaq gəlmişdi, yoldaşıyla, oğluyla onların bağ evində 1ay dincəlmişdilər.
– Ürəyi gizildədi – gördüyü yuxu yadına düşdü, elə bil həyatında nəsə mühüm bir hadisə olacaqdı. Bəlkə də qəlb rahatlığını buna görə tapıb. Yox… əksinə, çox narahat olmalıydı onun ürəyi.
– Axşama teatra bilet almışam.
– Elizabet Teylora baxacağıq?
– Siz mütləq Emiliya rolunu oynayan aktrisaya diqqət yetirin. Görün Gəncə aktrisası Şekspiri necə təqdim edir?
– Teatr ağzına kimi doluydu. Ancaq Züleyxa Tamaranı da, Hidayəti də səhnə arxasına – Fəxriyyə xanımın qrim otağına apardı. Aktrisa artıq oynadığı rol üçün qrimlənib, səhnə kostyumunu geymişdi. Züleyxa Fəxriyyə xanımı qonaqları ilə tanış etdi.
– Sizə dediyim əmim qızı Tamara, onun həyat yoldaşı, çox əziz yeznəm Hidayət doxtur.
– Siz də balacalar, gəlin görüm bura. Yarımqaranlıq qrim otağındakı divanda iki uşaq – bir oğlan, bir də qız qonaqlara sarı gəldi.
– Teatrın zəngi çalındı. Nə Tamara xanım, nə də Hidayət doxtur yerlərindən tərpənə bilmədilər. Hər ikisini sanki iflic vurmuşdu.
– Görürsən, necə oxşayır balana?
– Züleyxanın səsi onları gerçəkliyə qaytardı.
– Tamara xanım hər iki uşağı qucağına alıb, divanda əyləşdi, dili-dodağı əsirdi. Hidayət doxtur balaca qızcığazı qucağına aldı. Üzündən, gözlərindən öpdü. Gözlərinin yaşı dayanmaq bilmirdi.
– Fəxriyyə xanım qrim otağını tərk elədi.
– Züleyxa oğlu Elşadın əlindən tutub, otaqdan çıxdı. Bu səhnəni görmək ona ağır idi.
– Sonra Tamara xanım uşağı götürüb, onu bağrına basdı. Əlacı olsaydı duz kimi yalayardı onu. Uşaq ağladı: – mamamı istəyirəm.
– Züleyxa bufetdən aldığı iki şokoladı uşaqlara verdi.
– Tamara xanım və Hidayət doxtur aşağı – parterə endilər. Ancaq heç biri tamaşaya baxmırdı, hər ikisi nəzərlərini yanlarında oturmuş körpə qızcığaza yönəltmişdi.
– Gecə gördüyü yuxunu xatırladı.
– Mama, Tiflisə gedək? Gedək Tiflisə?, – soruşmuşdu balaca Səmra.
– Tamara xanım indi anladı ki, bu yuxunu əbəs yerə görməyib. Gəldikləri bu uzun yol məhz bu balaca qızcığaz üçünmüş. Züleyxa onlara dedi ki, Tiflisə əbəs yerə dəvət etməyib qohumlarını.
– Fəxriyyə xanımın da əri aktyor olmuşdu. Deyirlər çox böyük istedad sahibi olub, ancaq həddindən artıq çox içirdi. Axırda beyin iflicindən həyatını dəyişdi. İndi Fəxriyyə xanım vəzifəli bir məmurla ailə həyatı qurmaq istəyir. Kişi ondan uşağının birini qəbul edəcəyini deyib. İki uşaqla çox çətin olacaq. Fəxriyyə xanım da – mən uşağımı atası deyiləm ki… Nə anam var, nə bacım, yoxsa verərdim saxlayardılar.
– Ağlamaqdan gözləri qıpqırmızı idi.
– Mən onu sakitləşdirməyə çalışırdım. Amma uşağa baxanda əlim-ayağım qurudu – Səmra düşdü yadıma. Yadındamı, qarın üstündən mən almışdım onu qucağıma. Allah, insan da insana belə oxşayarmı? – Züleyxa Tamara xanımın üzünə baxdı. Əgər sən də, Hidayət doxtur da razı olsanız mən Fəxriyyə xanıma fikrinizi çatdıraram.
– Fəxriyyə xanım üç gün boş olacaq, tamaşalarda məşgul deyil, gedib Gəncədən uşağın yaş kağızını, digər sənədləri gətirər, siz qızı öz adınıza çevirərsiniz, inşallah.
– Mən onun ayağının altındakı tozu öpərdim, təki uşağı bizə versin. Hidayət doxtur yoldaşının dediklərini başıyla təsdiqlədi.
– “Ancaq mən anlaya bilmirəm, ana öz övladından necə imtina edə bilər?! Dünyada nə ilahi sevgi, nə yüksək amal, nə ideya dəymir ki, uşağından imtina edəsən” – düşündü Tamara xanım. Üç gündən sonra, onlar Fəxriyyə xanımla görüşdülər. Nə Züleyxa, nə də Hidayət doxtur bu görüşdə iştirak etmək istəmədilər.
– “Gedək Tiflisə, mama, gedək, papa da getsin” – qulağına uşağının səsi gəldi.
– Mama, detmə, mama detmə, – deyirdi qucağındakı uşaq.
Hidayət doxtur onları qarşıladı. Züleyxa ləvəngi plov dəmləmişdi. Masanın üstünə Kinz-Marauli, Axaşeni çaxırları düzülmüşdü.
– Təbrik edirəm balanızı – Züleyxa Tamara xanımı da, Hidayət doxturu da öpdü. Züleyxa uşağın qabağına cürbəcür konfetlər tökdü. Konfetlər qızcığazın xoşuna gəlmişdi. Züleyxa onu yedizdirdi, sonra da o, elə oyuncaqların üstündə yatdı. Hidayət doxtur balacanı qucağına alıb çarpayıya uzatdı, üstünə yüngül adyal saldı. Züleyxanın oğlu Elşad uşağa rəngli kitablar, albom, karandaşlar alıb gətirdi.
Uşaq, deyəsən yuxu görürdü, hərdən bir hıçqırırdı.
Hidayət doxtur bokallara şərab süzdü. Üzünü Tamaraya tutub – Allah bizi çox istəyir dedi Züleyxaya – hər şey üçün sağ ol, bacım, Allah bu balamızı – Səmranı xoşbəxt eləsin.
– Amin!
Bakıya qayıtdıqda Hidayət doxturu daha bir yenilik gözləyirdi – onu və hospitalın daha bir həkimini Almaniyaya – Berlinə göndərirdilər. Bu həkimin çoxdankı arzusu idi. Berlində yaşadıqları ilk il idi. Hidayət doxtur qızından soruçdu:
– Şaxta baba sənə nə gətirsin?
– Yekə, danışan kukla.
Yeni 1964-cü ilə bir neçə gün qalırdı. Düz iyirmi il bundan qabaq bu sualı Tamara xanım da vermişdi. Cavabında həmin cavabı almışdı – yekə, danışan kukla. Sonra o uşaq şaxta babanın gəlişini ulduzlardan gözlədi.
Onlar üçü də birgə Berlinin ən iri uşaq mağazasına getdilər. Hidayət doxtur qızı ilə karuselə, Tamara gəlinciklər satılan yerə getdi, iri danışan kukla aldı. Səmra görməsin deyə, gəlinciyi arxasında gizlətdi, ərindən maşının açarını alıb, oyuncağı onun baqajnikində gizlətdi. Sonra o biri mağazaya keçib, yoldaşına yeni il hədiyyəsi aldı, – bir neçə cür qalstuk və gümüş nortsiqar. İyirmi ildən sonra Tamara xanım yeni ilin gəlişinə sevinirdi. Əri üçün aldığı hədiyyələri çantasında gizlətdi. “Qoy onun üçün də süpriz olsun”.
– Sən uşağın yanında qal, mən də bir az hərlənim, sonra gedib nahar edərik. Səmra bir oyuncaq meydançasından çıxıb, o birinə keçirdi. Sevincinin həddi-hüdudu yox idi. Axşamüstü kafedə oturanda Səmra çox yorulmuşdu.
Dekabrın 31-də Səmra yatandan sonra, Tamara xanım aldığı gəlinciyi onun yanına qoydu. Ərinin hədiyyəsini də onun balıncının yanına qoydu. Gecə saat 1 olanda, Hidayət doxtur öz hədiyyəsini – “Chanel 5”-i arvadına bağışladı. Birdən Səmranın qışqırığını eşitdilər.
– Mama, papa, baxın, Şaxta baba mənə kukla gətirdi. Kuklanı öpür, qucaqlayırdı.
Hidayət doxtur gəlinciyin düyməsini basdı. Kukla həm yeriməyə, həm də danışmağa başladı.
– Siz Şaxta babanı gördünüz? Gördünüz? O hardan gəldi bizim evimizə?
– Biz pəncərəni açmışdıq, o pəncərədən gəldi, sənə hədiyyə bağışlayıb getdi.
– Sizə də hədiyyə verdi?
Tamara xanım ətir şüşəsini göstərdi uşağa.
– Bə papama heç nə vermədi?
Hidayət doxtur çiyinlərini çəkdi. Tamara xanım-gedək, gedək, gözəl balam, görək papaya da hədiyyə gətiribmi?! Ola bilməz ki, Şaxta baba yaxşı adamları unutsun. Səmra atasının yorğanını, sonra balıncını qaldırdı.
– Ura, Şaxta baba papama da hədiyyə gətirib.
Hidayət doxtur – “Çox sağ ol” – dedi Tamaraya.
– Yox, bunu Şaxta baba gətirdi, mama yox.
Sonra Tamara xanım üçüncü cəhddən sonra Züleyxaya zəng etdi və Bakıdakı evin açarını verdiyi qonşusu Səlmini təbrik etdi. Züleyxa dedi ki, bu günlərdə onu Tiflisdə Fəxriyyə xanımın oğlu Rəşad axtarıb tapdı. Ondan Gültəkinin adresini soruçdu. “Mən də dedim ki, onlar xaricdədirlər. Hansı ölkədə yaşadıqlarını bilmirəm. ” Oğlan çox pərt oldu. Tamara xanım da pərt oldu, lakin Hidayət doxtura heç nə demədi. Onlar Bakıya dönəndə artıq 1976-cı il idi.
Səmra həm rus, həm alman dillərini yaxşı bilirdi. Evdə həmişə azərbaycanca danışdıqlarından, onun ana dili də qüsursuz idi. Azərbaycan dilində kitabları Hidayət doxtur qızına Bakıdan gətizdirirdi.
Süleyman Sani Axundovun “Qorxulu nağıllarını” oxuyandan sonra Səmra ağlamışdı. Ikinci dəfə ağlamağı Stefan Sveyrin “Naməlum qadının məktubu” əsəri əsasında çəkilmiş filmə baxandan sonra oldu. Kinoteatrdan çıxanda, Səmra hələ ağlayırdı.
– Niyə ağlayırsan, başına dönüm?
– Mama o qıza çox yazığım gəldi.
– Qurban olum, bu filmdir. Həyatda o qədər belə hadisələr olur ki…
Evə qayıdıb, qəhvə içəndə Səmra:
– Mama, mən sənə bir söz desəm heç kimə deməzsən ki? Lap heç kimə. Papaya özüm deyəcəm.
De, qurban olum, sənin sözünü heç kəsə demərəm, – Tamara xanımın ürəyində bir təlaş var idi.
– Mama, bilirsən, mən də o yazıçını sevdim.
– Hansı yazıçını?
– Kinodakı. Mənə Stefan Sveyqi tap, nə olar?
– Qoy papa gəlsin, ona sənin sevgin haqqında məlumat verək. Sonra da xahiş edək o sənə Sveyqi tapsın, – Tamara xanım, gülümsədi.
Sən o qədər bədii ədəbiyyat qəhrəmanlarına vurulacaqsan ki, sonra, sonra da həyatda öz sevgini tapacaqsan.
Bayaqdan qapı arasında dayanan Hidayət doxtur bu söhbətə qulaq asır, düşünürdü ki, günlərin bir günü qızı həyatda öz sevgisini tapanda, beləcə bölüşəcək onlarla.
Sonra fikirləşdi ki, mütləq ona Çingiz Aytmatovu tapsın, onun «Əsrə bərabər gün» əsərini. Bu yazıçını hamı oxumalıdır, illahda ki, dünyanın bütün yerlərinə pərən-pərən səpələnmiş türklər.
Hidayət doxtur artıq bu qənaətə gəlmişdi ki, ailəsini Bakıya gətirsin. Qızı böyüyürdü.
Onlar Bakıya dönəndə, artıq 1975-ci il idi. Hidayət doxtur yenidən işlədiyi hərbi hospitala işə girdi, Tamara xanım evlərinin yanındakı uşaq bağçasına. (tapşırıqsız mümkün olmadı). Hidayət doxtur bütün əlaqələrini işə saldı və nəhayət ki, bağçada vakant olan yeri Tamara xanıma verdilər. Səmra isə 160 saylı məktəbə getdi. Qonşuları Səlmi xanımın oğlu Tofik də bu məktəbdə oxuyurdu. Hidayət doxtur direktordan xahiş etdi ki, Səmranı da Tofik oxuduğu sinfə təyin etsin.
«Tofik uşaqdan göz-qulaq olar», fikrindən keçirtdi Hidayət doxtur.
Tofik qızı yaxından görməmişdi. Səmra həmişə valideynləri ilə çıxırdı şəhərə. Heç bir dəfə də olsun üz-üzə gəlməmişdilər. İndi onu məktəbdə birinci dəfə idi görürdü. Səmraya yaxınlaşdı.
– Salam, mən Tofikəm, qonşunuz, gəmi kapitanının oğlu.
– Yadıma sala bilmirəm.
– Səlmi xalanı tanıyırsan?
– Əlbəttə. Sən onun oğlusan?
– Mən gəmi kapitanı Rüstəm Əlibəyovun oğluyam, Səlmi – mənim anamdır.
Sonra qızı başdan-ayağa süzüb:
– Bəs mənə demişdilər ki, sən gözəlsən.
– Mən gözəl deyiləm ki?
– Yox, elə-belə, suyu şirinsən.
– Amma atam da, anam da mənə, – sən bizim ən gözəl balamızsan, – deyirlər.
– Bütün valideynlər üçün övladları hamıdan gözəldir.
– Axşam həyətdə voleybol oynayacağıq, istəyirsən sən də bizə qoşul.
– Mən voleybol oynamağı xoşlayıram.
– Onda səni öz komandamıza götürürəm.
– Oldu.
Onlar məktəbdən gəlib, nahar edir, sonra dərslərini hazırlayıb, axşamlar məhəllə uşaqlarıyla birgə məktəbin şən və hazırcavablar klubunda iştirak edir, birlikdə kinoya, teatra gedir, voleybol, loto oynayırdılar.
Tofiklə Səmra oxuduqları kitabları dəyişirdi. Hər ikisinin sevdikləri Remark idi.
Həyat öz axarı ilə gedirdi. Məktəbi bitirib, hər ikisi universitetə qəbul olundu – Tofik hüquq fakültəsinə, Səmra jurnalistikaya. Həmin il məhəllə uşaqlarının hamısı müxtəlif ali məktəblərə qəbul olundu. Üç ildən sonra Tofiklə Səmra nişanlandılar.
Valideynlər xoşbəxt idi. Həyat nə gözəldir!
***
Səmra gedəndən sonra, Fəxriyyə xanım özünü çox narahat hiss etdi. Xəstəhal qadının diskləri və diktofonu çantasına atıb dərhal getməyi onu pərt etdi.
«Bəlkə o, bizim Rəşadla söhbətimizi eşitdi? Allah eləməsin. »
Fəxriyyə jurnalist xanım üçün ayırdığı payı – bir qutu Gəncə paxlavasını da ona verməyə macal tapmadı. Mətbəxdə yemək yeyən oğlunun yanına keçdi. Oğlu gözlərini kompüterdən çəkmədən, yeyirdi. O, yenə axtarışda idi – Məmmədli Gültəkin Qədir qızı.
Yenə də axtarışı boşa çıxdı.
Gültəkin Hidayət qızı Osmanova – yox.
Belə ola bilməz axı? Bacım qeybə çəkilmədi axı? Bəlkə elə körpəlikdə ölüb?
Rəşadın bu axtarışları Fəxriyyə xanıma sonsuz əzab verirdi və bir də ümid…
Keçmişi qaytara bilsəydi… Niyə əri böyük istedad sahibi Qədir Məmmədli Sibir soyuğuna, şaxtasına 15 il tab gətirdi, araq qarşısında belə aciz qaldı?
Ən gözəl qadınlar Qədir Məmmədlinin fanatları idi. Ona məktublar yazır, gül gətirirdilər. O, isə Fəxriyyə xanımı seçdi. Onların sevgisi «Aydın»dan başladı. Aydın – Qədir Məmmədli, Gültəkin – Fəxriyyə xanım.
Sonra rejissorlar Qədirə sosializm realizmi üslubunda yazılmış əsərlərdə baş rolu verirdilər, Qədir imtina edirdi belə rolları oynamaqdan. Konyukturadan qaçırdı. Sonra rejissorlar Qədir Məmmədlini klassik əsərlərdə baş rol oynamaqdan məhrum etdilər. O da oynamadı, elə teatrın bufetində içdi, içdi, hamıya istehza, qəzəblə baxdı, təkcə uşaqları Rəşad və Gültəkini qucağına alanda gözləri işıqlanırdı, simasına sanki nur çilənirdi. Hər tamaşada baş rol alan Fəxriyyə xanım antraktlarda uşaqları ondan götürürdü. Ərinin bu halından utanırdı, xəcalət çəkirdi. Tamaşanın sonunu gözləyirdi ki, evə getsinlər. Qədirin bu gününü daha heç kəs görməsin. Ancaq hamı görür, hamı danışırdı.
– Nifrət edirəm ətalətə, nifrət edirəm hamıya, bəli, baş üstə deyən kəslərə. Adam kişi olar.
1940-cı il idi. Onda Qədirin 17 yaşı vardı. Onda teatrın girəcəyində böyük bir transparant asılmışdı – «Vse reşaet narod». Qədir «narod» sözünün üstündən xətt çəkib yerində «Stalin» yazdı. Yəni hər şeyi Stalin həll edir, xalq yox.
… Və bir sözü başqası ilə əvəz etdiyi üçün düz 15 il sürgündə oldu.
Teatra qayıdanda artıq 1956-cı il idi. ona dərhal baş rolları verdilər. Partnyoru da gənc, gözəl, hələ üzünə qrim dəyməmiş Fəxriyyə xanım oldu. O məqamlarda Qədir bilmirdi ki, böük aktyorluq sənətinin sirlərini öyrənən, özündən 15 yaş kiçik olan bu qız onun övladlarının anası olacaq. Qədir də son nəfəsinə kimi onları sevəcək, əzizləyəcək, ta içki onu yıxana kimi.
– Mama, yenə cəhdim boşa çıxdı. Onlar yəqin bacımın adını da dəyişiblər, yəqin o, ailə də qurub, ərinin soyadını daşıyır. İncimə, mama, sənin günahın ucbatından mən ən doğma adamımı itirdim. Düzdür, iki oğlum var. Mən onlarla nəfəs alıram. Amma bizim aramızda illərin sərhəddi var. Onların öz maraq dairələri, öz ailələri, dostları var. Mənim də öz dostlarım var, həyat yoldaşım var, – ancaq qardaş deyənim yoxdur. Sən anamsan, bilirsən ki, dediyin hər söz mənə qanundur, ölənə kimi də qulluğunda duracam. Mən səni ikinci dəfə ailə qurduğun üçün qınamıram. Cavan qadın idin. Ərə getməli idin. Atalığım da yaxşı insan idi. üstümdə haqq-sayı var. Heç vaxt itirə bilmərəm elədiklərini. Mən özümü ona çox borclu bilirəm. Allah ona rəhmət eləsin. Sadəcə səni anlaya bilmədim, bacarmadım bunu – sən öz əlinlə uşağını özgəsinə verdin. O uşağın gəlinciyi əlindən düşdü, o əyilib ağlaya-ağlaya onu yerdən götürdü. Bilirsən, mən hər xəstələnəndə yuxumda o səhnəni görürəm – Gültəkin yerə düşmüş gəlinciyini qaldırır, ağlayır.
Mənim yaxşı ailəm var, yaxşı maddi imkanım var, ancaq mən mənəvi rahatlıq tapa bilmirəm – bacımı tapmasam, rahat ölə bilməyəcəm.
– Bəsdir, bəsdir. Sən bu söhbətlərinlə mənim ürəyimi parçalayırsan, bilirsən mənə nə qədər zülüm verirsən?
– Bağışla, mama.
Rəşad kompüteri örtdü. Qarşısındakı boşqabı itələdi. Siqaret qutusunu əlinə alıb, həyətə düşdü.
– Sizə yemək gətirim? – Gülya soruşdu.
– Yox, istəmirəm. Fəxriyyə xanım o biri otağa keçdi. Televizorun pultunu əlinə alıb bir-bir kanalları çevirməyə başladı. Əslində onun üçün nəyə baxmağın fərqi yox idi. Nəyə baxırdısa, kor-təbii baxırdı.
Sonra heç Gülyaya buyurmadan, özü mətbəxə keçib bir fincan qəhvə düzəltdi. Acı qəhvə. Qəlbində də, beynində də bir boşluq var idi.
– Mən getdim, mama, – oğlunun səsi idi, nahar fasiləsindən işə qayıdırdı. Onun ailəsi, yoldaşı, oğlanları, gəlinləri, nəvələri Maldiv adalarında istirahət edirdilər. Keçən ay Rəşad anasını rəfiqəsinnən Fransaya yola saldı. Fəxriyyə xanım öz sevincini gizlədə bilmirdi. Rəfiqəsi isə Rəşad tərəfdən ona olan bu bəxşeyişi ölənə qədər yaddan çıxarmayacağını dedi. Bu gün Fəxriyyə xanım özünə yer tapa bilmirdi. Səmranın gətirdiyi şarfı çiyninə saldı. Yadına düşdü ki, Parisdə o da bu şarfdan görmüşdü. Sadəcə çox baha olduğundan kasıb rəfiqəsinin yanında almağa utandı.
Axşam olanda duş qəbul edib, ac-susuz yatağına girdi. Gecə yatanda yuxusunda Tiflisi gördü, balaca qızı onun ayaqlarını qucaqlayıb ağlayırdı:
– Mama, detmə, mama, detmə. Onun gəlinciyi əlindən yerə düşdü. Uşaq əyilib gəlinciyi yerdən götürdü.
Həyətə girən maşının səsi Fəxriyyə xanımı yuxudan oyatdı. Oğlu işdənmi, ya hardansa evə dönmüşdü.
Fəxriyyə xanım tumboçkanın üstünə qoyulmuş dolabdan stəkana su süzdü içdi. Alnını puçur-puçur tər bürümüşdü.
«Bu gün Rəşad yenə hər şeyi yadıma saldı… Yəqin ona görə bu yuxunu gördüm». O bilmədi, bilmədi ki, indi həmin uyqunu Səmra da görür. Röyasında ağlayır, başının ağrısını da səngidə bilmir.
Səmra yuxudan duranda hələ ala-toranlıq idi. Heç gecə paltarını dəyişmədən Gəncədən – Fəxriyyə xanımdan gətirdiyi disklərə baxmağa başladı. Ara-bir özünə kofe dəmləyib içirdi – acı, şəkərsiz. Baxdıqlarından cəmi iki tamaşa xoşuna gəldi. Ancaq Fəxriyyə xanım bayağı tamaşaya da öz oyunu ilə bir əzəmət verirdi.
Səmra indi dərk etdi ki, niyə Bakı dramaturqları əsərlərini Gəncəyə göndərirlər – Fəxriyyə xanıma görə.
Birdən Bakı teatrında işləyən istedadsız, özündən razı aktrisa gəldi gözlərinin qənşərinə, iyrənən kimi oldu Səmra. Aktrisa səsi olmaya-olmaya hələ mahnılar oxuyur, teleekranlardan öz nəhəng villasını nümayiş elətdirirdi. Sənət də jurnalistika kimi reanimasiya dövrünü yaşayır. Görən sonra nə olacaq?
Yadına düşdü ki, Azərbaycan jurnalistikasının reanimasiya dövründə olduğunu Əfrasiyab «Azadlıq» radiosuna verdiyi müsahibəsində demişdi. Ürəyi gizildədi. «Əfrasiyab yəqin aeroporta enib. Görəsən Şirin hamiləliyini necə keçirir?»
Səmra diktofona bir də qulaq asdı. Fəxriyyə xanım haqqında yazdığı məqaləni tamamladı, redaksiyanın elektron poçtuna göndərdi. Redaktor Səmraya demişdi ki, onun məqaləsi üçün bir səhifə yer ayırıb. Vyorstka səhər saat 8-də başlayır. Xahiş edirəm, gecikdirməyin, yoxsa pis vəziyyətdə qalarıq.
Artıq saat 7 idi.
«Nə yaxşı ki, məqaləni yaza bildim. Elə bildim ki, çətin olacaq». Pəncərədən küçəyə baxdı. Burada da qovaq ağaclarından yarpaqlar tökülürdü. Hələ avqust idi axı. Bu il də yarpaq tökümü tez başladı.
Əfrasiyab dedi ki, Şiringil sabah gələcək.
Sabah qızı həyat yoldaşı və balaca Məryəmlə Bakıya gəlirlər. Ürəyini sanki göy qurşağı bürüdü. Şirin ikinci uşağı gözləyirdi. Cəmi bir neçə aydan sonra 2-ci dəfə ana olacaq, inşaallah.
– Mən istəmirəm sən gələsən. Papa yanımda olacaq. Sabina da buradadır.
– Mama, sən Sabina bacılığınnan klinikaya yoxlanılmağa getdin. Amma əməliyyata gedəndə mən olmalıyam sənin yanında, bir də papa.
– Bütün əməliyyat xərcini də özüm ödəyirəm.
– Qurban olum, hər şey şirkətin hesabına olacaq. Şirkətdə işləyən hər kəs sığortaya düşür, bu bir. İkinci də, mən səndən çox pul alıram, bu iki. Sən də, yoldaşın da pulunuzu saxlayın, – səyahətə gedərsiz.
– Gedərsiz yox, gedərik, inşaallah.
Səmranın ürəyini yenidən göy qurşağı bürüdü.
Onda Parisə Tamara xanım və Səmra getdilər. Tamara xanım bu səfərdən ciddi-cəhdlə imtina edirdi. Amma Səmra ona xarici pasport aldı. Viza açdırdı. Əslində bütün işləri turizm agentliyi görürdü. Səmra ancaq icraçı idi.
Bir dəfə televizorda Parisdəki «Disney-Lendi» göstərirdilər. Tamara xanım – oranı görən uşaqlara qibtə edirəm. Çox təəssüf edirəm ki, biz sənə oraları göstərə bilmədik, – dedi. Kədərlə gülümsədi. Artıq Hidayət doxtur həyatda yox idi. o, dünyasını dəyişəndə Tamara xanım balaca sandıqçasında saxladığı kiçik torbanı Səmraya göstərdi. Bu torpağın yarısını atanın qəbrinə, yarısını mənə saxlayarsan, mən öləndə mənim üstümə tökərsən.
O nə torpaqdır ki, mama?
Tamara xanım ağladı və hər şeyi olduğu kimi Səmraya söylədi.
– Sən mənim hamıdan uca, hamıdan doğma anamsan. Eşidirsən? Səndən başqa mənim anam yoxdur, atamdan başqa ayrısı yoxdur.
Səmra onun dizlərini qucaqladı. Başını onun ayaqlarına söykəyib ağladı.
Tamara xanım sandıqçadan bir dənə də zərf çıxartdı – bu Fəxriyyə xanımın mənə verdiyi sənin sənədlərindir – doğum haqqında şəhadətnamə və s. Mən istəmirəm məndən sonra sən bu məmləkətdə tək qalasan. Şirin Polşada… Heç inanmıram Əfrasiyab Bakıya dönə. O, səni aparacaq. Vətənsiz sənə çətin olacaq. Ora getsən, bütün əlaqələrin kəsiləcək… İstəyirəm məndən sonra heç olmasa bir doğma adamın ola Azərbaycanda. Söz ver, söz ver ki, məndən sonra qardaşını və … Fəxriyyə xanımı tapacaqsan.
Səmra onun hər iki əllərini öpdü.
– Atan da, mən də kifayət qədər ömür yaşamışıq, axı həyat ölçüsüz deyil.
Atasının ilini verəndən sonra onlar Parisə yola düşdülər.
Səmra qabaqcadan anasına araba aldı. Son vaxtlar səksən səkkiz yaşlı Tamara xanımın ayaqları çətin yer tuturdu. Parisin küçələrini də taksiylə getdikləri «Disney-Lendə» Səmra anasını arabada apardı.
Gördükləri içində Tamara xanımın ən çox xoşladığı «Zəfər tağı» və Hüqonun ev muzeyi oldu. Sena kənarıyla gəzintidən zövq aldı. Səmra anasıyla gəmiyə də mindi – Sena çayı ilə Parisin bir tərəfindən o biri tərəfinə keçdi. Tamara xanım istirahət edəndə, Səmra Luvra, Paris-notr-dam kilsəsinə, Pompidu – müasir sənət muzeyinə getdi.
Axşam elə otel yeməkxanasında yüngül qəlyanaltı edəndə, Səmranı elə bil elektrik cərəyanı vurdu. Qarşıdakı güzgüdə o, Əfrasiyabın əksini gördü. Əlləriylə gözlərini örtdü. «Qoy bu ilğım yox olsun, yox, yox… Heç vaxt yox olmasın. Kaş gördüyüm ilğım təkrar ola bir də. Əfrasiyab onu qucaqladı. Səmra onun bədəninin ətrini hiss etdi. Gözünə görünənin xəyal yox, gerçəklik olduğunu hiss etdi. Səmra başını onun qolları arasında gizlətdi. «Allah, nə xoşbəxtəm…»
– Sən hardan gəldin bura, necə tapdın oteli?
– Çox sadəlöhv suallar verirsən. Avropada şengen vizası var. Sərhədlər açıqdı. Otelin də adını özün yazmışdın, – sonra Tamara xanıma üzrxahlıq edib, onunla görüşdü.
– Mən yorulmuşam, istirahət etmək istəyirəm. Məni, zəhmət olmasa öz otağıma qaldırın, – dedi Tamara xanım. «Ananın xoşbəxtliyi onun övladlarının xoşbəxtliyindədir», – düşündü.
Əfrasiyab onun arabasını liftə sarı apardı. Səmra anasının yatağını açıb, onu uzandırdı. Televizorun pultunu yanına qoydu.
Lap uşaqlıqdakı kimi soruşdu:
– Mama, olar mən Əfrasiyabla gedim gəzməyə.
– Olar, olar, – Tamara xanım güldü.
Əfrasiyab Səmranı özü üçün bron elədiyi otağa apardı. Onun saçlarını qoxuladı. Üzünü, bədənini öpüşlərə qərq etdi. Nəfəsi boğula-boğula: – Darıxırdım sənsiz. Çox darıxırdım… Hər ikisinin ayaqları altından yer qaçdı. Göy yerə endi.
Artıq gecə idi.
– Gedək sənə Tuluz Lotrekin Mulen-Ruyunu göstərim…
Birlikdə Mulen-Ruy kafesində canlı musiqiyə qulaq asırdılar. Yaşadıqları otel buralara yaxın idi. Qayıtmaqlarına 2 gün qalmış Əfrasiyab Səmra və anasını Parisin ən yaxşı mağazalarına apardı, xeyli pal-paltar, hədiyyələr aldılar.
«Maks-Maradan» Şirin və özü üçün şarflar aldı. Əfrasiyab onları aeroportdan Bakıya yola salıb, özü də Varşavaya uçdu. Parisdən qayıdandan sonra Tamara xanım heç bir ay yaşamadı.
– Allah səni xoşbəxt eləsin, bala. Sən atanın da, mənim də həyatda ən böyük sevincimiz, xoşbəxtliyimiz oldun. Allah sənə gördüyün iztirabları bir də urcah eləməsin. Sonra Səmra onu yuyundurub, yatağına uzandırdı.
Yuxuda Tamara xanım 1944-cü ili gördü. Ulduzlardan Şaxta babanın gəlişini gözləyən Səmra nədənsə Züleyxanın deyil, atasının qucağında idi.
– Mama, dəl, mama dəl, biz səni dözlədik, – Səmra ona əl edirdi. Hər yan bəm-bəyaz qar idi. Hidayət doxtur arvadına baxıb gülümsəyirdi.
Tamara xanım soyuq qarın üstü ilə onlara sarı getdi. Heç üşümədi.
***
Nənəsinin dəfninə gələn Şirin də, yoldaşı Zaur da, balaca Məryəm də israr edirdilər ki, Səmra heç olmasa bir aylığına onlarla birgə Varşavaya getsin.
– Yox… Mən nənənin 40-ını verməliyəm.
Səmra səhhəti ilə bağlı problemi heç kimə demədi. Sadəcə yaxınlarının qəlbini qırmaq istəmədi. Və həm də Gəncəyə getməliydi. Bu anasının son arzusu idi.
İndi Gəncədən qayıdandan sonra o yalnız və yalnız şəhər səs-küyündən uzaqlaşmaq, bir küncə çəkilib Əfrasiyabın və qızının gəlməsini gözləmək istəyirdi.
Qonşu Səlmi xalanın qapısını döydü. Səlmi xala yuxudan yenicə durmuşdu. Mətbəxdə gəlininin səsi gəlirdi.
– Bəs Uğur hardadır?
– Yatır, çox yorğundur, qızım. Qoy dincəlsin.
Onlar qonaq otağına keçdilər. Gəlin də Səmraya «xoş gəldin» dedi. Çay tədarükü görməyə başladı.
Səmra əlindəki zərfi masanın üstünə qoydu. Sonra fikirləşib, içindəkini çıxartdı.
– Səlmi xala, bu Uğurun dörd illik təhsil haqqıdır, həm də o, cavan oğlandır, ürəyi nə istəyir alarsız.
Zarafat deyil, gələcəyin hüquqşünası olacaq.
Gəlin ayaq üstə donmuşdu.
– Burada 15 min manatdır.
– Ay qızım, bu qədər pulu biz götürə bilmərik. Bu ağır yükdür, altından çıxa bilmərik.
– Mən bunu borc vermirəm. Bu mənim Uğura universitetə girdiyinə görə elədiyim hədiyyədir. Bir də ki, bu mənim aylıq əmək haqqımın bir hissəsidir. Tofikin oğlu oxumalıdır…
– Sağ ol, ay bala, ölümüm qabağında olsun.
– Çox sağ olun, Səmra xanım. Səs-küyə oyanan Uğur otağa girib Səmranı öpdü. Uşaq elə bil Tofikin özüydü, elə bil onun klonu idi. Nə qədər oxşayırdılar bir-birlərinə. Bir stəkan çay içib, Səmra öz mənzilinə döndü, qapıdan çıxmaq istəyəndə, elə bil onu məcbur elədilər ki, geri baxsın. Baxdı. Səlmi xala əllərini göyə qaldırıb, ağlayırdı.
Dərhal Səlmi xalanın ayrı bir vaxt dediyi sözlər düşdü yadına.
– Balamı niyə bədbəxt elədin? Getdiyin oğlanın nəyi balamdan artıqdır?
Bunun izahını heç Səmra da bilmirdi. Tofikin üzüyünü qaytarıb, Əfrasiyaba getməyi bir tale yazısıydı.
Novxanıda bağ evinə gedəndə Səmra Əfrasiyabı gördü. Onun ailəsi bağ qonşularıydı. Gördü və qəlbindən bir gizilti keçdi. Çox vaxt onunla üz-üzə gəlməmək üçün Səmra evdən eşiyə çıxmırdı.
Tamara xanım qızını məzəmmət edirdi.
– Qurban olum, bala, havaya çıx, dənizə get. Başa düşmürəm ki, sən dörd divar arasında oturmağamı gəldin? Nə qədər kitab oxumaq olar? Nə qədər ev işi görmək olar? Səmra nahardan sonra yığılan qab-qacağı yudu, otaqların tozunu aldı, sonra duş qəbul edib, uzun çit sarafanını əyninə geydi. Bayırda atası bağ qonşularınnan nərd oynayırdı. Tamara xanım qədim mis samovara kömür atırdı. Axşam yenə də qonşuları – professor ailəsi, oğulları məşhur jurnalist Əfrasiyab Qulubəyov (keçmişdə o boks üzrə Bakı çempionu olmuşdur). Əfrasiyab tut ağacının altında əyləşib, çay içəcəkdilər. Tamara xanım da, Əfrasiyabın anası da elə bağda bişirdikləri mürəbbələrdən gətirir, samovar çayından içirdilər. Əfrasiyab jurnalist idi, qəzetlərin birində çox sanballı, analitik yazıları çıxırdı. Səmra heç ağlına da gətirə bilməzdi ki, bu məqalələrin müəllifi belə gənc və gözəldir. Onu görəndə Səmranın sanki nəfəsi dayanırdı, ayaqları tutulurdu. Səmra hamıdan qabaq «gecəniz xeyrə qalsın» deyib, çay süfrəsini tərk edirdi. Sonra uzun müddət yuxuya gedə bilmirdi. Cırcıramaların səsinə qulaq asırdı, Tofiki xəyalına gətirirdi, ancaq gözlərinə Əfrasiyabın surəti görünürdü.
Əfrasiyab üçün də bu yay özgə bir yay idi. Səmra onun təsəvvüründə yaratdığı obraz idi. İndi gerçəkliyə çevrilmişdi. Əlacı olsaydı, Əfrasiyab qalan ömründən imtina edərdi, – təki Səmra onun yanında olsun. Fəqət, bu qız özgə oğlanın nişanlısı idi. Bu payız toyları olasıdır. Sentyabrda… indi avqustdur. – Əfrasiyabın beyninin qapağı qalxırdı, ürəyi yerindən çıxacaqdı elə bil.
Səmra qonşuları ilə salamlaşıb, üzüm meyvələrinə sarı getdi, saçlarını arxadan yığışdırıb, sancaqladı. Atasıyla nərd oynayan kişi həmin adamın atasıydı. Səmra onun adını – Əfrasiyab sözünü xəyalında da demirdi. Bu söz ona sonsuz ağrı verirdi, bütün ruhu xəstələnirdi.
Səmra meyvələrin arxasında, dənizin 3-4 addımlığında olan köhnə qayığa sarı getdi.
Səmra cırcıramaların səsini dinlədi. Ona elə gəlirdi ki, dünyada bu səsdən gözəl səs yoxdur. Keçib köhnə qayığın oturacağında əyləşdi. Üzünü dənizə tutdu. Qürub günəşinin işığı dənizi qırmızı rəngə boyamışdı.
«Bu işıq da Allahın işığıdır… Allahım, mənim qəlbimə bir rahatlıq bağışla, məni günahlardan qoru… Mən rahatlığımı itirmişəm… Qoy mən əvvəlki Səmra olum, qoy Tofiklə xoşbəxt olum. Bu adamı mənim xatirələrimdən də uzaqlaşdır…»
Səmra heç xəyalında da Əfrasiyab adını demirdi. Qorxurdu, qorxurdu ki, bu ad onun xəyalına, fikrinə, qəlbinə həkk olunar.
Səmra onun nəfəsini eşitdi. O, tez-tez nəfəs alırdı, elə bil töyşüyürdü. Əfrasiyabın nəfəsi onun boynunu isitdi. Bir anlıq yer də, göy də birləşəcəkdi. Səmra heç bilmədi ki, onun güclü qolları arasından necə qaçdı. O, anasının səsini eşitdi, beynində onun səsi Əfrasiyabın səsinə qarışdı – mən sənsiz yaşamaq istəmirəm… Səsi boğulurdu.
Sən də özgəsiylə xoşbəxt ola bilməyəcəksən, nə qədər yaxşı adam olsa belə…
– Nə oldu sənə, ömrüm-günüm? – Tamara xanım qızının heç kimə baxmadan özünü evə salmağından anladı ki, nəsə olub.
Səmra ağladı. Əfrasiyabın ona dediyini söylədi.
– Bəs sən? Sən?
– Mama, mənə çox çətindir. Tofik çox yaxşı oğlandır, amma mən Əfrasiyabsız… Onsuz həyat mənə məşəqqət olacaq.
Qonşular çay masasından durub getdilər. Evə girən Hidayət doxdur arvadının və qızının ağladıqlarını gördü. Tamara xanım ona əhvalatı danışdı.
– Səmranın hisslərinə hörmət etmək lazımdır, – dedi Hidayət doxdur.
– Bəs mənə bacı əvəzi olmuş Səlmi?
– Tofik qızıl oğlandır. – Hidayət doxdur siqaret çəkdi. – Özüm danışaram Tofiknən.
***
Səmranın ömrünü elə bil göy qurşağı bürüdü. Allah, yaşamaq nə gözəldir!!! Onun xəyallarını bəzəyən insan gerçəkdə onun ömür-gün yoldaşı oldu.
Ancaq onun ürəyində bir gizilti vardı – Tofik. Onlar axırıncı dəfə görüşəndə, Tofikin rəngi ağappaq idi.
– Məni bağışla, – dedi Səmra. – Xoşbəxt ol.
Sonra elə bil özünə dediyi kimi – kişilərin ağlamağı dəhşət olur, – pıçıltıyla söylədi Tofik.
Onun qəddi əyilmişdi.
Səmra yeyin addımlarla ondan uzaqlaşdı.
Toy günü Hidayət doxtur da, Tamara xanım da, Səmra da fikirləşdilər ki, elə bağ evindən köçsün gəlin. Səlmidən, Tofikdən ayıbdı. Qoy onlar Səmranın özgə evə gəlin getməyini görməsinlər.
Yazıq Səlmi. Onsuz da Tofiki tək böyütmüşdü. Əri dənizdə batandan sonra, həyatın həm də maddi çətinlikləri də onun zərif çiyinlərinə düşmüşdü. Nə yaxşı ki, Tofik anasının gümanını doğrultdu – ona başucalığı gətirən övlad oldu. Allah xoşbəxt eləsin.
Tofik uzun illər evlənmədi. Bir dəfə Səmra Şirinlə valideynlərinə baş çəkməyə gələndə, Tofik Şirini qucağına aldı, üzündən öpdü.
– Sən indi hardasan, Tofik?
– Hüquq məsləhətxanasında vəkil işləyirəm. İşin düşsə, de, – zarafat elədi Tofik.
Onda Səmranın ağlına da gəlməzdi ki, nə vaxtsa Tofik ona tapılmayan dava-dərmanlar alacaq, həyatını xilas edəcək.
O vaxt Əfrasiyab bir qrup jurnalistlə Amerikada təcrübə mübadiləsində idi.
Səmranın yazdığı bir məqaləyə görə, işlədiyi qəzetin redaktorunu işdən çıxartdılar, özünü isə polis idarəsinə çağırdılar. Səmra oraya tək getmək istəmirdi, atasının işdən gəlməyini gözlədi. Ancaq polis idarəsinin əməliyyat şöbəsindən xəbər elədilər ki, yarım saat ərzində o, idarəyə gəlməsə, arxasınca polis nəfərləri göndəriləcək, Səmra zorla aparılacaq.
Səmra ikinci hamiləliyini keçirirdi. Əfrasiyab da, Səmra da özlərini sanki göyün yeddinci qatında hiss edirdilər. Onların bu sevinci hər ikisinin valideynlərinə sirayət edirdi – onlar xoşbəxt qocalıq yaşayırdılar.
Səmra düşündü ki, əgər bu gün iş günü olsaydı, heç olmasa iş yoldaşlarının biriylə gedərdi polis şöbəsinə.
Paltarını dəyişib getdi. Öz otağında musiqi dərslərini hazırlayan Şirin, anasının getməyini duydu.
– Mama, olar mən də sənnən gedim?
– Yox, qızım. Mən tez gələcəm. Sən məşğul ol.
Şirin artıq dördüncü sinfə gedirdi. O, həm də musiqi məktəbində təhsil alırdı. Səmra pilləkənləri aşağı enəndə, Şopenin prelüdünü eşitdi.
Evlərinin yanında polis maşını dayanmışdı. Səmra taksiyə əyləşəndə o maşın da yerindən tərpəndi.
«Nə pis iş oldu ki, Əfrasiyabın valideynləri bağdan hələ qayıtmayıblar. Uşaq evdə tək qaldı. Onlar hələ sabah gələcəklər», – düşündü Səmra.
Əməliyyat müvəkkilinin üzündən zəhrimar tökülürdü. O, heç Səmranın salamını da almadı. Ancaq Səmra stul çəkib əyləşdi.
– O məqaləni sən yazıbsan? Bəyəm bizim respublikamızda korrupsiya, rüşvət var? Respublika korrupsiya toruna bürünüb? Belə yazmısan?
– Bəli, belə yazmışam.
– Qələt eliyib yazıbsan.
– Sözlərinin həddini bil.
– Səsini kəs, qancıq. Bizim hörmətli …. cənablarına şər atanı dünya işığına həsrət qoyarıq.
– Təhqir eləmə, buna sənin haqqın yoxdur.
– Nə haqq azz? Haqq – gücdədir.
Əməliyyat müvəkkili Səmranın üzünə baxdı. Duruxdu, ayağa qalxıb ona yaxınlaşdı – amma sən gözəlsən.
Əlini onun saçlarına apardı. Səmra cəld ayağa durdu.
– Əlini mənə vurma.
– Yaxşı, keç əyləş.
Səmranın dizləri əsirdi. Əməliyyat müvəkkili onun qabağına kağız, avtoqələm qoydu.
– Yaz ki, qələt eliyib bu məqaləni yazmışam, başımı da daşa döymüşəm.
– Təhqir etmə, dedim sənə, mən vəkil tələb edirəm.
– Az yaz kağıza dediklərimi, yazmasan sa tualet təmizdətdirəcəm.
– Alçaq, şərəfsiz.
Səmranın gözlərindən qırmızı qığılcım çıxdı. Aldığı zərbədən Səmranın başı gicəlləndi. Ayağa qalxdı. – Vəkil tələb edirəm.
Səmranın səsi bom-boş səhrada çığıran tənha insanın səsinə bənzəyirdi.
– Şərəfsiz, biqeyrət…
Dəyənək zərbəsi onun başına, qarnına dəyirdi. Müvazinətini saxlaya bilməyib, Səmra yıxıldı. Bütün vücudunu dözülməz ağrı bürüdü. Polis müvəkkili qapını açıb dəhlizdəkiləri çağırdı.
– Ə, gəlin götürün, bunu qan apardı. Deyin ki, ayağı sürüşdü yıxıldı. Özüm indi medekspertlə danışacam… Siz təcili yardımı çağırın.
Səmra daha heç nə, heç kimi eşitmədi. Gözlərini açanda özünü xəstəxana palatasında gördü. Alatoranlıq içində öz valideynlərini, Əfrasiyabın ata-anasını, balaca Şirini və Tofiklə onun cavan arvadını gördü. Əfrasiyab hələ iki gündən sonra gələcəkdi. Yenə gözlərinə qaranlıq çökdü. Bu qaranlıq içində o, Novxanıdakı bağ evlərini, sınıq qayığı gördü. Əfrasiyabı gördü – o, ağ futbolkada, cins şalvarda idi. Allah, onun nə gözəl görkəmi, nə yaraşıqlı boy-buxunu var idi.
– Yox, yox… Mənim barmağımda özgə üzüyü var.
Səmra onun güclü qolları arasından necə çıxa bildi? İxtiyarı olsaydı heç vaxt çıxmazdı.
– Əfrasiyab…
– Həkim, həkim!!! Xəstənin halı qarışıb.
Hamının səsi bir-birinə qarışmışdı. Səmra yenə qaranlıq içində Əfrasiyabı gördü. O, əlində şampan süzülmüş qədəh atasına, sonra da anasına:
– Siz bizi təbrik edə bilərsiz, nəhayət, uzun illərdən sonra bizim ikinci övladımız olacaq…
Əfrasiyabın anası Xuraman xanım Səmranı da, oğlunu da qucaqlayıb öpdü.
– Çox şükür Allahın bu gününə. – Atası Məcid müəllim Səmranın alnından öpdü. – Xoşbəxt taleli övlad olsun.
Sonra yanında dayanan Şirini qucaqlayıb:
– Qoy Şirin kimi ağıllı və gözəl olsun.
Qədəhlər bir-birinə dəydi.
Əfrasiyab… Səmra dərin yuxuya getdi.
Xəstəxanadan onu Əfrasiyab çıxartmışdı. Açıq boz kostyumda, qara köynəkdə, qara, təmizlikdən parıldayan ayaqqabılarda.
Səmranı qucaqlayıb bağrına basdı.
– Darıxma, darıxma, sənin qisasını yerdə qoymayacam.
Əfrasiyabın içində bir canavar baş qaldırmışdı.
«Bu qisas bir azərbaycanlı kişisinin qisası olacaq, bir erkək canavarın qisası olacaq» – Əfrasiyab keçirtdi beynindən. – Az qalıb.
Axşam Tamara xanım Əfrasiyaba dedi ki, əgər Tofik olmasaydı Səmra ölə bilərdi. Xəstəxanada dava-dərman yox idi. Hamısını Tofik sağ olsun, o aldı, gətirdi.
Əfrasiyabın qaşları düyünləndi.
Hidayət doxtur kresloda oturub gözlərinin yaşını silirdi. O, artıq qocalmışdı. Çəliksiz gəzə bilmirdi.
Əfrasiyab hər otağa Səmranın sevdiyi ağ yasəmənlər qoymuşdu. Hündür büllur vazalara qoyulan bu çiçəklər evə bir bəyazlıq gətirirdi. Xuraman xanım fisincan plov bişirmişdi. Məcid müəllim Şirini musiqi məktəbinə aparmışdı. Əfrasiyab gözlərini Səmradan çəkmirdi.
«Alacam sənin qisasını, hələ dünyaya gəlməmiş öldürülən körpəmin də qisasını alacam. Özü də necə lazımdır, elə. Bir kişi kimi…»
O, iki gün işə çıxmadı. Müəyyən dairələrdə xüsusi qəddarlığı ilə tanınan həmin polis müvəkkilini güddü.
Əfrasiyab onun şəklini tapıb Səmraya göstərdi. Onun rəngi daha da avazıdı.
– Budur? Tanıdın?
Səmra başıyla təsdiqlədi.
– Bəlkə məhkəməyə…
– Hansı məhkəməyə? Sən bilmirsən məhkəmə kimi müdafiə edəcək? Sən bilmirsən bizdə azad məhkəmə yoxdur?
Əfrasiyab əməliyyat müvəkkilini o gecə işdən çıxanda tutdu.
– Bir beş dəqiqə söhbətim var sənnən.
– Buyur.
Müvəkkilin ağlına da gəlməzdi ki, belə yaraşıqlı, şıq geymiş bir adam ona qarşı pislik edə bilər.
– Bir az qırağa çəkilək.
– Nə sözün var?
Əfrasiyabın gözünü sanki qan örtmüşdü. Bir dumbuz üzünə, iki qarnına. Müvəkkil də ona cavab zərbələri vururdu. Onun vurduğu dumbuz Əfrasiyabın burnuna dəydi. Onun burnundan qan açıldı.
– Oğraş, sən mənim arvadıma əl qaldırdın?
Keçmişdə boks rinqində vuruşduğu kimi, Əfrasiyab ağır zərbələrini endirirdi ona. Müvəkkil də güclü idi. Ancaq onun zərbələri kortəbii idi. Ən nəhayət Əfrasiyab cibindən bıçağı çıxarıb, müvəkkilin başını dizləri arasına saldı.
– Dəymə mənə, nə qədər istəsən sənə pul verərəm.
– Tüpürüm sənin puluna.
Əfrasiyab heç gözlərini qırpmadan onun bir qulağını kəsdi. Sonra bıçaqla onun üzündən də bir şırım çəkdi – Bu da övladımın qisası…
Bıçağı və müvəkkilin qulağını dəsmala büküb cibinə qoydu. Öz maşınına sarı getdi. Müvəkkil yerə yıxıldı. Yolnan keçən tək-tək adamlar dalaşanlardan dərhal bir biganəliklə uzaqlaşır, heç kəs şahid qismində belə polis idarəsinə düşmək istəmirdi.
Əfrasiyab maşınını bağ evlərinə – Novxanıya sürdü. Yolüstü bıçağı da, dəsmala bükülmüş qulağı da, dənizə atmağa qıymadı – «Dəniz murdarlanar» – düşündü, zibilliyə tulladı. Burada o qədər sahibsiz itlər var idi ki… Hamısı Əfrasiyabın atdığı bükülünün üstünə cumdu. Əfrasiyabın içində baş qaldırmış canavar sakitləşdi, rahat oldu. Bağa çatanda, kostyumunu, köynəyini – hamısını yandırdı. Sonra dənizə düşüb xeyli üzdü. Su soyuq idi. Aprel idi. Əfrasiyab dənizdən çıxıb, ilıq duş qəbul etdi. Kiçik qəhvədanda qəhvə bişirdi. Fincanına cəmi bir dənə qənd atdı. Bu da bəsdir. Ümumiyyətlə, qəhvəni o, həmişə acı içirdi.
Siqaret yandırdı. Gecə yarı televizoru açdı. Kriminal xronikada həmin əməliyyat müvəkkilinin eybəcər hala düşmüş, qulaqsız şəklini göstərirdilər. «Naməlum şəxslər (şəxs yox, şəxslər) tərəfindən xeyli xəsarət yetirilmiş, qulağı kəsilmişdir».
Əfrasiyab düşündü ki, bu əclaf əməliyyatçı onun adını verə bilərdi axı. Onda istintaqda bu əməliyyatçının törətdiyi işə görə ona cəza verilə bilərdi (əlbəttə, əgər beynəlxalq qurumlar qarışsaydılar işə). Əlbəttə ki, Əfrasiyab bütün əlaqələrini işə salıb özü cəza almadan onu cəzalandıra bilərdi… Fəqət, bu onun kişi heysiyyatına toxunardı, özünü, ailəsini alçalmış bilərdi. Ona görə də o, özü intiqam almaq istədi. Lap həbs olunsa belə. O, türməyə də kişi kimi girib, kişi kimi çıxacaqdı.
…Əməliyyat müvəkkili onun adını çəkməyə qorxdu. Bəlkə də lap yuxarı vəzifədə işləyən qohumuna görə çəkindi. Onun adının hallanmasını istəmədi.
Əfrasiyabın bədəni aldığı zərbələrdən gizildəyirdi. Əməliyyatçının da zərbələri güclü idi. Ancaq Əfrasiyab onu ram edə bildi.
O, televizoru söndürdü Səmranı düşündü, balaca Şirini fikirləşdi.
Təki Şirin böyüsün, xoşbəxt olsun. O, artıq Qara Qarayevin valsını, Şopenin prelüdlərini çalır pianoda. «Ancaq onun musiqiçi olmasını istəməzdim. Sənət adamlarının həyatları məşəqqətli olur. Ağır maddi durumları olur onların. Başım çıxmır bu uşaqda sənətə, teatra həvəs hardandır. Hər həftə məni də, anasını da teatra apartdırır. Nə bizdə, nə də Səmragilin ailəsində sənət adamı olmayıb axı».
Əfrasiyab xatırladı ki, üç il bundan öncə Səmranı və Şirini Tamaraxanımgilə aparmışdı. Özü telestudiyaya işə getdi. Onun özünün müəllif proqramı var idi. Veriliş çox populyar idi. Həmin gün Əfrasiyaba nə qədər zəng oldu. Hamı verilişin çox yüksək səviyyədə olmağından danışırdı.
Əfrasiyabın əhval-ruhiyyəsi çox yüksək idi. Kitab mağazasına gedib Şirinə rəngli kitablar, karandaşlar, sonra «Parfüm de Fransdan» Səmraya ətir aldı. O, «Diordan» olan ətirləri çox sevirdi.
Ancaq pilləkənləri çıxanda qızının ağladığını eşitdi. İki pilləkəni birdən çıxmağa başladı. Qapının zəngini basdı. Uşağın hıçqırıqları gəlirdi qulaqlarına. Əsəbdən qapını döyməyə başladı.
Qapını Səmra açdı. Əfrasiyab ayaqqabılarını çıxartmadan otağa keçdi.
Şirin zalda xalçanın üstündə oturub, zülüm-zülüm ağlayırdı.
– Nə olub? Uşaq niyə ağlayır?
– Şirin musiqi məktəbinə getmək istəyir, mama qoymur.
– O sənət adamı olsa, mən qəbirdə dönərəm, – əsəbi halda dilləndi Tamara xanım.
Əfrasiyab qaynanasını heç vaxt belə görməmişdi.
Səmra söylədi ki, bu gün Şiringilin məktəbinə musiqi məktəbindən müəllim gəlmişdi. Musiqi məktəbində oxumaq istəyən uşaqların adlarını yazırmış, Şirin də əlini qaldırıb, adını yazdırıb. Amma mama nədənsə istəmir Şirin musiqiyə, sənətə aludə olsun.
Əfrasiyab qızını qucağına aldı, üzündən-gözündən öpdü. Aldığı kitabları, karandaşları və albomu Şirinə verdi. Uşaq sakitləşdi.
– Tamara xanım, Şirinin musiqi məktəbinə getməyinin nəyi pisdir ki? Siz qorxursuz ki, Allah eləməsin, ucuz şou-biznesə maraq yarana bilər?
– Yox, sadəcə düşünürəm ki, sənətdən nə qədər uzaq olsa, bir o qədər yaxşı olar.
– Bizim elə gözəl qadın sənətçilərimiz var ki. Elə Firəngiz Əlizadəni götürək. Kaş mənim qızım da elə bəstəkar olsun.
– Yox, mən qorxuram.
– Mən sizə söz verirəm, Tamara xanım, əgər onun böyük istedadı olmasa, mən özüm onu musiqi məktəbindən çıxaracam. Hələlik qoy getsin. Uşağı sındırmaq lazım deyil. Anam da musiqi məktəbini fərqlənmə ilə bitirdi. Ancaq axırda tanınmış fizik-alim oldu.
Əfrasiyabın sözləri Tamara xanıma təsir etdi.
– Bilirəm ki, mən istəsəm də, istəməsəm də, sən bildiyini edəcəksən. Sənin qızındır. Haqqın var. Amma mən sənətdən qorxuram.
Bir an Fəxriyyə xanımın surəti gəldi gözlərinin qənşərinə. Tamara xanım nəzərlərini Səmraya çevirdi. O, anasıyla ərinin mükaliməsini dinləyirdi. Üzündə təbəssüm var idi.
Ertəsi gün Əfrasiyab Şirini dərsdən sonra musiqi məktəbinə apardı – həm direktorla, həm də müəllimlə söhbət etdi.
Nəvəsinin musiqi məktəbinə getməsinə Xuraman xanım çox sevindi.
– Nəhayət, bu piano öz yiyəsini tapdı, – dedi Xuraman xanım.
Məcid müəllim düşünürdü ki, uşaq elə bir dənə ümumtəhsil məktəbində təhsil alsa yaxşıdır.
Lakin Hidayət doxtur Tamara xanımın nigarançılığını anlayırdı, qəlbini bir narahatlıq bürüyürdü.
Əfrasiyab Səmraya zəng edib dedi ki, bu gecə bağ evində qalacaq, mamama da deynən narahat olmasınlar. Əfrasiyab yatağına uzandı. Düşündü ki, əməliyyat müvəkkili arxalandığı böyük vəzifə sahibi vasitəsilə ondan ayrı cür hayıf çıxacaq. Və çıxdı da…
Heç bir ay keçməmiş telekanalların birində apardığı müəllif proqramı bağlandı. Şirkətin direktoru ona birmənalı şəkildə bildirdi ki, bu yuxarıdan verilən tapşırıqdır. – Ağa deyir sür dərəyə, demək sürmək lazımdır.
– Sən lakeysən, başa düşürsən, lakey – jurnalist. Adam kişi olar.
– Çıx mənim otağımdan.
– Qəssab. Sən heç vaxt jurnalist olmayacaqsan. Qəssabdan nə jurnalist? – Əfrasiyab hirslə qapını çırpıb çıxdı. İşçilər şok içində idilər. Əfrasiyab əslində onların düşündüklərini dedi, işçilərnən sağollaşıb studiyanı tərk etdi.
Sonra onu qəzet redaktorlarından biri yanına çağırdı.
– Hər bir redaktor üçün şərəfdir sizin kimi jurnalistlə işləmək. Mən sizə yüksək maaş və qonorar vəd edirəm – ancaq bir şərtim olacaq – bu müxalifətnən heç cür barışa bilmirəm.
Əfrasiyab dərhal Şuşanın verilməsini düşündü. Televiziyaya müsahibə verən ordu komandanı – əgər Şuşa getsə, mən başıma bir güllə çaxacam, – dedi. Şuşa getdi, başına güllə çaxmadı, heç bir roqatka da atmadı. İndi, ordu komandiri öz biznesiylə məşğuldur. Sonra ayrı müxalifət nümayəndələri gəldi gözlərinin qabağına – əqidə dostlarını pula, vəzifəyə satanlar.
– Mən istəyirəm siz bir nüfuzlu qələm sahibi kimi (o bir müxalifət liderinin adını çəkdi) həmin adam haqqında iri bir yazı yazasız, onun mavi olmağından və s. Camaat sizə inanacaq. Deputatlardan birinə bu cür tapşırıq verildi, o da deyildiyi kimi parlamentdə səsləndirdi. Əvəzində dənizin qırağında yeni istifadəyə verilmiş 14 mərtəbəli evin bütöv bir mərtəbəsi o deputata bağışlandı, üstəlik təzə ən bahalı «cip», qohumlarına vəzifə.
– Bizdə deputatlar seçilmir, təyin olunurlar, – Əfrasiyab ayağa qalxdı.
– Mən heç kəsə şər ata bilmərəm. Sağ olun, – dönüb getdi.
Hardan düşdü Şuşa yadına? Niyə xatırladı bu şəhəri? Əfrasiyab da onda 2 nəfər jurnalist dostuyla bu şəhərin müdafiəsi üçün əlinə silah aldı. Şəhər müdafiə olunurdu axı, daha doğrusu Əfrasiyabgilin dəstəsi şəhərin girəcəyini qoruyurdu. Onda Əfrasiyab nə qədər qan gördü, ölüm gördü. Özü-özünə qərar verdi – ölənə kimi döyüşəcək. Əfrasiyab orada olanda dərk etdi ki, qələbə bizdən çox uzaqdı. Niyə belə oldu axı? Niyə ordu komandanı geri çəkilmək əmrini verdi? Niyə geri çəkilməliydik? Bütün müharibələrdə həmişə irəli getmək əmri verilir, bəs bizdə niyə geri çəkilmək əmri verildi? Vətən beləmi müdafiə olunar?
Əfrasiyab bu sualların cavabını sonralar da tapa bilmədi. Şuşa itiriləndən sonra, könüllülər də buraxıldılar.
Əfrasiyabgil silahlarını komandanlığa təhvil verib, Bakıya qayıtdılar. İndi o jurnalistlər – biri Kanadada, biri Hollandiyada yaşayır. Hər ikisi deyirdi ki, vətəndən ayrı yaşamaq cəhənnəm əzabıdır.
Əfrasiyab hesab edirdi ki, vətəndən uzaqda yaşamaq – intihara bərabərdir.
Əfrasiyab «geri çəkilin» deyən komandirin sinəsindən yapışdı – Hara gedirik? Şuşanı kimə qoyub gedirik?
Hamımız burda qalacayıq.
– Bağırma, yoxsa təpənə bir güllə çaxacam.
– Kişi döysən, vurmasan.
Onlar əlbəyaxa oldular. Komandir avtomatı Əfrasiyaba tuşlayanda Əfrasiyabın dostu Mübariz özünü onun üstünə atdı. Güllə göyə açıldı. Onları araladılar. Hərəsini bir maşına saldılar. Onlar geri çəkildi.
Əfrasiyab əyalət qəzetlərinin birinə işə düzəldi. Özü qabaqcadan şərt kəsdi ki, həftədə bir dəfə ancaq beynəlxalq münasibətlərlə bağlı analitik yazı verəcək. Redaktor razı oldu.
Qəzet xarici donordan aldığı maliyyə yardımı hesabına çıxdığından, maaş yüksək idi. Həm də Qafqaz universitetində yeni açılan jurnalistika kafedrasında müəllim kimi fəaliyyətə başladı. Həmin il Əlibəy Hüseynzadənin yaradıcılığından yazdığı dissertasiyanı müdafiə etdi.
Səmra telekanalların birində ingilis dilində həftəlik icmal aparırdı. Dünya bankında həm ingilis, həm də alman dillərində sinxron tərcümə edirdi. Hərdən evə çox gec gəlirdi. Bir dəfə əcnəbi qonaqları otelə müşaiyət etdi. Əfrasiyaba zəng edib dedi harda olmağını. Əfrasiyab səhəri gün onu işə çıxmağa qoymadı. Bank Səmranın getməsinə razı deyildi. Ancaq Əfrasiyabın qərarı qəti oldu.
– Mən istəmirəm sən kişilərnən otellərdə görünəsən. Həm də sinxron tərcümə sənin səhhətinə də pis təsir edə bilər.
Səmranın başını sinəsinə sıxdı. Sonra onun ərizəsini özü apardı banka. Əcnəbi neft şirkətindən aldığı təklif Səmranı da, Əfrasiyabı da çox sevindirdi. Təcili CV-ni göndərdi ora. On gündən sonra şirkətin mətbuat xidmətinin rəhbəri çox gözəl bir xanım (deyirdilər o, həm də çox halal və düzgün adamdır) Səmranı müsahibəyə çağırdı. Xanım və yanında daha iki nəfər Səmraya xeyli sual verdilər, söhbət elədilər. Axırda mətbuat xidmətinin rəhbəri:
– Siz sabahdan işə götürülürsüz.
Səmra çox sevindi. Ayda iki dəfə məqalə verdiyi qəzetdən o, çox az qonorar alırdı. Televiziyada da aldığı pul çox deyildi. Ancaq burada… çox şükür, hər şey çox yaxşı olacaq.
Uzaq, uzaq jurnalistikadan. Mətbuat şurasının keçirdiyi sonuncu qurultay düşdü yadına.
Səmra sanki çirkaba batmışdı – o nə çıxışlar idi, o nə publika idi. Təkcə Şirməmməd müəllim həmişəki kimi samballı çıxış etdi. Zalda oturan adamlar nədənsə Səmraya Sovet filmlərində gördüyü kolxozçuları xatırladırdı. Qurultay da kolxoz idarəsinin yığıncağını xatırladırdı. Mətbuat şurasının katibi əlində yazılı vərəq tanıdığı adamlara yaxınlaşıb idarə heyətinə kimlərin adını qeyd etməyi xahiş edirdi. Sonra adları heç kəsə məlum olmayan, ümumiyyətlə jurnalistikadan uzaq olan adamlar çıxış edib, hər kəs ona bağışlanan maşın, pul üçün mətbuat şurasının sədrinə minnətdarlıq bildirirdi. Zalda reket «jurnalistlər» də oturmuşdu. Onlar da çıxış edib reketlərlə mübarizədən danışdılar.
Səmra qurultayın sonunu gözləmədi. İçində bir boşluq, bir məyusluq vardı. Heç cür başa düşə bilmirdi ki, onu bu qurultaya niyə çağırdılar, kim çağırdı. Sanki bir çamurluğa batıb, çıxdı.
Əfrasiyab düz deyir ki, «jurnalistika reanimasiya dövrünü yaşayır». Özünün xəstəxanada reanimasiyada yatdığını xatırladı. Onda həm öz, həm də Əfrasiyabın valideynləri növbəylə yanında qalırdılar. Bir gecə də Tofik öz dünya gözəli gənc arvadı ilə onun keşiyini çəkdi. Əfrasiyab gələndə onlar getdi. Tofikin arvadı məktəbdə müəllimə idi, özündən 12-13 yaş cavan idi. Səmra onun CV-i götürmüşdü. Çox güman ki, neft şirkətində hansısa sosial layihədə işləyəcək. Səmra onu ingilis dilini öyrənsin deyə ingilis dili kurslarına yazdırdı. Müəllimin pulunu Səmra özü verirdi.
Tofikin ölümündən sonra Səmra onlara kömək edirdi, Uğurun bütün problemlərini həll etməyə çalışırdı.
1993-cü ildə Füzuli rayonu ermənilər tərəfindən işğal ediləndə, Tofik də əlinə silah alıb cəbhəyə yola düşdü. Səlmi xala hər gün ağlayırdı. Ora Tofikin rəhmətlik atasının vətəni idi. bir neçə il bundan qabaq Tofikin atası dənizdə tufana düşdü. Bütün ekipaj məhv oldu. atasının meyitini üç gündən sonra tapdılar. Bəzi dənizçilərin meyitləri üzə çıxmadı. Onda Tofik israrla təkid etdi ki, atası Füzulidə dəfn olunsun.
– Atam mənə həmişə deyirdi ki, ölsəm, məni Füzulidə, öz kəndimizdə – Veysəllidə dəfn edərsən.
Tofik onu doğulduğu yerdə torpağa tapşırdı.
Əfrasiyab Hidayət doxturu götürüb Füzuliyə getdi.
Füzuliyə çatana kimi qabaqlarına neçə dəfə yaralılarla dolu maşın çıxdı. Tofikin atasının dəfnindən qayıdanda onların maşınının qabağını iki əli avtomatlı əsgər kəsdi.
– Qurban olum, əmi, burda yaralımız var, qan aparır. Kömək edin onu yaxınlıqdakı səyyar hospitala çatdıraq. Əfrasiyab da, Hidayət doxtur da cəld maşından düşüb yaralını qaldırmaqda əskərlərə kömək etdilər. Dal oturacaqda ona yer elədilər. Əsgərin ayağının qanı dayanmırdı. Hidayət doxtur cibindən təmiz dəsmalını çıxarıb Əfrasiyabın yandırdığı alışqanın oduna tutdu. Əfrasiyab da öz dəsmalını yandırdı, onun külünü əsgərin yarasına basdı Hidayət doxtur. Əsgərlərdən biri öz gimnastyorkasını yaralının altına salmışdı.
Səyyar hospitalda əsgərin ayağındakı qəlpəni Hidayət doxtur özü çıxartdı. Sonra hər ikisi yenidən cəbhə xəttinə qayıdan əsgərlərlə vidalaşıb, Bakıya döndülər.
Tofik Füzulidən başının üstündən uçan qrad güllələrinin altından salamat qayıdıb evinə – anasının, yoldaşının, körpə oğlunun yanına. Ancaq Füzulinin düşmən tərəfindən alınması onun heysiyyatına, qüruruna toxunurdu.
– Mənə çox ağırdır yaşamaq, demişdi anasına. Elə bil Füzulinin itirilməsində mənim də günahım var. – deyir Səlmi xanıma. Heç cür rahatlıq tapa bilmirdi balam, – Səlmi xala əllərini sinəsində çarpazlayıb danışırdı hüzr yerinə gələnlərə. Tofikim o cür od-alovdan salamat çıxdı, burda adi avtomobil qəzasında həlak oldu. Uşağının iki yaşını qeyd eləməyə hazırlaşırdıq. Bəlkə vəkil oğlum atasının xiffətini eləyirdi. Üzünü onsuz da az-az görürdü – gəmi Bakıya dönəndə. Bəlkə Füzulinin dərdini çəkirdi – o dağılan, viran qalan Füzulinin. Mən fəxr edirdim ki, balam vəkildir. Mən vəkil anasıydım, ay camaat, indi heç nə döyləm.
Durduğu yerdə də adamın əlindən rulmu çıxar. Oğlum içən deyildi axı.
Hər kəs çalışırdı ki, ananı sakit etsin. Şəkildən Tofikin nurlu, cazibədar sifəti sanki onu ağlayanlara deyirdi – biz göylərdə görüşəcəyik. Səmra üzüyünü ona qaytaranda, Tofikin rəngi avazıdı:
– Eybi yox… Biz sənnən göylərdə görüşəcəyik. Sonra da tələsik – çıx get… kişilərin ağlamağı dəhşət olur. Get.
İndi Səmra onu ağlayırdı və düşünürdü ki, Tofikin uşağı, ailəsi üçün edə bilməyəcəyini, indən belə Səmra edəcək. Və elədi də. Əfrasiyab da bacardığını edirdi uşaq üçün, Səlmi xala üçün. Ancaq Əfrasiyabı görəndə Səlmi xalanın üzü kölgələnirdi, qaşları düyümlənirdi.
…Əfrasiyab valideynlərini itirəndən sonra Torqovıdakı evlərini Beynəlxalq təşkilatların birinə ayda yeddi min manata 10 illiyinə icarəyə verdi, özləri Səmranın valideynlərinin yanına köçdülər.
Hidayət doxtur ürəyində Əfrasiyaba min dəfə sağ ol dedi ki, kürəkəni onun sözünü yerə salmadı.
Əyalət qəzeti bağlandı. Əfrasiyab elə bil vakuuma düşdü. Əlləri kağız-qələmsiz darıxırdı. Televizora ancaq boks oyunları və futbol göstəriləndə baxırdı. İyrənirdi telekanallardan. Ora çıxan adamlar sanki zonbiyə dönürdülər. Eyni sözlər, eyni məddahlıq. Düşünürdü ki, Azərbaycanda şairlər fəxriyyələri daha yaxşı yazırlar, nəinki adi şeiri. 3-4 nəfər şair, yazıçı istisna olmaqla hamı məddahlıqla məşğul olur. Və onlara cürbəcür ordenlər, medallar verilir, xalq yazıçısı, xalq şairi adı verilir. Qəzet redaktorları, guya müxalif olanlar da (yenə 1-2 nəfər istisna olmaqla) satın alınır, müəyyən sifarişləri həyata keçirirlər. Artıq müxalifət qəzeti hansısa məmuru pisləyəndə Əfrasiyab anlayırdı ki, bu məmur vəzifəsindən gedəcək – yuxarıda belə qərar veriblər.
Ona görə də dostlarının yeni qəzet açmaq təklifini Əfrasiyab qəbul etmədi. Elə bu vaxt Polşada yaşayan dostları onu bu ölkəyə çağırdılar.
– Çox şükür, balan da bu ölkədə yaşayır, xoşbəxtdir. Uğurlarını eşidib sevinirik.
– Fikirləşirəm.
Səmrayla söhbəti çətin alındı.
Sən bu son həftə nələr keçirdiyimi görürsən. «Azadlıqda» çıxan məqaləmdən sonra mənə rahatlıq yoxdur. Mən hələ nə qədər təqib olacam? Nə qədər təhdidlərə məruz qalacam? Belə yaşamaq olmur axı. Mən jurnalistəm, mən yazmasam, elə bil, yaşamıram. Kənardan seyrçi olmağı da bacarmıram. Yaxşılıq, gələcək naminə mübarizə aparmalıyıq. İstəmirəm simasızlaşam. Bilirsən ki, mən həmişə öz mövqeyimi qorumuşam. İndi mənə çox çətindir. Başa düşməyə çalış məni. Mən simamı itirmək istəmirəm. Özün jurnalistikamızın gününü görürsən axı. Qürubdur, Səmra, jurnalistikamız qürub dövrünü yaşayır. Mən çox şadam ki, sən vaxtında getdin mətbuatdan.
– Mən anamı tək qoya bilmərəm.
– Mən heç vaxt razı olmaram ki, Tamara xanım burada tək yaşasın. Onu özümüzlə apararıq.
– O, getməz. Mən bilirəm bunu.
– Mən sənsiz yaşaya bilmərəm, Səmra.
– Mən də.
– Onda fikirləş, Tamara xanımla da danış. Bizim artıq orada evimiz var. İşimiz də olacaq. Böyük beynəlxalq media layihəsində işləmək üçün təklif almışam – özü də rəhbər işdə. Yaxşı ki, o evi aldıq.
– Sən getmə.
Mən gedib işlərimizi qaydaya salıb, qayıdıb səni və mamanı aparacam. Əfrasiyab getdi. Bu onların evləndikləri vaxtdan ikinci ayrılıqları idi – bir dəfə Əfrasiyab Şuşanı müdafiə etməyə, ikinci dəfə Polşaya getdi. «Hə, çətindir onsuz yaşamaq. Elə bil havasızlıq şəraitinə düşürəm, boğuluram. Üstəlik mamamın səhhəti pisləşir… Bir dənə onu Parisə aparsaydım… Qocalanda da insanlar elə bil uşaqlaşır. Mama Disney-Lendi görmək istəyir».
Səmra min kərə Allaha şükr edirdi ki, onun arzusunu yerinə yetirdi. Onda Parisdə olanda, Əfrasiyabla görüşəndə onun heç ağlına belə gəlmədi ki, Əfrasiyabla belə tez – heç bir ay keçməmiş yenidən görüşəcəklər. Onda Tamara xanımın dəfninə Şirin də, yoldaşı Zaur da, balaca Məryəm də gələcək və Tamara xanımın Qazağıstan qəbristanından gətirdiyi torpağı onun üstünə hamısı bir yerdə səpəcək.
Axşam adamlar dağılandan sonra, Səmra onlara anasının dediklərini danışdı, ağladı. Sonra onun verdiyi sənədləri Şirinə verdi.
– Mama, nənəm düz deyir, – sən Gəncəyə get, bu onun son arzusu idi. O, yerinə yetməlidir. İstəyirsən, biz də sənnən gedək?
– Yox, lazım deyil.
– Mən ora tək gedəcəm. Əslində getməyə heç marağım da yoxdur. Sadəcə anamın xahişini yerinə yetirəcəm. Əfrasiyab siqaret yandırıb, eyvana çıxdı.
Zaur da, Məryəm də onun yanına keçdilər.
Şirin başını anasının sinəsinə qoyub, yavaşca pıçıldadı.
– Mama, bizim ikinci övladımız olacaq. Beş aydan sonra.
– Nə yaxşı, gözəl balam. Dodaqları qaçdı – anası da ona gözəl balam deyirdi. Yeddi gündən sonra Əfrasiyab da, Şiringil də Polşaya uçdular. Səmra anasının qırx mərasimini verməliydi, həm də düşünürdü ki, başının kəskin ağrıları ara vermir. Onu müayinə edən həkim – «Mütləq tomoqrafiya lazımdır» dedi. Səmra üçün göndəriş yazdı.
Sonra göndəriş onkoloji klinikaya yazıldı. Diaqnoz təsdiqlənəndən sonra Səmra Gəncəyə – anasının son arzusunu yerinə yetirməyə, öz bioloji anasıyla, doqğma qardaşıyla görüşməyə getdi.
İndi səhərdir. Dünən Əfrasiyab zəng edib, dedi ki, sabah evə gəlir. Ertəsi gün Şiringil gələcək. Onların işi tamamlanıb, ta oktyabra kimi boşdular.
…Səmra yatağını yığışdırdı. Saata baxdı. Əqrəblər saat 11-i göstərirdi. Ürəyi şiddətlə döyünməyə başladı – bəs təyyarə çoxdan enib axı – Əfrasiyab niyə gəlmir? Ürəyi gizildədi. Zəng etdi.
– Polşadan gələn təyyarə 6 saatdır Bakıda enib. Heç bir hadisə-filan olmayıb.
Səmra dəstəyi yerinə qoydu. Pəncərəni açdı, hamam otağına keçib, duş qəbul etdi, sonra Uğuru çağırıb, yaxınlıqdakı köşkdən məqaləsi çıxan qəzeti almağı xahiş etdi.
– Bir on dənə alarsan, bala. Əfrasiyab zəng etdi – Səmranın ayaqları, əlləri əsdi.
– Sən hardasan?
– Mən evə çatıram. Gələndə başa salaram.
Səmra bilmirdi ki, Əfrasiyab onu narahat etməmək üçün, səhəri aeroportun gözləmə zalında açıb, sonra isə o, Səmranı əməliyyat edəcək məşhur professorun görüşünə gedib.
Təxminən bir saat onnula söhbət edib, professor ona ümid verib. «Metastaz başlamayıb. Vaxtında müraciət edib. Ancaq əməliyyatdan sonra mən sizə dəqiq deyəcəm».
Az qala on gün idi ki, professorla məktublaşırdılar. Əfrasiyab bu məşhur türk professoru haqqında məlumatları, rəyləri internet səhifələrindən öyrəndi. Ən görkəmli mütəxəssislər onun haqqında çox yüksək rəy söyləyirdilər. Ona görə də Əfrasiyab Səmranı Amerikaya aparmaq fikrindən daşındı. Hələlik daşındı. Londondan qayıdan həkim Əfrasiyabla görüşünü bu günə təyin etdi. Əfrasiyab Şiringilin aviabiletlərini özlərinə verib, öz biletini bir gün qabağa dəyişdirdi.
– Çox şükür, Allah, mənə yenə ümid verdin.
Əfrasiyab qapının zəngini basanda, Səmra artıq geyinmiş, ətirlənmişdi, gözlərinə sürmə çəkmişdi. Düşündü ki, sabah xəstəxanaya əməliyyata gedəndə də bax beləcə bəzənəcək – öləndə də qoy gözəl olum».
Uğurun gətirdiyi qəzetləri masanın üstünə düzmüşdü. Düşündü ki, bu onun yazdığı son məqalədir. Gülümsədi… ömrümün qürubudur… – beynindən keçirtdi. Qapını açdı.
Əfrasiyab onu qollarının arasında sıxdı – bax, heç nədən qorxma. Mən səni ölümün də pəncəsindən qoparacam, eşidirsən, sənin həkiminlə görüşdüm, hər şey yaxşı olacaq. Lazım olsa mən səni İzrailə, Amerikaya aparacam. Ancaq səni qoparacam ölümün əlindən. Eşidirsən?
Səmra başını aşağı saldı.
– Bəs sən niyə Şiringilnən gəlmədin?
– Sənin professorun mənnən görüşü bu gün səhər saat 10-a təyin etmişdi. Biz bileti sabaha almışdıq, əməliyyat günü burda olmağı nəzərdə tutmuşduq.
– Gərək Şirini o vəziyyətdə qoymayaydın gəlməyə.
– O, özü əl çəkmədi, ağladı. Uşaq kimi. Zaur da onu tək qoymur. Çox yaraşırlar bir-birlərinə. Əfrasiyab onun saçlarını oxşadı. «Saçlarının həsrəti əllərimi göynədir» – keçirtdi Əli Kərimin şeirini beynindən.
Birdən nəzərləri masanın üstünə qoyulmuş qəzetlərə sataşdı. Şəkildəki qadın Səmraya necə oxşayırdı. Məqaləyə baxdı. Sanki indi başa düşdü ki, Şirin niyə teatra, sənətə belə meylli idi. Axırda polonistika üzrə mütəxəssis oldu Şirin. İndi Varşava universitetində adlı-sanlı müəllimdir, bədii tərcümə ilə məşğuldur. Keçən il bir azərbaycanlı qadın yazıçısının əsərini polyak dilinə tərcümə etmişdi, universitetdə bu kitabın prezentasiyasını təşkil etmişdi.
Ancaq srağagün anasının yanına gəlmək üçün ağladı.
Qəlyanaltıdan sonra Əfrasiyab çantasını açdı, oradan Səmra üçün aldığı ətri və bir dənə «Zubrovka» arağını çıxartdı.
Bundan birini də sənin həkiminə verdim. Çox gözəl içkidir – Əfrasiyab yataq otağına keçdi. Həkimlə danışandan sonra qəlbinə bir rahatlıq çökmüşdü. İndi neçə sutka yuxusuzluğun əvəzini çıxdı.
Səmra sabahkı günə hazırlıq görməyə başladı – pijama, xalat, duru sabun, diş pastası, fırça qoydu çantasına – «Bəlkə də sağ qalaram». – Yenə başının ağrısı başladı. İki həb «spazmoqon» atdı. Sonra maaş kartını və kodu yazıb komodun siyirtməsinə qoydu. Artıq üç il idi ki, Səmra neft şirkətində mətbuat xidmətinin rəhbəri idi. Keçmiş müdir o gözəl xanım artıq şirkətin vitse-prezidenti idi. Məhz onun təqdimatına əsasən Səmranı rəhbər qoydular. O, Uğur üçün bankomatdan pul çıxardanda, hesabında az qala yeddi rəqəmli vəsait var idi. Həm də əcnəbi kirayənişinlər də illik pulu hər il olduğu kimi bu il də qabaqca keçirmişdilər.
Əfrasiyab axşam oyandı. Restorana zəng edib xeyli qəlyanaltı, balıq, isti yeməklər sifariş verdi. «Uşaqlar da sabah burada olacaqlar».
– Axşam neçəyə gətirsinlər? – soruşdu Əfrasiyab.
– Saat 9, 10-un yarısına – bütün gecəni oturarıq.
– Oldu.
Əfrasiyab eyvana çıxdı. Siqaret yandırdı. Eyvandan görünən dənizə baxdı. Dənizdə bir neçə gəmi var idi. Onların içində bir bəyaz nəhəng «Azərbaycan» adlı bir gəmi də var idi. Ancaq onun işığı yanmırdı. Əyninə yüngül çit kofta və ağ kətan şalvar geymiş Səmra onun yanına gəldi.
«Bu görkəmdə Səmra lap cavan görünür» – düşündü Əfrasiyab. «Səni ölümün pəncəsindən qoparacam, sənə bütün dünyanı göstərəcəm». Və hündürdən:
– Sən sağalan kimi, biz Polşaya gedərik.
– Mən Azərbaycansız yaşaya bilmərəm.
– Bəs mənsiz?
– Sənsiz də, sən bilirsən bunu. İstəmirəm tale məni belə dilemma qarşısında qoysun.
– Bir bax «Azərbaycan» gəmisinə – işıqları yanmır. Bilmək olmaz, yanacaq, ya yox. Heç inanmıram yanmağına.
Səmranın telefonu zəng elədi. O, nömrəyə baxdı. Tanış deyildi.
– Alo, eşidirəm.
– Salam, danışan Rəşad Məmmədlidir. Siz dünən bizdə olmusuz – Gəncədə.
– Mən dünən Fəxriyyə xanımgildə olmuşam.
– O, mənim anamdır. Mən Bakıya iclasa gəlirdim. Anam xahiş etdi ki, sizi görüm.
Səmranın telefon tutduğu əli əsməyə başladı. Elə bil, bədənindən elektrik cərəyanı keçirdi. Anam sizə paxlava göndərib. Dünən siz tələsik getdiniz, anam verə bilmədi. Mən sizi harada görə bilərəm?
Səmra Əfrasiyaba baxdı. O, gülümsədi, yavaşcadan «evdə» dedi. Səmra telefonun səsini bərk qoyduğundan, Əfrasiyab onların danışığını eşidirdi.
– Evimizdə. Yoldaşım da, mən də sizi axşam saat 9-da bizdə gözləyəcəyik. Səmra Rəşada ünvanı dedi.
– Oldu, xanım. Saat 9-da sizdəyəm.
– Nə yaxşı ki, qardaşın gəlir. «Zubrovkanı» bir yerdə içərik.
Səmra dənizə baxdı. Artıq qaranlıq düşmüşdü. Səmra əlini Əfrasiyabın qoluna vurdu.
– Bax, bax, – «Azərbaycan» adlı gəminin işıqları yandı.
Əfrasiyab gəmiyə baxdı – Bəmbəyaz gəmi işığa qərq olmuşdu.
SON
Yazıya 1750 dəfə baxılıb