“İnsanlar həlak olanlara rəhm edir, amma uzaqdan-uzağa,” –deyirdi Vladimir Vısotski. Onun şeirləri həyatın suallarına tragik cavablar idi. O, həmin vaxt bütün varlığı ilə bu dramın, faciənin içində olurdu. Adama elə gəlirdi, bu emosiyaları “daşımağa” onun gücü çatmayacaq, elə səhnədəcə yıxılacaq… Amma o, ayaq üstündəydi, o, oxuyurdu… O, daxilən azad insan idi. Ən qatı rejimdə də o, ürəyi istədiyi nəğmələri söyləyirdi. Onun mahnıları hər şey və hamı haqqındaydı. O, müharibədən, sevgidən, çiçəklərdən, ağaclardan, mübarizədən, uşaqlıq illərindən balladalar oxuyurdu. Bir də, qısa sürən xoşbəxtliklər haqqındaydı onun mahnıları…
Şair, aktyor, müğənni, bəstəkar Vladimir Vısotski 1938-ci il, yanvarın 25-də Moskvada, hərbçi ailəsində doğulub. Atası- müharibə veteranı Semyon Vladimiroviç müxtəlif qarnizonlarda xidmət etmişdi. Anası Nina Maksimovna tərcüməçi-referent idi.
Moskva, Birinci Meşşanski prospekti, üçmərtəbəli köhnə bina. Volodyanın uşaqlıq illəri həmin köhnə binadakı kommunal mənzildə keçmişdi. Kommunal mənzil bir uşaq üçün sərhədsiz dünya kimidir, burda balacadan böyüyə, hamı tanış və doğmadır…
“Uşaq təəssüratı çox güclü olur,-deyə Vısotski xatırlayırdı,-məsələn, mənim onda vur-tut 2 yaşım vardı, amma atamı cəbhəyə yola salmağımız hər saniyəsinə kimi yadımdadır. 1941-ci il idi. Mən qatara oturan kimi dedim:- Bax, bu qatarda da biz yola düşəcəyik. Sonra mənə dedilər, gəl, bir az perronda gəzək. Mən razılaşdım, amma perrona çıxan kimi qatar yola düşdü, bir də gördüm ki, atam qatardan bizə dəsmalla əl eləyir. Evə məni qucağında Yaşa dayı gətirdi. Yol boyu mən cınqırımı da çıxarmadım, çünki çaş-baş qalmışdım… Axı mən atamla getməliydim…”
Volodyanın anası Nina Maksimovna teatr vurğunu idi, axşamüstü, qonum-qonşu çay süfrəsi ətrafında yığışanda, kiçik səhnəciklər göstərilirdi. “Baş rolda” Volodya özü olurdu. “Mən stulun üstünə çıxır və əsl şairlər kimi, saçlarımı ədayla arxaya ataraq ucadan şeir deyirdim,”- Volodya xatırlayırdı.
Onun yaşına uyuşmayan iti fəhmi, incə yumor hissi vardı. Məsələn, Yeni il gecələrinin birində süfrə başına yığışmış qonaqlar balaca Volodyadan xahiş edirlər ki, bir şeir desin. O isə yolkaya sarı gedir, ayaqlarını elə uzadır ki, guya yük daşıyıb yorulub və qalın səslə deyir:-“Ey, müftə yeyənlər, siz bu zavallı balaca uşaqdan nə istəyirsiz”? (Vısotskinin hələ uşaqlıqdan səsi qalın və xırıltılı idi).
“Xoşbəxtlik- manna sıyığıdır!”
İyulun ortalarında Moskvadan ailələri təxliyə eləməyə başlayırlar. Volodya ilə anası Urala getməli olurlar. Ana və oğul iki il Uralın Voronsovka kəndində yaşayır. Bu, çox ağır illər idi. Analar və uşaqlar bir-birilərindən ayrı düşmüşdü; uşaqlar bağçada qalırdılar, “bağça” da köhnə donuz damında yerləşirdi.
Nina Maksimovna isə kənd evlərinin birində qalır və laboratoriyada işləyirdi. Şəhərli qadın üçün kənd yerində işləmək çətin idi. Üstəlik, yanacaq qurtaranda onları meşəyə odun tədarükünə göndərirdilər. Anası Vovanı az-az görürdü, amma fürsət düşəndə oğlunu özüylə işə aparır, orda yedizdirirdi. Yol boyu Vova dil-boğaza qoymadan danışır, özündən nağıllar uydururdı. “Bəlkə də, ilk hekayələrini elə o vaxt yazmağa başlamışdı,”- deyə Nina Maksimovna xatırlayırdı,- Vova deyirdi ki, o, Aya çıxıb, ordan Hitlerə baxacaq. Sonra bu faşisti tutub qəfəsə salacaqlar və hər yeri gəzdirəcəklər ki, hamı görsün”.
– Ana, xoşbəxtlik nədir?-bir dəfə Vova anasına sual verir.
Ana susur, nə deyəcəyini bilmir, Vovanın isə gözləri gülür:
– Mən bilirəm nədir! Mən onu bu gün gördüm! O manna sıyığıdır!
Nəhayət, 1943-cü ilin yayında Semyon Vladimiroviçin çağırışıyla Vova anasıyla Moskvaya qayıdır. Ağzına kimi dolu qatar və uzun yol… Yalnız bircə “oturacaq” var, o da çamadanların üstü…
Budur, qatar Moskvaya yaxınlaşır. Vovayla anası pəncərəyə tərəf qaçır. Bu vaxt Vova barmağını hərbi geyimli bir adama tuşlayıb qışqırır:
– Ata, atacan!
Doğrudan da, Semyon Vladimiroviç adamların arasında durub əl eləyirdi.
“Mənim o müəllimədən xoşum gəlmir”
Müharibə başa çatır. Hər şeyə rəğmən, Volodyanın valideynlərinin ailə həyatı uğursuz olur. Semyon Vladimiroviç Almaniyadan qayıdanda artıq onun yanında ikinci həyat yoldaşı var idi. Vova atasını az-az görürdü, o, anasıyla qalırdı.
Nina Maksimovna xatırlayır ki, Volodya hələ lap kiçik yaşlarından öz xarakterini göstərməyə başlamışdı. Məsələn, birinci sinifdə oxuyanda çox ciddi qadın olan müəlliməsi bir dəfə Vovanı möhkəm cəzalandırır. Bu, Vovanın acığına gəlir və dəftər-kitabını yığışdırıb başqa sinfə gedir:
– Mənim o müəllimədən xoşum gəlmir, olar, mən sizdə oxuyum?
– Olar, -deyə müəllimə gülümsünür.
Müharibədən sonrakı illər ağır keçirdi. Bir dəfə anası işdən gələndə Volodya onu sevinclə qarşılayır: -“Bax, ana, bu gün nə qazanmışam! Biz kartofları zirzəmiyə daşıdıq, əvəzində direktor hərəmizə bir qazan kartof verdi”!
Nina Maksimovnanın işi çox olurdu, Vovaya vaxt ayıra bilmirdi. Ona görə, qərara gəlirlər ki, Volodya bir müddət atası və analığıyla yaşasın. 1947-ci ildə Semyon Vladimiroviçi alman şəhəri Ebersvalda hərbi xidmətə göndərirlər, oğlu və həyat yoldaşı da onunla birgə Almaniyaya yola düşür.
“Ata, sən onu niyə öldürdün”
Atası danışır ki, Vısotski uşaqlıqdan ürəyiyumşaq və mərhəmətli idi: “Bir dəfə ovda dovşan vurmuşdum, evə gətirəndə Vova kədərlə baxdı, baxdı və birdən dedi:
– Ata, sən onu niyə öldürdün?
Bir dəfə isə Volodyaya ovda vurulmuş dağkeçisi dərisindən çəkmə tikdirdik. Vova geyinməmək üçün min cür bəhanə axtardı:- Yox, ayağımı sıxır, rahat deyil…
Onun vurulmuş dağkeçisinə rəhmi gəlirdi.
Ad günündə ona velosiped almışdıq, bu, Volodyanın çoxdankı arzusu idi, o isə bir az sürəndən sonra onu qonşu alman uşağına verdi:
– Ata, sən sağsan, onun isə atası yoxdur…
Nə deyəcəyimizi bilmədik…”
“Uşaqlıqdan ədalətsizliklə barışmırdı” sözləri Vısotskinin “Mən sevmirəm ki” məşhur şeirini yada salır. O şeir ki, orda insanlığın sadə və böyük həqiqətlərindən danışılır. O şeir ki, onu deyəndə ayağa dururdu, “belə şeirləri ayaqüstə demək lazımdır”- deyirdi…
“O, insan ayağı dəyməmiş torpaqları kəşf etdi”
MXAT-dan sonra Vladimir Vısotski bir neçə teatr dəyişir və nəhayət, öz “evini” tapır. Bu, Taqanka teatrı idi. Məşhur rejissor- o, həm də sərt adam kimi ad çıxarmışdı,- Yuri Lyubimov həmin görüşü belə xatırlayır: “Volodya mənə öz mahnılarını dinləməyi təklif etdi, mən razılaşdım və ona 5 dəqiqə ayıracağımı söylədim, amma saat yarım bu mahnılardan ayrıla bilmədim.”
Vladimir Vısotski Taqanka teatrında unudulmaz rollar oynayır: Qaliley, Puqaçov, Lopaxin və əlbəttə ki, dünyanı sarsıdan Hamlet… Bu obrazla onun arasında ümumi nəsə vardı. O da Hamlet kimi, həyatn o biri üzünə baxmağı sevirdi…
Yuri Lyubimov Vısotskidəki potensialı qiymətləndirir, ona fərdi yanaşırdı. O, hamı kimi deyildi. Vısotski səhnəyə çıxan kimi onun şıltaqlıqları da, pis vərdişləri də hamı tərəfindən unudulurdu.
İnternet saytlarının birində Yuri Lyubimovun bir neçə il əvvəl lentə alınmış (rejissor 2014-cü ildə dünyasını dəyişib) müsahibəsini dinlədim. Onun səsində ağrı da var, təəssüf də. Əlbəttə ki, Vladimir Vısotski haqqında ağrısız danışmaq mümkün deyildi: “Mən onun Marseldə oynadığı “Hamlet”ini görmüşəm. O heç vaxt belə oynamamışdı. Heç kim heç vaxt belə oynamamışdı. Bu, qeyri- adi bir sənət idi… O, elə bil mətni özü yazmışdı və həm də elə indicə, tamaşaçıların gözləri önündə…Vaxt keçdikcə o da, mahnıları da daha müdrik, daha da dərin olurdu…”
Vısotski mahnılarını əksərən filmlərə yazırdı və maraqlıdır ki, bu mahnıların miqyası o filmlərdən də xeyli böyük olur və müstəqil həyatını yaşayırdı. Elə bil, onlar ekranın yanından ötüb-keçir və adamlara doğru gəlirdi.
Vısotski o insanlardan nəğmələr oxuyurdu ki, onlar situasiyanın lap kənarındaydılar, elə bir yerdə ki, bir andan sonra uçuruma yuvarlana, ölümlə üzləşə bilərdilər. O adamlardan ki, onların həyatında nəsə qırılıb, yarı yolda qalmışdı…
“O, insan ayağı dəyməmiş torpaqları, bizim lap ikiaddımlığımızda olan torpaqları kəşf etdi,”- deyirdi – Yuri Lyubimov. — O, həyatdan küsmüş insanları yaşadırdı, deyirdi, dön ətrafa bax, axı hər tərəf poeziyadır! O, sadə həqiqəti mahnılarında vəsf edirdi, o həqiqətləri ki, biz bilirdik, amma onlara tərəf baxmağa qorxurduq… Amma o, qorxmadı”.
“İllər keçdikcə, o, daha da dərin, daha da müdrik olurdu…” Yuri Lyubimovun öz müsahibəsində xüsusilə bu məqamları təkrar etməsi nəzərimdən yayınmadı. Çox əzazil adam kimi tanınan bu böyük sənət xadiminin söhbətindən duyulurdu ki, Vısotskinin itkisi bəlkə də onun həyatının ən böyük itkisidir və indi, üstündən onilliklər keçəndən sonra da, bundan təəssüf və kədər hissi ilə danışır…
Deyirlər, Vısotski harada olursa-olsun,- ucqar əyalətdə, ya hansısa böyük şəhərdə,- və kimin qarşısında çıxış edirsə etsin, özü ilə bağlı suallara çox “xəsisliklə”, təvazökarlıqla cavab verirdi. Amma teatr haqqında isə, əksinə, böyük məmnuniyyətlə söhbət açırdı. Məsələn, o, hiss edirdi ki, ucqar bölgədə yaşayanlar Taqanka teatrına, çox güman ki, düşə bilməz, (moskvalılar özləri bilet almaq üçün aylarla növbəyə dururdular), onlar üçün teatrın səhnələrini, dekorasiyalarını incəliyinə qədər təsvir edirdi. O, xalqın “adamı” idi.
“Biz elə istəyirik ki, ölməyək, eləcə yuxuya gedək”
25 iyul 1980-ci ildə böyük aktyor Vladimir Vısotski 42 yaşında dünyasını dəyişdi. Vısotski həmin o günün yaxınlaşdığını hiss edirdi. Ona görə, 1979-cu ildə “Görüş yerini dəyişmək olmaz” filminə çəkilməyə razılıq vermirdi: “Onsuz da həyatımın sonuna az qalıb, onun da bir ilini çəkilişlərə sərf etmək istəmirəm”, – deyirdi.
Onun ən yaxşı mahnıları həyat haqqında idi. Bu mahnılar bu gün də insanların yaxın dostudur. Bu mahnılarda elə bir güc var ki, insanları yaşadır, onlarla birgə həyatın tragik suallarına cavab axtarır. “Biz elə istəyirik, ah necə də istəyirik bunu; ölməyək, eləcə, yuxuya gedək,”- şeirlərinin birində yazırdı Vladimir Vısotski. O da, eləcə, yuxuya getdi. Ya da, hamı elə zənn etdi…
aydınyol.az
Yazıya 965 dəfə baxılıb