Hicran HÜSEYNOVA — O BÖYÜK XOŞBƏXTLİK (pritça)

 

İlin sevimli çağlarıydı: mart, ya da aprel səhərləri. Üzündən mavilik yağan göy də, yaz havasına oyanıb çiçəyi çırtdayanHicran_Hüseynova ağaclar da sevinir, deyib-gülürdü. Yolçu da gülümsəyirdi, şeh paltarlı otlar ayaqlarına toxunduqca sevinir, ürəyi atlanırdı.
Əlini yaxınlıqdakı tumurcuq bağlamış cavan ağaca uzatdı, mehribanlıqla budaqlarını sığallayıb isti kəlmələr pıçıldadı və bu an fikirləşdi ki, bəlkə də, o xoşbəxtdir. Amma yenə, elə bu anın özündə fikirləşdi ki, bütün bunlar anidir, həm də çox ani. O, xoşbəxtliyin özünü tapmalıydı, tapıb əlinə götürməli və ömrü boyu (ya heç olmasa yarım ömür) bunu hiss etməliydi…
Yolçu yoluna davam etdi. Amma bu yol bir kəlmədə ifadə olunası yol deyildi; ayları, illəri oğurladı yolçunun ömründən bu yol. Rənglər, fəsillər dəyişdi o, yolda olduğu illərdə. Bayramlar, matəm günləri dəyişdi təqvimlərdə, dəyişdi tarixlər də, dəyişdi təqvimlər də. Yolçu da dəyişdi bu illərdə – saçlarına qar yağdı, gözlərinin parıltısı, əllərinin hərarəti azaldı, ürəyisə qocalmadı. İllər ötdü, xoşbəxtliyi tapmaq ehtirası bir az da gücləndi yolçuda. “Yolçü yolda gərək” deyib davam etdi yoluna.
Yenə aylar, illər ötdü, sevgilər, ayrılıqlar yaşadı yolçu, uğurlar, uğursuzluqlar sıxdı əlini. Bir az da daşlaşdı ürəyi, bir az da bərkidi əlləri.
Və günlərin bir günü… adi günlərdən birində adi bir adamdan qeyri-adi söz eşitdi: “Sən ki xoşbəxtlik diyarındasan, bir aşağı baxsana, əyilib götürsənə!”.
İlahi, ayaqları altındaydı xoşbəxtlik,.. o böyük xoşbəxtlik!
Amma onu götürmək üçün hökmən əyilmək lazım idi… soruşma ki, o nə etdi?
… Yolçu yoluna davam etdi.

Yazıya 799 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.