yaxud Mirzə Cəlil müasir deyilmi?
Ümumtəhsil məktəbləri üçün yazılmış yeni ədəbiyyat dərslikləri son vaxtlar mətbuatda tez-tez tənqid olunur. Yazı müəllifləri dərs kitablarında yer almış ədəbi mətnlərin bədii cəhətdən aşağı səviyyədə olduğunu bildirirlər. Biz də bu fikirdəyik ki, yeni proqram əsasında tərtib olunmuş ədəbiyyat kitabları yararsızdır. Kurikulum adlandırılan təlimin əsas tələblərindən biri dünya elminə, qlobal dəyərlərə inteqrasiya olunmaqdır. Dərslik müəllifləri yeni pedaqoji tələbləri reallaşdırmaq adı ilə xalqın min illərlə yaşatdığı bədii nitq və düşüncə mədəniyyətinə sayğısızlıq nümayiş etdirirlər. Bu, çox ağrılı və indi bu məqaləyə aid olmasa da, onun yazılmasına səbəb olan mövzudur. Çünki hər dəfə dərslik problemi araya gələndə böyük ədibimiz, gözəl nasirimiz Cəlil Məmmədquluzadə yadıma düşür. Amma hələ ki məktəbdarlarımızın yadına düşməyən, ömrünün on ilini müəllimliyə həsr etmiş yazıçı bədii nəsrində, felyeton və məqalələrində uşaqların da həyat sürdüyü bir sosial mühitin, zəmanənin tələb və ehtiyaclarına biganə qalmamış, doğma dilimizin çox dadlı ləhcəsində bir-birindən maraqlı əsərlər yazıb-yaratmışdır. Mirzə Cəlilin “İki alma” hekayəsi ilə fikirlərimi davam etdirmək istəyirəm.
Bir balaca uşağın əlindəki iki almadan birini özü yaşda dilənçi uşağa bağışlaması hekayənin fabulası hesab oluna bilər. Olduqca şirin bir təhkiyənin qalan hissəsi müəllifin təsvirlərindən və mühakimələrindən ibarətdir. Bu kiçik əsərdə təqdim olunan üç obrazdan biri hadisəni söyləyən birinci şəxs – ata obrazı, onun “balaca oğlum” dediyi öz övladı və bir də tramvayda rast gəldikləri yetim, dilənçi rus uşağıdır. Əsərin müasirliyi mətndəki təsvirlərdə, onun hər bir detalında, nəhayət, qoyulmuş problemin özündədir. Dilənçiyə pul vermək lazımdır, ya lazım deyil. Bu mülahizələr hekayədə xüsusi yer tutur və oxucunun da düşüncəsini məşğul edir. Bu elə bir həyat fəlsəfəsidir ki, hər zaman insanların fikirlərində yer ala bilir.
Bir qəpik pul istəyən yetim bir uşağa pul verə bilməməyin bir səbəbi atanın cibində xırda pulun olmamasıdır. “Cibimdə ancaq bir abbası gümüş pul var idi”. Uşağa pul verə bilməmək əhvalı və bunun nəticəsində meydana çıxan mülahizələr hekayənin ən maraqlı cəhətlərindən sayılmağa layiqdir. Çünki bu cür analitik təhlillər və daxili polemika məktəbli oxucu üçün də düşünməyə və rəy bildirməyə stimul yarada bilir. “Ancaq sözün həqiqəti budur ki, bu günkü dilənçi uşağa bir qəpik verməməyim məni burada xarab etdi; o səbəbə xarab etdi ki, haman dilənçi uşaq yaşda mənim atalı və analı oğlum, əyni-başı təzə, qarnı tox, bu saat burada mənim sağ tərəfimdə məndən incimiş oturmuşdu ki, niyə mən ona konfet almadım, ancaq iki alma aldım”. Bu cür müqayisəli təsvir-təqdim metodu Mirzə Cəlil qələminə xas mühüm əlamətlərdəndir.
Vaqon tərpənib yola düşəndə yerdə həmən yetim, dilənçi uşağın qırmızı almanı “gəmirtləyib yeməsinin” şahidi oluruq. Məlum olur ki, “… mənim bir balaca oğlum iki almasının birisini bir yetim uşağa verdi…” Hekayənin başqa yerində yazıçı yenə qeyd edir: “Filosofiya aləminə gəldikdə qeyriləri dilənçiyə küçədə ianə verməyi necə başa düşürlər düşsünlər və insaniyyət mütəxəssisləri bu məsələni nə tövr həll edirlər etsinlər, ancaq mənim bir balaca oğlum iki almasının birisini bir yetim uşağa verdi”. Müəllif atanın dili ilə bunları da əlavə edir ki, ola bilsin, oğlu gələcəkdə fəlsəfə elminin, ictimai rəyin reallıqlarını nəzərə alaraq küçədə dilənənlərə pul vermək və verməmək barədə düşünsün və bəlkə, heç dilənçiyə pul verməsin. Amma hələ ki onun oğlu uşaqdır, “bu işləri başa düşmür”.
Valideynlə övlad arasında münasibətlər necə olmalıdır sualına da cavab verən əsərdə yer alan nüanslardan biri yazıçının müəyyən məsələlərə eyhamla münasibət bildirməsidir. Məişət, cəmiyyət problemlərinin təkbaşına deyil, yazıçı və oxucu əməkdaşlığı şəraitində həllinə meyil çox faydalı yoldur. “Bir dənə qırmızı alma öz-özlüyündə bir şey deyil; onun qiyməti iki qəpikdir və yeyib qurtarandan sonra heç bir şeydir. Amma mənəvi işlərdə bir almanın dəyəri ola bilər çox böyük olsun. O qədər yüngüllük və könül xoşluğu ki, burada iki qəpiklik almadan mənə gəlib çatdı, nəhayət dərəcədə idi”.
Kim nə deyir desin, bir uşağın başqa birisinə bir alma bağışlamasını dəyərləndirməmək əbləhlikdir. Bir dənə alma təkcə keçmiş dövrdə yox, elə indi də uşaq üçün qiymətlidir. Doğrudur, hazırda ölkəmizdə hər il yüz min tonlarla meyvə istehsal olunur və bir tərəfdən də alma ildən-ilə ucuzlaşır. Hətta ola bilər ki, xalq meyvəni sata bilməyib, aparıb suya axıtsın. Amma yenə də uşağın əlində almanın dəyərinin misli-bərabəri yoxdur. Azərbaycan kəndlisinə əgər hökumət insafa gəlib kömək əli yetirərsə, yüksək standartlı Quba almasını avropalı qızıl pulla gəlib alıb ölkəsinə aparacaqdır, mütləq aparacaqdır. O da var ki, həmin “İki alma”nın bərəkətindən Azərbaycan məktəblisinə də yaxşı pay düşür, hələ inteqrasiya olunmaq istədiyimiz avropalıya da…
Yazıya 1073 dəfə baxılıb