-Kamal… Kamal…
Əllərini çarpaz alnına qoyub yatmağı sevirdi. İndi də əllərini üzünə sürüşdürüb gözlərini açdı. Narazılıqla onu oyadan bacısına baxdı…
-Həəə…
-Qadasın alım, işə gecikirəm. Yatıb qalmışam. Nəzrini bağçaya apar, nolar…
Kamal bacısına o qdər narazı nəzərlərlə baxırdı ki… Elə bil, axşam işdən çıxdığı yerdə “xəstə var”-deyə onu geri çağıran da, avtomobili sərxoş idarə edib divara çırparaq yaralanan “xəstə” də elə bacısı olmuşdu… Bütün gecəni xəstənin yanında olmuşdu. Cərrahiyyə əməliyyatı cəmi 40 dəqiqə çəksə də 24 yaşlı oğlanın vəziyyətinin stabilləşdiyini gözləmək lazım gəlmişdi. Hətta, gözləri yumulu, rəngi kağız kimi ağarmış həmyaşıdına baxaraq düşünmüşdü ki, anası demiş, nə yaxşı vaxtında oxuyub, “adam” olub…
Səhər 7-də evə gəlmişdi. Özünü çarpayıya çatdıranda dünyanı unutmaq istəmişdi. İndi bacısı qarşısında azca günahkar baxışlarla sanki ona yalvarırdı. Başıyla gedəcəyini bildirib gözlərini təzədən yumdu. Nəzrin böyük qardaşının qızı idi. Qardaşı Rusiyaya getmişdi işləmək üçün. Vaxtında dərsdən qaçıb “qız güdmüşdü”… İndi də yoldaşına qapıdan çıxmağı qadağan edib Rusiyadan ayda bir dəfə pul göndərməklə ailə qarşısındakı məsuliyyətini tamamlayırdı. Bacısı kitabxana müdiri idi. Saat 10-da işdə olmalıydı. Deməli, saat hardasa 9-u keçmişdi ki, bacısı belə tələsirdi. Ərincək halda gözünü hərləyib saatını axtardı. Yadına düşdü ki, yorğunluqdan saatını heç qolundan açmayıb. Saat 10–işləmişdi. Nəzrin də bağçada 10-da olmalıydı. Adətən, bacısı Nəzrini bağçaya qoyub ordan işə gedərdi.
Kamal qalxıb hazırlaşdı… Balaca Nəzrinin əlindən tutub bağçaya apardı. Yolboyu düşüncələri yenə qarışmışdı. Uşaqlıq sevgisi Sevda, gecə yaralı gələn oğlan, qardaşının gözü telefonda qalan yoldaşı…
Bağçanın həyət qapısı açıq idi. Nəzrin əmisinin əlindən qopub binanın taxta qapısınacan qaçdı. Kamal dayanıb uşağın arxasınca baxırdı. Nəzrin necə də atasına bənzəyirdi. Yerişi də ləngərli idi…
-Nəzrinim? Tək gəlmisən?
Diksinib səs gələn tərəfə baxdı. Və sanki başqa dünyaya düşdü… İri, mavi gözlər, nazik, narııncı rəngə boyanmış dodaqlar, mütənasib bədən… Və ağ gülləri olan yaşıl don… Kamal özünü toxtadıb irəli yeridi:
-Salam. Nəzrinin əmisiyəm…
Qız azacıq gülümsədi. Sol əlini irəli uzatdı:
-Mələk… Nəzrinin müəlliməsi…
-Tanışlığımıza şad oldum.
-Mən də…
Mələk boynunu azacıq yana əyib diqqətlə Kamalı süzdü. Tez də baxışlarını Nəzrinə yönəltdi:
-Bilirsiz, Nəzrin gələcəyin rəsamıdır… Elə gözəl şəkillər çəkir ki…
-Bilirdim… Evdə rəngli qələmlər daim ayaq altda qalırsa, deməli, gələcəyin dahi rəssamı ilə bir evdə yaşayırıq, Mələk xanım…
Hər ikisi qəhqəhə çəkdi. Mələk əllərini Nəzrinə uzatdı:
-Gəl, Nəzrinim… İçəri birlikdə gedək.
Kamal yalnız indi qızın sağ əlinin sarıqlı olduğunun fərqinə vardı.
-Bir dəqiqə… Əlinizə nə olub?
-Şüşə kəsib…- Mələk könülsüz cavab verdi. Nəzrinlə birgə qapıya yönəldi.
-Mən həkiməm. Baxa bilərəmmi?
Mələk qapını açıb Nəzrini içəri ötürüb geri döndü.
-Buyurun… Həkim olduğunuzu bilirəm. Nəzrin evdəkilər haqda danışmağı xoşlayır.
Kamal sarğını açıb Mələyin yumşaq əlini ovcuna aldı. Şüşə şəhadət barmaqdan azca aşağını, qızın ovcunun içini kəsmişdi. Yaranın təmiz yuyulmadığı açıqca görünürdü. Üstəlik, belə dərin yaraya mütləq cərrahi müdaxilə lazım idi.
-Bəlkə xəstəxanaya gələsiz? Orda daha yaxşı müalicə edərək. Yoxsa infeksiya keçə bilər–Kamal diqqətlə Mələyin üzünə baxdı.
-Eləmi?…-Qızın gözlərindən qorxu boylanırdı…-Onda bir saatacan gələrəm…
-Mütləq gəlin, gözləycəm…
-Gələcəm…
Mələk tələsik nigaran halda içəri girdi. Kamal bayaq evə qayıdıb yatmaq istəsə də indi birbaş xəstəxanaya yollandı. Hər şeyi hazır qoyub Mələyi gözləməyə başladı. Heç bir saat olmamışdı ki, Mələk gəldi. Kamal onun yarasını yuyub dərman qoydu. Hər gün eyni vaxtda xəstəxanaya gəlib sarğını dəyişdirmək lazım olduğunu dedi. Mələk narahatlıqla əlinə baxıb razılaşdı. Sağollaşıb xəstəxanadan çıxdı. Kamal xalatını soyunub səbirsizliklə qapıdan çıxanda tibb bacısının ona maraqla baxıb gülümsədiyini gördü. Ancaq özünü görməməzlyə qoydu. Mələyin arxasınca küçəyə çıxıb onun hansı səmtə getdiyinə baxdı. Qız xəstəxananın darvazasından azca aralı ağacın altında dayanmışdı. Telefonuna nəsə qeyd edirdi. Kamal darvazanın küncünə qısılıb qızı seyr etməyə başladı. Düşündü ki, indiyədək belə hisslər yaşamayıb… Elə bil dünyası bu qıza bağlı idi və uçulub tökülə bilərdi… Bu gözəlliyin qarşısında özünü aciz də sayırdı. Axı, burda, darvazanın arxasında gizlənmək onun-rayonun məhşur cərrahının nəyinə lazımdı ki? Heç Sevdanı belə titrək həyəcanla süzməmişdi… İçində hansısa hisslər bir-birinə qarışmışdı… Gözlərinin önünə yaşıl donlu bir Mələk gəlmişdi… Və yeni dünya qurulmuşdu artıq deyəsən beynində… Yeni bir dünya… Mələklə bir ömür… Bir ömür… Öz uşaqlarını da Nəzrin kimi bağçaya aparır… Amma, bu dəfə üçü bir gedir… Qızları, anası Mələk, atası Kamal… Sonra oğulları olur… Onun tünd göy rəngli məktəb çantasının üstündə “Ben 10″ yazılıb…
Kamal xəyallarının qucağında elə gülümsəyirdi ki… Bu an dünyanın ən şirin hisslərini yaşayırdı… Ülvi ümidləri…
Avtomobildən gələn gur musiqi ətrafa yayılırdı. Kamal bir addım irəli atdı. Boz rəngli “Mercedes” markalı avtomobil düz Mələyin bərabərində dayanmışdı. Gözündə eynək olan oğlan Mələyə baxıb gülümsədi, qapını açıb yerə düşdü. Kamal hirslə özünü qıza çatdırdı. Onu içəri qaytarmaq, bu oğlanın payını vermək istəyirdi. Qoy həddini bilsin ki, hər qızın yanında avtomobil saxlayıb söz atmaq olmaz!
Elə Mələyə çatmağa bir addım qalmışdı ki, oğlanın səsini eşitdi:
-Mələyim… Elə nigaran qalmışdım ki… Niyə mənə demədin, özüm gətirərdim səni? Sən deyən kimi işdən icazə alıb qaçdım…
Kamal dayandı… Hiss etdi ki, daxilində bir istilik boğazına qədər qalxdı, hulqumunda kilidləndi… Tüstüsü gözlərində yaşa dönüb axacaq indi…
-Kamal?
Yalnız indi Mələyin sualedici baxışlarını gördü… Özünü tox tutmaq istədi:
-Mən… gəldim deyəm ki, sarğını dəyişəndə mən olmasam da olar. Tibb bacısına tapşıraram, o dəyişər…
-Çox sağ olun…-Eynəkli oğlan cavab verdi.- Bu arada, tanış olaq, Mələyin həyat yoldaşı Azər…
Oğlanın uzanan əlini tutmaq Kamala elə çətin göründü ki… Amma, tutdu… Özünü ümidlərindən asdığı an sanki bu əl onu çəkib reallığa qaytardı:
-Şadam… Mən də… -özünü necə təqdim etməyə tərəddüd etdi.
-Nəzrinimin əmisi, Kamal həkim…-Mələk gülümsədi…
-Çox şadam… və minnətdaram sizə, Mələyimi qoruduğunuz üçün…
Kamal başını tərpədib əlini yellədi. Geri dönüb xəstəxanaya tərəf addımladı… Yalnız avtomobilin uzaqlaşıb getdiyini görəndən sonra dayandı… Küçədən qalxan toza baxıb düşündü:
-Mələkli ümidlər nə gözəl idi… Yalan idi… Amma, ən gözəl yalan idi…
Yazıya 691 dəfə baxılıb