“ÇƏPƏRLƏMƏLƏR DÖVRÜNÜN MƏĞLUBİYYƏTİ”

bextiyar(hekayə)

Həftədə bir “boş gün”, o da irah ola qoyun  sirəsinə. Bax Nəsimi müəllim belə baxtın yiyəsi idi. Necə deyərlər, zaman o zaman idi ki, Acıdərənin xalq çobanı olmuş Nurməmmədin bir sözü qalmışdı dillərdə:

-Bə mən ölüb gedirəm, bu kəndin qoyunlarını kim otaracaq?

  Indi kəndin qoyunlarını otaracaq o qədər müəllim, həkim çıxmışdı ki orytaya. Nurməmməddən sonra bir müddət yeri boş qalmadı- dul qalmış qızı yığdı sürünü, qoyunbaşına ayda iki manat qiymət kəsib apardı otarmağa. Amma bu çox qısa  oldu, başçının müavini Teymur müəllim kəndin torpağını işğal edə- edə örüşlərə sahiblndi və Nurməmmədin dul qalmış qızı da çobanlığın daşını atdı. O vaxt Teymur müəllim rayona seçki təbliğatına gəlmiş ölkənin baş prokuroruna Acıdərə haqda tərifnamələr də söyləmişdi- yoldaş baş prokuror, bu kənddə bir nəfər də müxalifətçi yoxdu.

 Baş prokuror da əlini əlinə vurub alqışlamışdı bu hal-qərziyyəni.

Bundan bir qədər sonra Teymur müəllim Acıdırı haqda yenə söz demişdi. Nurməmmədin dul qızının çobanlıq etməsini eşidən Teymur müəllim ilan kimi quyruğunun üstünə qalxmışdı:

         Əşşi, bu Acıdərədə bir kişi yoxdumu ki, dul arvad çobanlıq edir? Bunlar necə millətdi ya rəbbb? Kənddə çoban da qalmayıb.

 Bu söz onda bir qədər xətrinə dəymişdi Nəsimi müəllimin. Amma baş prokurora deyilən söz- ( yoldaş baş prokuror, bu kənddə bir nəfər də müxalifətçi yoxdur) heç xətrinə dəyməmişdi. Hətta bir qədər sevindirmişdi də onu. Demək əvvəllər müxalifətdə olması tamam yaddan çıxmışdı. Tələbə vaxtı necə olmuşdusa qoşulmuşdu müxalifətə. Sonra da rayona qayıdıb müəllim işləyəndə bu hal- qərziyyə üzə çıxmışdı. Gurultulu bir bəyanat vermək məcburiyyətində qalmışdı. Onda heç fərqinə də vrmamışdı rayonda  hakim HRR (Hərtərəfli Radiakl Rifah) partiyasının sədri Teymur müəllimin qonşu rayonun  HRR-çıları ilə yarışa girdiyinin. Sanki  üzüm yığımı idi və yaxud da pambıq pripiskası.

   Teymur müəllim onu azacıq da olsa tanıyırdı. Nəsimi müəllimin şairliyi də vardı və hərdən rayon şairlərinin şeirlərini oxuyan Teymur müəllim onun əvvəl imzası ilə, sonra da Novruz bayramı tədbirində özü ilə tanış olmuşdu. Hələ cavanları dinləyən Teymur müəllim onları qırağa çəkib yaradıcılıqları haqqında söz də demişdi:

-Sizi kimi yazarlara da nəsə viaqra lazımdı yazmaq ehtirasınızı qaldırmaq üçün. Bu nə şeirlərdi yazırsınız?

Teymur müəllim özü də ara- sıra şeirlər yazırdı. Amma kimi də deyirdi ki, Teymurun əvəzindən şair Məsmalı yazır o şeirləri, şair Bəhəddin yazır o şeirləri. Düzünü isə bilən yox idi. Bilinən o idi ki,  Teymur müəllimin saray şairləri də vardı . Nəinki saray şairləri- bir şaha, sultana nə lazım idisə, Teymur müəllimdə var idi. Yaltaq əyan- əşrəf də, hərəmxana da, cəlladlar da, xəzinə də, xəzinədar da, ucsuz- bucaqsız torpaqlar da, silah- sursat da, şan- şöhrət də.

 Son 23 ildə Oğuzdərə elinin 10-dan çox başçısına müavinlik etmişdi Teymur müəllim. Hər gələn başçı onunla hesablaşmalı idi, yoxsa gurumgumbaz gedərdi. Hətta elə başçı olmuşdu Teymur müəllim döymüşdü onu. Bəzən isə öz qoçularına döyürmüşdü Teymur müəllim sözünə baxmayan İcra Başçılarını. Rayonda iki şadlıq sarayı, ondan çox restoranı, ondan çox qoyun yatağı, yüzlərlə mağazası, daş karxanaları, taxta sexləri, hektarlarla əkin sahələri, Kürqırağı Tuqay meşələrində onlarla kömürxanası, ərik bağları , alma bağları vardı Teymur müəllimin. Qılıncının dalı da kəsirdi qabağı da- qabağında durmaq mümkün deyildi. Bu rayonda hər şey onun əlində idi- rayona gələn xaricilər də onun qılıncının altından Yalıncıq kimi keçməli idi. Belə olmasa dünya miqyaslı qaz kəmərləri, neft kəmərləri Oğuzdərə rayonu ərazisində əyilməzdi- nədi- nədi Teymur müəllimin torpaqlarından keçsin və kompensasiya da Teymur müəllimə qalsın. Yoxsa ac, gicəmi qalasıydı hökumətin pulu?

Hətta rayon ərazisindən keçən İpək yolu da ilan kimi qıvrılırdı- Teymur müəllimin torpaqlarından bir neçə dəfə keçirdi. Deyirdilər xaricilərin ağzını pulnan yumur Teymur müəllim. Özümüzünkülərin də ağzını gülləylə yumurdu zalım oğlu.

 Indi də Acıdırınin torpaqlarını ələ keçirmişdi. Və beləcə də Acıdırədə heyvandarlıq arxaik sənət növünə çevrilməkdə idi.

 Bir ayağı anadangələ gödək idi- bu üzdən  ayağını çəkirdi. Bu üzdən Topal Teymur deyirdilər ona. Amma əvvəllər zəhləsi gedərdi bu sözdən- qulağına çatsa ki kimsə belə deyib, çağırıb cəzalandırardı.   Topal Teymurun necə böyük adam olduğunu biləndən sonra isə, özünə də ləzzət edirdi bu ad-Topal Teymur. Ixtisasca tarixçi olsa da , Teymurun kimliyini tarixdən yox, öz şadlıq evinin ali təhsilli canlar alan ofisantının söz- söhbətindən eşitmişdi. Teymur müəllim hətta tarix üzrə elmlər namizədi adı da almışdı- di gəl açdığı qız üzü qədər kitab üzü açmamışdı. Elə o ofisant da həmin qızlardan biri idi. Amma adam sonralar belə qızları ərə verib toyuna da kömək edirdi.

 Daha yerişini də dəyişmişdi- “Nəsimi” filmindəki Topal Teymur kimi yeriyirdi- özünü daha çox axsaq göstrirdi. Hətta səsini də dəyişmişdi- rəhmətlik Yusif Vəliyevin səsinə oxçatmaq istəyirdi səsini

         

 

 Bu arada isə, boş günü qoyun sirəsinə düşmüş Nəsimi müəllim taleyinə lənətlər yağdırırdı- Gərək ya tarix, ya da riyaziyyat, fizika müəllimi olaydım deyirdi- heç olmasa uşaq hazırlayardım. Yoxsa  bədən tərbiyəsi müəllimi, hamı da  “gərnəşmə müəllimi”deyir. Əclaf dəqiq fənn müəllimləri də bunu da mənə çox görür- sənə nə var, topu uşağın qabağına atıb fırlanırsan özünçün. Biznən də bir pul alırsan. Əsəbin yerində, hesabın yerində.  Elə bilirlər top oynatmaq asan işdi.

 Dünya çox qəribədi e, bədən tərbiyəsi müəllimləri tarix müəllimi olmaq istəyir,tarix müəllimi də bədən tərbiyəsi. Çox qəribədir.

 Sürünün ağzı “Qara Çal” deyilən yerə tərəf düşmüşdü. Bir azdan sürünün ağzını geri qaytarmaq lazım idi- Teymur müəllim oraları öz yeni yatağına qatmışdı. Bu yatağa “Yetimlər yatağı” deyilirdi el arasında. Çünki…

 

  Bunun niyəsini bilmək üçün əvvəla gərək təqvimi yaxşı biləsən. Təqvimdə nə qədər bayram olduğunu yaxşı biləsən. Daha sonra da Oğuzdərə rayonunun kəndlərinin sayını biləsən. Daha sonra da Oğuzdərə rayonunda nə qədər idarə, müəssisə var onu biləsən. Ən sonda da onu biləsən ki,  Oğuzdərədə nə qədər sahibkar var. Və sonra hər bayramda bu sadaladığımız aidiyyətli qurumların hərəsinin şəhid ailələri, müharibə əlilləri, əhalinin kasıb təbəqəsi üçün bayrampayına öz töhfəsini verməli idi. Yəni hərəyə ən azından bir quzu, bir toğlu. Bunu da ümumiyə vuranda ildə  az qala iki minə qədər heyvan edirdi. Bu iki min heyvanın da uzağı- uzağı yüzü kəsilərdi. Qalanı yığılıb aparılırdı Teymur müəllimin yatağına. Bir növ Teymur müəllim şəhidlər, əlillər üçün qoyun-quzu yöğaraq öz təsərrüfqtını artırırdı, öz bayramını edirdi.

 

Teymur müəllim həm də itbazdı. Hər yataqda 4-5 cırımdartan iti vardı. Hərdən yataqlara baş çəkib öz itlərinin tamaşasına durardı Teymur müəllim. Bu itlərin də əsas qidası- eşşək əti. Teymur müəllimin sayəsində daha rayonda eşşəyə gərək qalmamışdı- eşşəkdən harda istifadə olunası idi ki- sahə qalmayıb ot gətirəsən, bulaq qalmayıb su gətirəsən ( təbii bulaqların hamısının üstündə Temur müəllimin restoranı, kafesi vardı), rayonda da qazlaşma başa çatıb, odun gətiməyə ehtiyac yox. Bir para əlavə ot- alaf yeyir eşşək. Buna görə də bazarda eşşək az qala toyuq qiymətinə gedirdi. Teymur müəllim də hər bazar çobanları göndərir mal bazarına- bir erkəyin qiymətinə 25-30  eşşək alınır. Yəni Teymur müəllimin maşınları bazara qoyun-quzu daşıyır, bazardan da eşşəklə qayıdardı.Yataqda cırımdartan itlər də bazar gününü səbirsizliklə gözləyir, az qala təqvimi əzbərləyirdilər. Elə Nəsimi müəllim də arada səbirsizliklə bazar gününü gözləyirdi- dərs hissə müdiri daim birinci saatlara salardı dərslərini- gərək səhər yuxusuna haram qataydı bu üzdən. Amma bazar günü rahatca yatırdı.

Topal Teymurun itləri eşşək ətinə öyrəşmişdi- rayonda kolbasaya eşşək verilmirdi. Bu idi Topal Teymurun ən böyük xidməti rayon camaatına.

Eşşəyin əti möhkəm olur. Eşşək əti yeyən itin dişi bu üzdən çox iti olur- it döyüşlərində amansız olur belə itlər. Əvvəllər eşşəyi güllələyib atırdı  itin qabağına Teymur müəllimin çobanları. Sonra itlər öyrəşdi güllə səsinə- güllə atıldımı eşşəyə cumurdular. Daha sonra gülləsiz filansız – ürəkli itlər cumdu eşşəyin üstünə. Beş- altı it eşşəyi elə beş- altı dəqiqəyə parçalayırdı. Hər bazar bir yataqda bu mənzərəni seyr edərdi Topal Teymur.

          –

 Bu arada sürü Qara Çala yaxınlaşmaqda idi. Amma Nəsimi müəllim pişik quyruğu ilə oynayan kimi telefonla oynamaqda idi- başı qarşışmış idi, kefi alışmış idi. Yutubu açmışdı- nəsə urcah olmuşdu it döyüşlərinə. Yutubda “Oğuzdere itleri” yazanda müəyyən kadrlar üzə çıxırdı ki, hardasa yüz minlərlə baxış vardı.  Amma Oğuzdərənin əsl şairi Yaralı Bəxtiyarın şeirinə isə 1 ildə 110 baxış olmuşdu.

  Bu da it döyüşü- çəkisi 90 kq olan ( bunu elan edirdilər- guya qaydasız döyüş  üzrə dünya çempionatıdı) bir qara, alapaça it. Adı da Rekert. Qabağına çıxan itin alt çənəsini dartıb qopartdı. Ikinci itin də sağ biləyini xıncam- xıncam elədi. Sahibi Məmməd adlı şəxs 50 min dolları götürüb itin də üzündən öpdü və hətta  “atam- anam sənə qurban a Rekert” də dedi.

                  –

             

  Bir də onda ayıldı sürü dirənib Qara Çala. Yüyürə- yüyürə özünü sürüyə yetirmək istədi. Amma sürünün özü geri qayıtdı- özü də necə. Sanki Topal Teymurun ordusunun qabağından qaçırdı hansısa məğlub ordu. Qoyun- quzunun hərəsi bir dərəyə edib çıxacaqdı. Sürünü qovan həmin “Yetimlər yatağı”nın  dörd iti idi. Qabaqda da bir qara alapaça it- hardasa eşşək boyda olardı. Qara alapaça iti görən Nəsimi müəllimin matı- qutu qurudu. Bu həmin it idi- 90 kq olan Rekert adlı it. Sonralar öz çəkisi ilə müqayisə edəcəkdi itin çəkisini- özü 57 kiloqram çəkiyə malik idi. Və sonralar biləcəkdi ki, itin əsl sahbi Teymur müəllim özü də çəkidə 90 kilodu.

 Çobanın səsini anşıra bildi- ayə, yerə yat, ayə, yerə yat.

 Və dizi üstə çökdü- əllərini də qaldırdı göyə. Bilmirdin dua edir, ya təslim olduğunu bildirmək istəyir. Itlər mırıldaşa- mırıldaşa ətrafında fırlanmağa başladılar. Bu anlarda sanki dünya da başına fırlanırdı. Daha sonra itlər gəlib bir- bir imsilədilər onu. Bu imsiləmə elə Nəsimi müəllimin altını batırması ilə eyni vaxtda oldu. Bəlkə də itlər buna görə imsiləyirdilər- Qara Çala yeni bir qoxu gəlmişdi, itlər o qoxu ilə tanış olmaq istəyirdilər. Çaban özünü yetirincə belə də davam etdi. Qara alapaça it qıçını qaldırıb Nəsimi müəllimin üz- gözünə, başına duzlu su da atdı. Və sanki bununla Nəsimi müəllim özünə gəldi, bununla üzünə su vurdular. Yutubda baxdığı bir kadr düşdü yadına- yeniyetmə tin uşaqları “panyatka söhbəti” edərək birini “neprav” çıxardıb da başına işəyirdilər.

Bu arada çoban özünü yetirdi. Çobanı da tanıdı- həmin 50 mini götürüb qara alapaça itə “atan- anam sənə qurban a Rekert” deyən adam idi.

Çoban itlərə acıqlandı- kopolunun mərətləri elə bil canavardı əə. Əkilin burdan!

Itlər dil bilirmişlər kimi aralandılar ordan. Çoban hələ də özünə gəlməmiş Nəsimi müəllimə:

         Allahsız, məni yazıqmı etmək istəyirsən? Qoysan bir qismət zəhərimizi yeyək, evimizə əppək aparaq?. Özümü yetirməsəm parça- parça edərdi e, səni alapaça it. Sonra da məni qovardı burdan Teymur müəllim. Vaxtım qızıldı mənim.

         Hayh..

         Bir də buralara qoyun gətirmə. Xataya salma özünü də, bizi də.  Booy, lap özünü batırıbsan ki, qoy uşaqlara tapşırım sənin qoyunlarına da baxsınlar. Gedək əyin- başını dəyiş.

 Çoban qaldırdı yerdən Nəsimi müəllimi. Haraylayıb o biri çobanları da çağırdı- bu yetimin də sürüsünə baxın, yatağa dəyib gəlirik.

Yataqda Teymur müəllimi üç hamam tikdirmişdi- biri qoyun- quzu üçün- yəni qoyun hamamı. Qoyun- quzunu dərmanlamaq üçün lazım olurdu. Biri çobanlar üçün, biri də özü üçün. Özü üçün olan hamam fin hamamı idi- saunası, parnoyu, parnosu, hər şeyi nizam.

 Çoban Məmməd zorla çoban hamamına saldı müəllimi. Alt paltarı da verdi. Hamamdan çıxan Nəsimi müəllim:

-Bağışa qardaş, o yutubdakı sənsənmi, 50 min pul götürürsən.

-Həə, Rekerti döyüşə aparmışdım. Teymur müəllim vəzifəli adamdı, gedib izləyə bilmir. Burdan çəkiliş göndərir, çəkib gətirirlər, o da ləzzətlə baxır. O 50 min manatdan da mənə cəmi 1000 manat çatdı. Qalanı Teymur müəlimin halal puludu.  it döyüşlərini də mən danışıram, mərci də mən razılaşıram. Teymur məni burdan qosa həftəyə min manatım batır. Bax, bir də buralara heyvan gətirmə, inan Teymur müəllim itə yedirdər adamı. O irəli Sallabaş kəndinin  qoyun eşşəyini də, beş-altı qoyununu da parçalamışdı itlər. Sallabaşın çobanları xəbər tutana qədər televizora verdirmişdi xəbəri- canavarlar filan kəndə basqın edib, xeyli də ziyanlıq vurub camaata. Sahədə yaralı eşşəyi, yaralı qoyun- quzunu çəkmişdi müxbirlər. Öz gözlərimlə gördüm. Bax, tutaq ki səni də it yedi- Teymur müəllim verəcək televizora. Guya canavar yeyib səni- qanın batacaq. Məndən deməkdi.

Bir də oralara qoyun aparardımı Nəsimi müəllim? Elə bazar günü qoyun- quzunu tökdü mal bazarına. Elə həmin Çoban Məmməd aldı qoyun-quzusunun hamısını bir yerdən. Daha onun qoyun-quzusu ağ günə çıxacaqdı. Xam yerlərdə otlayacaqdı.

 Bu hadisəni yavaş- yavaş unutmaqda idi. Amma bir də gördü kənddə Kor İldırım imza yığır. Teymur müəllim kəndin ayağındakı Şirinsu çayının ətrafını da öz torpaqlarına qatıb qaz ferması tikdirmişdi. Az qala Teymurun ordusu qədər qaz- ördək vardı fermada. Bununla da Acıdərə kəndinin daha bir qarış azad torpağı qalmamışdı. Kor İldırım da irəli düşüb camaata imza atdırmışdı- prezidentə məktub yazmışdı ki, bəs vəziyyət belədi, əziyyət də lap betərdi.

 Onda Nəsimi müəllimin köhnə yarası təzələnişdi. Teymur müəllimə qarşı nə qədər kini, nifrəti vardı yenidən üzə çıxmışdı və o da mətnin altına imza atmışdı. Həm də baxmışdı 40 ilin müəllimi Zakir müəllim də kağıza imza atıb. Zakir müəllim də daim ona- buna məsləhət verən adam. Yəqin o qədər də xatalı məsələ deyildi.

 Amma sən demə məsələ lap xatalı məsələ imiş. Teymur müəllim ikisini də təcili İcra Hakimiyyətinə çağırtdırmışdı.

Yol boyu Zakir müəllim Kor İldırıma söymüşdü.

         Kopolu saqqızımı necə oğurladı bilmirəm. Yoxsa mən qol çəkərdimmi? Mənim iki diplomum var, savadım öz yerində, oğlumun- qızımın tərbiyəsi öz yerində. Bu kəndin də xeyrindən- şərindən qalmamışam. Kimsəyə də pisliyim keçməyib. Ac olmuşam, quyruq acı olmuşam, daha bağır- öhvə acı olmamışam. Allah da mən tərəfdədi.

         Müəllim, bunlar öz yerində, bəs indi necə olacaq?

         Bilmirəm qardaşoğlu, bilmirəm. Allah Kor İldırımın evini yıxsın. Allah bilir neynəmək lazımdı- o kopolunun bir gözünü kor eləməsəydi indi dünyanı dağıtmışdı. Qurban olum Allaha- elə ona görə oğlunu xəstə yaradıb. Baxır a kişi, qurban olduğum göydən baxır. Adamın özünə eləməsə də balasının qabağına çıxardır əməllərini.

         Müəllim, onun balası anadangəlmə mayıfdı, bu öz yerində. Axı Kor İldırım kənddən ötrü eləyib elədiyini.

         Kiri əə, kiri. Savadın olsun bir az- topu uşağın qabağına tullayıb müəllimlik edəndə belə olur, dünyadan bir şey anlamırsan. Heç olmasa kinoya zada baxmırsanmı?

         Nə kino? Kinonun bura nə dəxli var?

         Qardaşoğlu, vallah bu Teymur müəllim qıladyodu, qıladyo.

         Nəəə?

         Qı-lad-yo, Qı-lad- yo. “Qurdlar Vadisi”ndəki qladyonun üzvüdü mən ölüm.

         Müəllim, o bir hayal ürünüdü.

         Eeh, nə hayal ürünü, bir bax gör dünyada nələr var dana. A kişi, adam o boyda Bakı –Ceyhan kəmərini əydirdi. O boyda İpək Yolunu 4-5 yerdən əydirdi. O boyda Baki- Supsa kəmərini əydirdi. Mənim canımçün bu adam ya qıladyodu, ya da masondu. Heç kimin gücü çatmır buna. Rayonda neçələrini öldürtdürüb. Baxarsan, bu gün- sabah Kor İldırımın da başını əkəcək. Mən gedib üzr istəyəcəm.

         Mən üzr zad istəməyəcəm.

         Ağlın olsun bala, sən hələ uşaqsan.

         

  Təzəcə təmirdən çıxmış otağında  öz əyan- əşrəfi ilə Acıdərə sakinlərini gözləyirdi Teymur müəllim. Kimlər ki Kor İldırımın məktubuna imza atmışdı- bu gün onun hüzurunda imtahan verməli idi.Bu arada Teymur müəllim öz əyan- əşrəfinə necə söz ustası olduğunu balabanda qandırmaqda idi:

         Bax, görürsünüzmü təzəcə bəzədilmiş bu otağı. Elə bil gəlin kimi bəzədilib lap. Tavan gəlinin başıdı, lüstur da tacı.  Aşağıdakı zeh boyunbağı sayıla bilər.

Bu arada yerdən “zeh nədi” deyə bir sual ünvanlandı.

-Necə yəni zeh nədi- gərək mən indi “kant” deyim, milli olun, milli.

Yerbəyerdən- bəh, bəh sədaları eşidildi. Teymur müəllim isə otağın tərifini yapırdı:

-Hə, pəncərələr gəlinin gözləridi, ağ divarlar  gəlinliyidi, döşəmə də ayaqqaısıdı. Bu otağı bəzəyən rəssam da parixmaxerdi mənimçün.

Və yenə bəh- bəh sadaları.

Daha sonra Teymur gəlin söhbətinin abşını buraxıb keçdi ərik söhbətinə:

         Bu il də ərik olmayacaq. Tanrı əriknən gözyağı yeyib də. Ərik lap olub deputat kimi. Beş ildən bir görürük üzünü a kişilər.

Bax belə yanıqlı- yanıqlı bir -iki cümlə söz dedi  Teymur müəllim.

Hamı güldü bu sözlərə. Və Teymur müəllimə:

-Sizdə də xoruz səsi eşitməmiş sözlər var- dedilər.

– Əşşi,bu nədi ee,  o dəfə imicmeykerim deyir Teymur müəllim, bəs kantofkanız düzəlməmiş  qalıb. Gərək götürdəsiniz kantovkanızı. Mən də dedim  ay bisavadlar, heç olmasa heyvanlar aləminə baxın, şirin boynu tüklü olar. Daha mən sizin kimi boğazıaçıq toyuq olmaram ki. Olsam onda mən Topal Teymurun heç kəsinti dırnağı da deyiləm ki.

Yenə əyan- əşrəf özünüün yaltaqlığını sübut etməkdə və bununla fəxr etməkdə idi:

         Teymur müəllim, siz dahisiniz, inanın bu sözləri heç bir filosof deməyib. Icazə verin sizin fikirlərinizi toplayaq, bir kitab çıxardaq. Hələ şeirlərinizi də daxil edək kitaba. Inanın Azərbaycan gəlinləri cehiz kimi ər evinə aparar o kitabları. Hələ o möhtəşəm şeirləriniz. Bəh- bəh- bəh, cəh- cəh- cəh.

         Əşşi, nə möhtəşəm? Indi bura bir şair gələcək, görün nə günə qalacaq. Amma indi çooox yuxarıdan gedir.

          

Bu arada acıdırılilər bir- bir “imtahan bileti” çəkməkdə idi. Ilk əvvəl də bilet çəkən oldu Nəsimi müəllim. Içəri daxil olan kimi Teymur müəllim:

-Bəs baş əymədiniz?

-Əymədim bəli, əyilməz vicdanın…

-Kiri görüm əə, qorxmursan heç?

– Qorxaq, qorxmaz insan yoxdu, var cahil insan, kamil insan. Kamil qurub yaradır, cahil…

-Saxla əə, saxla bir. Kino danışma mənə. De görüm evinizin kupçası varmı?

-Kənddə kimin kupçası var ki?

Teymur müəllim əyan- əşrəfə:

-Gedirsiz sabah bunların evini qanunsuz tikili kimi uçurdursunuz. Qoy sübut eləsin ki, həqiqət yoxdu. Ləqəbin nədi əə səni?

-A… As… Asiman.

– Gədə- güdənin hərəsi götünə bir lapet bağlayıb deyir mən də şairəm. Bədbəxt, səni mənim itim sınırıb ee, özünü nə sayırsan? Indi də sorğuya şeirlə başladım deyə ürəkləndin? Geri götür imzanı, yoxsa səni itlərə yedirdərəm, küçük! Bütün ölkəyə də çəkdirib göstərərəm ki, filan şairi canavarlar yeyib. Bir ay gündəmi zəbt edərsən ölümündən sonra.

-Mə.. mən.

-Otur yaz, yaz ki İldırım Osmanov ağ kağıza qol çəkdirib, ona olan etibarımdan sui- istifadə edib.

-Oldu, ol.. du.

  Həmin gün 30-a qədər acıdərəli Kor İldırımın üzünə durdu. Kor İldırım 30 sutka həbs edildi. Amma həbs müddəti bitməmiş zəhərlənibb öldü. Guya müvəqqəti saxlanma təcridxanasında sıçan- siçovula, tarakana görə künclərə dərman qoyulubmuş, Kor İldırım da bu dərmanları şokalada oxşadıb yeyib. Vəssalam, Zakir müəllim dediyi oldu.

–  –

Bundan sonra bir dəfə də Teymur müəllim çağırdı Nəsimini öz gəlin kimi bəzədilmiş otağına. Acıdırınin seçki komissiyasını sədri seçdirdi Nəsimi müəllimi. Necə saxkarlıqlar etməli olduğunu bittə- bittə başa saldı. Cibinə də bir əllilik basdı. Seçkilər zamanı dostlaşdılar da. Lap cici- bacı oldular. Hətta amerikanalrın gəlib seçkini yoxlayacağından qorxan Nəsimi müəllimə xeyli güldü də Temur müəllim:

         –Şair, bu amerikanlar qəribə millətdilər. Kim bura səfir gəlirsə, əvvəl Amerikada vəzifə istəyib. Prezidentləri də konkret olaraq “get hoppan” deyib. Onlar da gəlib burda çərşənbə tonqalının üstündən hoppanırlar. Qorxma onlardan, öz adamlarımızdı.

-Hə, Teymur müəllim, olar bir şey də soruşum?

– Buyur şair.

– O el anası deputat var e

-Hə, Qətibə xanım.

-O gün oxuyuram deyir- and içmişəm Şuşa qayıtmasa evlənməyəcəm. Şuşa bəlkə gec qayıtdı, elə bakirəmi qalacaq.

-A bala, mən xam qızı yerişindən tanıyıram. Nə xam, nə bakirə, ərə getməsə də ucundan- qulağından dindələtmiş olar o. Sən get seçkiynən məşğul ol.

–  –

Nəsimi müəllim də gedibb seçki ilə məşğul odu.

Seçki məntəqəsi də elə məktəb binasında yerləşirdi- Nəsimi müəllim əslində seçki məzuniyyətinə göndərilsə də məktəbdə dərslərini də deyib pulu yazdırırdı müəllim yoldaşının adına. Həm seçkidən maaş alırdı, həm də öz maaşını ikiqat alırdı. Bu arada isə nişanlanmışdı- Teymur müəllim bir qızı məsləhət bilmişdi ona. O da el ağsaqqalının məsləhətini dərhal qəbul etmişdi.

Günlərin bir günü Teymur müəllim Acıdərə məktəbinə gəlib çıxdı. Seçki məntəqəsinin işi ilə tanış olmağa gəlmişdi- amma bir neçə sinifə də dəydi- Xocalı faciəsini, 20 yanvar faciəsini soruşdu uşaqlardan. Cavablardan da razı qalmışdı. Sonra da müəllimlər otağında belə bir çıxış yapdı:

      –   Qarşıdan seçkilər gəlir. Siz müəllimlər dövlətin arxasında durmalısınız. Hamınız bilirsiniz kimə səs vermək lazımdı. Müəllim peşəsi ən şərəfli peşədi. Mən özüm elm dalınca gedə bilərdim. Amma ölkənin başının üstünü qara buludlar alanda sinəmi irəli verdim. Mən sizin özünüzünküyəm. Sizlərdən biriyəm. Elmi fəaliyyətimi siyasətə dəyişdim ki, sizlər ağ gündə yaşayasınız. Yoxsa müdafiə də etmişdim- tarixçilər yaxşı bilər, mövzum da İngiltərədə çəpərləmələr dövrü olub . O dövrdə bir söz vardı ki, İngiltərədə qoyunlar adamları yeyir. Halbu ki, adamalr qoyunalrı yeməlidi. Bu ingilislər öz millətlərinə o dövrdə elə dağlar çəkiblər gəl görəsən. Dilənçiləri damğalayırdılar, qulaqlarını kəsirdilər. Indi gəlib demokratiya istəyirlər. Uymayın onlara, hələ Xocalını tanımrılar. Indi də az qala dünyanı çəpərləyiblər. Çəpərləmələr dövrü lazım deyil bizə.

–  –

Seçki də gəlib keçdi. Artıq Nəsimi müəllimin toyu da yaxınlaşmışdı. Toya Teymur müəllimin gələcəyi də dəqiqləşmişdi. Evdə xüsusi hazırlıq gedirdi. Evin təmiri zamanı Nəsimi müəllimin köhnə kitablarından biri tapıldı- “Bizi məğlub edə bilmədilər”. Nəsimi müəllim kitabı yandırıb- ay hrr- dedi.

Bu arada bir qara, alapaça küçük Nəsimi müəllimə şırvanmaqda idi. Nəsimi müəllim Teymur müəllimin itindən damazlıq tutmuşdu.

Bəxtiyar Hidayət

Yazıya 1314 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.