ANAR — 18-ci il. Qanlı Mart

anar  “525-ci qəzet” Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatından parçaların dərcini davam etdirir.  Bu sayda 1918-ci il 31 Mart soyqırımı haqda parça oxuculara təqdim edilir.

 

1917-ci ilin 19 martında Bakıda fəhlə deputatları soveti yaradılmışdı. Onun əksəriyyətini eserlər və menşeviklər təşkil edirdi, bolşeviklərin iki, ya üç yeri vardı; buna baxmayaraq, sovetin sədri S.Şaumyan seçildi.

Moskvada Stalinin Zaqafqaziyada vəziyyət haqqında məruzəsindən sonra Leninin göstərişilə S.Şaumyan Qafqaz üzrə Fövqəladə Komissar təyin olunmuşdu.

Şəhərdə yerli hakimiyyət – Fətəli xan Xoyskinin sədrliyilə Bakı Duması fəaliyyət göstərdiyi halda, Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti, onu(Dumanı) tanımadan, özünü şəhərin yeganə hakimiyyəti elan etdi. Bakı Soveti bildirdi ki, Bakı quberniyası Rusiyanın tərkib hissəsidir və Bakı Soveti Leninin sədri olduğu Xalq Komissarları Sovetinə tabedir.

Eyni zamanda, bolşevik Şaumyanın başqa partiya təmsilçiləri, əsasən daşnaklarla əlaqələri başlayır. Bunu Daşnaksütunun başçılarından olan Kaçaznuni də təsdiqləyir. “Bakıda Erm.İnq.Daşnaksütun partiyası tatar hökmranlığından ehtiyatlanaraq yerli bolşeviklərlə yetərincə sıx əlaqə saxlayır, hətta onlara yarıyırdı. (yəni azərbaycanlıların məhv edilməsində -A.)

1917-ci ilin oktyabrında Bakı Sovetinə yeni seçkilər başladı.

F.Kazımzadə yazır: “Sovetə seçkilərdə “Müsavat” namizədləri əksər səsləri  qazanmalarına baxmayaraq, onlar bu orqana daxil edilmədilər. Axır-axırda Sovetin 84 solçu eser, altı menşevik beynəlmiləlçi, on beş solçu daşnak, otuz bir bolşevik, 52 nəfər bolşeviklərə meyilli və 15 nəfər bitərəf qaldı. Uzaqlaşanlar kobud səhvə yol verdilər, bu onlara baha başa gəldi.

(Xatırlamağa dəyər ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin Parlament tərkibinə 7 daşnak və 4 nəfər başqa erməni daxil idi və onlardan heç biri bu qanunverici orqanın işində iştirak etməkdən boyun qaçırmırdı).

S.Şaumyanın Bakıda başçılıq etdiyi hakimiyyət əslində anti-azərbaycan rejimi idi. Şaumyan bütün qalan Azərbaycanı da özünə tabe etmək istəyirdi ki, sonra yenidən Rusiyanın ixtiyarına versin. Leninin imzaladığı, xalqların öz müqəddaratını həll etmək hüququ Deklarasiyası ilə yanaşı, Bakıda da eyni Bəyannamə qəbul edilmişdi, bir fərqlə ki, Rusiyadan ayrılmaq hüququ Zaqafqaziyaya verilmirdi. Şaumyanın məqsədi bir tərəfdən Bakını qalan Azərbaycandan qoparmaq, gələcəkdə hər hansı inzibati bölgüdə bolşevik Rusiyasına bağlamaq və şəhərin demoqrafik tərkibini dəyişmək idi, təbii ki, ilk növbədə ermənilərin xeyrinə. Proletar və beynəlmiləlçi şüarlarıyla pərdələnərək, Şaumyan tamamilə daşnak siyasəti yeridirdi. Təsadüfi deyil ki, onun hökumətində əksər vəzifələri ermənilər – (açıq, ya gizlin) daşnaklar tuturdu. Şaumyan türklərin və azərbaycanlıların cəlladı Andronik Ozanyana nümayişkaranə rəğbət bildirirdi: müsavatçılar o qədər qudurublar ki, Bakını Azərbaycan xanlığının paytaxtına çevirməyi arzulayırlar, -deyirdi:

Şaumyan Androniki quldur dəstəsilə guya “inqilabın müdafiəsi” üçün dəvət edirdi, “inqilabın müdafiəçisinə” bax bir – Türkiyənin xəyanətinə görə qulağı kəsilmiş sabiq paşası.

Bakı Kommunasının, şəxsən Şaumyanın Azərbaycana qənim kəsilməsi 1918-ci ilin martında ən bariz şəkildə göründü. 30 martda saat 6-dan Bakı əsl döyüş meydanına çevrilmişdi: qarşıdakı üç gün ərzində bolşeviklər daşnaklarla birgə on minlərlə azərbaycanlını qətlə yetirmişdilər.

 Bu xüsusi hazırlanmış basqınlar haqqında danılmaz faktlar Solmaz Rüstəmova Tohidinin “1918-ci ilin martı. Bakı” kitabında göstərilir. Bu topluda həmçinin Şaumyanın mövqeyini və iç üzünü əyani göstərən bir sıra sitatlar verilir. Şaumyan Rəsulzadəyə cavab olaraq məqalədə hədələyir: “Azərbaycanın muxtariyyətini istəyən müsavatçılara nəticədə bir yığın xaraba qalacaq”. Komunnaçılar başçısı bənzərsiz azğınlıqla daşnakların mart basqınlarında iştirakından dəm vurur: “Biz  atlı dəstəmizə silahlı basqın cəhdini bəhanə edərək bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə yaxın silahlı qüvvəmiz var idi: “Daşnaksütun”, həmçinin 3-4 minlik milli hissələri də bizim ixtiyarımızda idi. Sondakıların iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri gətirdi. Amma bundan qaçmağa imkan yox idi. Biz bilərəkdən buna getdik. Onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi”.

Və ardınca: “Onların siyasi hədəfləri – Zaqafqaziyanın Rusiyadan ayrılması və Türkiyə protekturatına tabe edilməsi – nəzərə alınsa, aydındır ki, onların Bakıda qələbəsi Rusiya üçün Zaqafqaziyanın itirilməsinə gətirib çıxaracaqdı”.

Bu üzdəniraq “kommunist beynəlmiləlçinin” əqidəsinin “cöhəri” Bakı Sovetinin 1918-ci il, 19 aprel tarixli iclasındakı çıxışında ifadə olunmuşdu: “Bakıda, nəhayət asayişə oxşar bir durum bərpa olunduqda, küçələr minlərlə ölü cəsədlərindən təmizləndikdə, yanğınlar söndürüldükdə Sovet şəhərdə ən böyük qüvvə kimi yüksəldi. Müsəlmanlar (!-A.) məğlubiyyətə uğradılar və tamam tərkisilah edildilər, ermənilər isə zəiflədilər”.

Hətta daşnak lideri Kaçaznuni də etiraf edirdi ki, “martda bolşevik-müsəlman davası əsnasında müsəlman əhalisinin qırılması baş vermişdir. Hərçənd Kaçaznuni əlavə edir: bu vurhavur həmin ilin sentyabrında türk-Azərbaycan silahlı qüvvələrin Bakıya yürüdüyündən sonrakı erməni əhalisinin qırılmasından “miqyasca az idi”.

Köhnə bolşevik S.M.Əfəndiyev qeyd edirdi ki, “daşnaklar yalnız müsavatçıları deyil, ümumiyyətlə müsəlmanları qırırdılar. Şaumyan, Çaparidze və başqaları özləri daşnakların girovları olmuşdular”.

N.Nərimanov adı çəkilən komissarlara məktubunda vurğulayırdı ki, “bu hadisələr “Sovet hakimiyyətini ləkələdilər və qaraladılar”.

Amma Şaumyanın hərəkətləri Leninin hərarətli təqdirinə səbəb oldu və rəhbərdən belə teleqram gəldi: “Əziz yoldaş Şaumyan! Biz sizin möhkəm və qətiyyətli siyasətinizə heyranıq, bu siyasətə ən ehtiyatlı diplomatiyanı da qatın, çünki  indiki çətindən-çətin şəraitdə, bu, çox zəruridir və onda biz qalib gələcəyik”.

Leninin hansı “diplomatiyanı” nəzərdə tutduğu sovetlərin Azərbaycana qarşı sonrakı hərəkətlərindən aydın oldu.

Qriqori Volınski yazır: “Martın 18-də daşnak hərbi hissələri Sovdepin sədri (Şaumyan -A.) razılığıyla əksinqilabla mübarizə bəhanəsiylə Bakıda azərbaycanlılara qarşı basqınlar törətdilər. 12 min nəfər öldürüldü, bir neçə müsəlman məhəlləsi yandırıldı, baş Bakı məscidi gülləbaran oldu. Yalnız başqa komissarlar – Petrov və Çaparidzenin erməni məhəllələrini top atəşinə tutmağla hədələdikdən və qəti müdaxiləsindən sonra basqınlar dayandırıldı. Bakıdan çıxarılan daşnak hissələri Azərbaycanın qədim paytaxtı Şamaxını, Qubanı, başqa şəhərləri dağıtdılar, talan etdilər. 1918-1920-ci illərdə İrəvan quberniyasından 280 min azərbaycanlı qovulmuş, ən azı 70 min nəfər öldürülmüşdü. Bunu genosid adlandırmayıb nə deyəsən?” (“Obşaya qazeta”, 30 aprel-6 may 1998 il).

Şaumyanın yamanca xoflanmalarına baxmayaraq, Bakı müstəqil Azərbaycanın paytaxtı oldu. Müsəlman sakinləri qıran canilər (Stepan Lalayev və başqaları) həbs edilmiş, məhkum olunmuş və…1920-ci il fevralın 9-da Azərbaycan Respublikasının beynəlxalq tanınması münasibətilə əfv edilmişlər.

Kommunist-daşnak müttəfiqlərin anti-Azərbaycan əməlləri Bakıyla məhdudlaşmırdı. Komunanın yaraqlı dəstələri daşnaklarla əlbir olub Şaumyanın sözlərincə “bütün cəbhə boyu hücuma keçmişdilər”. Daşnak komandiri Amazasp Quba camaatına üz tutub döşünə döyürdü: “Mən erməni xalqının qəhrəmanı və hayanıyam. Mən buraya cəzalandırıcı dəstəylə göndərilmişəm (Şaumyan tərəfindən – A.). Mənə əmr verilib ki, dəniz sahillərindən Şahdağınadək bütün müsəlmanları qıram və sizin evlərinizi yerlə-yeksan edəm”.

“26 komissar”ın biri Tetevos Əmirov və Stepan Lalayevin başçılıq etdiyi dəstələri Şamaxının büsbütün əhalisini qırmış, 40-dək kəndi talan etmişdilər. Şamaxıda Cümə məscidinə dinc əhalini uşaqlı-qadınlı yığıb diri-diri yandırmışdılar. Həmin Bakı komissarı Tatevos Əmirov əlaltılarıyla “İsmailiyyə” binasına (indi Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir) soxulub   yandırmışdılar.

Qanlı terror Azərbaycanın hüdudlarını aşıb keçmişdi. “Azərbaycan” qəzeti 1918-ci ildə 1-ci sayında yazırdı: “Müsəlmanların İrəvan quberniyasındakı vəziyyəti təsvir olunmazdır. Cari ilin axırınadək talan edilmiş müsəlman kəndlərinin sayı 199-a çatırdı. Bu kəndlərin 135000 nəfər sakinləri bir hissəsi  ermənilər tərəfindən qətlə yetirilmiş və acından ölmüş, bir hissəsi isə türk qoşunları tutan ərazilərə köçmüşlər”.

Səksən il ötüb keçəcək, bu dəhşətli basqın və qırğınlara Prezident Heydər Əliyev: “Azərbaycanlılara qarşı genosid haqqında” fərmanında müstəqil Azərbaycan Respublikası adından qiymət verəcək. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə başına gəlmiş bütün faciələri torpaqların işğalı ilə müşaiyət olunaraq, ermənilər tərəfindən azərbaycanlılara qarşı şüurlu və planlı şəkildə gerçəkləşdirdikləri genosid siyasətinin müxtəlif mərhələləri olmuşdur.

Bu hadisələrdən yalnız birinə 1918-ci il mart qırğınına siyasi qiymət verilməyə cəhd göstərilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün bu genosid faciələrlə əlaqədar qərara alıram:

31 Mart günü azərbaycanlılara qarşı Genosid günü elan edilsin.

Azərbaycan Respublikası Milli Məclisinə azərbaycanlılara qarşı genosidlə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiya keçirilməsi barədə məsələyə baxılması tövsiyə edilsin.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 20 mart 1998-ci il

S.Şaumyanın, onun silahdaşlarının aqibəti dramatik şəkildə bitdi. Onun hakimiyyəti, müsavatçılara qarşı blok yaratmağa çalışdığı eserlər, menşeviklər, eləcə də həmin daşnaklar tərəfindən xəyanətə məruz qaldı. Bakı Soveti, bütün komissarları zindana atan Sentrokaspi diktaturasına hakimiyyəti təhvil verməyə məcbur oldu, iyirmi iki yaşlı A.Mikoyan dustaqxanadan qaçmağa və bütün yoldaşlarını – Şaumyan başda olmaqla, – qurtarmasına nail olur. Bu barədə 1934-cü ildə çıxmış “İyirmi altı Bakı komissarı” kitabının müəllifi E.Burcalov yazsa da, Anastas İvanoviç Mikoyanın buna necə nail olduğunu açıqlamır. Şaumyan, Çaparidze, Fioletov və başqaları “Leyla” barkasından açıq dənizə üz qoyurlar. Az sonra barkasin komandası üsyan edir ki, onların Bakıda ailələri qalmış, Həştərxana gedən deyillər. Komissarlar Bakıya qayıtmalı olur. Sahildə onları silahlı-yaraqlı daşnak, eser, menşevik dəstələri haqlayır. 35 nəfər, o cümlədən, S.Şaumyan, Çaparidze, Əzizbəyov, Fioletov və başqaları həbs olunur, Şamaxı yolundakı türməyə aparılır, daha sonra Bayıl dustaqxanasına köçürülürlər.

F.Kazımzadə yazır ki, “Hansısa səbəbdən (!-A.) həbs olunmamış Mikoyan məhbusların azad edilməsi əmrinin verilməsinə və onların Azərbaycan dəstələrinin şəhərə daxil olmasına bir neçə saat qalmış zindandan çıxarmasına müvəffəq olur”.

Mikoyan özü Bakı Komissarlarıyla, Şaumyanın oğulları, Çaparidzenin Fioletovun arvadları və başqaları ilə Həştərxana getmək niyyətilə “Türkmən” gəmisinə minirlər. Lakin dənizə çıxan gəmi istiqamətini dəyişərək sərnişinləri Krasnovodska aparır. Satqınlar qəsdçilərə sərnişinlərin arasından komissarları “dənləməyə”, aşkarlamağa kömək edirlər. Şaumyanın övladları, Surenlə Levonu, Çaparidzenin, Fioletovun arvadlarını, Mikoyanın özünü (!-A.) dustaqxanaya salırlar, qalan komissarları qatarla Ağcaqum səhrasına aparıb orada rəsmi məlumata görə güllələyirlər.

Mikoyana gəlincə, o, ixtiyar yaşınadək ömür sürdü, Sovet İttifaqı hökumətinin yuxarı mərtəbələrində, necə deyirdilər, “İliçdən İliçədək infarkt, paralic görməyərək” qaldı. Sovet tarixçiləri komissarların faciəvi aqibətində ingilisləri və sentrokaspi diktaturasını günahlandırırlar. Amma həmin E.Burcalov yazır ki, izləri ört-basdır etmək üçün güllələnmənin təşkilatçıları komissarların guya Hindistana aparıldıqları barədə şaiyələr yayırdılar.

Uzun illər boyu Sovet tarixşünaslığı 26 rəqəmindən tutmuş bu hadisələri, əfsanələşdirirdi. Halbuki bu rəqəm nə komissarların sayına, nə tutulanların sayına uyğun gəlmir, bu rəqəm ədəbiyyatda, elm aləmində V.Mayakovski, S.Yesenin, bir çox Azərbaycan şairlərinin poemalarında ənənəviləşdirilmişdir. O ki qaldı, Hindistan versiyasına, rəhmətlik Ziya Bünyadov iddia edirdi ki, S.Şaumyan, ömrünü Hindistanda başa çatdırmışdır. Doğrudan da komissarların Bakıya gətirilmiş sümükləri araşdırılanda Şaumyanın nəşi aşkar olunmamış, ümumiyyətlə iyirmi altı yox, iyirmi üç nəfərin cəsəd qalıqları tapılmışdır.

Türkləri min bir günahda suçlayan Sovet tarixçiləri komissarların qətlini heç vəchlə onların adına yaza bilməzdilər, çünki komissarlar, türklər Bakıya girməmişdən əvvəl aparılmışdılar. Onların həbs olunması türklərin vaxtında baş versəydi, Sovet tarixçiləri yetmiş il boyu Azərbaycanın “şanlı oğullarını” Şaumyan, Çaparidze, Əmiryan, Osipyan və yetmiş il Bakıda heykəlləşən, şərqilənən başqa bolşevik fədailərini yox edən “türk qəsbkarlarını” damğalayacaqdılar.

Bakı Sovetinin silahlı qüvvələri Gəncəni ələ keçirmək, orada yerləşən Azərbaycan Cümhuriyyətini yıxmaq niyyətilə top-tüfənglə Kürdəmirədək yeridilər, yolüstü kəndlərə divan tuta-tuta, qıra-qıra…

Qana qəltan olmuş Azərbaycanın imdadına Türkiyədən İslam Qafqaz Ordusu özünü yetirdi. Ona cavan general, hərbi nazir Ənvər paşanın qardaşı Nuru paşa başçılıq edirdi. İslam Qafqaz Ordusu və Bakı Kommunası qoşunları arasında həlledici döyüş Göyçay həndəvərində baş vermiş və dörd gün davam etmişdi.

“Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri”ndə (1985) deyilir: “1918-ci ilin 27 iyun-1 iyul günlərində Göyçay rayonunda gedən şiddətli döyüşlərdə Sovet qoşunları məğlubiyyətə uğradılar və geriyə çəkildilər. Bakı Kommunasının hərbi vəziyyəti kəskin surətdə pisləşdi. Qafqaz Qızıl ordusunun Bakı bölmələri müdafiəyə keçməyə məcbur oldular. Bolşeviklər türk interventləri və müsavatçıların hücumunu dayandırmaq üçün güllələrini əsigəmirdilər.

M.Əzizbəyov, E.A.Berg, P.A.Çaparidze, G.N.Korgenov, M.M.Məmmədyarov, İ.V.Maligin, A.İ.Mikoyan, B.M.Sərdarov, F.F.Solntsev, H.H.Soltanov və başqa rəhbər partiya işçiləri əlindən gələni edirdilər ki, qoşunların geriləməsinə yol verilməsin”.

İndi “Oçerklər”dən bu parçanı köçürərək mən yalnız öz xalqının tarixinin həqiqi süjetlərini həyasızcasına baş-ayaq çevirən müəlliflərin fəndgirliyindən heyrətə gəlirəm; həm də qəribə görünsə də uzun illər boyu gəzib dolaşdığım köhnə Bakı haqqında nostalji xatirələrə dalıram.

Axı elə bu küçələr xalqımızı məhv olmaqdan xilas etməyə çalışanlara qarşı vuruşan bolşeviklərin adlarını daşıyırdılar. Mənim atam həmişə Bakı komissarlarına soyuq münasibət bəsləyirdi, hərçənd o, dünyasını dəyişəndən sonra bizə açılan həqiqətlərin yüzdə birini də bilmirdi. Onun uşaqlıq yaddaşında Göyçayın ətraf yamaclarından Bakı Kommunası toplarının atəş yağdırması həkk olunmuşdu, dönə-dönə bizə bu barədə danışardı.

Sovet qoşunları Göyçayda geri otuzdurulandan  və çəkiləndən sonra Bakıya yol faktiki olaraq açıq idi və onun türk və Azərbaycan əsgərləri tərəfindən alınması labüd idi.

 

Yazıya 857 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.