CAVİDAN –Cırcırama öpüşü (povest)

Cavidan 820060_n

– Get əllərini, ayaqlarını, üzünü yu, başının təpəsinə də su çək, sonra gəl mənə kömək elə.
Nənəsinin dediklərini elədi və gəlib yanında durdu.
– İndi de bismillahirrəhmanirrəhim…
Dilini ağzında itirə-itirə birtəhər bunu da elədi.
– İndi bu isti külçələrə yağ çək.
Bir əlini soyuq nehrə yağına basıb xırdaca barmaqlarının içi ilə külçələri yağlamağa başladı. Külçələr əlini yandırsa da gözlərini oxşayır, ağzını sulandırırdı. Nənəsi də hiss elədi:
– Birdən qoparıb yemə ha! Gərək əvvəl məscidə aparaq, təbərrik eləyək, sonra. Tez-tez bismillahirrəhmanirrəhim de…


 Nənəsi bir az əvvəl qovurduğu unu şirəylə, yağla yoğurub halva hazırlayırdı. Dodaqucu dualar oxuyur, imam adları çəkirdi.
Hər külçənin üstünə bir dilim halva qoyub zənbilə yığdılar və nənəsinin “Allah, Məhəmməd, ya Əli!” deməsiylə küçəyə çıxıb üz tutdular kənd məscidinə sarı.
Bu, birmərtəbəli, amma kifayət qədər böyük olan qırmızı kərpicli binanı hökumət kitabxana eləmişdi. Yadındadır, kitabxananın açılışına müəllimləri onları qoyun sürüsü tək qabaqlarına qatıb gətirmişdilər. Həmin gün məscidin həyətində adam əlindən tərpənmək olmurdu. Rayonun hökumət adamlarının hamısı burdaydı. Məktəbliləri məscidin eyvanına cərgəylə düzüb şeirlər oxutdurdular. Oktyabr inqilabına, Leninə, Kommunist partiyasına həsr olunmuş şeirlər idi bunlar.
Hiss elədi ki, ayaqları əsir…Balaca əllərinin baş barmaqlarını ovuclarında möhkəmcə sıxıb həyəcandan ölə-ölə öz növbəsini gözləyirdi…İndicə o deyəcəkdi şeir…Bax, xəbərçi Elnarə oxudu, qızbibi Kənan da…axsaq Nəzakət də söylədi şeirini…Aman…növbə onundu…
Mikrofon əlində ona yaxınlaşan əndamlı qadının turşumuş tər iyindən başı gicəlləndi az qala…Deyəcəyi şeirin ilk misralarını birtəhər çeynəyib tökdü:
Lenin, Lenin yolunda,
Qızıl bayraq əlində,
Çalışırıq, vuruşuruq,
Lenin baba sağ olsun,
Dörd tərəfi bağ olsun…
Mən…
Susdu…Turşumuş tər qoxulu əndamlı qadın gülümsədi:
-De…nooldu?
-…
– Ay qız…katib baxır…De…Mən Leninin qızıyam…de, de, köpək qızı…
– Mən Rafiqin qızıyam,
Partiyanın oğluyam…-mikrofona bağırdı…
Məscidin həyətinə öncə ölü bir sükut çökdü. Bəlkə də bu sükutdan o da rahat və sakit bir görkəm aldı, bayaqkı həyəcanı bir andaca yoxa çıxdı.
Və birdən məscidin həyətindəki adamlar bir səslə qəhqəhəylə gülməyə başladılar…Səbəbsə qəfil əsən küləyin əlimikrofonlu , turşumuş tər qoxulu əndamlı qadının Sovet bayrağı rəngində olan kristalon donunun klyoş ətəyini başına qaldırması olmuşdu…Qadının əynindəki sapsarı uzunbalaq pantalonu görməyən qalmamışdı. Bir qıraqda dayanıb baxan, kələğayılarının yaşmaqları altında dişsiz ağızlarını gizlədən qarıların deyinməkləri eşidildi:
-Ay Allaha qurban olum, əccəb oldu!
-Allahın evini kafir-kufurun qəzet-kitabıyla dolduranda, Allah da adamı bax, elə beləcə biabır eləyər də..
– Sən Quran, bu lotuya bax da, Allahın evinə qırmızı donda gəlməyinə bax da…

Sonra atasını məktəb qalmadı, ispalkom qalmadı, birinci katibin yanı qalmadı, hamısına çağırdılar…
Atasının sözü bir idi
– Mən demişəm elə oxusun! Bəli! Özüm kommunistəm, amma bu o demək deyil ki, mənim qızımın atası Lenindir…Kimə xoşdursa, öz uşağına belə oxutsun…mən belə öyrətmişəm…hünəri varsa, qoy başqa cür desin, dilini kəsərəm onun…!

O, bu məscidi çox sevirdi…Daha doğrusu, bu kitabxananı. Demək olar ki, hər gün dərsdən sonra bura cumur, oxumağa kitab seçir, məscidin min-bir rəngli xırda şüşələrdən ibarət olan nəhəng pəncərələrindən göyə, yerə, adamlara baxırdı. Maraqlı bir qənaətə də gəlmişdi. Artıq dəqiq əmin idi ki, ətrafa hansı rəngdə şüşədən baxırsansa, hər şeyi də məhz o rəngdə görə bilərsən…Hələ məscidi kitabxana etməkdən ötrü təmir edəndə məhəllə uşaqlarıyla gəlib ustalardan qır alıb saqqız kimi çeynədikləri , məscidin həyətində nənələrinin nişan verdikləri köhnə qəbir yerlərini axtarıb üzərlərinə taxta-tuxta düzdükləri günlərdə yerə dağılmış rəngli şüşə qırıqlarından xırda karton qutuya yığıb evə aparmışdı. Hər yadına düşəndə qutudan istədiyi rəngdə şüşə qırıntısı götürərək ətrafa baxır, dünyanı özü istədiyi vaxtda özü istədiyi rəngdə görə bilməsinə sevinirdi…
Amma məscidin öz pəncərələrindən ətrafa baxmağın ləzzəti ayrıydı…burada hətta bir gözünlə sarıdan, o biri gözünlə yaşıldan da baxa bilərdin…məsələn, axsaq Nəzakət mağazadan süd alıb gedir və məscidin pəncərəsi qədərincə rəngdən-rəngə düşürdü…gah qırmızı rəngdə axsayırdı, gah mavi…”Çox paxıl qızdı bu Nəzakət, heç kəsi sevmir, ona elə belə baxmaq lazımdı, qoy elə ala-bula görünsün, düşünür”, öz aləmində əylənərdi…
Kitabxanaçı qızlar ona o qədər öyrəşmişdilər ki, bir az gec görünəndə, onsuz darıxdıqlarını deyirdilər.
Burada bir yer vardı…İri, qara minbərin durduğu zona…bu yerdən yamanca qorxurdu. Hər dəfə bu qara minbərə yaxınlaşanda, hətta sadəcə baxanda belə canına qəribə bir xof dolur, ürəyi əsməyə başlayırdı…Tərslikdən qara minbər məhz uşaq ədəbiyyatı üçün ayrılmış stellajların yanında idi. Qorxudan ölsə belə, onun bir addımlığında dayanıb istədiyi kitabları axtarmalı, seçməliydi. Hərdən kitabxanaçıların başı məscidin o biri başında nahar etməyə və ya digər stellajları səliqəyə salmağa qarışanda burda, minbərin yaxınlığında özünü tək, köməksiz hiss edir, canına dolan xofun fonunda bəlkə min, bəlkə milyon, bəlkə daha çox səsin qarışığından ibarət pıçıltılar eşidirdi…Və aradabir lap qulağının dibində kimsə pıçıldayırdı : Zööööhhrəəəə…
Belə vaxtlarda seçib götürdüyü kitabı sinəsinə, dişlərinisə bir-birinə sıxıb cəld ordan uzaqlaşır, bir də geri dönüb baxmamağa çalışırdı…

Məscidin qapısında qaloşlarını çıxarıb kitabxanaçıların tuflilərinin yanına qoydular və həsir döşənmiş Allah evinə – kitabxanaya daxil oldular.
Kitabxanaçı qızlar ayağa qalxıb nənəsini salamladılar:
-Zibeydə ana, xoş gəlmisiz,- dedilər.
– Bəxtəvər olasız, -deyib nənəsi kələğayısını dah bir az alnına çəkdi və halvalı külçələrdən özüylə gətirdikləri ağ siniyə düzüb qara minbərə doğru getdi. Sinini minbərin üstünə qoyub belinə bağladığı damalı yun şalın qarınlığından canamazını çıxararaq qara minbərin qarşısında namaz qılmağa başladı.
O isə saysız-hesabsız görünəcək qədər çox olan stellajların üstünə cumdu. Bir-bir kitablara baxdı, “Tom Soyyerin macəraları” nı götürüb qızlara öz adına qeyd elətdirdi.
Nənəsi namazı bitirib sinini qızların yanına gətirdi. Hərəsinə bir üstü halvalı külçə verdi:
– Aşura axşamıdır, -dedi, -İmam sizə savab versin…

Evə gələ-gələ yolda qarşılarına çıxan hər kəsə halvalı külçə ehsan elədilər. Evdə də qalanlarını bir-bir bütün qonşulara payladılar.
Sonra nənəsi ilə oturub halvalı külçə yedilər, üstündən çay içdilər…
Nənəsi hər şeyi dadlı bişirirdi. Bu halvaya, bu külçələrə isə söz ola bilməzdi.
– Ağzını marçıldatma…Allahın xoşu gəlmir, – dedi nənəsi və o, mümkün qədər səssiz-səmirsiz yeməyə çalışdı…
– İndi dərslərini hazırla, axşam təkyəyə gedərik…bax ha, özünlə ora kitab götürsən, səni bir də aparmaram…eşitdin nə dedim? Kitab görməyim əlində…

Təkyəyə…yəni alma-armud satan Şamama gilə…
Şamamanın bir oğlu vardı, Ceyhun adında. Deyirdilər keçməlidir. Tez-tez yerə yıxılıb çabalayır, ağzından köpük axır, gözləri hədəqəsindən çıxırdı…Şamama onu Bakının bütün həkimlərinə göstərdiyini deyər, ona görə ətək-ətək pul xərlcədiyindən danışardı. Bu oğlanın sağalması üçün evində yeddi il təkyə qoyacağını əhd eləmişdi Şamama. Onun evi iki kəndin arasındakı təpədə yerləşirdi. Evin ikinci mərtəbəsindəki geniş aynabənd hər ilin məhərrəm ayı boyunca kənd arvadlarının ixtiyarına verilərdi. Aynabəndin başından kiçik bir otağa da açıq qapı vardı ki, təkyəyə gələn hər kəs ilk əvvəl məhz həmin otağa keçib ələmi ziyarət etməliydi. Ələm – üstündən saysız-hesabsız kələğayılar, yaylıqlar, parçalar düyünlənib asılmış uzun bir qoldan ibarət idi. Bu qol insan əli formasında qara rəngli fiqurla bitirdi və arvadlar deyirdilər ki, bu, Həzrət Abbasın Kərbəla müsibətində kəsilmiş qoludur…Həzrət Abbas , arvadların diliylə desək, “bizimkilərin bayraqdarı “olubmuş və indi bu təkyədə də başqa təkyələrdə olduğu kimi bütün arvadlar özlərinin ən qiymətli kələğayılarını “bizimkilərin” bayrağı kimi ələmə bağlayır, məhərrəm ayı bitənədək ziyarət otağında saxlayırdılar. Ələmin durduğu qapı ağzındakı küncdən başlayaraq iri masanın üstündəki qara parçaya, bu masanın üstündəki nəhəng allüminium teştin içindəki təbərrik suyadək, divarlara və masa boyunca düzülmüş imam şəkillərinədək hər şey maraqlıydı onun üçün…amma maraqlı olduğu qədər də vahiməliydi…Deyirdilər, ələm olan otağa pis, murdar adam girərsə, ziyarət edərsə, hələ üstəlik ələmə də toxunarsa, həmin gecə mütləq ya təkyə olan evdə yanğın baş verər, ya da ələm uçub gedər Kərbəla torpağına…
O, qorxub yaxın durmasa da, nənəsi hər dəfə gəldiklərində ələmin üstündəki kələğayılardan birinin ucuna pul bağlayar, teştdən su götürüb onun alnına çəkər, masanın qara parçasına, teştə, ələmə və imam şəkillərinə əlini sürtüb sonra sanki ovcuna yığılmış isti nəyisə onun alnından başının təpəsinədək gəzdirər, dodaqucu nələrsə pıçıldayardı…Nənəsinin də ən gözəl Gəncə kələğayısı, noxudu kələğayısı və ağ ipəkdən tirmə şalı burda, ələmin üstündə idi…
Təkyə gizli idi.

Kəndin bütün qadınları, uşaqları bu gizli təkyəyə yığışar, ələmə pul bağlayar, masanın üstündəki teştdən su götürüb içər, kəndin və ölkənin, hətta dünyanın bütün məsələlərini müzakirə edər, arada mərsiyyə oxuyar, sinə döyər, arada Kərbəlada şəhid olan imam balaları üçün ağlayıb şivən edər, arada da zarafatlaşardılar.
Nənəsinin xüsusi yeri vardı. Nə qədər gec gəlsələr də mərsiyəxan Dilbərin yanındakı nimdarın üstündə heç kim oturmazdı, nənəsini gözləyərdilər.
O isə sinif yoldaşlarını, məhəllə rəfiqələrini tapıb onların yanında oturar, bir neçə saat boyunca ən məzəli, ən maraqlı söhbətlərdə, sakit və oğrun halda təşkil olunan oyunlarda iştirak edərdi. Özüylə gətirdiyi kitablardan qızlara şeirlər, lətifələr oxuyar, dəli Ceyhunun dəftərlərində şəkillər çəkər, oyunlar qurardı. Mərsiyyələr vaxtı onlar da arvadlara qoşulub dizlərinə döyə-döyə “nəqarət” yerlərini xorla oxuyardılar. Ağlaşma zamanı isə bütün qızlar nənələrinə, analarına qoşulub ağlasalar da, onu dəli, tərs, qarşısını heç cür ala bilmədiyi gülmək tutardı. Neçə dəfə qovmuşdular onu həyətə, neçə dəfə üstünə qışqırıb danlamışdılar…yadında yoxdu…
Aşura axşamlarında isə əsl dəstgah olurdu.
Əli ələmli adamlar başqa kəndlərin təkyələrindən gəlib bu təkyənin həyətində xorla “Hüseyn vay!” qışqırardılar. Bu təkyənin adamları da öz ələmlərini götürüb çölə çıxar, gələn dəstəyə qoşulub qışqırar, sinələrinə döyərdilər. Dəstələrin qabağında ələm daşıyanlar və qurşağa qədər soyunub sinələrini ülgüclə doğrayaraq qanlarını alınlarına sürtənlər, əllərindəki zəncir topasıyla kürəklərini dağıdanlar olardı .
Sonra hamısı kitabxana – məscidin həyətinə gedib “Ağa, salamunəleyk, şah, salamunəleyk!” qışqırardılar…
Başqa uşaqların da “Hüseyn vay!” deyib sinə döyərək qışqırmalarını görüb ürəyində güclü bir həsəd duyardı. Onlar kimi olmaq istəyərdi, amma sanki kimsə sinəsinə qalxan əlini tutub saxlayır, sanki kimsə ağzını qapayıb susdururdu…
Ələmlərdən yaman qorxurdu…
Bumbuz heykələ dönürdü az qala onları görəndə.
Uşaqlar deyirdilər ki, belə gecələrdə ələmlər pis adamları vurub yerə çırparaq göyə qalxır, Kərbəlaya, imam qəbirlərinin yanına gedir.
Pis adamlar – yəni, araq içən kişilər…Uşaqlar belə deyirdilər…

*** *** ***

Dərslərini hazırladı.
Nənəsi də axşam namazını qıldı.
Sonra nənəsinin bişirdiyi daşma plovla ət şamilərini yeyib üstündən ovdux içdilər və “Allah, Məhəmməd ya Əli” deyib küçəyə çıxdılar.
Nənəsinin rəfiqələri də öz nəvələrini böyürlərinə salıb yola düzəlmişdilər.
Bu axşam kəndin bütün yolları alverçi Şamamanın təpə başındakı ikimərtəbəli evinə aparırdı…
Və bu axşam kəndin bütün yollarında qoca-qoca nənələr və onların bellərinə bağladıqları damalı yun şalların saçaqlarından yapışan balaca-balaca qız uşaqları vardı. Bu balaca qız uşaqları bu qoca nənələrin söhbətləri ilə yatır, oyanır, yemək yeyir, su içir, nəfəs alır, bir sözlə, bu söhbətlərin yaratdığı balaca dünyanın içərisində yaşayaraq böyüyürdülər…
Bu günkü yol söhbəti qonşu kəndlərin birində peyda olan ruh haqqında idi. Nənələr bir-birlərinə aman vermədən bu narahat ruhun hər axşam kənd qəbristanlığından çıxaraq bütün evlərin həyət qapılarına özünü çırpıb yanıqlı səslə ulamağından , ruhun ayaq səslərinin belə eşidildiyindən danışırdılar. Nənələr deyirdilər ki, yəqin bu da yataraq ölü kimi görünənlərin biri kimi tələsik basdırılanlardan olub, sonra qəbirdə ayılaraq qorxudan ürəyi partlayıb, odur ki, indi ruhu rahatlıq tapa bilmir. Dombagöz Maygülün nənəsi deyirdi ki, bu barədə çox eşidib, və belə şeylər ona görə baş verir ki, bizlərdə ölünü bir saat belə gözləmirlər. Elə hər gözünü yuman adamı tezcənə aparıb basdırırlar. Axsaq Nəzakətin nənəsi isə bu məsələdə şiələrin ölünü soyuq su ilə yumaqlarını pisləyir, bəlkə də hələ canı çıxmamış adamın isti sudan ayıla biləcəyindən, sünnülərin məhz bu işlərini, yəni öz ölülüərini isti su və sabunla yumaqlarını bəyəndiyindən danışırdı.
Axsaq Nəzakətin nənəsi sünnü idi. Hamı bilirdi ki, onların evində Novruz bayramında yumurtalar heç vaxt qırmızı rəngə boyanmır, həmişə yaşıl rəngdə, həm də mütləq çatlamış olur. Elə buna görə də məhəllə uşaqları Novruz bayramı günlərində bütün evlərə həvəslə getsələr də, axsaq Nəzakətgilin evinə yalnız nənələri deyinib narazı qalmasın deyə gedirdilər. Onlara getmək – bir yumurta döyüşündən məhrum olmaq demək idi…çatlamış yumurtaları yalnız yemək olurdu, uşaqlarsa yumurtanın ağına hopmuş yaşıl rəngi görüb pərt olur, onları gizlədib xəlvəti məhəllənin başından axan arxa tullayırdılar…
Öz nənəsi isə danışmışdı ki, bizim, yəni şiələrin oğlanları gedib sünnü qızı ala bilərlər, buna icazə var, amma bizim qızları heç bir vəchlə sünnü olan oğlanlara vermək olmaz. Bu, günahdır və sünnü oğlana gedən qız da, onun bütün nəsli də lənətlənmiş olaraq Allahın gözündən düşürlər…eləcə də ruslara gedən qızlar və onların nəsilləri…
Nənəsindən soruşmuşdu ki, bəs axı sən deyirdin, bütün adamları Allah yaradıb, hətta Hitleri də. Axı Faiq əmi də, Altay əmi də rus qızı alıblar özlərinə, sən də onların başına su töküb adlarını dəyişmisən, “bizimki” eləmisən, bunu oğlanlarla da etmək olmazmı? Nənəsi isə cavabında demişdi ki, sənə dindən, Allah işlərindən çox danışmaq deyəsən pis təsir edir. Günah səndə deyil, Allahın evinə ancaq kitab almağa getmək üçün sənə icazə verən atandadır…Mən sənə namaz öyrədirəm, atan deyir, Allah yoxdu…hamımız onun dilinin zavalına gəlməsək yaxşıdır…
Nənəsi düz deyirdi. Atası demək olar ki, hər gün deyirdi bu iki sözü – Allah yoxdur…Hələ bir söhbət qızışanda araya şərt də qoyurdu. “Deyirsiniz var? Onda mən indi filan bir şeyi edəcəyəm, qoy O da elə indicə gəlib filan bir şeyi eləsin, sübut olsun ki, var…” Nənəsi belə vaxtlarda “zatına lənət!” deyərək durub söhbətin getdiyi yerdən uzaqlaşardı…
…Öz evlərinin yanından keçəndə canına vəlvələ düşdü. Atası qapının ağzında dayanmışdı. Uzun tut çubuğu da əlindəydi. Bu isə onun indicə kimisə döyəcəyi demək idi…
Qorxudan ürəyi əsdi. Atasının onun adını bütün məhəlləyə bağırmasıyla gödəkçəsinin altında gizlətdiyi “Tom Soyyerin macəraları”nın yerə düşməsi eyni anda baş verdi.
Dombagöz Maygülün nənəsi deyindi:
– Ay Zübeydə ana, əl boyda uşağa Quran vermisən? Saldı lehməyə ki!
– Yoox, Quran deyil. Ay bala, yenə təkyəyə kitab aparırsan? Qız deyilsən ey, adam biabır eləyənsən. Əlizadənin arvadı sənin yanında yalan olub..
Bu Əlizadə kim idisə, onun arvadı həmişə əlinə nə keçsə oxuyarmış, kitab oxumaqdan savayı heç bir iş görməzmiş deyə yazıq kişinin adı çıxmışdı. Nənəsinin də sevimli məsəlinə çevrilmişdi…
Kənddə heç kəsin nənəsi yazıb-oxumağı bacarmırdı. Onlar heç bunu istəmirdilər də. Bax, nənəsinin on uşağının hər birinin ali təsil alması da arvadı tərpətməmişdi, “Ərim yazıb-oxuyub, uşaqlarım yazıb-oxuyub, mənim nəyimə gərəkdir yazıb-oxumaq? Mən ildə bir dəfə Həzrət Abbasa bir ərizə yazmağa borcluyam, onu da pul verirəm, molla Nəbiəli yazıb göndərir…” deyirdi..Amma nənəsinin qadınlar haqda öz düşüncələri vardı. O, istəyirdi ki, qadınlar mütləq təhsil alsınlar, lakin bu, onların ev təsərrüfatını və kişini idarə etmələrinə mane olmamalıdır, yəni “evi-ailəni boş buraxıb kitabdan yapışan qadınla pyaniskəlik edən avara kişinin heç bir fərqi yoxdur..”.Qadının evi hər bir an qonaq gələcəkmiş kimi təmiz olmalı, qadının özü isə hər bir an qonaq gedəcəkmiş kimi gözəl və səliqəli görünməlidir…bir də qara corab, topuğa qədər uzun ətək geyinməməlidir qadın, bu gözəl görünmür…deyərdi nənəsi…

Atası küçəyə nə zaman çıxdı, onun qolundan nə zaman çəkib həyətlərinə saldı, əlindəki uzun tut çubuğuyla qıçlarına nə qədər vurdu…heç nəyi heç bir zaman kəsiyinə aid edə bilmədi…gah ona elə gəlirdi ki, bu, artıq bir əsrdir ki davam edir, gah da hər şeyin bircə ana sığışdığını düşündü…
– Küçük! – atası bağırırdı, – İtin qarnından çıxan! Təkyəyə gedir, dindar olub mənim üçün! Sənə deməmişəm Allah yoxdur?
Qoca nənələr ah-vayla onun halına acıdılar. Nənəsi deyindi;
– Ay imansız! O körpəni niyə vurursan? Allahdan qorxmursan?
– İndi milis dəstəsi gəlib o alverçinin evini basanda görüm Allahınız neyləyəcək! – dedi atası və onu itələyib vura-vura evə saldı…
Heç sevmirdi öz evlərini…
Atası çox əzazil bir divi xatırladırdı ona…Anasını dərin quyuya salıb saçından asan, əzab verən bir divi…
Bir dəfə axsaq Nəzakətgilə bir qohumları gəlmişdi. Həmin qohumun elə onlar yaşda olan qızları demişdi ki, onun atasıyla anası bir-birindən ayrılıblar. Belə bir şeyin mümkün olmasına sevinmiş, o gündən də arzulamışdı ki, onun da atasıyla anası bir-birindən ayrılsınlar…təsəvvür edəndə ki, o, anasıyla tək yaşayır, atası yanlarında yoxdu, onlara əmr edən, incidən, onları hər yerdən, hər şeydən, hər kəsdən ayırıb əsir kimi özü üçün işlədən biri yoxdu…ürəyinə xoş bir rahatlıq dolurdu…

Amma milis dəstəsi barədə atası haqlı danışmışdı.
Hər aşura gecəsində olurdu belə hadisə. Dəstə-dəstə əli ələmli “Hüseyn vay!” qışqıraraq küçələrə axışanları hökumət adamları izləyir, milislər hər dəfə bu dəstələri dağıdaraq kənd cavanlarını tutub həbs edirdilər. Amma hökumət adamlarının da, milislərin də qoca nənələri və balaca qızları bu təkyələrdə, bu dəstələrin arasında olurdular…
Bu ətrafa böyüklük edən Molotovski kimi tanınan bir nəhəng və keçəl rus vardı ki, kəndin hökumət işində işləyənləri onu məhz Aşura gecələrində aparıb yaxşıca yedirib-içirərdilər…O da kababdan yeyib, araqdan içib elə dindar dəstələri izlədiyi qara “Villis”in içindəcə səhərə kimi xort düşüb yatardı…Sadəcə “hökumət gözünə” kəndin onsuz da xuliqanlıqda ad çıxaran cavanlarından bir-ikisini tutub aparır, səhər izahat yazdırıb kimini buraxar, kimini də kənddə bir az rahatlıq və sakitlik olsun deyə 15 günlük həbs edərdilər…
Kəndin gizli bir təkyəsi də vardı ki, onu elə bu kəndin hökumət işində işləyənləri tikdirmişdilər. Bu birmərtəbəli uzun daş bina qəbristanlığın içində yerləşirdi. Buranı kənddə yas olarsa, hərə öz həyətində deyil, küçədə deyil, gedib orda məclis qursun bəhanəsiylə tikmişdilər. Əslində isə hamıya məlum idi ki, bura kəndin gizli məscididir. Məscidə daxil olmaq üçün köhnə-təzə qəbirlərin arasından keçmək lazım gəlirdi və təkyələr adətən axşamdan başlayıb gecədən keçəndən sonra bitdiyindən təzə qəbirlərə ilişənlərin, köhnə qəbirlərə yıxılanların çığırtısı-bağırtısı bu qəbristanlıqdan heç əksik olmazdı. Məscidin özü isə tən ortaya, üzü ümumi qapıya qoyulmuş qəhvəyi rəngdə minbərlə qadınlar və kişilər üçün ikiyə ayrılmışdı. Minbərin sağ tərəfində qoca kişilər və oğlan uşaqları, solunda isə qoca nənələr və balaca qızlar oturub sinələrinə, ya da dizlərinə döyərək mərsiyyələrin nəqarətlərini oxuyur, gah da onları kişilərə və qadınlara ayıran qəhvəyi minbərin üstündə şəstlə oturub buxara papağından belə zəhm yağdıran, təsbeh çevirməyindən belə vahimə səpən, qoca nənələrin dediklərinə istinad etsək, “gözlərindən həmişə tülkülük yağan” Nəqşibənd adlı bir axund oturardı. Nəqşibənd bu kəndin mollası deyildi, onu pulla başqa bir rayondan gətirirdilər ki, məhərrəm təkyələrinə böyüklük eləsin. Nənələr deyərdilər ki, onun çox güclü qələmi var, bir dəfə birinə bir cadu yazdımı, həmin adamı daha fələk də gəlsə fəlakətdən qurtara bilməz. Ya da bir kimsəyə dua yazarsa, həmin adama daha zaval olmayacaq…
Nəqşibənd deyərdi ki, insan hamamda çimib qusul vermək istəsə, gərək öncə bədəninin hər bir nöqtəsini ağ pambıqla sürtüb yoxlasın, görsün pambığa ləkə düşürmü? Düşərsə, bir də çimməlidir…Kəndin mollasının bir qadınla bir kişinin nə zaman zina etmiş olduqları barədə sualına Nəqşibənd axund belə cavab vermişdi:
-Əgər bir zənən bir kişi xeylağıyla bir yerdədirsə, hətta onlar bir yataqda belə yanbayan uzanmış olsalar, bu hələ zina sayılmır…ta ki, onların arasından iti bir qılınc keçə bilməyincə. Əgər zənənlə kişinin bədənlərinin arasından onların heç birisinə zərər yetirmədən qılınc keçirmək mümkündürsə, demək onlar zina etmiş sayılmırlar.
Elə həmin andaca o, burdakı bütün qoca kişiləri və bütün qoca nənələri iki-iki yataqlara uzanmış təsəvvür eləmişdi və Nəqşibəndin bir iti qılıncla gəlib onların zina edib-etməməklərini yoxlamasını gözünün qabağına gətirmişdi ki, nənəsinin əyilib qulağına pıçıldaması bütün fantaziyasını dağıtmışdı:
-Burda çay içməyə də adam qorxur…Qabların üstündə qarışqalar gəzir, hamısı da qəbirlərdə ölülüəri yeyən…çay içmə burda, indi gedib Şamamanın təkyəsində içərik…
Canına xof dolmuşdu…Ölülər…Axı onlar da nə zamansa onun kimi, nənəsi kimi, burdakı hər kəs kimi, lap elə paxıl və axsaq Nəzakət kimi diri olublar, danışıblar, yemək yeyiblər, gülüblər…indisə yerin altında bükülüb uzanıblar, qarışqalar da onları yeyir…nənələr deyirdilər ki, İnkir və Minkir adlı iki qorxunc məxluq da gəlib qəbirdə ölüləri oyadır, onlardan kəlmeyi-şəhadəti, namazı soruşurlar, həm də qızlar və qadınlar həmişə boynu muncuqlu gəzməlidirlər. Sağlığında boynunda muncuq olmayanların boğazına qəbirdə ilanlar dolaşır…
Atasının, anasının, sinif yoldaşlarının, sevimli rus dili müəlliməsinin, əmisinin və ətrafında olan hər kəsin bir gün mütləq öləcəklərinə inandığı gün dəhşətli bir hiss yaşamışdı…bir neçə gün xəlvətə çəkilib ağlamış, yeməkdən-içməkdən olmuşdu. Yalnız nənəsinin “Niyə heç nə yemirsən? Ölmək istəyirsən?” sualından sonra ayılmışdı ki, axı onun özü də hamı kimi ölümlüdür, o özü də bir gün ölməli olacaq və onun ən yaxın, ən doğma adamları onu da büküb torpağa soxuşduracaq, üstünə daş qoyub gedəcəklər özləri üçün yaşamağa…ta ki özləri də ölüb basdırılana qədər…Və onun boynuna ilan dolaşacaq, çünki məktəbdə muncuq taxmağa qoymurlar, qırmızı pioner qalstuku bağladırlar…onun da gözlərini, burnunu, ağzını…qarışqalar yeyəcək…

*** *** ***

Anası onu atasının əlindən almadı.Heç gözünün ucuyla da baxmadı onun döyülməsinə. Elə baxmasa yaxşıydı. Çünki anasının bircə kəlməsi bəs edərdi ki, bu evdə səhərədək qırğın olsun, daha doğrusu, atası deyinsin, anası da ağlayıb özünü öldürsün…Nə yaxşı anası üzünü o tərəfə çevirib atasının şalvarını ütüləyirdi, nə yaxşı…
Gecə səhərədək küçədən “Hüseyn vay!” qışqırıqları, onunsa qıçlarından ağrı çəkilmədi…
Yata da bilmirdi…eləcə üzünü evin tavanına dikib qalmışdı…
Atasıyla anası onun yatdığını zənn edərək yenə də yataqlarında boğuşur, mırıldanır, çarpayını aramsız cırıldadırdılar…Qəribə bir hiss vardı içində…Atasıyla anasını hər dəfə belə görəndə nə baş verdiyini anlamasa belə ürəyindən fasiləsiz olaraq tüpürmək, əllərini, üzünü yumaq, həyətə qaçıb təmiz havayla nəfəs almaq istəyərdi…Və bir də heç bir zaman ərə getməyəcəyinə and içərdi belə gecələrdə…Çünki atasının məhz gecənin bu vaxtlarında anasına fısıldadığı “səninçin ölürəm…” sözləri elə bu gecənin səhəri açılan kimi də “səni öldürərəm!” bağırtısına çevrilə bilərdi…Rəfiqələrindən soruşmuşdu…Onların da evlərində eynilə belə olurdu…Demək, ərə getmək, qadın olmaq bu imiş, bir kişinin gecə fısıltılarına və səhər bağrtılarına dözmək…dözmək…dözmək…
Nənəsi deyərdi ki, Allahın heç vaxt ərə getməyən qızlardan daha çox xoşu gəlir, onlar ərə getmədən ölərlərsə, onda kəbinləri Allaha kəsilmiş olur…birbaşa cənnətə düşüb ən gözəl bir axirət həyatı yaşayırlar…
Nənəsi bunları rus rəfiqələrindən öyrənmişdi, yəni paltar biçib-tikmək kimi, alt tumanı geyinmək kimi şeylər ruslardan gəlmə idi, eləcə də, nənəsinin hərdən oxuduğu :”u samovara ya i moya Maşa…” mahnısı…
O andaca kəndin qarıyıb evdə qalmış qızlarını gözləri önünə gətirər, bu qədər eybəcər, diliacı, həyasız və deyingən qızları almayan oğlanların aqibətinə nə qədər sevinərdisə, onların öləndən sonra kəbinli əri olacaq Allaha bir o qədər ürəyi yanırdı…
Yox, nə olursa olsun. O, heç bir vaxt ərə getməyəcəkdi…Qoy o da ərə getmədən ölsün, nə olar ki Allahın heç olmasa bircə dənə qəşəng arvadı olanda? Dünya dağılacaq bəyəm?
Gecə keçir, küçədə dəstə-dəstə əli ələmli adamlar “Hüseyn vay!” qışqırır, atasıyla anası yataqda fısıldaşır, mırıldanır, inildəyir, onunsa tavana dikilmiş gözlərini kiminsə zərif, yumşaq, ilıq, doğma əli sakitcə örtür, ruhunu alıb harasa uzaqlara, əllərini, üzünü yuya biləcəyi çayların sahillərinə, təmiz havayla nəfəs ala biləcəyi çöllərə, çəmənliklərə aparırdı…

Səhər nənəsi onlara gəldi :
– Hanı o imansız? Hökumət adamı olub mənimçün, atası bolşevik oldu, anamın o ağırlığında ocağını bağlatdırdı, bu da nəvəmi allahsız böyütmək istəyir! Utanmır, getsin o idarədə oynaşdığı at Məryəmin dərdini çəksin! Aləmə yayıb ki, onun arvadıdır. Ay qız, arvad deyilsən sən? Yığ daa bunun ipini!
Anası başını aşağı salıb nehrəsini çalxalamaqdaydı:
– Ay Zübeydə ana, mən neyləyə bilərəm axı…
– Oda düşmüsən ey, bala, oda, – nənəsi dizinə vurub ufuldadı.

Həyəti ələk- vələk eləsə də dünən atası onu döyəndə salıb itirdiyi kitabı tapa bilmədi. Dəqiq yadındaydı ki, atasının bağırtısından sonra küçədə saldığı kitabı qaldırıb təzədən gödəkçəsinin altına soxuşdurmuşdu, amma sonra harda düşmüşdü bu kitab, xatırlamırdı.
Nənəsi onu yenə də öz evinə apardı. Burda da əmisi üstünə şığıyıb hörüklərini yoluşdurdu ki, harda ölmüşdün, məhəllənin uşaqları bağda mer-meyvə qalmayıb, hamısını yığıb aparıblar…
-Ay əliniz qurusun sizin, oğul doğmamışam ey, bir dəstə nemes doğmuşam, a bala , nə istəyirsiz bu uşaqdan axı?…
– Nə istəyirəm? Adam olsun! Nə istəyərəm ki?
– Adam olmasıyçın vurursan, ay eşşək?!

Nənəsi onu otağına aparıb saçlarını darayaraq təzədən hördü:
– Ağlama, – deyirdi, – ağlasan, Allah onu incidəcək. O, bilmədi ki, sən belə ağrıyarsan, yoxsa vurmazdı səni…

Necə yəni bilsəydi ağrıyacaq vurmazdı? Bəs niyə vurur ki? Bir insan başqa bir insanı niyə vurmalıdır axı? Həm də bunu həmişə böyüklər edirlər. Onlar özlərinin güclü olub-olmadıqlarını yoxlayırlar sanki. Bir şey ürəklərincə olmayan kimi özlərindən gücsüzləri incitmək, ağrıtmaq istəyirlər. Əgər əmisi doğrudan da bilmirdisə saçından dartaraq şillə vurmağı onu bu qədər ağrıdıb, eybi yox, onu bağışlayar, ağlamaz, çünki nənəsi onu inandırıb ki, kimsə səni incidərsə, ağlasan, həmin adama cəza gələcək, o da mütləq ağrıyacaq nəyə görəsə…
Bəs necə etməli, necə etməli ki, özündən zəifi incidən adam bu zəifin nə qədər ağrıya biləcəyini qabaqcadan hiss edə bilsin? Bəlkə elə bir şey fikirləşmək lazımdı ki, məsələn, əmisi onu vuranda onunla bərabər, eyni bir vaxtda eyni bir ağrını yaşasın? Elə həmin andaca öz üzünü tutub ufuldasın, bağırsın, hətta yerə yıxılsın…niyə Allah bunu eləmir, niyə?..

*** *** ***

Axşam nənəsigilin evinin qabağındakı nəhəng tut ağacından asılmış yelləncəkdə yellənir, hərdən-hərdən tutun budaqları arasından görünüb-itən ulduzlara gülümsəyir, üzünə, saçlarına toxunub sivişən küləyin təmasından xumarlanır, özünü uçurmuş kimi hiss edirdi və sanki bu anlarda yer üzündə ondan, küləkdən, ulduzlardan və duyduğu uçuş həzzindən başqa heç nə yox idi…
Amma yox…nənəsi eyvanda göyərti doğrayır, əmisiylə qonşu Nadir müəllim isə həyətdə oturub uçan boşqablar, başqa planetdən gələnlər haqda söhbət edir, çay içirdilər. Əmisinin əlində bir jurnal vardı.
– Bax, kod budu, – deyirdi əmisi, – bu kişini götürüb aparıblar, üstündə eksperimentlər eliyib qaytarıblar evinə. Amma Yerə qaytaranda onunla əlaqə saxlamaq üçün bu kodu veriblər. Deyiblər bunu üç dəfə əzbərdən desən, səninlə kontakta girəcəyik. Kişi də bunu jurnala verib hamıya yayıb ki, hamı onlarla əlaqə yarada bilsin.
– Sən oxumusan onu?
– Mən? Oxumuşam e, amma bir dəfə səhər, bir dəfə də axşam…Gərək bunu üç dəfə ard-arda deyəsən. Belə, birtəhər olurey adam onu oxuyanda, adama xof gəlir nəsə…
– Deyirlər onlar adamlarla əlaqəyə girməkçin nə cildə desən girə bilirlər. Bir də gördün ən yaxın bir adamının sifətində göründülər, dedilər dur gedək filan yerə, sən də gedirsən, bilmirsən haa bu sənin yaxının döyül, tarelkadangələndi…
– Sən adam sifətində gəlməklərini bir yana qoy hələ, mən oxumuşam ki, onlar heyvanat kimi də gəlirlər, hətta ən çox da həşəratlar kimi gəlirlər, hörümçək, nə bilim, tarakan, milçək…
Birdən əmisi ona tərəf döndü:
– Bəsdir gecə vaxtı yelləncəkdə yelləndin. Gəl sənə bir şey öyrədim. Ölmürsən oxumaqçın? Elə əsl sənin malındı.
Əmisi həmişə onu kitab oxuyan görəndə döyüb qovar, kitabı alıb bir qırağa atardı. İndi nə olmuşdu? Adam birdən-birə niyə belə yaxşılaşmağa başlamışdı görəsən?
Ulduzlardan, küləkdən və uçmaq həzzindən qopmaq ağır olsa da, əmisinin zəhmi və hökmü daha ağır idi və hələ üstəlik də oxumağa maraqlı nəsə vardı deyə yelləncəkdən düşüb stola yaxınlaşdı. Əmisi jurnalı ona tərəf sürüşdürüb barmağıyla səhifənin tən ortasındakı sətirləri göstərdi:
– Gəl bunu üç dəfə oxu. Üç dəfə ardıcıl olaraq oxu. Ucadan və dayanmadan. Bax bu sözləri.Səhv eləmə haa…
– Dibibi dibee kazajaj…iokoia lakak…
Uzun, anlaşılmaz bir yazını üç dəfə zor-güc oxutdurdular ona.
– İndi get, -dedi əmisi, – Hərdən göyə baxarsan. Bir avtobusdan- zaddan uçan gördün, bizə deyəsən.
Əmisi də güldü, qonşu Nadir müəllim də…

*** *** ***

Yanağında nəyinsə gəzdiyini hiss edib oyandı. Əlini üzünə çəkəndə isə çağrılmayan qonağın çırcırama olduğunu başa düşüb qışqırdı:
-Nənə, ay nənəə!
Nənəsi hay vermədi. Qaranlıqda nənəsinin harda olduğunu da görmədi.Həmişə belə olurdu. Qaranlıq otaqda yuxudan oyananda harda olduğunu. Qapı-pəncərənin hansı tərəfdə yerləşdiyini aydınlaşdıra bilmirdi. Neçə dəfə qorxudan durub guya çölə qaçmaq istəmiş, amma nə üçünsə qapı kimi gördüyü divaramı, şifonerəmi kəllə vurub sonra ayılmışdı.
– Nə bağırırsan? Gəliblər ujey? – əmisi öz otağının qapısı ağzından deyindi.
– Nənə hanı?
– Nənə gedib bazara. Armud aparıb.
Nənəsinin adətiydi, bir zənbil armud götürüb səhər açılmamış bazara aparar, avtobusdaca alverçilərə verər, aldığı pula da zənbili bazarda evə lazım olan nələrləsə doldurub ona da bir çəngə bamiyə və siqaret kimi uzun konfetlər alardı.
Əmisinin səsinə istiqamətlənib gözlərini ovuşdura-ovuşdura eyvana çıxdı.
– Get yat da, burda duracaqsan?-əmisi dedi.
– -Nənəni gözləyəcəm, -dedi.
– Hə, gözlə. Göyə də baxarsan, nəsə qəribə bir şey görsən, məni oyat haa…-əmisi otağının qapısını bağlayıb getdi yatmağa.

Açıq eyvandakı stulda oturub masaya söykəndi. Kaş oxumağa nəsə olaydı. Öz çantası, bəzi kitabları otaqda idi, amma ora girməyə qorxurdu. Cırcıramanın ayaqlarını yanağında hiss eləməsi bir elə də xoş deyildi. Səhərin açılmasına nə qədər qalmışdı, bilmirdi. Tərslikdən göy üzü də buludluydu, nə ay vardı, nə də ulduzlar.
Eyvandakı şkafın üstündən sallanan jurnal gözünə dəydi. Stulu şkafın yanına çəkib ehtiyatla üstünə çıxdı. Jurnalı götürüb yenidən masanın arxasına keçərək oturdu və vərəqləməyə başladı. Hər şey rusca yazılmışdı. Bir yerdə uzunboyun qara qızların şəkli vardı. Boğazlarına qızılı halqalar keçirmişdilər. O biri səhifədə isə alt dodağına nəlbəki boyda qızılı disk yerləşdirən qara qızlar vardı. Ahhaa…əmisinin ona göstərdiyi yazını da gördü. “Dibibi dibee kazajaj…” oxudu, oxudu, oxudu…göyə baxdı…nəhayət ki bir ulduz gördü…yenə oxudu, oxudu, oxudu…yenə göyə baxdı, iki ulduz da gördü…Sonra yenə oxudu, oxudu, oxudu…göyə baxdı, nəhəng Dan ulduzunu gördü. Sevindi. Nənəsi deyirdi ki, o doğulanda anası az qala ölübmüş, nənəsi isə bu ulduza zikr edərək Fatimeyi-Zəhradan kömək istəyirmiş. Elə onun adını da bu ulduzun şərəfinə Zöhrə qoyubmuş…

Bir azdan hava işıqlandı və nənəsi gəlib dolu zənbili eyvana qoydu:
– Burda neynirsən, a bala?
– Səni gözləyirdim…

*** *** ***

Məktəbdə keçirilən ingilis dili viktorinasında 4-cü yeri tutdu. Əslində bu elə 1-ci yer demək idi. Çünki ilk üç yeri tutanlar əslində dilləri topuq vura-vura , səhvi səhv dalınca yaza-yaza bu yerlərə layiq görüldülər. Bu üçlük onların atalarının vəzifə dərəcələrinə görə düzülmüşdü. 1-ci yeri sovxoz direktorunun qızı, ikinci yeri kənd soveti sədrinin qızı, üçüncü yeri də ki, məktəb direktorunun oğlu tutdular.
İngilis dili müəllimi ona “Dünyamız uşaq gözündə” adlı kitab hədiyyə elədi. Uçmağa qanadı yox idi. 

*** *** ***

Nənəsigilin məhəlləsinə dönəndə bayaqdan bəri onunla yanaşı gedən oğlan soruşdu:
– Səni niyə döyürlər?
– Nə bilim? Hamını döyürlər də, – təəccüblə oğlana baxıb dedi.
– Hamını döymürlər. Bax, məni döymürlər.
– Bəlkə sən oğlansan, ona görə?
– Yoox, ona görə yox.
– Bəs niyə? Göydən düşmüsən bəyəm?
Oğlan yaşılımtıl-qonur gözlərini qıyıb ürəkdən güldü:
– Sən bəyəm göydən düşməmisən?
– Yox. Məni anam dünyaya gətirib.
– Hardan gətirib?
– Nə bilim? Gərək soruşam.
– Sən çatdın, – oğlan ayaq saxladı və o da qeyri-ixtiyari olaraq dayandı, – Sağ ol…Amma yağış yağanda gələcəyəm. Evin arxasına gələsən. Səni orda gözləyəcəyəm.
Cavab olaraq nə deyəcəyini bilmədi və nə yaxşı ki oğlan heç onun verə bilməyəcəyi cavabı gözləmədi də. Eləcə dönüb fit çala-çala getdi.
Başında qəhvəyi-boz şlyapa, əynində tünd göy rəngli qalın parçadan şalvar, jilet, açıq-bozumtul köynək vardı. Sarışındı, üzü çilliydi, burnu da bir azacıq dik idi…
Onu əvvəllər heç yerdə görməmişdi, nə məktəbdə, nə də məhəllədə. 

*** *** ***

Yatmazdan qabaq eyvanda oturub viktorinada qazandığı kitabı oxuyurdu. Əmisi gəldi:
– Hələ aparmayıblar səni? O nədi oxuyursan? Yenə məndən oğurlamısan? Ver görüm…
Əmisi kitabı vərəqləyib içindəki yazını da oxudu:
– Ölərdin birinci yeri tutsaydın? Bir ingilis dili nəydi ki? Vot iz yu neym, may neym iz filankəs. Budu da…
Dinmədi.
Hələ indi yadına düşdü ki, dərsdən gələndə onu ötürən oğlanla məhz ingilis dilində danışırdı.

*** *** ***

Tərslikdən düz bir həftə yağış yağmadı.
Sonra bir gün…
İldırım çaxır, göy guruldayırdı. Dəhşət içərisində eyvandakı masanın altına girib gizlənmişdi. Nənəsi həyətdə yerə düşən doluları yığırdı:
– Dolu yeməyi uşaqlıqdan sevirəm, – deyərək nənəsi eyvana qalxdı və onlar nəlbəkidə balaca ağ noğullar kimi qalaqlanmış dolu dənələrini yeyə-yeyə yağışa tamaşa elədilər.
İldırım yox idi daha.
Həyətə düşüb evin arxasına getdi. Təndirxananın içindəki balaca kətili çəkib oturdu. Təndiri qalamaq üçün bir tərəfə yığılmış qəzetləri gözdən keçirdi. Televiziya proqramları olan səhifəni tapıb kətildə yerini rahatladı. Saçlarını əliylə darayıb ciddi görkəm aldı:
– Salam, əziz tamaşaçılar. Bugünkü verilişlərimizin proqramıyla tanış olun…
Ölürdü televiziya diktorları üçün. Düşünürdü ki, böyüyən kimi gedib televiziya diktoru olacaq, bütün adamlar onu tanıyıb sevəcəklər.

– Necəsən, Katrin?
Səsə döndü:
– Yaxşıyam, Tomas, – içində qəribə bir sevinc, ürəyində tanımadığı bu oğlana qarşı şirin bir doğmalıq hiss edirdi, – Niyə yağış gec yağdı?
– Gözləyirdin məni?
– Əlbəttə, axı sən mənim dostumsan, -dedi və dediyinə də təəccübləndi. Belə deməməliydi, onun tanıdığı özü yaşda qızların heç biri oğlanlarla dostluq eləmirdi, bilsələr ona o ki var güləcəkdilər, bir daha heç bir oyunlarına buraxmazdılar, onu hətta dindirib-danışdırmazdılar yəqin.
– Hə, Katrin, mən sənin dostunam, – oğlan baxışlarıyla onun əlindəki qəzetə işarə elədi, – sən diktor olmaq istəyirsən?
– Yox, müəllimə olacam…axı diktor olmağa atam icazə verməz?!
– Bəs kitabxanaya niyə getmirsən?
– Ordan götürdüyüm kitabı itirmişəm. Utanıram.
– Bəlkə qorxursan? Sən niyə hər şeydən qorxursan?
– Yox, hər şeydən qorxmuram.
– Necə yəni qorxmursan? Bəs bayaqdan masanın altına girib gizlənən kim idi? – oğlan yenə gözlərini qıyıb gülürdü, – sən hətta cığğılı bir cırcıramadan da qorxursan.
Qeyri-ixtiyari əlini üzünə apardı. O gecəki cırcıramadan sonra yanağı ilə gicgahının arasında qara-göyümtül üçbucağa bənzəyən bir ləkə tapılmışdı. Nənəsi deyirdi bu da hərdən-hərdən ayaqlarında tapılıb – itən mələk barmaq izlərindəndi, yəqin mələklər onu qorumağı qərara alıblar və bu cür tapılıb-itən ləkələr onların nişanələrindən başqa bir şey deyil.
– Niyə biz ingiliscə danışırıq?- bu anlarda ağlına yalnız bunu soruşmaq gəldi və :
– Sən buna əminsən? – deyib Tomas daha ürəkdən gülməyə başladı.

Nənəsi onu çağırdı.
– Gəlirəm, -dedi.
Dönüb baxanda Toması yerində görmədi. Küçədən fit səsi gəlirdi.

*** *** ***

– Eşitdim şeir yazırsan?!- əmisi onu çiyinlərindən basıb stula oturtdu, – düzdü bu?
– Hə, düzdü, – rəngi ağardı bir andaca.
– Dədən deyirdi. Bəxtəvər başımıza, günə çıxaracaqsan bizi!
Dinmədi.
Əmisi bir də əyilib onun çiyinlərini sıxaraq silkələdi və burnunun ucunda mırıldandı:
– Birdən göydə işıq görsən, divardan keçə bilən adam, ya gözlərindən işıq çıxan kimisə…mənə de haaaa!!!
Qorxudan dişləri bir-birinə dəydi.

*** *** ***

İndi hər gün yağış yağırdı və o, hər gün Tomasla görüşürdü.
Tomas ona kitablar göstərir, oxuyur, amma heç vaxt heç bir kitabı ona bircə günlük də olsa vermirdi. Gedəndə özü ilə aparırdı.
– Niyə mənə Katrin deyirsən? – soruşdu bir dəfə, – axı adım belə deyil?!
– Bəs sən niyə mənə Tomas deyirsən?- dedi oğlan və yenə də gözlərini qıyıb güldü.

Bir dəfə Tomas şlyapasını onun başına qoydu:
– Sənə bağışlayıram, -dedi.
Sonra jiletinin altından bir kitab çıxarıb verdi.
Bu, onun məscid – kitabxanadan aldığı “Tom Soyyerin macıraları “ idi, üz qabığını açıb baxanda kitabxanaçıların qeydlərini də görüb buna tam əmin oldu.
– Götür, aparıb qaytararsan, – dedi, – amma bax, heç vaxt kitablardan, kitabxanadan uzaq qalma, həmişə nəsə oxu, sən oxuyanda mən də onları oxumuş olaram, gördüyün hər şeyi mən də görmüş olaram…Yaxşı, gəl vidalaşaq, Katrin…Mənə bax, gözlərimə…
O, içində qəribə bir ağırlıq hiss elədi, əgər utanmasaydı bəlkə ağlayacaqdı hətta. Tomas isə gözlərini onun gözlərinə zilləyib sakitcə dayanmışdı. O, başının azca hərləndiyini, ayaqlarınınsa yerdən üzüldüyünü hiss elədi, bütün vücuduna axıb dolan rahatlığın, yüngüllüyün, indiyədək yalnız yelləncəkdə gecə vaxtlarında yelləndiyi vaxtlarda duyduğu uçmaq həzzinin hardan gəldiyini heç bir şübhəsiz anlayırdı. Tomasın gözlərindən axırdı bu rahatlıq və bu həzz….Yaşılımtıl bir işıq dolurdu gözlərinə və ətrafında sanki hər şey:
– Zöööhrəəəəəə…- deyə pıçıldayırdı…və o, hər dəfə məscid-kitabxananın qara minbərinin yanında eşitdiyi bu pıçıltıdan ilk dəfəydi ki qorxub qaçmırdı…

– Zöööhrəəəə! – nənəsi də çağırdı və Tomasın gözlərindən axan yaşılımtıl işıq da, pıçıltılar da bir andaca yoxa çıxdı.
– Salamat qal, – Tomas dedi.
– Sən hara gedirsən, Tomas? – soruşdu.
– Sənin üçün nə fərqi var? – gülümsünüb göz vurdu və dönüb yenə də fit çala –çala getdi.

Nənəsi yanına gəldi:
– Sən axı burda nə itirmisən? Hər gün gəlib dəli kimi öz-özünə danışırsan. Saçlarını kim yoluşdurub? Gəl hörüm saçlarını.
Əlini başına apardı. Şlyapa yox idi.

*** *** ***

Gecə səhərə qədər yatmadı.
Peçin qapısından döşəməyə süzülüb titrəyən qaz alovu işığında “Tom Soyyerin macəraları” nı oxudu.
Əmisi hərdən başını qapıdan içəri soxurdu:
– Oxuma da o zəhrimarı! Qoy qırağa, yat! Heç olmasa yuxuna gələrlər bəlkə…
Başını qaldırıb yorğun-yorğun əmisinin üzünə baxdı:
– Axı kim gəlməlidir? – soruşdu.
Gözlərindən ani qopan bir parça yaşılımtıl işıq əmisinin üzündə oynadı.
Əmisi:
– Aaaaa… – elədi və ağzı əyildi.
– Ay bala, nə istəyirsən bu uşaqdan axı, get yat daa, – nənəsi durub dəstəmaz almağa getdi.
Əmisi yerindəcə donub qalmışdı:
– O nəydi ana? Onun gözlərindən yaşıl işıq çıxdı.
– Ay bala, qazın işığıdı da, nə göz, nə yaşıl işıq? Dəli olma. Dedim axı sənə evlənmək lazımdı…
Nənəsi deyinə-deyinə eyvana çıxdı.
– Ana, axı mən gördüm! – əmisi çaşdığına inanmaq istəmirdi.
– Allahu Əkbər! – nənəsi onu itələyib çölə çıxartdı və namazına başladı.

Dizlərini qucaqlayıb oturmuşdu. Baxışları peçin qapısında oynaşan alov dillərində ilişib qalmışdı. Bayırda yenə yağış yağırdı. Ürəyindən dəli bir istək keçdi – evin arxasına qaçıb Toması görmək, onun bağışladığı şlyapanın yoxa çıxmasını demək istəyi. Amma yuxu onu aparmaqdaydı və ona elə gəldi ki, oturduğu yerdən qalxmağa belə halı qalmayıb. Başı hərlənməyə başlamışdı yenə və sanki bütün varlığıyla hansısa görünməz bir burulğanın içində itir, tapılır, yenə itir, yenə tapılırdı…Gecə vaxtı yelləncəkdə uçuş həzzini duyduğu kimi şirin idi bu itib- tapılmaq …
Kiminsə əlini öz əlinin üstündə hiss elədi. O qədər doğmaydı ki bu əl, xumarlanıb gözlərini yumdu. Kimsə yanağından öpdü, eynən cırcıramanın gəzdiyi yerdən və… ”Zööhrəəəə…” pıçıldadı. Gözlərini açdı. Yanında heç kim yox idi. Otağın o biri küncündə nənəsi namaz qılırdı.
Uzaqdan, hardansa fit səsi eşidilirdi.
Çöldə yağan yağışın səsi nənəsinin namaz pıçıltılarına qarışmışdı…

Yazıya 1234 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.