NİSƏBƏYİM — Ölüm də bir yasaq, bir qadağadır

nisəbəyim

Bu – ayrılıq,
sevgi – filan,
dünən yar, bu gün yad olan,
hər kəsdən bir miras qalan
köhnə söhbətdi, – bilirəm…

İstər öldür, istər yaşat,
istər hirslən, qara daş at,
ağla, ürəyini boşalt,
düşüb, fürsətdi,- bilirəm…

 

Özün – özünə pərdəsən,
bir məchulda, bir sirdəsən,
fərqi yox, hansı yerdəsən,
təklik – qürbətdi,- bilirəm…

 
***

Zülmətə qərq oldu dünya bu gecə,
Uçurum açıldı vaxtın gözündə…
Nə ulduz adında, nə ay adında
Bir işıq yox idi göyün üzündə…

 

Qaranlıq udmuşdu yer ilə göyü,
Hayı kəsilmişdi səssiz küçənin…
Nə yel pıçıltısı, nə yağış səsi,
Nəfəsi gəlmirdi hissiz gecənin…

 

Bir əsər yox idi canlı dünyadan,
Aləm ərimişdi zülmət içində..
Şahidi yox idi bu lal gecənin,
Nişanı susurdu qəflət içində…

 

Şübhələr böyüyüb gəzdiyi anda ,
Qəflətən gurlayıb çaxdı ildırım!
Bütün zülmətləri,qaranlıqları
Bircə an içində yaxdı ildırım!

 

Bir an aydınlatdı cansız dünyanı,
Canlı şahid kimi sardı hər yanı.
Bircə an çaxmağı yetərli idi,
İşığa bürüsün bütün dünyanı!
***

Böyük-böyük adamların
Çıxıb getdilər, ilahi!
Doğru-dürüst addımların
Yolda itdilər, ilahi!

 

Qaldıq-qurd-quşun əlində,
Lal tək susduq daş dilində,
İslanmışlar vaxt selində
Düşüb batdılar, ilahi!

 

Saxlanıb sona qalanlar,
Yoxkən dönüb var olanlar,
Eşq tək səndən doğulanlar
Tamam bitdilər, ilahi!

 

***

Anlamaq çətindir…
insan mənini,
Zehnindən bir məna dərməyənləri…
Iki baxar gözü bir yana qalsın,
Ağlının gözüylə görməyənləri…

 

Idrak bir işıqdır insan qəlbinə,
Zərrəsi dünyanı işıqlandırar…
Aqil əlindəki fəzilət şamı
Qaranlıq yollarda ümid yandırar…

 

Ömrün əfv edilməz bir cəzası var –
Ağır bir günahı daşımaq kimi…
Ölüm də bir yasaq, bir qadağadır –
Olub-olmazlarda yaşamaq kimi…

 

 

Yazıya 647 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.