V.Mürsəlqızı üçün
Sev:bu,hökm deyil…
Bax,çiçəklər ləçəklərini nazla əsdirib sənə sarı əyilir
Sev: məhəbbətlə süslən,
üzündəki nur kainata yetəcək qədər!..
Sev: hərdən kirpiklərin şeh qoyması da gözəl…
Sev:günaha gir-savabdı…
Dinlə,bir sevgi nəgməsinin notları-qəlb döyüntülərin…
Sev: bir şəklə baxa-baxa,vallah, onu canlandıracaqsan
Gör,sən nə qədər əlçatmazsan əlçatarlıqda belə!..
Sev: bir şeirin sözləriylə ətirlən,
bir daşa toxun bağrı atəşlənsin :”ey, mən daşlıqdan çıxıram ha…”
Sev: kimi məğlub etsən ,o,qalibdir,
qoy qəhrini doyunca çəksinlər
Sev –“sev ki sevən mərd olur”
Sev:dünyanın damarına təzə qan vur,
suların üzəriylə inamla yeri, batmazsan…
Sev:sevgili baxışlar çöhrəndə sığal kimi gəzsin,
qərarsızlığına darılma;axı,sən qərarnı çoxdan vermisən
Sev-qanadlan;sənə uçuş yaraşır!..
RUHUMUZUN ANA SÜDÜ
F.Hüseynbəyliyə
Gördüklərindən çaşmış kimisən
olanları…mədən həzm etmir
uda bilmirsən çox şeyi-tüpürürsən yenə ağzında qalır
hərdən fırlanırsan yerində
əlini masaya çırpıb hirsini soyudursan guya
gəl,düşürsən yanğınların tən ortasına
yanğın:kimsə üstünə bir damcı su da atmaz-
ilahi,insanlar buz kimi
yanğın:başından tüstü çıxır-
görünmür ki yanmağın
yanğın:ocaq sönük tale dönük
yanğın:heç istəməzsən olsun
fikrində,düşüncəndə od qalayıb susarsan
pislikləri bir yerə toparlayıb da topuna bir kibrit çəkəsən
vallah,onda da görərsən alovlar içində şeytanlar rəqs edir
o şeytanlar ki gündə üzləşdiyin adamlara çox bənzəyir
o şeytanlar ki salamını ürəklə aldıqları vaxt da olur
o şeytanlar ki qrup-qrup dəstə-dəstə
o şeytanlar ki toz qaldırır
o şeytanlar ki fırtına qoparır
o şeytanlar ki nəfsləri həmişə özlərindən qabaqda
o şeytanlar ki şeytanlıqlarıyla öyünər,qürur duyarlar
o şeytanlar ki lənətlik…
Yox,haqdan yanan çırağın çevrəsi iblis yığnağı ola bilməz
hamını məsumluğa haraylayan bir səs,
Ruhumuzun Ana Südü-SÖZümüz var!..
Yazıya 774 dəfə baxılıb