Rübabə BANU — Ümid payı (“Körpələr evindən məktub” layihəsi )

Kultur.az-ın media dəstəyi ilə  təqdim olunan “Körpələr evindən  məktub” layihəsi  daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə  SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!

RÜBABƏ BANU — ÜMİD PAYI

–Yenə də ağlayırsan,bacı!
–Yox,ağlamıram,canım qaqaşım!
–Yox,mən gördüm,ağlayırdın… 11134389_1415049852138082_1144062558_n
– -Qaqaş canı, ağlamıram, sənə elə gəldi. Gözümə toz düşdü, deyəsən.
— Hanı göstər görüm!
–İnanmırsan mənə ?!
–Yaxşı, bacı, inandım. Bəs qapının ağzında niyə durmusan?
— Elə-belə…
— Bəs əlindəki nədir? Hə, bildim, bu, anamızın şəklidir. Sən də həmişəki kimi burda durub onu gözləyirsən. Hə, bacıcan?
— Hə, qaqa, onu gözləyirəm. Axı 8 Mart- Analar gününə az qalıb. Sənin yadına gəlməz, axı sən onda çox balaca idin. Anamız bizi buraya, bu uşaq evinə gətirdi. Dedi, “qızım hələlik burada qalın, mənsə getməliyəm. Amma qayıdacağam, mütləq qayıdacağam, gəlib sizi aparacağam. O zaman birlikdə xoşbəxt yaşayacağıq”. Dedim,” ana, noolar, bizi burada qoyma. Axı qaqaşım hələ lap balacadır, o, sənsiz qala bilməz, darıxar”. “Yox, qızım”,- dedi, “mən getməliyəm, sizin üçün gözəl-gözəl şeylər almaq üçün işləməliyəm, pul qazanmalıyam, sonra gələcəyəm”… Dedim, “ana, mən “gözəl şeylər” istəmirəm, sənin yanında qalmaq istəyirəm. Nə olar, ana, bizi də apar, bax, mən sənə kömək edərəm, qardaşımı da saxlayaram, yemək də bişirərəm. Bir dəfə sən evdə olmayanda qaqaşıma südlü sıyıq bişirmişdim. Amma səninki qədər dadlı olmamışdı”. O, güldü… Elə gözəl güldü ki, qaqaş, heç müəlliməmiz Rəna xanım da elə gözəl gülmür. Biz anamla xeyli güldük. Sən anamın qucağında hər şeydən xəbərsiz olsan da, toppuş əllərini bir- birinə vurub elə sevinirdin ki… Onun gözəl gülüşü indi də qulağımdadır. Sonra anamız bizi bağrına basıb öpdü, səni lap çox öpdü, sonra bizi Rəna müəlliməyə verib dedi :
– Qızım, qardaşına yaxşı bax, gələcəyəm.
Anamın gözlərində yaş var idi, tez dönüb getdi. Arxadan son dəfə səsləndim :
– Anacan! De, bəs nə vaxt qayıdacaqsan, gözləyək səni qaqaşımla!
– Məni elə bu gün də- analar bayramında gözləyin, mütləq gələcəyəm!- deyib əl elədi və getdi. Neçə bayramdır gözləyirəm, gəlmir. Deyirəm, bəlkə bu il gələr anamız…
Elgün yanağındakı göz yaşlarını əllərinin arxasıyla silib gülümsündü :
-Bax, görərsən, bacı, anamız gələcək. Onda mən böyüyüb böyük kişi olacağam, anama da, sənə də baxacağam.
Səmanın da kədər dolu gözləri, çöhrəsi nurlandı, ümidlə, fəxrlə kiçik qardaşına nəzər saldı. Sonra onu bağrına basıb öpdü.
Gözəl günəşli bir mart səhəri idi . Birdən otağın qapısı açıldı. Üzündə-gözündə sevinc, həyəcan görünən Rəna xanım üzünü Səma və Elgünə tutub onları yanına çağırdı :
– Sizə xoş xəbərim var, uşaqlar. Ananız bu gün qayıdır, bir azdan sizi aparmağa gələcək!
-Anacan!, -deyə uşaqlar sevinclə səsləndilər.
-Bacı, mən sənə deyirdim axı anamız gələcək! – deyə balaca Elgün sevinclə bacısının boynuna sarıldı.
Digər uşaqlar da sevinir,  gülür, əl çalır, atılıb- düşür, sanki, dostlarının xoşbəxtliyindən onlara da pay düşürdü: ÜMİD PAYI!!!

 

 

 

Yazıya 677 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.