Bəxtiyar Hidayət – ARXİMED QANUNU

bextiyar(hekayə)

Bığı trapesiya, alın qırışları təqribi bərabərlik, papağı silindr, saçı yarımçevrə kimi keçəl, barmağındakı yekə üzüyü kvadrat formasında olan, siyasi mövqeyi hər an 180 dərəcə dəyişən, amma dəqiq elmlərdən heç də başı çıxmayan, buna baxmayaarq özünü lap Arximeddən də savadlı bilən, illəri yola salmış qoca aşıq Şiddət Məlul şəhər parkında başına da beş-on qocanı yığıb üyüdüb- tökürdü:

-İndi gələr, görərsiniz. Kopolunun muxbirləri əl çəkmillər dana adamdan. Indi də Bakıdan biri gəlib itli- pişikli məni axtarır. Bu muxbir tayfasının əlindən rahatlıq qəhət olub mənə a kişilər. Irəhmətlik Növrəs İman haqda yazmaq istəyir indi məni axtaran da. Savadsızdı hamısı, adi şeyləri bilmillər. Elmləri yoxdu, helmləri yoxdu. Nə var e Növrəs İmanın başına gələnləri bilməyə. 32 il yaşayıb fani dünyada, sonra  da itkin düşüb. Bizim buralarda da olub ömrünün son günlərində. Hələ aşıqlarla deyişib də. O deyişmələr məndə var- görək nə verəcək müxbir mənə. Qoy görək bəlkə bu muxbir əsl muxbir deyil,  “mıxbir”di. Indi o qədərdi ki qapı- qapı dilənən mıxbirlər. Həyasız uşağı həyasız hələ bizim aşıqlar birliyinə də qarmaq atmaq istəyirlər. Daha demillər ki, aşığı el saxlar, aşıq elin muxbirini saxlayası deyil. Qoy görək əsl muxbirdimi yoxsa “mıxbir”dimi.

  Bu arada ölkə Avropa olimpiya oyunlarına hazırlaşırdı və məlum olmuşdu ki, bu əsl olimpiyada deyil. Əslində bu ölkədə çox şey əsl deyildi. “Bu əsl islam deyil” məsəli də dillərdə əzbər olmuşdu. Elə bu Avropa oyunlarından sonra da islam oyunları olasıydı- əlbəttə həm ömür həm də mədəniyyət naziri  vəfa etsə Şiddət Məlul bütün oyunların açılış mərasimində çıxış edib saz sənətini bütün Avropada tanıdacaqdı.

   Yoxsa nəyin əsl olması, nəyin saxta olması Şiddət Məlul üçün deyildi. Öz- özlüyündə yəqinləmişdi ki, müxbirin saxtası və  orjinalı olur, vəssalam. Daha oyun- moyun onluq deyildi. Şiddət Məlulun indi görüşəcəyi, guya  Bakıdan gələcək jurnalist İxtiyar Həsənsoyun köhnə mövzuları idi belə mövzular. O yazardı belə şeylərdən. Lap bəzəyə- bəzəyə yazardı. Gəlin əvvəla onun qələmi ilə bir baalaca tanış olaq:

   “Sən öl özzüm ölüm, mənim bu millətə çox faydam dəyib. Mən iddia etmirəm ki a, bəs şeir belə, poeziya belə, dil belə, dilçilik belə. Mən günü- gündən bu millətin övladları üçün dəyərli bir varlığa çevrilməkdəyəm. Yəqin bu da mənim çevrilməmdi. Hələ o zaman iki vətən övladı, hər ikisi də zabit, yalandanca üzümə durub məni tutdurdu. Heç bir il çəkmədi ki, adamların rütbələri və vəzifələri sürətlə qalxmağa başladı. Indi hərəsi bir N saylı hərbi hissədə komandirdi, n qədər pul qazanırlar. Pula pul demirlər, əsgərə əsgər, valideynə də valideyn. Day bundan artıq necə yardım edim mən bu Vətənə, mən bu Vətəni qoruyan şərəfli zabitlərimizə? Haaayh? Bu Vətənin sabahı üçün iki general adayım var ay millət, ay xalq.

 Indi də bir cavanın həyatını qurtarmışam. Yoxsa vəhhabilər kafir elan edib gözümçıxdıya salacaqdılar. Onu da deyim- vəhhabilər özləri də iki sort olur. Məscidə gedənlər və getməyənlər. Gedənlər getməyənləri, getməyənlər də gedənləri xəvaric adlandırır. Amma hər ikisinin bir ortaq düşməni var. Bu da şiələrdir ki, vəhhabilər bunlara rafizi deyir. Elə şiəlikdəki bütün məzhəblərin də ortaq nöqtəsi vəhhabi düşmənçiliyidi. Əgər bir vəhhabinin silahında bircə güllə qala, və öldürülməli də bir şiə, bir erməni ola qarşısında, vəhhabi öz gülləsini sıxacaq şiənin kəlləsinə. Çünki erməni birdən dinə gələ bilər, amma şiə dindən çıxıb və öldürülməsi farzdır- belə düşünür vəhhabi. Elə şiə də seçim qarşısında qalsa erməniyə deyil, vəhhabiyə sıxar gülləsini. Hər iki tərəf bir- birinə cəhənnəmdə yahudilərin arabasını dartacaqsan- deyir.

 Bu saat ölkədə gündəm bu gündədi. Mənim şortu biznes adı qoyduğum şou- biznesdə də belədi- hər kəs özünü haqlı və əvəzedilməz bilir. Müxalifətdə də, iqtidarda da belədi- hər kəs əvəzedilməz və əbədiyyən haqlı bilir özünü.  Bizim saz- söz yurdunda dini gündəm bu cürnədi-  hər təriqət özünü haqlı bilir. Əvvəl hamı dindarlar cümə namazına bir yerdə qılardılar. Bu lap meydan hərəkatını xatırladırdı. Ham bir idi. Indi isə müxalifətin bu günü kimidi- hərə öz partiyasını haqlı bilir. Cümə namazi günü ən çox qazanan marşrut sürücüləridi. Məsciddə namaz qılanı barmaqla göstərmək olar- hərə təriqətini yiğıb bir kəndə aparır. Siz elə bilərsiniz ki kəndlərdə dini təbliğ edirlər- xeyr, bu hələ ağılalrına gəlməyib. Sadəcə bir- birini düşmən görən bu dındarlar beləcə də müqəddəs cümə günü pis adamalrın sifətini görməmək istəyir- yoxsa salavatalrına xələl gələr.

 Nəysə bunun da hamısı məscidə getməyən vəhhabilərdən qorxurlar. Elə mən xilas elədiyim o uşaq da məscidə getməyən vəhhabilərin badına gedəcəkdi. Onalrın da bir başçıları var- deyir alə, biz araq içəndə boşaltdığımız butulkaları yığardıq ayaqlarımız altına, ayağımız yavaş- yavaş qalxardı, təkcə kefimiz qalxmazdı ki. Amma səsimiz heç qalxmazdı, o cahil vaxtımızda. Indi bu araq içib meymunluq edənləri şallaqlamaq lazımdı. Deyir oğrunun barmağı kəsilməlidi. Deyir müşrikin boynu vurulmalıdı. Deyir qadın ancaq mücahid doğmaq üçündü. NATO-nun xətti ilə Əfqanıstanda hərbi xidmət çəknləri ən axmaq adamlar adlandırır. Deyir Allah heç kimə belə şans verməyib, bunlar şansını dəyərləndirə bilmir. Ay axmaq, 10 addım anrı qaç, get qoşul müsəlman qardaşlara də. Daha bizim kimi 50 ölkənin sərhəddini adlamaq problemin yoxdu ki. Niyə verirsən cənnəti əldən, bu fürsət bir də ələ düşəcəkmi? Istəmirsənmi o dünyada kölgəlikdə qurulmuş taxtlarda hurilərlə mazaqlaşmağı. Yoxsa bu dünyanın zövqü- səfasınamı uymusan, axı müvəqqəti şeydi bu.

Onların təriqətində hərənin bir islam ayaması var. Dediyimiz adam da Əmir Xəttabdır. Bunlardan biri də özünə Həmzə ayaması götürüb. Bu da adama bir çibinöldürən göndərmişdi- yəni Həmzə aslan ovçusu idi, sən isə uzağı çibin ovçusu olarsan.

Şiələrə şaybistlər deyir, çünki möhürlə namaz qılırlar və Ömər Xəttab da həmin möhürü xokkey şaybaysıa bənzədir. Cübbəli Əhmədə də Şəppəli Əhməd deyir. Türkiyədə din olmadığını iddia edir- onlarda Allah dini yox, xoca dini yayqındır deyir. Bunun bildirdiyinə görə cəhənnəmdə millət bel- belə olacaq. Dünya əhalisinin az qala 99 %-i orda olacaq. Islamdan başqa dinə qulluq edənlər hamısı cəhənnəmdə yanacaq. Əlavə olaraq da islamda bütün təriqətlər cəhənnəmlikdir, yalnız bunların təriqəti cənnətlikdir.  Buna görə də özünü dünyanın n xoşbəxt adamı sayır. Deyir bundan böyük xoşbəxtlik olmaz. Allah məni də məsələn yapon yarada bilərdi. Sonra heç bəlkə müsəlman da olmayacaqdım. Müsəlman olsam da bəlkə sapıq təriqətlərə qoşulacaqdım. Şansa bax ki, Allah məni müsəlman yaradıb. Cənnətə düşmək şansı verib. Belə xoşbəxtlik hər adama verilməz. Xəttabın dediyinə inansaq bizim saz- söz yurdunda yalnız 10-12 nəfər cənnətə düşə bilmək şansına malikdir. 10-12 nəfər də onların təriqətinin üzvləridir. Molla Ömərin, Ben Ladenin, Doku Umarovun fanatıdı Xəttab. Onların törədikləri terroru beşəlli dəstəkləyir. Sula versən ki bəs o günahsız adamların günahı kimin boynuna, uduzacaqsan. Deyəcək sən kimsən günah müəyyən edirsən, qədər Allahın əlindədi. Həm də bəs bizim qoşunlar Ermənistana top atanda kim fikirləşir qəpənin biri gedib bir günahsız uşağa dəyər. Müharibədə hər şey olur. Günahsız uşaq da ölürsə deməli daha yaxşı- indən belə qazanacağı günahlardan azad şəkildə gedir o dünyaya, o dünyada da olacaq 33 yaşında və birbaşa cənnətdə. Bundan böyük xoşbəxtlikmi var?  Daha durub desən ki yox, yalan deyirsən, Qurandan və şəriət kitablarından sitatlar gətirəcək. Sən də daha deyə bilməzsən mən Qurana inanmıram. Onda gərək həyatınla vidalaşasan və Xəttab da səni öldürdüyünə görə əlavə 20 huri də qazanmış ola. Heç mən özüm də onunla belə söhbətlər edə bilmərəm. Baxmayaraq ki o mənə bir cəsarətli adam kimi, sözündən dönməz adam kimi hörmət qoyur. Əqidəmə dəyişmədiyimə görə hörməti olduğunu bildirir.

Nəysə hamı qorxur ondan. “Cahil vaxtalrında” bir davada 5-6 adamı şil- küt edirmiş.

Indi də bir bədbəxti salmışdı çənəsinin altına.

Demək görürəm ki bir nəfər telefonunda Rihannanın klipini izləyir. Öz- özümə dedim ay gidi dünya, saz- söz yurdunda cavanlar “Ruhani”ni Rihananya dəyişdi demək. Mən də diqqətimi yönəltdim- “Kamerun boy- boy” oxuyurdu Rihanna.  O yandan da bu Əmir Xəttab səsini qaldırdı- söndür əə, o kafir mahnısını.

 Görünür cavan oğlan tanımırdı onu:

- Sən kimsən, get hoppan. Bunun saqqalına zada bax.

Gördüm bunun axırı qanla bitəcək- girdim araya:

-         Xəttab, sən canın burax başını. Rihanna bu gün sabah islama gələcək. Bu yaxınlarda Fələstinə gedib çadra- filan örtmüşdü. Deyəsən meyllənir sizə sarı.

Ağzı sulanan Xəttab:

-         Cənnətin qapısı açıqdır, hər kəs gələ bilər. Hamını cənnətə dəvət edirəm. Bu kafiri də sənə bağışladım.

Xəttabla  təzə qurtarmışdıq ki, millətçi boz qurdlar başladı-Niyə ulusal marşı qoymursan, uvertura qoymursan, nə bilim canavar ulatmırsan, “azəri oğlanları” qoymursan. Uşaq da sən demə elə Rihannanın  burcutmağına baxırmış- heç mahnıdan zaddan da xəbəri yoxmuş. Qalmışdı gözlərini döyə- döyə. Eləbil Xəttaba cavab verən bu deyildi. Xəttabın zəhmi hələ təzə absırdı onu.  Dedim qaqalar, bu Rihanna xanım özü görürsünüz ki neqrdı. Dedilər bəli- dedim demək afrikalıdı. Görünür özü də Kamerundandı. “Boy” da oğlan deməkdi. Indi bu da “Kamerun oğlanları” oxuyur. Yəqin bu qaqaş da Kameruna “balet eləyir”. Etoya- zada simpatiyası var. Həmin müxalifətçilər mənə sağ ol şair dedilər, çayın da pulunu verdilər. Hələ fəxr etdiklərini də bildirdilər- o qaqaşa isə yekə kişisən “azəri oğlanları” yüklət telefonuna dedilər.

Yeri gəlmişkən “azəri oğlanları” mahnısı ən bədbəxt mahnımızdı- hər el, hər oba mahnını öz adına oxudur. Yevlaxın oğlanalrı, Bakının oğlanları və yaxud Lənkəran oğlanlar. Rayonlarda kənd- kənd dəyişir- Ürkməzli oğlanları, Canallı oğlanları, Məzəmin oğlanları və sair. Böyük kəndlərdə məhlə- məhlə dəyişir- Arxana oğlanalrı, Nəzirli oğlanları, nə bilim, Semzavod oğlanları.

Bax elə bizim əksər müxalif partiyaları da belədi- kimsə Azəri oğlanları oxumaq istəmir. Am-1-in oğlanları AM-2 oğlanları AM-3-ün oğlanları .

Bu da xanlıq təfəkkürüdü- xanlar birləşə bilmir. Elə iqtidarda da xanliq təfəkkürüdü- artıq bütün xanlıqlar bərpa olub. Yalnız Qarabağ xanlığının yaradılmasıdı əsas priotet məsələ. Elə dindarlarımız da dınqırasüzəndi- hərə öz təriqətini üstün bilir. Bir növ hərə öz havasına oynayır- haqqa sədaqətlidi, fətullah oğlanları, vəhhabi oğlanları, camaat  oğlanları , taliban oğlanları, nəqşibənd oğlanları , hənəfi oğlanları. Burda da azəri oğlanları yoxdu. Amma müxalifət bir balaca bunlardan üstündü. Müxalifətin dilindən Azərbaycan düşmür. Amma dindarlar Azərbaycanı heç dillərinə gətirmirlər. Baxma ki ikisinin də mahiyyəti və maliyyəti eynidi- xaricdən gəlir gəlirləri. Birində Qərbdən, birində Şərq ölkələrindən. Inkişaf etmiş və etməmiş ölkələrdən. Erməni dindarlarının üstünlüyü var bunlardan öz ölkələrinə görə- erməninin bütün planları erməni xalqı üçündü. Erməni kilsəsi erməni xalqı üçündü- di gəl bizimkilər. Biri Səudiyyəyə işləyir, biri irana biri də Türkiyəyə. Hələ Talibana işləyən də var- Azərbaycana işləyən yoxdu bircə.

Nə isə vallahi və bilalhi daha mən nə iqtidar nə müxalifət, nə də din  analitiklərini dinləmək istəmirəm- onların ağızlarını burcutmalarına baxınca Rihannanın dalını burcutmasına baxmaq gərəklidi”

Bu İxtiyar Həsənsoy həm də hazırcavab adamdı. Bir dəfə bir türkiyəli buna sataşmaq istəyib:

-         Abi, şu ruslar sizə kollektivcilik dərsi gecmiş.

-         Biz rusdan kolelktivçilik öyrəndik, amma siz də boş qalmadınız- Avropadan kolliqnus öyrəndiniz. Hər halda kolliqnusdan kollektivçilik yaxşıdı.

Türkiyə vətəndaşı elə dalına baxa- baxa getmişdi.

 Bir dəfə də bir pivəxanada ofisant qadın bunların stoluna söz tullayıb:

- Azərbaycan kişiləri elə pvə kimidi, ürəklə işləri yoxdu. Işləri böyrəklikdi.

- Elə biz kişilərə pivə kimi baxdığınıza görə alternativiniz çoxdu- quru balıq, ağ semiçka, noxud, saçaqlı pendir, ən yaxşı halda xərçəng.

Həm də lap filosoflar kimi fikirlər yürüdə bilir İxtiyar Həsənsoy. Deyir iqtidarın Azərbaycanda yerlərdəki dayaqları İcra başçılarıdı. Avropada yerlərdə dayaqları isə İkra başçılarıdı.

41 yaşı var, amma hələ başında bir ağ tük yoxdu. Di gəl saqqalının çənə hissəsi ağarıb. Bunun səbəbini soruşanlara:

-         Görünür çənəm başımdan daha çox işləyir.

Azərbaycanda seçkiləri qəribə bir şeyə bənzədir- böyrək yükünü boşaltmaq deyir seçkilərə. Deyir bir nəfərin təbii ehtiyacı varsa və yaxınlıqda tualet-filan yoxdusa özünü saxlayacaq. Amma ki, tualeti görüncə duzlu su qarnını dağıdacaq. Tualetə qaça- qaça gedəcək. Halbuki, yaxınlıqda tualet olmasaydı yenə özünü rahatca saxlaya bilərdi. Bizdə seçkilər də belədi- seçki müddəti yaxınlaşdıqca özümüzü saxlaya bilmirik. Meydanlara qaçırıq-özümüzü boşaldan kimi də rahatlayırıq. Zatən istənilən tualet də bizim seçki məntəqələrindən daha təmiz və daha şəffafdı.

-         -

Hə bax belə bir qələm sahibidi İxtiyar Həsənsoy. Di gəl indi yığılıb bir qədər qınına. Iqtidarmeylli bir saytda yazır- ona görə. Elə indi də o saytda yazısı üçün mövzu gəzir. Sayt rəhbəri çox məhşurdu ölkədə- Elman Vəlibəyli. Hərşeysünasdı- vətənpərvərdi, ədəbiyyatdan yazır, tarixdən bəhs edir, arada şeir də yazır, kinoları da tənqid edə bilir. Ixtiyar da gedib görüşüb- hökuməti tərifləməycək və nə də pisləməyəcək, mədəniyyət aid reportajlar yazacaq. Yaxşı da pul alacaq. Pulu Bakıdan göndərmək  məsələsi də düzəlmişdi- tələbə yoldaşının ellisi imiş Vəlibəyli. Tələbə yoldaşı da bunların işbirliyinə xeyli sevinmişdi:

-Ayə, nə gözəl oldu. Lap yaxşı tanıyıram Elmanı. Günü bizdə keçirdi, anamın o qədər xəngəlini yeyib ki. Deyir dünyada elə xəngəl bişirən olmaz.

-  -

   Dəqiq bu o zaman idi ki, ölkədə iki xalq artisti itlərini evləndirib toy çaldırmışdılar. Di gəl toyu tez elədiklərinə də peşman olmuşdular. Çünki bir qədər də gözləsələr Avropa Oyunları başlayacaqdı və toyu o vaxta salsalar soraqları gedib Avropanın heyvansevər insanalrının da qulaqlarına çatardı. Kişi cinsindən olan it Toplan bəy, qadın cinsindən olan it də Toplanə xanım adı almışdı. Bu adları o xoşbəxt itlərə bir qocaman xalq artisti qoymuşdu. Bu aralar ölkə başçısı  şahənşah və bir də bu qocaman xalq artisti-Şahanə xanım ad paylamaqla məşğul və məşhur idilər. Qancıq itin yengəsi də qocaman bir xalq artisti  Şahanə xanım olmuşdu. Sonra da Toplanə xanımın bakirəliyini elan etmişdilər. Sanki it və insan öz mahiyyətini dəyişmişdi- axı it üçün belə şeylər olmur. It cütləşmək istəyəndə bir bölük it qoşulur kürsəyə. Indi iti cəmi bir erkəklə cütləşdirmək istəyirdilər və yengə də az qala ömrü boyu dalında kürsək əskik olmayan qocaman xalq artisti idi.

Və bu arada Şiddət Məlul da evlənmişdi. Amma təzə gəlinə heç yengə lazım olmamışdı.

 

 Həmin xalq artisti dediyimiz kimi manıslara  payalyirdi- meqastar, geqastar və sair. Şahənşah da belə ad paylayırdı- xalq artisti, xalq şairi, şərəfli şəxsiyyət və sair. Aşıq Şiddət Məlulun da ən böyük arzusu şahənşahdan ad almaq idi. Di gəl şahənşah daha çox açıq-saçıq geyinənlərə və açıq yerləri daha çox olanlara ad verirdi.

 Bax bu günlərdə bizim İxtiyar gedib o redaktorla görüşmüşdü. Başqa variantı da yox idi- balalar ağzını qaranquş balası kimi açıb yemək istəyirdilər. Ixtiyar Həsənsoyun güvəndiyi mətbuat orqanlarında isə ona yer vermirdilər. Bir növ də acığa getmişdi o sayta.

Onda şair İxtiyar Həsənsoy bir də baxdı ki bu Elmanın dalı çox yekədi. Özü də formalı yekə daldı bu dal. Adam Cenifer Lopez osa dalını lap iki milyona da sığortalada bilərdi. Kim Kartaşyan olsa erməni xalqını daha yaxşı tanıdardı dünyada.

Kim Kartaşyan demiş- bu Elman da bir növ Kimə bənzəyirdi. Kartaşyana yox- Kim Çen İrə.

….

Aşıq üyüdüb tökürdü- mənim qızıl fondda səsim var. Telvizordan də gəlib çəkiblər. “Göyəzən” qəzetində də şerlərim çıxıb. Elə bax bu parkdakı heykəllərin yanında mənim də heykəlim qoyulacaq. Gələcəkdə Dədə Şiddət deyəcəklər mənə.

 Şiddət Məlul elə zənn edirdi müxbir Bakidan gəlməlidi- yerli müxbirləri müxbir saymırdı. Indi də biləndə müxbir Qazançı kəndinin qaçqınalrındandı, bir qədər pis oldu. Amma onun başına yığılan qocaman kişilərdən bir- ikisi şairi tanıyırmışlar. Yüz paytaxt jurnalistinə dəyər dedilər onun qələmi də, özü də dedilər. Şiddət Məlul da danışmağa razılığını bildirdi.

-         -

İxtiyar hələ uşaqlığında Qazançıda çox görmüşdü aşıq Şiddəti. Onda tutarlı vaxtı idi Şiddətin. Yay uzunu səfalı Qazançıda dincələrdi. Həm də pulunu qazanardı Qazançı camaatının qonaqsevərliyindən istifadə edərək.

Şairin qohumu Kamal kişigilə düşərdi. Kamal kişinin oğlu ilə bunun oğlu əsgər yoldaşı olmuşdular. Sonra da ayrılmaz dostlar olmuşdular. Hər ikisi pəhləvan idi. Kamal kiçik oğluna nakam taleli Növrəs İmanın adını qoymuşdu. Elə Kamal oğlu İmanın da taleyi nakam oldu- heç 25  yaşına çatmadı. Rusiyadan əvvəl ölüm xəbəri, sonra da meyidi gəldi. Kamal kişinin beli qırıldı. Evin divarındakı saz bir daha qara köynəyindən çıxmadı. Eləcə də qaldı o divarda. Bundan sonra Kamal kişinin evində bir daha şənlik olmadı. Amma Aşıq Şiddət yenə gələrdi kəndə toya- nişana. Onun dediyinə görə Qazançı camaatı çox səxavətli idi- bir qədər zoğal arağından vurdularmı ürəkləri də açılırdı, ciblərinin ağzı da. Illah da ki Şiddətin sazı dillənəydi- vurğun idilər bu sazın səsinə.

Kamal kişi də Şiddətdən soyumuşdu- amma oğlu Cəsarət yenə gəlib- gedirdi, əmi dediyi Kamal kişini daim yoxlayırdı. Sonralar Cəsarət də kəndə gəlmədi- Şiddət deyəsən təzə arvad almışdı deyə biryolluq üzünü çevirmişdi bu yerlərdən. Amma onda ki Qazançıda müharibə başladı, Cəsarət Rusiyadan gəlib özünü verdi Qazançıya. Bir qədər döyüşdü də. Kamal kişinin evdən bar-barxana daşımasına da yardım etdi. Sonu da belə- Qazançı getdi əldən. Kamal kişinin qara köynəkli sazı da elə o divardan asılı qaldı. Son ana qədər tərpədə bilməmişdi. Və birdən də qaça- qaç düşmüşdü.

Cəsarət Qazançıdan çıxartdığı bar- barxananın öz evlərinə yığmışdı. Beləcə də Kamal kişi Qazançıdan nə çıxartmişdısa hamısı yığılmışdı Şiddətin evinə. Kamal kişi özü isə Şiddətgilə düşmədi. El elə sığar, ev evə sığmaz dedi. Cayqıraqlı kəndinin fermasına sığındı. 3-4 ildən sonra böyük oğlu bir qədər pul göndərdi, özü də bir qədər pul yığmışdı. Ev aldı özünə. Evə kənddən güllə altında çıxarılan bar- barxananı daşımaq lazım gələndə isə- məlum oldu Şiddət bar-barxanaya tamah salıb. Xalçalar yoxa çıxmışdı. Qədim fərmaşlar da həmçinin. Hətta yorğan- döşəyin də it- bata düşəni vardı. Şaiddət özünü tülkülüyə vurub polis də çağırdı- guya evdən oğurluq olmuşdu. Kamal kişi şikayətçi olmadı- bircə dəfə tfu elədi, çıxıb getdi

Indi İxtiyar Həsənsoy Kamal kişinin ağzını aramışdı- Şiddət Növrəs İman barədə bir şey bilirmi deyə. Kamal kişi də çox sərt danışmışdı- mənim yanımda o namərdin adını çəkmə. Heç məsləhət deyil onnan danışmaq. Adamı iki qəpiyə satar. Imanın vaxtında yaşasa İmanı satanlardan biri də o olardı a bala. O zaman istədim vurub öldürəm onu. Amma barmaqlarından keçəmmədim. Rəhmətlik qarayığval İman gözümün önünə gəldi. Şiddətin “Sarıtel”inə vurğunuydu vurğun vurmuş. Özü də bir sarıtel qız sevirdi, qız da neçə il idi gözləyidi yolunu. Axırı da belə. O ili toyu olasıydı, vayı oldu.

Kamal kişi İman barədə şairin bilmədiyi informasiya da verdi- a bala, İman Şəkər adlı bir qız istəyib. O arada da qardaşı Qurban cavanca ölüb. Bunların da adəti varmış- ocağa gələn gəlin gərək qırağa düşməyə. Adətə görə Qurbanın arvadını İman almalıymış. O da Ələsgərin qızı. Bilmirəm Ələsgər niyə razı olub buna. Bəlkə də yalan deyillər, nə bilim. Iman Qurbanın arvadınnan evlənib. Amma yol getməyib. Şeiri də var:

Qoynuma bir şahmar ilan giribdi

Yatıram onunla yar əvəzində.

Durub başını götürüb gəniyib. Şiddət Məlun qanmaz belə şeyləri- gündə bir arvad alır. Indilərdə dördüncü dəfə öylənib. Fağır Cəsarət çöllərə düşüb- gəlmir evə. Qazancını bu Məlun kopolu xanımçeslərə yedirdir.

-         -

Amma yenə də Şiddəti tapdı. Biz artıq onların görüşünü səbirsizliklə gözləyirik.

Görüşdülər. Ixtiyar Həsənsoy ağsaqqallarla da ikiəlli görüşdü. Üzünü Şiddətə tutub:

-Harda söhbət edə bilərik. Qoy elə ağsaqqaalr da eşitsin. Mən qeyd edəcəm. Bəlkə çayxanaya gedək, bir kəkotulu çay məndə.

Cibindən inikivərəq dəftər çıxarıb 10 qəpiklik qələmi də hazır tutdu.

- A bala, nə çayxana. Mən boyda aşığı dolamısanmı? Sən öləsən bir sağ əməlli adam tapmır də məni. Haranın girdirməsi var qırdırma gəlib məni tapır.

Kamal kişiyə qulaq asmadığına görə it peşmanı olan şair:

-Ustad, niyə acıqlanırsan? Kəkotulu çay söyüş ha demək deyil.

- Hardansan a bala?

-Qazançıdan.

- Qaçqınlara qalıb dünya indi. Hökmət səni də mıxbirmi qayırıb? Məni kimi aşığı kəkotuylamı dilləndirmək istəyirsən? Bəlkə şeirləri də aparıb öz adına çıxdın hələ.

- Mən sizi belə tanımırdım. Onsuz da Qazançının çörəyinin duzu yoxdu.

Ordakı ağsaqqallar da söhbətə qarışdılar:

-Ayıbdı əə, ayıbdı. Öz yerlimizdi, qiymət qoy, a boğazına yara çıxsın. Elə səninki “ver manatımı, şey elə sufatımı”dı. Bu şair də elə- belə şairlərdən döy haa. Sən öləsən bir həcv yazar, tarixdə biabır olarsan. Yoxsa bir şeir yazana qədər qığ yeri tərləyən şairlərdən deyil.

-Yox e, heç olmasa restorana aparaydı, muxbir döymü? Pul indi bularda olur.

-Qonorarı alanda apararam- 30 manat qonorardı bir yazının qiyməti- 15 xərcləyərəm sənə.

-Əşşi sən Allah mənim vaxtımı alma. 15 manata görə heç mizrabı çıxartmağa dəyməz.

- Yaxşı, Növrəs İman…

- Bu dəqiqə Növrəs İmana da söydürəcəksən, hələ pəhlivan İmana da. Mən də dünəndən bu günün qazancını hesablamışam.

İxtiyar Həsənsoy lap Kamal kişi kimi bircə dəfə tüpürüb geri döndü.

 Amma nədənsə yazmaq lazım idi. Mövzunu da tapdı. Nazim Cəfərlidən yazacaqdı.

- -

 Vaxtilə Selincerdən, Aqata Kristidən, Steynbekdən tərcümələri ilə məhşur olmuşdu. 10-dan çox tərcümə kitabı olmalıydı. Amma olmayacaqdı daha. Adam dəli olmuşdu. Evi, ailəsi dağılmışdı. Yazıları, əlyazmaları və hətta iki də tərcümə kitabı itmişdi. Qalmışdı bir çap makinası, bir də beş-on val. Bu saz- söz yurdunda Bitliz qrupuna, Led Zeppelinə Stiv Vanderə aid vallar bircə bu adamda idi. Amma patefonu da itirmişdi. Bir romanı vardı ki, AYB-nin zona şöbəsinə vermişdi və o da orda itmişdi. Indi də bir ay dəlixanada bir ay çayxanalarda- belə bir həyat yaşayırdı.

 

Şair onun ağzını güclə açdı- bir-iki söz ala bildi. Məmməd Əmin barədə yazdığı kitab da itibmiş. Sonra da Nazimə söz verdi ki, hökumət sənə kömək edəcək bu yazıdan sonra, darıxma. Bir- iki manat da pul verib evə tələsdi- yazını hazırlamalı idi.

Hazırlayıb göndərdi də. Amma o yazı Vəlibəylinin saytında dərc olunmadı. Heç ondan sonrakı yazı da dərc olunmadı. Heç Vəlibəyli onun zənginə cavab da vermədi. Heç Vəlibəylinin saytında dərc olunan yazılarını da tapa bilmdi. Vəlibəyli qeyri- rəsmi olaraq işdən çıxarmışdı şairi. Səbəb isə- şairin ölkədə qadağan olunmuş kitabından xəbər tutması idi. Beləliklə burdan da bir kar aşmadı.

Bir-iki həftəyə pulu tələbə yoldaşı göndərdi. Gedib dirəşib zorla almışdı- amma 30 yox, 20 manat olmuşdu bir yazı. Kim Çendən bir tük də qənimətdir dedi şair.

Şairin tələbə yoldaşı da eybət etmişdi Vəlibəylidən. Daha onunla mənimki qurtardı- demişdi. Adam özünü elə dartır heç Dartanyan özünü elə dartmamışdı.

-

Artıq Avropa olimpiya oyunlarına sanılı günlər qalmışdı. İxtiyar Həsənsoy qonorarını poçtdan götürmək üçün şəhərə çıxmışdı. Yoxsa neçə vaxtdı şəhərə də çıxmırdı.

Bu arada sən demə ölkəni Avropalı turistlərə təqdim edirmişlər. Ilk təqdimat da saz- söz yurdunda olası imiş.

Buna görə də rayon mərkəzinin mərkəzi yolları gəlin kimi bəzənmişdi. Arxa küçənin mərkəzə baxan hissəsi isə 50 % bəzənmişdi. Yəni mərkəzə baxan hissə bəzənmişdi, hətta evlərin dam örtüyü dəyişdirilmişdi. Amma dam örtüklərinin yalnız bir üzü dəyişdirilmişdi. Qalan hissə də qalmışdı köhnə əyyamda. Ölkənin balanslı siaysətinə oxşayırdı bu hal qəziyyə. Arxa küçələrdə həm yenilik vardı, həm də qədimlik. Həm Avropa, həm də Rusiya ilə isti münasibət sərgiləyə bilən hökumət indi də həm yeniliyi, həm də qədimliyi bir- biri ilə beləcə çuğlaşdırmışdı.

Rayonun aşıqları, şairləri, fətirbişirənləri, nehrəçalxayanları, yumurtadöyüşdürənləri, ziyalıları, idmançıları- hamısı öz məharətlərini avropalı qonaqlara göstərməli idi. Paytaxtda isə bir xeyli mülki geyimli polis gətirilmişdi- onların işi əl- ayağa dolaşanları rayon ərazisində çıxarmaq olmalı idi. Avropalılar nə dilənçi görməli idilər, nə də şikayətçi. Onlar yalnız gözəllik və demokratiya görməli, kababımızdan yeyib üstündən də sərin su pis olmaz deməli idilər.

Onların ayaqları altında qurban kəsilməsi üçün hər təşkilat 2-3 qurbanlıq toğlu almışdı rayon rəhbərlərinin fermalarından. Həmin gün rayonun ən yaxşı qəssabları bıçaqlarını bir- biri ilə çapışdıra- çapışdıra ayağıbağlı toğluların başı üstündə qonaq yolu gözləyirdilər.

 Elə Elman Vəlibəyli də gəlmişdi rayona- Hərbi formada idi. Hansısa generalı canlandıracaqdı səhnədə avropalılar üçün. Elə aşıq Şiddət də sovet hərbi formasında idi, bircə tapançası çatmırdı.

 Hələ avropalılar gözə dəymirdi- “Salxaq Körpü” gömrüyündən keçib gəlməli idilər. Buna qədər şair gedib pulunu aldi. Amma görünür haçandı həsrət qalığı pul onun ağlını başından aldı. Birdən- birə özünü Arximed kimi hiss etdi. Sanki cəhalət dənizində idi və dəniz onu öz çəkisi nisbətində itələyib sahilə atmışdı . Və hər şey də bundan sonra başladı- o, “evrika, evrika, tapdım, tapdım” deyib qaçmağa başladı. Yerlilər də, qonaqlar da mat qaldılar.

-A şair, kimi tapdın, nəyi tapdın- soruşdu kimsə.

-Qatilləri, qatilləri. Növrəs İmanın qatillərini, pəhləvan İmanın qatillərini. Odur, siz də tanıyın onları. Aşıq Şiddətnən Elman Vəlibəylidi qatillər. Tutun onları, güllələyin onları.

Elə bu an beş- altı mülki geyimli yekəpər düşdü onun dalınca. Qol-bud eləyib bir maşına basdılar. Hara aparıldığını yerli sakinlər sonra bildi.

Həmin gün avropalılar gəlincə xeyli adamı beləcə qol- bud eləyib aparmışdılar. Bunlar bir neçə qaraçı, bir neçə səyyar paltarsatan, bir neçə qoca dilənçi, bir neçə vəhhabi, bir neçə şikayətçi idi. Əlavə olaraq Nazim Cəfərli də harasa aparılmışdı. Və bir neçə də dəli. Bu o dəlilər idi ki, şəhərin zibil işləri bunların öhdəsində idi. Onlar olmasa şəhəri zibil basardı. Buna görə də günün istənilən saatında istənilən yerdə görmək olardı onları. Di gəl onlara qandır ki, rayona avropalılar gəlir. Dəli İsmo nə qanır avropalı nə deməkdi, ya Zivil Mamed Avropa hərləyəndimi?

Beləcə də onlar da qol- bud edilmişdi.

         -

Həmin gün avropalılara lazımınca qulluq edildi. Düzdü, onlar bir qədər qorxmuşdular- birdən birə ayaqları altında qurban kəsilən heyvanların qanı tutmuşdu sanki onları. Amma sonra hər şeyi unutdular- sanki cinlər diyarına düşmüşdülər. Hər şey onlara qəribə gəlirdi.

Bu zaman qol-bud olub maşına basılanlar isə rayonun ucqar kəndlərindən birində- bir xarabalıqda  saxlanırdılar. Qonaqlar gedənə qədər burada qalmalı, rayonu pis göstərməməli idilər.

Rayonun bir qoşun şairinin avropalılar qabağında “Moşuluq” etdiyi bu vaxtda Xəttab şairi salmışdı çənəsinin altına:

-Bax şair, Quranda Şüara surəsində deyilir-  onların, yəni şairlərin sözü şeytanların mələklərdən oğurladıqları sözlərdi. Şeytan mələklərdən oğurlayıb sizə deyir, siz də şair olursunuz. Şeytan əməlidi şeir- belə olmasa şairlər haqda deyilməz ki- onlar vadilərdə, çay qıraqlarında sərgərdan gəzib dolanır, görməyəcəkləri işlərdən dəm vururlar.

-Yaxşı sən canın, mübahisəlik halım yoxdu. Sən məni anlamazsan.

-Həqqə gəl.

-Haq məndədi.

-Söz verirəm, xilafət gələndə ilk yandıracağım adam sən olacaqsan.

-Sən ondan danış ki, bundan sonra da islam oyunları gəlir. Nədi o oyunlar- rəcm, barmaq kəsmək, baş kəsmək, kəsilmiş başla futbol oynamaq, insan qətliamı? Islama aid idman var?

-İdman dedikləri kafir  oyunlarıdı, islam oyun sevməz. Haramdı idman. Amma kafirlərlə döyüşə gedəcək mücahidlərin məşqi halaldı. Qalan idman növlərinin hamısı qumardı. Vəhşilikdi idman. Vurub bir- birinin kəlləsini əzirlər. Geyim normaları pozuntusudu idman. Kim istəyər bacısı üzgüçü geyimində efirə çıxsın? Kim istəyir bacısı gimnast geyimi geysin. Ayıbdı vallah, ayıbdı. Biz gələndə hamısını ləğv edəcəyik.

- -

“Dustaqları” həmin axşam gətirib rayon mərkəzinə buraxdılar. Şair qəflətən Kamal kişi ilə qarşılaşdı:

-A bala. Bir adamı eşit dana. Sana dedim o Məlun kopolu namərddi. Yəqin o satıb səni.

-Yox, ürəyim satmışdı, Kamal əmi, ürəyim satmışdı məni.

- Evdə arvad-uşaq səni gözləyir, buralarda avaralanma, gəl gedək.

-Gedək Kamal əmi.

- -

Bir il idi olimpiya oyunları başa çatmışdı. Ölkədə çıxılmazlıq, çarəsizlik hökm sürürdü. Avropalılar indi də siyasət oyunları oynamağa gəlirdilər.

Bizim qəhrəmanlardan Kamal kişi baş daşına oğlu İmanın də şəklini vurdurmuşdu. Toplanə xanım  iki qarın doğmuşdu. Balalarının üstündə davalar düşür- sənətə təzə gəlmiş manıslar bu balaları saxlayıb böyütməklə o xalq artistləri kimi məhşur olacaqlarına inanırlar. Qarşıdan islam oyunları gəlir. Vəlibəyli islam oyunlarının açılış və bağlanış törəninin aparıcısı olacaq. Indidən başında əmmamə var. Di gəl adamın saytı hələ də pornoşəkillərlə reytinq qazanır.

Şiddət Məlul təzə arvadla birləşib oğlu Cəsarəti tutdurub. Cəsarət gəlib evdə dava- dalaş salıbmış. Şiddət Məlul hələ də şahanşahdan ad ya da təqaüd alacağına inanır. Buna görə də islam oyunlarında özünü bir daha sübut etmək istəyir. Vəlibəyli ilə köhnə tanışdılar və Vəlibəyli ona kömək edəcəyinə söz verib.

Nazim bir ildi ki dəlixanada can verir. Bəlkə də ölüb, bizim xəbərimiz yoxdu. Əmir Xəttab Suriyada ünlü döyüşçülərdən biridi. Bu yaxınlarda youtubedə vedeosu ayyılıb. Əsəd qüvvələrinin bir tankını ələ keçirib. Amam deyir bu tankı mənə Allah verib. Şahanə xanım üzüpudarlı, qulağısırğalı, dalıvedrəli bir Nadir adlı manısa Nadirşah adı verib.

Şairə isə hamı Arximed deyir. Onu öz sözünün çəkisi qədər özündən itələyir cəmiyyət.

 

Yazıya 1273 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.