Patrik Zyüskindin “Ətriyyatçı”sındakı edam səhnəsini xatırlayırsınızmı? Onlarla qız qatilini, qurbanlarının cəsədləri üzərində eksperiment aparan manyakı, insan yağından istifadə etməklə dünyanın ən qəribə ətirlərini düzəldən ətriyyatçı Jan Batist Qrenuyu silsilə qətllər törətdiyi şəhərdə sakinlər qarşısında edam etməyə çıxarırlar. Ancaq indiyə qədər onu dişləri-dırnaqları ilə didməyə hazır olan on minlərlə insan ətriyyatçını görən və bədəninə sürtdüyü ətirlərin qoxusunu duyan kimi bu auranın əsirinə çevrilir, qarşısında səcdəyə düşür, əlindən-ətəyindən öpür, tir-tir əsir, yalvarır. Bu kütləvi ekstazda kimlər yoxuydu: yekə-yekə din adamları, şəhər rəhbərləri, qətlə yetirilən günahsız qızların ataları, anaları, bacı-qardaşları…
Beləliklə, əvvəlcə dəmir zopa ilə ayaqları, əlləri, qabırğaları sındırıldıqdan sonra canı çıxana qədər şəhər meydanındakı iri çarmıxda mıxlanmış vəziyyətdə qalmalı olan qatil Qrenuyun edamı ümumxalq vakxanaliyasına çevrilir: “Abırlı qadınlar paltarlarını cırıb, sinələrini açdılar, yerə uzandılar… Hamı bir-biriylə cütləşdi: qoca bakirə qızla, yeməkpaylayan vəkil arvadıyla, şagird rahibəylə, yezuit frankmasonla…”.
…Kütlə vəfasızlığını, kütlüyünü, unutqanlığını bundan gözəl necə təsvir etmək olar? Bu baxımdan, “Ətriyyatçı” mənim üçün həm də çağdaş dövrümüzün bütün sosial-siyasi, ictimai dəyərlərini özündə əks etdirən siyasi traktatdır. Sevinci-kədəri, əziyyəti-həzzi ilə birgə yaşadığımız məmləkətdə azmı olub ki, dünənin lənətliləri bu gün əllər üstünə qaldırılıb, qatillər, quldurlar, talançıların başına and içilib, namus oğrularına mədhlər yazılıb? Yaxud günün bu vədəsindəcə, əslində, Jan Batist kimi əlləri-ayaqları, qabırğaları sındırıldıqdan sonra canı çıxana qədər çarmıxda qalmalı olanların müdafiəsi üçün göylərə zillənən səsləri eşitmirsinizmi? Görəsən, fırıldaqçı və millət malı yeyənə “heç bir günahı yox idi” deyibən üz vurmaqla, quldurun birinə ünvanlı “niyə əfv olunmur” deməklə onlarla qız qatili Jan Batist Qrenuyun aurasına davam gətirməyərək kütləvi vakxanaliyaya girişməyin elə bir fərqi varmı? Axı, niyə hər şeyi unudur və başımıza gələnlərdə heç dəxli olmayanları “lənətulla” eləyib, az qala “ümmətdən kənar” elan edirik? Bunun tərifini rəhmətlik Qustav Lebon özünün “Kütlə psixologiyası”nda əsrlər əvvəl verib, axı. Kütlə olmaqdan yorulmadıq? Hər tərəfi Jan Batist qoxusu sarıb…
atv.az
Yazıya 789 dəfə baxılıb