Biri vardı, biri yoxdu, bir məhəllə vardı. Bu məhəllənin öz qanunları, oz Allahı vardı. Bu məhəllənin insanları çox olan, böyük olan şeyləri xoşlayırdı, ona görə binaya çoxlu balkonlar bitişdirmişdilər, təkcə balkonları deyil, özlərini ətrafdan ayırıb binaya bənd etmişdilər. Çünki hər şey bu binanın həndəvərində baş verirdi. Bu adamlar qonaq getmirdilər, qonaq çağırmırdılar, öz balkonlarına və binalarına bitişik eləcə yaşayırdılar. Balkonlu adamlar öz xoruzlarının səsinə oyanırdılar, bəzən elə bilirdin, bu adamlar üçün onların öz xoruzlarının səsindən gözəl musiqi yoxdur. Qoyunları da onların aləminə aid idi, çünki bu aləmə yad olanlar bu qoyunlarda onların görə bilmədiyi qəribəlikləri görürdülər. Qoyunların çıxardığı səs qoyun səsinə bənzəmirdi, bəzən adama elə gəlirdi, qoyunlar bu həyətdə, öz balkonlarına bitişik bu adamların içində dəhşətli dərəcədə darıxırlar, hətta adamların onların qoyunluğuna yazığı gəlirdi…
Bu məhəllə Allahın unutduğu bir yer idi, çünki bu məhəllənin öz Allahı vardı.
Məhəlləyə tez-tez qoltuğu qovluqlu kişilər gəlirdi, amma gəldikləri kimi də gedirdilər. Heç kim öz balkonlarına bitişik bu adamlarla dil tapa bilmirdi, ya da elə dil tapdıqları üçün, bunlardan tələb edə bimədiklərini böyük balkonların yanında olan (əslində heç görünməyən) kiçik evlərdən tələb eləməyə gedirdilər. Məsələn:
-Niyə bu pəncərəni dəyişmisiz? Köhnə pəncərənin nəyi pis idi ki?
-Nəyi yaxşı idi, yoldaş jek müdiri. Nuh əyyamından qalma bir şey idi.
-Bilmirsiz ki, siz bu pəncərəni dəyişdirdiz, birdən bina uçular?
-Bina onsuz da uçulub, yoldaş jek müdiri. Bilirsiz də, divarlara əl vurmaq olmur, podval da suyla doludur.
Belə sözlər qovluqlu kişilərə xoş gəlmirdi.
-Bir də ki, o böyük balkonları görmürsünüz, binalara bitişən? Bina uçulsa, ancaq o səbəbdən uçula bilər.
Qovluqlu kişilər böyük balkonlara aid olan şikayətləriə baxmırdılar. Elə bil bunların vicdanlarını da alıb öz binalarına, balkonlarına bitişdirmişdilər. İndi vicdandan qalan parçalar yavaşca sızlamaq istəyəndə, o yerlərdə, bu kişilərdən uzaq yerlərdə ağrıyırdı.
Qovluqlu kişilərin vicdanları o balkonlu evlərin divarına hörülmüşdü və ona görə cınqırını çıxara bilmirdi. Balkonlu kişilər o qoca rus kişinin mənzilini bir araq şüşəsinə satın alanda da, bakonlu evlərin daşları altında qalan qocalmış, heydən düşmüş vicdan səsini çıxara bilmədi.
O kişi o vaxtdan səssiz-səmirsiz yoxa çıxmışdı, kimsə harda olduğunu bilmirdi. Bəlkə də bircə o balkonlu kişilərin Allahı bilirdi, o kişi hardadır.
Bir rəssam oğlan da yaşayırdı böyük balkonların yanındakı balaca evlərin birində. Nədənsə bina şəkilləri çəkirdi, rəngli-rəngli, müxtəif çalarda. Rəngli evlərin gecə vaxtını, gündüz çağını, insanların səhər şəfəqlərinə oyanışını, binalara sarmaşan yaşıllığı, təbiəti, gecə vaxtı binalarda oxunan rəngli serenadaları, nağıllarla uyuyan; həm də pəncərədən hüzurlu gecəyə, sakit göy üzünə baxıb uyuyan, yuxularda uçan adamların rəsmini çəkirdi. Özü də o balkonlu evlərə baxıb çəkird. Bəlkə də çəkmirdi, elə içdən-içə, gizli-gizli göz yaşı tökürdü… Onun da öz Tanrısı vardı. O, göz yaşı tökəndə ehmalca onun saçlarına sığal çəkirdi….
Bir gün tavanlar, evlər titrədi, zirzəmidə olan kirli sular üzə çıxdı, böyük balkonlu evlər suyun altında qaldı… Evlərlə birgə balkonlu adamlar da getdi. Adamlarla birgə qoyunlar da, xoruzlar da getdi yerin tərkinə. Qovluqlu kişilər də yox oldu bir qırpımda, onlarla birgə Allahları da yerin altına girdi. Göy üzünə baxan olmadı, ham bir- birini yerin altında axtardı. Bircə rəssam oğlan baxırdı göy üzünə. Rəngli evlərin rəsmi düşürdü göy üzünün aynasına. Səssiz-səmirsiz itmiş o qoca, xəstəhal kişi də görünürdü göy üzünün aynasında. Və göz yaşları saxlayırdı oğlanı yer üzündə, çünki göyə baxırdı oğlan. Və göy üzündəki Tanrı- oğlanın tanrısı ehmalca onun tellərinə sığal çəkirdi….
kultur.az üçün
Yazıya 987 dəfə baxılıb