“Qabusnamə” dünyanın acı-şirinini dadmış, isti-soyuğunu görmüş qocaman bir atanın Ziyarilər xənədanının son hökmdarı olan Keykavus ibn İsgəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyar tərəfindən 475-ci hicri-qəməri (1082-1083 miladi) ildə oğlu Gilanşaha bir “vəsiyyətnamə” və “nəsihətnamə” dir..Kitabın müqəddiməsində ata oğluna belə müraciət edir:
“Ey oğul, öz adımı bu dünyadan köçənlər siyahısında gördükdə, belə qərara gəldim ki, “köç naməsi” mənə çatmamış mən sənə bir “namə” yazım, orada dünyanın yaxşı və pis işlərini, dövranın düz və gəc gərdişini təsvir edim, fürsət əldən getməmiş yaxşı bir ad qoyum.Ey oğul, zəmanə səni yumşaltmamış sən öz ağlının gözləri ilə mənim sözlərimi oxu və ona əməl et… Sən mənim dediklərimdən yaxşı fayda götürə bilməsən də heç olmazsa mən atalıq borcumu yerinə yetirmiş olaram.Bir də elə adamlar tapıla bilər ki, onlar dəyərli sözlərə qulaq asıb ona əməl etməyi qənimət sayarlar….”
*Bu dünya tarla kimi bir şeydir, yaxşıdan-pisdən nə əksən onu da biçəcəksən. Yaxşı adamlar bu dünyada aslan təbiətli olarlar, pis adamlar isə it təbiətli. İt tapdığı şeyi ordaca yeyər, aslan isə ovladığını başqa yerdə. Bu dünya bir ovlaqdır, sən isə ovçu, sənin ovunda-yaxşı əməllərin.Çalış indi yaxşılıq elə ki, sonra xeyrini görəsən….*
*Amandır oğlum, dünyada boş şeylərə könül vermə və demə ki, namazı qılmamaq da olar. Əgər sən namazı din xatirinə qılmaq istəməsən, heç olmazsa sağlam düşüncə əsasında qıl. Bilməlisən ki, namazın bir neçə faydası var. : birinci 5 dəfə vacib namaz qılan adamın həmişə bədəni və paltarı təmiz olar, təmizlik isə , hər halda natəmizlikdən yaxşıdır; ikincisi, o təkəbbür və qeybətdən uzaq olar, çünki namazın əsasını təvəzökarlıq təşkil edir, təbiətini təvəzökarlığa alışdırsan bədən də təvəzökarlığa adət edər.*
*Miras xatirinə ana və atanın ölmünü arzulama.Ata-anan ölməsə də sənin ruzin yetişəcəkdir, çünki hər kəsin qisməti özünə çatacaq*
*Qədir bilməyən adama yaxşılıq etmək nadanlıqdır. Sən də nadanlıq adını qazanmağa çalışma. Öz övladının sənə qarşı necə olmalarını arzulayırsansa, sən də öz ata və anana qarşı elə ol ! Övlad meyvəyə bənzər , ana-ata isə ağaca.*
*Nə sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa yenə də çirkin görünər. Faydasız sözlərdən qaç, çünki faydasız sözlərdən həmişə ziyan gələr.Camaat içində heç kəsə nəsihət etmə.Deyiblər ki, “Adamlar içərisində nəsihət məzəmmətə bərabərdir”.*
*Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla.*
*Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!*
*Artıq dərəcədə kədərli olmaq istəmirsənsə paxıl olma.*
*İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin gedişinə uyğun qur.*
*İstəmirsən ki, sənə divanə desinlər, tapılmayan şeyi axtarma.*
*Ən aldadılmış adam ona deyərlər ki, nağdı nisyəyə dəyişə.*
*Ey oğul, bir şeyi ələ gətirmək mümkünsə, fürsəti fövt etmə, lakin hər şey üstündə özünü təhlükəyə də vermə.Səy et, hər şeyi özünə layiq, ən yaxşı üsulla ələ gətir. Elə ki, gətirdin, möhkəm saxla, heçə-puça xərcləmə, əldə saxlamaq ələ gətirməkdən çətindir.
*Xoş söz və adamların köməyi ilə düzələ bilən işlərə pul sərf etmə. Yoxsul adamın qədir-qiyməti olmaz.İnsanın ən ağır günü ehtiyacdır..
*Hər bədbəxtliyin bir səbəbi vardır, yoxsulluğun da səbəbi israfçılıqdır.İsrafçılıq yalnız mal-dövləti xərcləməkdə deyil, yemək, işləmək, danışmaq-Hər iş olur-olsun, israf etmə, çünki israf bədəni taqətdən salar, ruhu incidər, ağlı çaşdırar,ömrü söndürər.
*Öz işində səhlənkarlıq göstərən bəxtindən fayda götürə bilməz və arzularına çata bilməz.Nəyin varsa və sənə nə lazımsa hamsını özünə xərclə.Doğrudur, mal şirin olar, lakin candan şirin ola bilməz
*Pul sələmə verib, sələmə alma, borc istəməyi ən böyük rəzalət və həyasızlıq hesab et, bacardıqca özün də heç kəsə bir dirəm belə borc vermə, xüsusilə dostlara, çünki dostlardan borcu geri istəmək ən ağır işdir.borc verdikdə onu artıq özünki hesab etmə, ürəyində elə tut ki, o pulu dostuna bağışlayıbsan. Özü qaytarmayınca istəmə ki, bunun nəticəsində dostluq pozulmasın, çünki dostu düşmən etmək asandır, düşməni isə dost etmək çox çətindir.
*Ey oğul evlənsən öz hörmətini qoru, mal şirin olsa da onu arvad-uşağdan əsirgəmə. Arvadı yaxşı saxla, övladı üzüyola, mehriban tərbiyə et, bu sənin əlindədir. Amma arvad alanda malına görə alma, çox gözəlini də axtarma, gözəlliyə görə məşuqəni seçərlər. Özündən daha adlı-sanlı arvad alma. Bakirə qız var ikən ,ər görmüşə meyl salma, qoy onun qəlbində sənin məhəbbətindən başqa heç kəs olmasın, elə təsəvvür etsin ki, bütün kişilər eyni cür olar, başqa kişilərə meyli düşməsin..
*Arvaddan şübhələnib onu qısqanmasan, pulunu ondan gizlətməsən və yaxşı saxlasan, Allahın verdiyindən onu yaxşı dolandırsan, o sənə atadan, anadan və uşaqlarından daha mehriban olar. Sən özünə ondan daha yaxın, daha səmimi bir dost tapa bilməzsən. Lakin şübhələnib qısqansan, o sənə min düşməndən daha qorxulu düşmən olar. Yad düşməndən qorunmaq olar, lakin arvaddan yox.
*Ey oğul, elm və sənətdən hər nə öyrənmək lazımsa, hamsını övladına öyrət, beləliklə sən atalıq borcunu və atalara xas olan mehribanlıq vəzifəsini yerinə yetirmiş olarsan. Pul, qızıl hər nə arzu edirsə, imkan daxilində ondan əsirgəmə, qoyma ki, o pul xatirinə sənin ölmünü istəsin, miras üçün bədnam olsun. Elm alıb sənət öyrənmək övladın haqıddır. Övlad pis də olsa sən ona baxma, elm və sənət öyrətməkdə səhlənkarlıq göstərmə.Heç bir dərrakəsi olmasa, sən öyrətsən də, öyrətməsən də həyat onu öyrədəcəkdir. Deyiblər ki” Ata-anası tərbiyyə etməyəni gecə və gündüz tərbiyyə edər”
*Oğluna qız alarkən və ya qızını ərə verərkən çalış öz qohumlarından olmasın, qızı özgələrindən al, qohumu alsan da almasan da onun əti ətindən, qanı qanındandır. Başqa qəbilədən al ki, həm sənin qəbilən qohumluğunda qalsın, həm də özgə bir qəbilə yeni qohumun olsun, beləliklə , gücün ikiqat artsın, köməyin iki olsun.Gözəl kürəkən seç, qızını kifir adama vermə. Adaxlı gözəlüz, əlidüz, təsərrüfatdan başıçıxan olmalıdır. Bilməlisən ki, o qızının xərcini haradan və hansı yolla ələ gətirir. Lakin, kürəkən həm dövlətdə, həm şöhrətdə səndən aşağı olmalıdır ki, o səninlə fəxr etsin, sən onunla yox. belə olduqda qızın da rahat yaşayar.
*Ey oğul, bil, insan nə qədər sağdır, onun dosta ehtiyacı var. Tez-tez dost dəyişdirməyi adət etmə. Namərdlə dostluq etmə, Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi dost tuturlar, səni yox.
*Mümkün qədər çalış özünə düşmən qazanma. Lakin düşmənin olsa ,kədərlənmə, ondan da qorxma.Hər kəsi öz yerində oturtmağı bacar.Öz qədrini bilməyən adamın mərdliyində nöqsan var.
Yazıya 2178 dəfə baxılıb
Şərhlər
Şərh