Zümrüd Səfərova — “Məndə bir az öncəgörmə var” Natiq Səfərov haqqında xatirələr

10452945_1433412293590876_4136358502483762040_o

Əfsanəvi tərcüməçi Natiq Səfərov haqqında xatirələrini xanımı Zümrüd Səfərova bölüşür.

Həyat yoldaşım Natiq Səfərov çox ciddi adam idi, artıq söz, artıq hərəkət sevməzdi. Öz-özlüyündə isə azad bir adamdı. Ona ən dəhşətli gələn 9-dan 6-ya qədər işdə oturmaq idi. Bürokratizmi heç qəbul etməzdi, bir sözlə, əsl yaradıcı adam idi. Gecə-gündüz yazır, tərcümə edir, bütün günü işləyirdi. Boş vaxtlarında isə dostlarıyla vaxt keçirməyi sevirdi. Yadımdadır, hörmətini həmişə əziz tutduğumuz, universitetdə bizə dərs deyən müəllimimiz, teleradioda bir yerdə çalışdığımız gözəl insan, gözəl jurnalist mərhum Tofiq Rüstəmovla qonşu idik. Axşamlar Natiq Tofiq müəllimlə gecə gəzintisinə çıxar, dünya ədəbiyyatından söhbətlər edərdilər. Yaxud da dostlarıyla çayxanaya gedərdi; Natiqlə çayxanada oturmaq böyük bir hadisə idi. Çünki onun kimi çox maraqlı, savadlı, dünya ədəbiyyatını gözəl bilən ikinci adam tapmaq çətin idi. Ona görə də dostları onunla vaxt keçirməyi özlərinə şərəf bilirdilər.

Bir dəfə evə çox gec gəlmişdi, gecə saat 2 olardı. Mən qapını açanda o üzümə baxıb: “Gözlərindən görürəm, narazısan, kişi gecə 12-yə qədər gəldi-gəldi, gəlmədi, vaxt öz əhəmiyyətini itirir”-dedi.

Natiq hamıya kömək edirdi. Hətta öz tərcümələrinin altında dostlarının da imzalarını qoyurdu ki, onlar da qonorar alsınlar. Bir dəfə iş yoldaşlarından biri zəng edib Natiqin evə çatıb-çatmadığını soruşdu. Mən deyəndə ki, hələ gəlməyib, dostu dedi ki, Natiq Yazıçılar İttifaqının qabağında dayanıb, gəlib-gedənə kitabından aldığı qonorarı paylayırdı. Evə gələndə pulun çox cüzi olduğunu görüb soruşdum: “Bəs qonorar almadın? O da: “Pulu alıb gəlirdim ki, dostum D-nı gördüm. Onun 4 uşağı, arvadı, özü də kirayədə yaşayır. Cibimdə də o qədər pul, vicdanım yol vermədi, ona, o birilərinə qonorarımı payladım. Onlara baxanda şükür Allaha, bizim yenə evimiz var”. Dedim- “Evimiz var, amma qapısı yaxşı halda deyil, axı biz mənzilin qapısını dəyişdirəcəkdik”.. . Qayıtdı ki, olsun da, oğrudan qorxursan? Oğru bilir, kimin evinə gedir. Zarafatla dedim: Yox, oğrudan qorxmuram, oğrudan utanıram, gələr, əliboş gedər, yanında biabır olarıq”.

Natiqlə adicə söhbət edəndə də, ondan nə isə öyrənirdin, nə isə götürürdün… Həmişə mənə deyirdi ki, dünyaya ikinci dəfə gəlsəydim, yenə səninlə evlənərdim… Hərdən bəzi adamlara qulaq asanda, düşünürəm ki, bunların danışığı ancaq söz yığınıdır… Natiqin daxili aləmi çox zəngin idi. Yadımdadır, onun diplom işi ingilis yazıçısı Ceyms Oldriçin əsərlərinin təhlili idi. Bu əsərlər Azərbaycan dilinə tərcümə edilməmişdi. Natiq özü əsərlərdən hissələri Azərbaycan dilinə tərcümə etmiş və elə gözəl şərh etmişdi ki, auditoriyada iştirak edənlər heyranlıqlarını gizləyə bilməmişdilər. Adətən diplom işi 70-80 səhifə olurdu, Natiqin diplom işi isə 150 səhifədən ibarət idi. Diplom rəhbəri, professor çox israr etdi, xahiş belə etdi, bir az həcmini artır, gəl, namizədlik müdafiə et, Natiq razı olmadı: “Mən ingilis dilini bilmirəm, rus dilindən də ingilis yazıçısını tərcümə etmək düzgün deyil.” Düşünürəm ki, insanın özündən sonra yaxşı əməlləri, yaxşı işləri qalır. Təsadüfi deyil ki, Natiqin babası Mirzə Məmmədqulu dövrünün görkəmli ziyalılarından olub. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”ndə pristavın dilmancı Mirzə Məmmədqulu obrazı onun prototipidir. O, həm də xeyriyyəçi idi. Atalar yaxşı deyib, ot kökü üstə bitər…

“Füzuli bizim içimizdədir”

Həyat yoldaşım Natiq Səfərovla dostu Ramiz Rövşən Füzuli şeirini çox sevirdilər. Onlar demək olar ki, Füzulini əzbər bilirdilər. Bir dəfə illər öncə, bizim evdə Füzulidən xeyli danışdılar, arada mübahisə etdilər, qəzəllərini şərh etdilər, saatlarca Leyli və Məcnunu ayrı-ayrılıqda təhlil etdilər. Söhbət çox maraqlı idi, amma artıq gec olduğundan uşaqları o biri otağa yatmağa apardım, necə oldusa, mən yuxuya getmişəm, uşaqlarsa oyaq qalıblar. Oyananda gördüm, Natiqgilin səsi gəlmir, uşaqlardan soruşdum ki, atagil necə oldular? Uşaqlar dedi: “Ata deyirdi, Füzuli mənəm, Ramiz əmi deyirdi, Füzuli mənəm. Axırda qərara aldılar ki, Füzuli onların içindədir və çıxıb getdilər”. Uşaqların sadəlöhv görkəmlə böyük həqiqəti ifadə edən sözlərinə qulaq asdıqca öz-özümə xeyli güldüm.

Natiqin dostlarından biri də Vidadi idi. (Ədəbi aləmdə məşhur olan tənqidçi, yazar Vidadi Məmmədov) Çox baməzə adam idi. Bir gün Natiqə zəng vurub deyir ki, bəs arvadla nə vaxtdır küsmüşük, ailəni də götür gəl bizə, bəlkə bizi barışdıra bildiz. Biz də axşam uşaqları da götürüb onlara getdik. Vidadigil həyət evində olurdular, ər-arvad stolu evdən çıxarıb həyətdə süfrə açdılar, yemək gətirdilər. Biz də gördük, öz aralarında danışırlar, daha söhbəti açmadıq, fikirləşdik, yaxşı deyil, ta özləri barışıblar. Bir az da söhbət edib, “gecdir, daha biz gedək”, -deyib yola düzəldik. Vidadi də bizi dayanacağa qədər yola saldı. Natiq deyir, səhər işə elə yenicə çatmışdım ki, Vidadi zəng vurdu. – ə yekə kişisən, dünən gəlmişdiniz bizi barışdırmağa, ya qreçka ilə kotlet yeməyə?

70-ci illərdə Vidadiin televizoru olmadığı üçün Olimpiya oyunlarına baxmaq üçün hər gün bizə gəlirdi. Hər gələndə də bir balon şirə gətirirdi. Ona nə qədər deyirdiksə: “Evdə balon əlindən tərpənmək olmur,həm də artıq xərcdir”, O da “Sizin acığınıza gətirəcəyəm, öz yerli şirəmizdi, için də”. Bir gün yenə evə gəlirdik, pilləkəndə qonşu qadınla qarşılaşdıq. Qadın: “Natiq, dostun gəlmişdi, evdə olmadığınızı görüb çıxıb getdi”. Birdən alt mərtəbədən Vidadinin səsi gəldi: “Sevinməyin, getməmişəm, burdayam, narahat olmayın, təzə balon da burda, yanımdadır.

“O biri tayı da yarımcandır”

Bir gün dostlarından biri Natiqə (həyat yoldaşım Natiq Səfərov) xaricdən “krokodil” dərisindən ayaqqabı gətirmişdi. Natiq, ümumiyyətlə, geyim həvəskarı deyildi, belə şeylərə heç fikir də verməzdi. Amma bu ayaqqabı çox xoşuna gəlmişdi. Günlərin bir günü Natiq təzə ayaqqabılarını geyinib dostu Ramiz Rövşəngilə qonaq gedir. R. Rövşən o vaxt Əmircanda olurdu. Natiq ayaqqabılarını həyətdə çıxarıb, evə daxil olur. Axşam evə gəlməyə hazırlaşanda isə nə qədər axtarırlarsa, ayaqqabı tapılmır. Ramiz öz ayaqqabılarından Natiqə verir, deyir ki, həyət qaranlıqdır, tapa bilmirik, səhər yenə axtararıq. Natiq də böyük ölçülü ayaqqabılar ayağında, birtəhər gəlib evə çıxır. Sabahısı gün Ramiz zəng vurub deyir : “Ay Natiq, ayaqqabılarını tapmışıq. Natiq sevincək soruşur: “Hardan”? Ramiz cavabında deyir: “Həyətin o biri başından”. İt bir tayını yeyib, “krokodil” çox xoşuna gəlib, o biri tayı da “yarımcandır”.

“O da fişəngin badına getmişdi”

1979-cu il idi. Natiq dostu, dilçi-alim Kamil Vəliyevlə balkonun şüşəbəndində oturub çay içir, tərcümə etdiyi “Az i ya” əsərini müzakirə edirdilər. Həyətdən də toy səsi gəlirdi; gəlin aparırdılar, fişəng atırdılar, tüstü aləmi bürümüşdü, səs-küydən qulaq tutulurdu. Birdən fişəngin biri bizim balkondan içəri düşdü və alışıb-yanmağa başladı. Bir göz qırpımda həyətdəkilər tökülüb gəldilər, yanğını birtəhər söndürdülər. Divarda ağır metal parçası ilişib qalmışdı, Natiqlə Kamil müəllim hələ də özlərinə gələ bilmirdilər. Fişəng onların düz başlarının üstündən keçib getmişdi. Kamil müəllim handan hana özünə gəlib dedi:

“Allaha çox şükür, yaxşı qurtardıq, var-dövlətdən bizim bu qiymətli başımızdan başqa heç nəyimiz yoxdu, o da fişəngin badına getmişdi.. “

“Ya həddən artıq böyük olur, ya həddən artıq kiçik”

Bir gün “tolkuçka”da Natiqin əyninə pijama gördüm, çox xoşuma gəldi, almaq istəyəndə satıcı dedi ki, bu açıq haldadır, gəlin, sizə bağlı olanı verim. Mən razılaşdım, pijamanı alıb evə gətirdim. Natiq o biri otağa keçib geyindi, birdən səsi gəldi- “Bu nədi belə?” Gəlib baxanda gözlərimə inanmadım. Pijama onun çiyninə qədər gəlib çıxmışdı. Satıcı kiçik ölçü əvəzinə böyük ölçü vermişdi. Natiq dedi ki, eybi yox, bu elə Şahbazın ölçüsüdür, ona hədiyyə apararam. (Şahbaz Xuduoğlu- Natiqin dostlarından yaşca ən kiçiyi və ömrünün son günlərinə qədər dostluq etdiyi, “Qanun” nəşrlər evinin direktoru). Sabahısı gün Natiq pijamanı işə aparır, stolun yeşiyinə qoyur və Şahbaza verməyi unudur. İş gününün axırında Şahbaz Natiqin otağına gəlir:

– Natiq müəllim, bu gün mənim ad günümdür, gəlin, gedək, bir balaca özümüz üçün qeyd edək.

Hədiyyənin təsadüfən yerinə düşməsi Natiqin ürəyincə olur, tez pijamanı çıxarıb Şahbaza təqdim edir. Şahbaz çox təəccüblənir:

– Natiq müəllim, axı mən heç kimə ad günüm olduğunu deməmişəm, siz hardan bildiniz?

Natiq: -Məndə bir az öncəgörmə də var, bilmirdin? -deyir.

Şahbaz inanmaq istəyəndə Natiq əsəbiləşir:

– Əşi, mən hardan bilim, sən nə vaxt anadan olmusan? Bizim arvadın mənim üçün aldığı geyimlər ya həddən artıq böyük olur, ya da kiçik.

“Dəbə çatanda dəb qurtarır”

70-ci illərdə Natiqlə Moskvaya getmişdik. Geyim-gecimlə heç arası olmayan Natiqin mağazaları gəzməyə səbri yox idi, ona görə plan qurub dedi ki, həftənin 1 günü- univermaq, qalan günlər isə muzey, stadion, sərgi və s. Mən dərhal: “Univermaqdan başlayaq”- dedim. Moskvada “QUM” deyilən univermaq vardı, sahəsi o qədər geniş idi ki, burda itən adamı tapmaq samanlıqda iynə axtarmağa bənzəyirdi, ona görə univermağa daxil olanlar bəri başdan birinci mərtəbədə yerləşən böyük fontanın yanında görüşmək üçün vədələşirdilər. Natiq dedi ki, mən burda gözləyirəm, get nə istəyirsən, al, gəl. O vaxt da “perlamutor” deyilən uzunboğaz çəkmələr dəbdə idi, şəhərdə çox az adamda bu çəkmələrdən vardı. Univermağı çox gəzdim, amma həmin çəkmələrdən tapmadım. Kor-peşman fontanın yanına, Natiqin məni gözlədiyi yerə gəldim. Natiq əhvalımın korlandığını görüb: Gəl, muzeyə gedək, sonra yenə bura baş çəkərik”-dedi.

“Tretyakovski” muzeyi qeyri-adi gözəlliyi ilə məni valeh etdi. Xüssilə bir şəkil indiyədək yadımdan çıxmır. Bu İlya Repinin “İvan Qroznı və oğlu İvan” əsəri idi. İvan Qroznı çomağıyla öz oğlunu vurub öldürür, oğlan yerə yıxılmış vəziyyətdə elə dəhşətlə baxırdı ki.. Hələ İvan Qroznının gözləri elə canlı idi ki.. Muzeyin işçisi dedi ki, Dağıstandan gəlmiş bir tamaşaçı bu mənzərədən elə sarsılıb ki, bir anlıq bunun bir rəsm əsəri olduğunu unudub, xəncərini çıxarıb İvan Qroznının ürəyinə saplayıb. Şəkli bərpa etsələr də, həmin xətt yenə də görünürdü… Muzeydən çıxanda Natiq dedi ki, vaxt keçəcək, sənin yadında univermaq qalacaq, ya muzey?..

Sonra sərgiyə getdik. Ordan bir oyuncaq ayı da aldıq, onunla birgə şəkil çəkdirdik. Amma hələ də gözlərimlə çox arzuladığım uzunboğaz çəkmələri axtarırdım. Birdən bir mağazanın yanından keçəndə vitrində həmin çəkmələrdən gördüm. Özümü içəri necə saldım, bilmirəm, amma Natiq içəri girəndə çəkmələr artıq ayağımda idi. Natiq mağazaya göz gəzdirib: Burdan ala bilmərik, bura univermaq deyil”-dedi. Çəkmələri geri qaytardı, dedi ki, pulumuz çatmır. Biz küçəyə çıxanda isə məsələni izah elədi: Bura valyuta mağazasıdır, burada bütün mallar dollarla satılır və üstəlik, dolları hardan alması barədə sənəd tələb edilir.

Sonralar Natiq həmişə deyərdi.: “Zümrüd dəbi görən kimi arxasınca qaçır, qaçır, ona çatanda isə dəb qurtarır”.

MƏNBƏ: AMAL ƏDƏBİYYAT DƏRGİSİ

 

Yazıya 1084 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.