Nəzrin Nadirli Xarici Dillər təmayüllü Gimnaziyanın X sinif şagirdidir. Kiçik yaşlarından qələmlə “dostlaşıb”. Şair babanın ( Şikar Məstəli) nəvəsi olmaq da öz sözünü deyib. Qarabağa həsrət ailənin övladı kimi bu dərd onun kiçik ürəyində də daim qövr edir.
Həyata öz baxışı var bu 15 yaşlı qızın. Yaman da inadkardır, hər sözünün arxasındadır. Sözünü dəyişdirmək üçün gərək əvvəlcə fikrini dəyişməyi bacarasan… Bu ilk qələm təcrübəsi deyil Nəzrinin. Bir neçə dəfə dövri mətbuatda çıxış edib. Hər növbəti yazısında bir az da bitkinləşib, ağırlaşıb. Bu dəfə də “Kultur.az” oxucuları ilə görüşə gəlib. Nəzrinə uğurlar arzu edir,istedadının işığı ilə Ədəbiyyatın çətin yollarında yalnız İrəli addımlamağı diləyirik!
MƏLƏK ANA
Universitetin üçüncü kursunda təhsil alırdı. Semestrin sonuncu imtahanını verəcəkdi bu gün. Hər zamanki kimi bunun da uğurla nəticələnəcəyinə əmin idi. Başqa cür ola da bilməzdi. Axı Aytənin hər istədiyini eləyən varlı ailəsi, bütün səhvlərinə rəğmən arxasında duran atası, şıltaqlıqlarına göz yuman anası yox idi. Lap olsa da, Aytən heç zaman maddi vəziyyətindən istifadə edib özünü harın mənəviyyatsızlar kimi aparmazdı.
İri mavi gözlü, ortaboylu, ağbəniz bu qız yaşıdlarından təmkinli olması ilə seçilirdi. Palıdı rəngli düz saçlarını həmişə dağınıq düzümdə boynunun arxasında toplayardı. Oturuşuna-duruşuna söz ola bilməzdi. Güləndə də sanki gözləri ilə gülərdi. Amma son bir ildə gülüşünə həsrət qalmışdı onu tanıyanlar. Sifətinin hər bir cizgisindən kədər yağırdı. Tez-tez gözlərini bir nöqtəyə zilləyib fikrə gedirdi.
-Salam, bacı.
Diksindi. Nə vaxt imtahandan çıxdığından, nə vaxt evə çatdığından xəbəri olmamışdı. Həmişəki kimi bacısı Səlimə açmışdı qapını.Yazıq anası xəstə yatağından durub qapı açası deyildi ki. İşdən tez gəlib yəqin.
-Necə keçdi imtahanın ?
Səlimənin ani sualı fikirlərindən oyatdı Aytəni.
-Yaxşı , – deyib yataq otağına üz qoydu. Çarpayıda uzanan qadına yaxınlaşıb üzündən öpdü. İki il əvvəl güclü ağrıları olduğundan qızlarının təkidi ilə həkimə müraciət etmişdi. Səbəbsiz deyilmiş ağrıları. Yazıq Səkinə zəhrimara qalmış xəstəliyə tutulmuşdu.
Elə həmin gündən ailənin yükü bu iki qızın çiyinlərində idi. Çünki Səkinə arvadın halı günü-gündən pisləşirdi. İşlədiyi tikiş fabrikindən də çıxmağa məcbur olmuşdu. Xəstəlik öz hökmünü göstərirdi insan bədənində. Danışa da bilmirdi düz-əməlli, nitqi korlanmışdı. Elə güclü imkanları da yox idi. Dərmanlarla müalicə eləyirdilər. Amma amansız zaman öyrəşdirmişdi çarəsiz qızları bu xəstəliyə. Həkim 2-3 il çəkəcəyini deyirdi.
-Bacı, sən gedəcəksən ? –deyə otağın küncündəki stulda oturan Səlimə Aytənə səsləndi.
-Hara?
-Deyirdin, uşaqlar Qəbələyə gedirlər – bir günlük.
-Yox, ay bacı. Heç həvəsim yoxdu.
Səlimə yaxşı bilirdi ki, Aytənin ən böyük maraqlarından biri də Azərbaycanı qarış-qarış gəzməkdi. Çox güman ki, Qəbələni də görmək istəyərdi. Amma anası bu vəziyyətdə olduğu üçün getməkdən imtina edirdi.
-Get, – dedi, – onsuz da bazar günü iş yoxdu, mən evdə olacağam.
Səlimə düz fikirləşmişdi. Aytən də getmək istəyirdi əslində. Son vaxtlar Bakının havası boğurdu onu. Bir-iki zəif etirazdan sonra Səlimə ilə razılaşıb gedəcəyini bildirdi.
Cavan yaşda ruhən qocalmış bu iki bacı həmişə dayaq olmuşdular bir-birlərinə. Səkinə ananın xəstəliyi onları sarsıtsa da, təmkinliydilər hər zaman. Çünki illər əvvəl ataları və ana nənələri dünyadan köçəndə başa düşmüşdülər ki, ölüm heç kəsə güzəştə getmir. Onlar öyrəşmişdilər doğmalarını sualsız, filansız torpağa gömməyə. Nə qədər sevməsələr də qara torpağı, özlərinin gedəcəyi son yer də o torpağın altı olacaqdı.
Bazar günü səhər saat 06:00-da oyanıb hazırlaşmağa başladı. Vanna otağına keçib əl-üzünü yudu. Sonra anası yatan otağa getdi. Üzündən öpəndə anasının oyaq olduğunu gördü. Nəsə deməyə çalışırdı, amma dediklərindən heç nə anlaşılmırdı.
Aytən çarpayının yanındakı masanın üstündən “Gemistabin” həbini və bir fincan suyu götürüb anasına uzatdı. Arvad dərmanı içib yenə nə isə deməyə çalışdı. Yan otaqdan səs gəlirdi. Deyəsən, Səlimə də oyanmışdı.
-Sabahın xeyir, bacı.
-Sabahın xeyir, Aytən.
Səlimə də gəlib anasının üzündən öpdü. Sonra elə ayaqüstü bir stəkan çay içib tələsik evdən çıxan Aytəni qapıdan yola saldı, ardınca da bir stəkan su atdı.
-Sağ salamat, Allahın amanında get, gəl.
Aytən 07:30-da “Neftçilər” metrosunun altında olmalı idi. Avtobus burda gözləyəcəkdi onları. Evdən çıxıb yenicə dayanacağa yaxınlaşırdı ki, 51 nömrəli avtobus gəldi. Minib öndəki oturacaqlardan birində oturdu. Yenə gözlərini bir nöqtəyə zilləyib fikrə getmişdi. Avtobus “Neftçilər”ə çatdı.
-Burda saxlayın.
Düşüb metroya tərəf getdi. Onları Qəbələyə aparacaq “Mercedec” markalı avtobus orada dayanmışdı. Dostları ilə görüşüb özünə yer seçdi. Hamı gəlmişdi artıq. Avtobus təzəcə yola düşmüşdü ki, Səlimə zəng elədi. Telefonu açıb: -Hay can, – dedi. Səlimə xəttin digər tərəfindən: -“Aytən, anam”, – deyib hönkürtü ilə ağlamağa başladı.
Aytən bacısının nə demək istədiyini başa düşdü. Başa düşdü ki, ölüm onun anasına da güzəştə getmədi. Başa düşdü ki, daha hər səhər anasının solğun üzünə yox, soyuq məzar daşına toxunacaq dodaqları. Başa düşdü ki, bundan sonra anasının üzünü ancaq şəkillərdə görəcəkdi.
Avtobusu dayandırıb getməyəcəyini bildirdi. İndi tək istəyi bir an əvvəl evə çatıb anasının cansız bədənindəki qoxunu ciyərlərinə çəkmək idi. Axı xəstəliyin əldən saldığı zəif cüssəsini qucaqladığı zaman səbəbsiz güvən yaradan o insan bir daha olmayacaqdı həyatda. Axı bir ömür ödəyə bilməyəcəyi borcu qalmışdı anasına.
Qapını döyməyə başladı. Yenə Səlimə açdı. Taleyin amansız sınaqlarından keçən, hər əzaba mətanətlə tab gətirən, hər zaman həyatın sərt üzü ilə qarşılaşan bu iki bacının itkisi bu səfər daha ağır idi. Bir-birlərinə sarılıb ağlamağa başladılar. Sonra Aytən ayrılıb anasının yatdığı otağa tərəf qaçdı. Qorxunc bir səssizlik içində uyuyurdu anası. Hönkürtü çəkib bağrına basdı son dəfə Səkinəni…
-Məni qoyub getmə, ana. Yalvarıram, məni də apar. Məni də apar yanına.
Səlimə Aytəndən dörd yaş böyük olduğu üçün için-için ağlayaraq özünü ələ almağa, bacısını sakitləşdirməyə çalışıırdı.
Bibilər, dayılar hamısı gəlmişdi, halbuki Səkinə xəstə olanda bir dəfə də baş çəkməmişdilər ona. 3 saat keçmişdi. 3 saat idi ki, anası yox idi. Amma evin hər bir küncündə anasının nəfəsini duyurdu Aytən:
-Axı həkim 3 il də yaşayacağını demişdi,Səlimə, niyə getdi ? Bəlkə incitmişdik anamı, bəlkə istəmədən könlünü qırmışdıq. Niyə getdin, ay anaaa?
Səlimə alınacaq şeyləri bəhanə edib Aytəni marketə göndərdi. Bir az da evdə otursaydı, fikirdən dəli olacaqdı qız.
Rəfdən götürdüklərini hesablatmaq üçün kassaya yaxınlaşdı. Adam çox olduğundan məcbur gözləməli idi. Əlində marketin səbətini tutaraq dalğın baxışlarını giriş qapısının üstündəki televizora zilləmişdi. Amma fikri tamam uzaqlarda idi. Yenə nakam anasını fikirləşirdi. Onun ani ölümünü… Düzdür, analarının qalıcı olmadığını , tez bir zamanda dünyadan köçəcəyini o da, bacısı da bilirdilər. Amma yenə də möcüzə gözləyirdilər. Həyatın onlara heç vaxt yaşatmadığı möcüzəni yaşamaq istəyirdilər. Həyatdakı yeganə yaşam səbəbləri Səkinəni geri istəyirdilər.
Qəflətən televizorda nə göstərdilərsə, səssizcə axan göz yaşlarını silib fikrini ekrana cəmlədi. Danışan ANS-in xəbər müxbiri Ləman Ələşrəf qızı idi. Ekranda da onları Qəbələyə aparacaq olan “Mercedec” markalı maşın. Ağsu yolunda qəzaya düşmüşdülər. 8 ölü, 11 ağır yaralı. Heyrət içində donub qalmışdı. Əgər anasının ölümü xəbərini eşidib qayıtmasaydı, indi o da…
Deməli, Səkinə öz canı bahasına qızını qəzadan xilas etmişdi. Həkimlərin daha iki il yaşayacağını bildirdikləri anası öz canı qarşılığında qızının canını diləmişdi Allahdan.
-Mələk anam mənim, – deyib göz yaşlarına boğuldu. İndi onun gözlədiyi möcüzədən də əsrarəngiz möcüzə olmuşdu…
Yazıya 941 dəfə baxılıb