Natavan Çavuş – Bağıra-bağıra susmaq kimi xatırlayıram səni.

natavan

Hələ də hürriyyətini qazanmamış xalq kimisən.

Yuxuları qarışmış uşaq kimi

Boz daşların su altında rəng qazanması kimi

Günəşin doğuşundan öncə şəhərlərə çökən soyuq kimisən.

Külək kimi xatırlayıram səni, məni səndən geri-geri atan.

Xəyanət kimi xatırlayıram, bir gözü yerə baxan. ..

…………..

Səni hər gün birinə bənzətməsəm olmaz ki…

Hər gün bir az səndən yazmasam

Hə gün bir az səndə bitməlidi, bir az sənlə açılmalıdı səhərlər.

Hər gün bir az sən olmalıdı.

Sənə bənzəməlidi fevral soyuqları.

Sənə bənzəməlidi Xəzərin fırtınaları, sənə bənzəməlidi bir az,

qağayıların uzaqlaşması…

Hər şey bir az sənə bənzəməlidi bu şəhərdə.

Hər şey bir az səndən danışmalıdı.

Qəhvənin köpüyü, mahnıların nəqarəti, bəmbəyaz qardan sonra navalçalardan axan damlalar belə, məcburdu sənə bənzəməyə.

Sən buralarda yoxkən, məni hələ də yaşatma cəhdidi bu, şəhərin…

Yazıya 1157 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.