bu gündən sonra…
eh…bugündən sonra
bütün sevinclər yığışıb
bir kənd uşağının təzə don sevinci ola bilmirsə…
bütün gözəlliklər yığışıb
həyətimizdən axankəhrizin dupduru suyunda
bir qaraca qızın əksi qədər gözəl ola bilmirsə…
və…bütün doğmalıqlar gəlib əmisinin
Bakıdan kəndə dönəndə
boynundan sallaşan uşaqlığımın
qolları qədər doğma ola bilmirsə…
yaşamağın adı yoxdu taaa…
yaşamağın adı yoxdu bu şəhərdə,
yaşamaq adsızdı bir ömürdə,
yaşamaq zordu indilərdə.
mən ondalardan danışıram…
həyatın daha gözəl,
insanların daha doğma,
sevdaların daha sevdalı,
ömrün çox gözəl vaxtlarını deyirəm.
hər şey o qədər gözəliydi ki,
hər şey o qədər təmiziydi ki…
hamı o qədər doğmaydı ki…
taaa nətər deyim.
bugündən sonra…eh…bugündən sonra,
sözümün qurtardığı yerdən saqqız çeyniyirəm bu gərdişə…
daha söz tapa bilmirəm yol yoldaşı olanda da,
o susur, mən susuram…
amma bütün günü ağzımız işləyərdi söz danışmaqdan.
o qədər sual verərdim ki, nənəm deyərdi ki,
“–a bala, dilotu yemisən…?”
onda dilotular bitirdi bizim kənddə…
sonra o dilotuları pişiklər yedi.
indi nənəm də yoxdu deyə ki,
“–a bala, dilini pişik yeyib…?”
və bir ömrün gözəlliyini yadıma saldıqca,
deyirəm, İlahi, o günləri mənmi görmüşəm,
o gözəlliyi mənmi yaşamışam,
mənmi elə sevmişəm,
mənmi elə olmuşam.
dönərgələrin belə dönəcəyini ağlıma da gətirməzdim…
hər şey döndü tərsinə…
bu tərsinə həyatın, bu çəpinə ömürün
indi ən məyus günlərindəyəm.
bir söz deyim, Allaha ağır getməsin,
bugündən sonra…bir təzə dona sevinə bilmirəmsə,
və boynuna sarılmağa atam, əmim yoxdusa…
o gəlin anam oğullarını itirəndən
yun çubuğuna oxşayan bir qarıdısa…
ürəyim böyüyə bilmirsə…
taa yaşamağın nə adı var,
nə ad qoyum bu yaşama…?
həəəəəəəəə…???
bu gündən sonra…eh…bugündən sonra,
hər gün, lap hər gün…
bir dəli şair başından
şeir töküb özünü odduyursa…
o mənəm… mən dəəə… bir qəttəzə güllü dona sevinən kənd uşağı.
Yazıya 819 dəfə baxılıb