Çiçək ƏLİYEVA –Taleyin töhvəsi (“Müəllim” Layihəsi)

11695018_491781627664458_8720801882956222876_n

kultur.az   Azərbaycan dili və ədəbiyyatdan repetitor müəllimlər qrupu“nun   hazırladığı  “MÜƏLLİM” Yazı müsabiqəsinin nəticələrini təqdim edir. Layihəni həyata keçirməkdə qrupun məqsədi  bu sənətə olan hörməti ifadə etmək,keçmiş müəllimlərə ehtiramı bildirmək,gələcəkdə müəllimliyi seçənlərə  mənəvi dəstək olmaq, bu peşəyə marağı artırmaqdır.


Yağar yaddaşıma yağış, qar kimi,
Bəzən şirin olar, bəzən də acı,
Xatirələr mənə ilk bahar kimi….
–Lalə, dərsə yubanırsan. Dur görək. Qardaşını da bağçaya qoymalısan. Sonra yenə səni qapıdan məktəbə buraxmazlar.
Yarıyuxulu gözlərimi açıb altdan-altdan saata baxdım. 9-a işləyirdi. 9-un yarısı dərs başlayırdı. Tez qalxıb əynimi geyindim. Qardaşım hələ hazır deyildi. Anamın səsi qulaqlarımda cingildədi:
–Nə gözlərini döyürsən? Gün günorta olub, indi durursan. Tez qardaşını geyindir.
Heç nə deməyib tez-tez qardaşımı geyindirməyə başladım. Dərsin başlanmasına cəmi 7 dəqiqə qalmışdı. Bağça bizim evdən iki tin aralı idi. Qaça-qaça qardaşımı bağçaya apardım. Yenidən getdiyim yolu geri qayıdıb, ayrı küçə ilə üzüyuxarı qalxmalı idim. Ayaqlarımda taqət qalmamışdı. Səhər çörək də yeyə bilmədim. Elə bu vaxt zəngin səsi qulağıma çatdı. Yorulmağıma baxmayaraq addımlarımı yeyinlətdim. Mən məktəbə çatanda 1-ci dərs artıq başlamışdı. Dilguşə xala məni görüb yenə də dodağının altında nə isə pıçıldamağa başladı. Üzünü yarı mənə tərəf tutub başqa birisi ilə danışırmış kimi:
-Ay balam, nə qədər olar axı bu? Zəhmət çək, vaxtında dur məktəbə gəl də.. Hər gün yubanmaq olar? Belə olmaz axı, — dedi.
Heç nə deməyib başımı aşağı dikdim. Gözlərim ayaqqabıdan çıxan baş barmağıma sataşdı. Bunu Dilguşə xalaya sezdirmədən ayağımı bir az dala çəkdim. Dilguşə xala bunu hiss elədi və yaxına gəlib əlini çiynimə qoyub sakit səslə dedi:
-Koridorda səs salmadan, tez sinfinə get.
Mən yeyin-yeyin sinfə tərəf getdim. Azərbaycan dili dərsi idi. Yavaşca qapını döydüm. Sinfə daxil oldum. Beş dəqiqəyə qədər qapının ağzında dayandım. Başım gicəllənməyə başladı. Müəllim isə məni yerimə oturtmurdu. Bir anlıq müvazinətimi itirdim və yerə yıxıldım. Haray-qışqırıq səsinə özümə gəldim. Ani qulaqlarım çalan bu sözlər oldu: “Yazıq körpə uşaqdır də. Bunun özünə baxan lazımdır. Nə olar sənin uşağın deyil. Bu heç Allaha da xoş getməz. Hər işi bu balaca uşağa gördürmək düz deyil”.
Mən başımın üstündə duran bir neçə müəllimin hansının bu sözləri dediyini ayıırd edə bilmədim. Amma sözlər qulağımı deşirdi: “ Nə olar sənin uşağın deyil”. Bunlar nə sözlər idi mən eşitdim? O mənim öz anam deyil? Az qala, ürəyim yerindən çıxsın.
Bütün bu olanlara rağmən mən müəlliməyə dedim ki, “müəllimə, mən dərsimizi bilirəm. Olar danışım?” Müəllimə dedi ki, “Lalə, sabah danışarsan. Bu gün bir az narahatsan.”
Nə deyəsi idim ki?! Keçib yerimdə əyləşdim. Dərsin sonuna qədər heç kimlə dinib danışmadım. Dərsdən çıxıb evə gedirdim. Sinif yoldaşlarımdan biri mənə yaxınlaşıb dedi:
–Əgər xətrinə dəyməsəydi, sənə bir söz deyərdim.
–De də. Niyə xətrimə dəyir?
–Lalə, mənim evdə bir-iki cüt ayaqqabım var. Cəmi bir-iki dəfə geyinilib. Onları sənə versəm, götürərsən?
Mən oğurluq etmiş adamlar kimi başımı aşağı dikib heç nə demədim və ondan uzaqlaşdım. Dalımca neçə dəfə çağırsa da, geri dönmədim…
11-ci sinfi qurtarırdım. Bir gün sinif rəhbərim məni yanına çağırıb dedi:
–Lalə, sən ağıllı, həm də savadlı qızsan. Gəl sənin də sənədlərini verək ali məktəbə. Oxuyub bir peşə yiyəsi olarsan. Həyatı bilmək olmaz.
–Müəllimə, mənim ixtiyarım özümdə deyil. Mən də oxumaq istəyirəm, amma anam razı deyil. Atam da deyir ki, qız uşağısan, sənin oxumağın lazım deyil, tək-tənha qərib-qürbət ellərdə nə işin var?
–Mən atanla danışaram.
Onların nə vaxt, harada və necə danışdıqlarından xəbərim olmadı. Bir gün atam evə gələndə gözümə çox narahat göründü. Arada başını qaldırıb yazıq baxışlarla məni gizlincə süzürdü. Maraq məni bürüdü ki, atam niyə belə baxır mənə? Bəlkə nə isə eşidib, bəlkə nə isə yalandan deyiblər, bəlkə anam daldada ona nəsə söyləyib??…
Bu bəlkələr məni lap üzdü. Çörəyimizi yeyib süfrəni yığışdırdıq. Atam başını azca qaldırıb dedi:
-Lalə, bu gün Ceyran müəlliməni gördüm. Səndən çox razılıq elədi. Dedi ki, “Lalənin sənədlərini də hazırlayıb verəcəyəm instituta.” Dedim, “yox. Onun oralarda nə işi var?” Əl çəkmədi ki, “qoy bir özünü sınasın.” Deyirəm bəlkə gedəsən?
O sözləri eşidəndə bir anlıq elə bildim ki, havada uçuram. Görəsən, düzmü eşitdim? Görəsən, atam doğrudan məni oxumağa göndərəcək? Mən anamın təkidli etirazlarına baxmayaraq imtahana getdim, yaxşı bal topladım… Və ağrılı, acılı, xoş, naxoş günlər gəlib getdi…
İnstitutu bitirib ali təhsilli Azərbaycan dili müəllimi kimi kəndimizə döndüm. Yaxşı ailəm var. Yoldaşım da məktəbimizdə riyaziyyat müəllimi işləyir. Həyat çox mürəkkəb və qəribədir. Bir zamanlar mənə geyilmiş ayaqqabı təklif edən sinif yoldaşımı hərdən kənddə görürəm. Hər məni görəndə deyir ki, “Lalə, o günlər getsin, bir daha qayıtmasın. Hər gün evdə sənin söhbətin gedirdi. Anam sənə kömək eləmək istəyirdi, amma analığından ehtiyat edirdi. O vaxt o təklifi mən özüm sənə dedim. Deyəsən, sən məni düzgün başa düşmədin. Gördüm ki, pis oldun. Günlər keçib getdi…. Allaha şükürlər olsun ki, sən o vaxt gedib oxudun. Çox hörmətli xanımlardan birisən. Evin, ailən, övladların, maşallah.”
Mən bu qazandıqlarım üçün, birinci Allahıma borcluyam. Təhsil mənə Taleyin töhvəsi oldu. Buna görə isə Ceyran müəllimənin ruhu qarşısında bütün ömrüm boyu baş əyəcəyəm. Çünki, bu gün mənim bu yerə gəlib çatmağımın birinci və tək səbəbkarı Ceyran müəllimə olub. Allah ona rəhmət eləsin.
Həyatımda şirin xatirələrdən çox acı anılar  yer tutur.
Hamınıza yalnız və yalnız şirin xatirələrlə dolu həyat arzulayıram.

Yazıya 995 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.