Dəqiqmi bilirsən xoflu ürəklə
Bağrına basacaq gələcək səni?
Vaqif B.
Sənətə, istedada, yazara, şeirə, şairə dəyər verənlərə müraciətim:
Vaqif Bəhmənlini şeirsevərlər, şeirtanıyanlar, sözü başının tacı bilənlər, sözün qılınc kimi dəyərli və kəsərli olduğuna əmin olanlar yaxşı tanıyır. Və onu da bilirlər ki, şeir yazmaq şairin ovqatından asılıdır. Yəni, şeir ovqat balasıdır ki, öz atasına – ovqata bənzəyir.
Zaman-zaman ədəbiyyat aləmində külüng çalan, öz imzasını təsdiqləyən, hörmət qazanan bir şairi – Vaqıf Bəhmənlini necə olur ki, bir məmur – Mədəniyyət Naziri (çox diqqətli olun: Mədəniyyət naziri – ədəbiyyata, incəsənətə yardım, qayğı göstərmək üçün yaradılan bir nazirlik) şeirinə görə töhmətləndirir. Bu, hansı haqqla, hansı cürətlə ölçülür. Biz Sovet dövründəmi yaşayırıq? Vaqif Bəhmənli kolxoz sədridirmi töhmət alsın?..
Şair seçdiyi obyekti mədh də edə bilər, vəsf də edə bilər, məhv də edə bilər. Buna kimsənin haqqı yoxdur ki, qarşı çıxsın. O halda şairə (yazara, sənətkara) irad tuta bilərik ki, (töhmət yox, irad) onun yazdığı ölkənin milli-mənəviyyatına, tarixinə, coğrafiyasına, mədəniyyətinə və s. xələl gətirsin.
Vaqif Bəhmənli bir məmura şeir həsr edib. Burada pis nə var ki? Ağsaqqal şairə beləmi dəyər verilməlidir? Bəlkə elə Vaqif Bəhmənlinin kitablarını yandıraq? Nə düşünürsünüz?…
Tarix yaranandan, söz yaranandan, şeir yaranandan ithaf şeirləri yazılıb. Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan dördüncü poemanı ədib Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana, Füzuli Bəngü Badə” (“Tiryək və Şərab”) əsərini Şah İsmayıl Xətaiyə həsr etməmişdimi? Tarixdə adı qalan elə bir şair göstərin ki, onun ithaf şeirləri olmasın. Elə bu günümüzə baxaq: Zəlimxan Yaqub mərhum prezident Heydər Əliyevin xatirəsinə ithaf olunan “Əbədiyyət dastanı” kitabını yazmamışdırmı?
Bəli, pis olan, yerində olmayan o ki, Vaqif Bəhmənli obyekti düzgün seçməyib. Yenə də qınamırıq şairi. Şair şeir yazanda ağlının yox, ürəyinin hisslərinin hakimi olur.
Mən ümid edirəm ki, sənətə, ədəbiyyata və sənətkara dəyər verən ölkə rəhbərliyi məmurun – uzun zaman xalq arasında hörmət qazanmış bir şairi töhmətləndirməsinə layiqli cavab verəcək. Əks halda, yazarlar sənətin dəyərdən düşdüyünə çox təəssüflənəcəklər….
Yazıya 759 dəfə baxılıb