Akif ABBASOV – ADİLXANIN ƏZİZƏ SEVGİSİ…

AKİF SON ŞƏKİL(“Aldanma sözlərə” romanından)

Hətəm kişi arvadının qarasınca asıb-kəsən dəm Əzizə direktorun otağına daxil oldu. Direktor Əhmədli pedaqoji işi sevən idi. Maarif yolunda candan desən, keçərdi. Bu əldən-ayaqdan uzaq kənd məktəbində müəllimlər arasında dedi-qodu başlayanda, şikayət məktubları müxtəlif təşkilatlara üz tutanda Əhmədli rayon mərkəzindəki məktəblərin hansındasa dərs hissə müdiri vəzifəsində çalışırdı. Tələbkardı. Gündəliksiz bir müəllim belə dərsə buraxmazdı. Deyərdi: «İntizamı, qayda-qanunu əvvəlcə gərək tərbiyəçi gözləyə, sonra şagirddən tələb edə».
- Maarif müəllim, olar?
Əhmədli Əzizəni görən kimi ayağa qalxdı. Gülərüzlə:
- Buyur, qızım. Əyləş.
Maarif müəllim Əzizənin əyləşdiyini görüb özü də yerini tutdu:
- Bilirsən, səni niyə çağırmışam?.. İşgüzarlığın xoşuma gəlir. Müəllim özünü, həyatını uşaqlara həsr etməyi özünə borc bilməlidir. Bunsuz məktəb işi mümkün deyil. Bu yanğını səndə görürəm. Amma candərdi müəllimlik eləyənlər var. Kimisi maaşı bəhanə gətirir, kimisi uşaqları, valideynləri günahlandırır. Lakin bunların hamısı əslində səbəb deyil. Heç bir çətinlik müəllimin həvəsini azaltmamalı, əlini işdən soyutmamalıdır. Əsrimizin əvvəllərində indikindən də artıq çətinlik vardı. Ziyalılarımız, qabaqcıl fikirli adamlarımız hər cür məhrumiyyətlərə, hədə-qorxulara, təqiblərə məruz qalsalar da xalqımızı elmə, maarifə, mədəniyyətə səsləyir, öz şəxsi rahatlıqlarından keçirdilər. Sabiri, Mirzə Cəlili, Nərimanovu, Köçərlini, Hacıbəylini, Məmməd Əmini kim məcbur edirdi bu qədər əziyyət-zəhmət çəksinlər? Yalnız və yalnız milli vicdanları. Onlar mükafat umurdular? «Sağ ol» üçün əlləşirdilər? Yox. Bir qisim incəsənəti, mətbuatı, digər qism maarifi, mədəniyyəti, elmi irəlilətmək, başqa bir qismi camaatı əsarətdən qurtarmaq, azadlığa çıxarmaq naminə çalışırdı. Milli teatrımızın yaradıcılarından Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, sonralar Mikayıl Müşfiq, Hüseyn Cavid, yüzlərlə başqaları öz ideyalarının qurbanları oldular. Biz isə bəzən bu gün mənafe, rahatlıq güdərək işə can yandırmırıq. Məktəbimizdə də belələri var. Biri dərsi buraxıb çiyələk, digəri tərəvəz alverinə gedir. Başa düşürəm, dolanışıq çətindir. Amma vicdanımız da bəzən bizi narahat etməlidir. Bu uşaqları bizə tapşırıblar. Nə isə… deyəsən, söhbəti uzatdım. Bir təklifim var. İstəyirəm səni ibtidai siniflər üzrə özümə müavin götürüm…
Təklif gözlənilməz olduğundan Əzizə qeyri-ixtiyari yerindən qalxdı. Təəccüblə direktora baxdı.
- Əyləş, əyləş. Mən də nə etdiyimi bilirəm. Sadəcə, sənin razılığın lazımdır.
Əzizə təklif olunan vəzifənin məsuliyyətini yaxşı anladığından:
- Bəs Həmid müəllim? Mən bacararam?- deyə soruşdu.
Maarif müəllim qaşlarını çatdı:
- Həmid təcrübəli müəllimdir. İxtisasını da pis bilmir. Ancaq neçənci dəfədir ki, mən ona xəbərdarlıq edirəm. İbtidai siniflərdə valideynlərdən müxtəlif bəhanələrlə pul yığılır. Hədiyyələr alınır. Bunun qarşısını ala bilmir. Hətta özü də bu işə qurşanıb. Başa düşürəm – bir çətən külfəti var, az maaş alır. Deyir, arvad-uşağın üzünə çıxa bilmirəm. Amma rüşvət, hədiyyə almaq vəziyyətdən çıxış yolu deyil. Özümüz nüfuzumuzu aşağı salırıq. Gözdən düşürük. Başa düşürsən? Bir vaxt imtahanlar zamanı yuxarı siniflərdə pul yığırdılar. Bunun qarşısını aldım. İndi də ibtidai siniflər də belə-belə işlər olur.
Əzizə heç vaxt vəzifə barədə düşünməmiş, onun həsrətində də olmamışdı. Dərs demək, yaxud uşaq bağçasında tərbiyəçilik etmək, öz bilik və bacarığını göstərmək onun bəsi idi. Əzizə mənfi halları xoşlamır, heç kimdən də hədiyyə ummurdu. Onun fikrincə, pedaqoji işdə ən böyük hədiyyə, mükafat – bir xoş sözdən, yaxud bir dəstə güldən, bir də xoşbəxt, savadlı, əxlaqlı uşaqlar tərbiyə etməkdən ibarət olmalıdır. Maarif müəllimin gözlədiyinin əksinə olaraq Əzizə etirazını bildirdi:
- Dərs demək mənim daha çox xoşuma gəlir. Vəzifə üçün hələ özümü hazır hesab etmirəm.
Onun cavabı Maarif müəllim üçün gözlənilməz oldu. Təəssüf hissilə dedi:
- Qızım, fikrini bildirməyə tələsmə. Mən sənə təkcə vəzifə təklif etmirəm, həm də mənə kömək göstərməyini istəyirəm. Məktəbi idarə etmək asan iş deyil. Bunun üçün yanında inandığın, etibar etdiyin və işbacaran adamlar olmalıdır. Sən mənim yaxın köməkçim ola bilərsən. Uşaqların mənafeyi baxımından deyirəm. Bəlkə düşünəsən… Mənim fikrim qətidir. Həmid müəllim o vəzifədə qala bilməz. Sənin sinfini ona verəcəyəm.
Sinifdən, təzə-təzə isinişdiyi uşaqlardan ayrı düşmək Əzizəni daha çox qorxudurdu.
- Maarif müəllim…
- Qızım, hər halda fikirləş, evdə də məsləhətləş…
Bu vaxt Həmid müəllim içəri girdi. Maarif müəllimin Əzizə ilə söhbət etdiyini gördükdə özünü itirdi, dalağı sancdı:
- Maarif müəllim, dedilər ki, məni görmək istəyirsiniz…
- Elədir, Həmid müəllim. Əyləşin. Qızım, sən gedə bilərsən.
***
Əzizə neçə vaxt idi ki, sakit idi. Uğursuz taleyi ilə barışıb adi həyatını yaşayır, məişət qayğıları ilə məşğul olur, metodik və pedaqoji ədəbiyyatı vərəqləyir, dərslərini yaxşı keçməyə, uşaqlara bilik verməklə yanaşı onların idrakını inkişaf etdirməyə çalışırdı. O, gözəl anlayırdı ki, şagirdləri düşündürməyə alışdıra bilsə, müstəqilliyinə nail olsa, onlar həm yaxşı oxuyacaq, həm təlim materialını şüurlu qavrayacaq, həm də hadisələr arasındakı səbəb-nəticə əlaqələrini aydın başa düşəcəklər.
Əzizə pedaqoji işə, sinfə, dərs dediyi uşaqlara çox bağlanmışdı. Bir gün şagirdləri görməyəndə, məktəbə getməyəndə darıxırdı. Bu, bir çox qayğılarını ona unutdurmuşdu. Sinifdə, şagirdləri arasında keçən həyatına alışmışdı. Həmin həyatdan ayrılmaq istəmirdi. Ona görə Maarif müəllimin təklifi yenə onu qayğı ilə yüklədi. Direktor müavini olmaq çoxlarının arzusu idi. Bu vəzifəyə keçmək üçün neçə-neçə adama ağız açanlar olurdu. Əzizə heç atalı günlərindən də şöhrətə can atmamışdı. Adi həyat tərzi, sadə geyim, ortabab dolanışıq onu təmin edirdi. Var-dövlətin, şan-şöhrətin insanların başına nə kimi oyunlar açdığını kitablardan oxumuş, həyatda bunları görmüşdü. Yoxsa ulu Nizami deməzdi: «Nə şöhrət, nə yuxu, nə də ki, yemək, həyatın mənası olmasın gərək».
İlahi, min il ərzində öz şöhrətini, qiymətini itirməyən bu insan necə də uzaq görən və sadə imiş. Halal zəhmətilə qazandığı arpa çörəyini özgəsinin verdiyi buğda çörəyindən üstün tuturdu. Yoxsa indikilər… Əlləri başqalarına uzanır. Gözləri özgələrinin qazanına dikilir. Göz də doymaq bilmir ki, bilmir. Müəllim də rüşvət alar, hədiyyə umar?! İlahi, bu yolu tutanlar sinfə girəndə o məsum körpələrin üzünə necə baxırlar? 8 martda valideynlər Əzizəyə də gül-çiçəklə bərabər hədiyyələr gətirmişdilər. Onların çox yalvar-yaxarından sonra gülləri götürsə də, hədiyyələri geri qaytarmışdı. Deyirlər, hədiyyəni qəbul etməmək yaxşı deyil. Lakin bəzi valideynlər bir çox hallarda müəllimi ələ almaq üçün hədiyyə gətirirlər. Müəllimlə valideyn arasında belə mizan-tərəzi, alver münasibəti oldusa, orada təlim-tərbiyə işi uğurlu məcraya yönəlməz. Sonrası da bu valideynlərin aldıqları nədir ki, ona da göz dikəsən?
Maarif müəllim ona möhlət verdi. İndi nə etsin? Kişinin sözünü nə yerə sala bilir, nə də razılaşa. Maarif müəllim onu çətinə salmışdı. Bəlkə anası, dayısı ilə məsləhətləşsin. Birdən onlar da dedilər ki, kişinin sözünə bax. Ağır adamdır, səni işə götürüb, hörmət-izzət sahibidir. Kənddə xeyir-şər işi olan onunla məsləhətləşir. Yəqin ki, anası da, dayısı da belə məsləhət görəcək. Bəlkə onlara heç nə deməsin. Bu da olmaz. İndi dayısı onların böyüyü, yol göstərənidir… Anasının nə qədər zəhmətini çəkib. Onlara ev-eşik düzəldib. Fatmada, Əzizədə həyata, insanlara inam yaradıb.
- Əzizə yenə nə olub? Fikirli görünürsən?.
Anası idi.
Bütün qayğıları sifətində əks olunduğundan sözün düzünü deməkdən özgə əlac görmədi. Az sonra dayısı da məsələdən xəbərdar idi. Əzizə düz fikirləşmişdi. Onlar Maarif müəllimi eşitməyi məsləhət bilirdilər. Əzizə odla su arasında qalmışdı. Həmin gecəni o, narahat yatdı.
***
O, məktəbə gələndə eşitdi ki, Həmid müəllimi vəzifəsindən azad ediblər. Maarif müəllim Əzizənin içəri girdiyini görüb:
- Yaxın gəl, qızım, nə deyirsən, əmrini hazırlayım? Təhsil şöbəsində danışmışam. Deyirlər, özün bilən məsləhətdir. Hər şey yaxşı olacaq, narahatçılığın əbəsdir.
Əzizə bu etimadın qabağında bilmirdi ki, necə hərəkət etsin, nə cavab versin. «hə» deyəydi – necə deyəydi» «yox» deyəydi – yenə necə deyəydi? Axırda qəti qərarını bildirdi:
- Maarif müəllim, mən sinif müəllimi kimi işləmək istəyirəm… Əzizənin direktorun kabinetindən çıxdığını görən Həmid müəllim eyhamla:
- Təbrik edirəm, Əzizə xanım! – deyə söz atdı. Özündə-sözündə olmayan Əzizə qeyri-ixtiyari gülümsünərək:
- Sağ olun, – deyib sinif otağına keçdi. Az sonra Həmid müəllim bütün məktəbə yaydı ki, Əzizə müəllimə yeni vəzifəyə təyin olunub.
Tənəffüsə çıxanda müəllim yoldaşlarından bir neçəsi Əzizəyə yaxınlaşıb onu təbrik etdilər. Əzizənin şəklini müəllimlər otağındakı şərəf lövhəsinə vurmuşdular. Bayaq elə bilmişdi ki, Həmid müəllim onu həmin şəklə görə təbrik edir. Təbrikin səbəbi indi ona aydın oldu və Əzizə direktor müavini keçmədiyini müəllim yoldaşlarına bildirdi.
***
İmkanına görə kənd cavanları içərisində Adilxan hamıdan seçilirdi. Atası Cəfərxan uzun müddət sovxoz direktoru işləmiş, dar gün üçün xeyli sərvət toplamışdı. Xalq arasında deyildiyi kimi, «bircə donuzu əskik idi». İnsafən, zəhmətkeş, iş bacaran, təşkilatçı adam idi. Sovxozda işləri elə qururdu ki, camaat da kənardan baxıb barmağını sormasın. Çalışırdı ki, onlar da beş – on manatın sahibi olsunlar. Cəfərxanın gecə-gündüz dincliyi yox idi. At belində, «Niva» avtomaşınında sahələri gəzir, əkinin, biçinin vəziyyətinə, fermada mal-heyvanın halına, yeminə fikir verirdi. Onun tələbkarlığını bildiklərindən fəhlələr də işə barmaqarası baxmırdılar.
Şura hökuməti dağılandan sonra da o, əlini əlinin üstünə qoyub oturmadı. Fermer təsərrüfatı yaratdı. Qoymadı ki, kəndçiləri «neyləyim, necə eyləyim» dilemması qarşısında qalsınlar. O vaxtlar olanını-qalanını xərcləyib, pulsuz-parasız qalmışdılar. Bağ – bostanlarının məhsulunu kənara çıxarıb sata bilmirdilər. Bazara gələn camaatın alıcılıq qabiliyyəti aşağı idi. Yükün daşınması baha başa gəlirdi. Yolları kəsib polis işçiləri gəlib-gedəni soyub talayırdılar Məhsul. qapılarda qalıb xarab olurdu. Cəfərxan belə dar gündə həmkəndlilərinin dadına çatdı. Fermer təsərrüfatında hərəsinə bir iş verdi. Qaçqınlar, köçkünlər kəndə pənah gətirəndə onlara da əl tutdu. Fermer təsərrüfatı get-gedə böyüdü. Cəfərxanın işləri yaxşı gedirdi. Lakin başı təsərrüfata qarışdığından, heç bir şeydə çətinlik çəkməyən oğulları hazıryeyənə çevrilmişdilər. İki oğlu, bir qızı vardı. Qızını yerbəyer eləmişdi. Öz əli, öz başı idi. Onun sarıdan nigarançılığı, narazılığı yox idi. Oğlu Fuad bir müddət buralarda avaraçılıq edib Rusiyaya çıxıb getmişdi. Orada alver eləyirdi. Anaşa üstündə ilişib, dörd il həbs cəzası almışdı. İkinci oğlu Adilxan rayon mərkəzindəki institut filialında oxuyurdu. Adına oxumaq demək olardısa. Cəfərxan burada ona ikiotaqlı mənzil də almışdı ki, kirayələrdə can çürütməsin. Bir «Jiquli»də altına qoymuşdu ki, kənd-kəsəyə gəlib-gedə bilsin.
Ata əlləşib-vuruşur, qayğı göstərir, oğul qədir-qiymət bilmir, pulları sağa-sola xərcləyirdi. Kefi kök idi Adilxanın. Cəfərxan oğlunun avara həyat keçirdiyini gördükdə tüstüsü təpəsindən çıxır, bu işdə özünün də təqsirli olduğunu başa düşürdü. Nə etsin? Pul verməsin? Evi çapıb aparacaq. Maşını əlindən alsın? Evdən qovsun? Bütün bunlar yaranmış vəziyyətdən çıxış yolu deyildi. Nə deyərdilər ona? Guya belə etsə, Adilxan yola gələcəkdi? Bəlkə evləndirsin? Kimin qızını bədbəxt etsin? Ondan arvad saxlayan çıxar? Nə demək olar? Bir də gördün ailəsinə bağlanıb qıçını qatlayıb oturdu. Uşağı olar, məsuliyyəti artar. Təki olsun. Bu qırışmalın qarşısını tezliklə almasam – gec olacaq, Qardaşının gününə düşəcək. «İşə bir bax. Camaat bu ağır zəmanədə ailəsinin çörək pulunu qazanmaq üçün gecə-gündüz əlləşir. Bu nankor isə əlini ağdan qaraya vurmadan şah balası kimi yaşayır, min əziyyətlə topladığım pulları «uf» demədən səpələyir».
Cəfərxan tapşırdığı kimi, bu dəfə Adilxan kəndə gələndə Mərziyyə onunla söhbət etdi:
- Sənin tay-tuşların ev-eşik sahibidir. Səninlə eyni vaxtda instituta girənlər artıq orada-burada özlərinə iş tapıblar. Sən isə hər kursda bir il qala-qala, günü keçirirsən. Axırda bir də gördün oxuduğun məktəbə sənin adını veriblər. Gecə-gündüz maşından düşmürsən Buradan vurub, oradan çıxırsan. Anasının ürəyinin dolu olduğunu görən Adilxan sakitcə qulaq asır, eyni zamanda başa düşürdü ki, o, bu söhbəti nahaq açmayıb. Sözlü adama oxşayır. Odur ki, soruşdu:
- İndi təklifin nədir, ay ana?
Mərziyyə yerini rahatlayıb ağır-ağır dedi:
- Bala, atan da, mən də qocalmışıq sənin əl-ayağını yığmağın vaxtıdır. Belə yaşamaq olmaz. Deyirəm, gəl, səni evləndirək.
Evlənmək, rayon mərkəzində cavan qızlarla gün keçirən, barlarda, diskotekalarda əylənən Adilxanın yadına belə düşmürdü. Subaylığı, bəziləri kimi, sultanlıq nədir, lap prezidentlik sayırdı. İndi anasının təklifinə gülməyi tutdu:
- Hələ tez deyil, ay ana?! Mənim nə yaşım var?! Görmürsən hələ ana uşağıyam. Xərcliyimi də dədəm verir.
- Tez niyə olur, ay oğul?! Xərcliyinizi də bir müddət atan çəkər. İşlərsən, öz əlin, öz başın olar.
Adil ipə-sapa yatmayaraq:
- Deyirsən, arvadımı da dədəmin pulu ilə saxlayım? – dedi.
Mərziyyə pərt və dilxor halda:
- Daha başımıza haranın külünü tökək?! – dedi. – Belə də yola gəlmirsən, elə də. Bir işin qulpundan yapışmırsan. Yaxşı, oxuya-oxuya işləyərsən.
- Nə vacibdir, ay ana?… Yaxşı, yaxşı, qaş-qabağını tökmə… Dədəmlə sən bəs kimi alırsınız mənə?
Mərziyyə onun yola gəldiyini düşünərək daxili bir sevinclə:
- Ay bala, sən zəmanə uşağısan. Qorxuram əlimizi birinə uzadaq, dodaq büzəsən. Özün kimi bəyənsən, onun da qapısını döyəcəyik. Amma, ay oğul, yadında saxla. Biz nəsildə nə arvad boşayan, nə də ərindən boşanan olub. Eləsini tap ki, sonra peşmançılıq olmasın. Sənin ipinin üstünə odun yığmaq müşkül bir işdir. Biz bəyənərik, sonra hər an başımıza qaxarsan.
Anasının sözlərini qəribçiliyə salsa da «Jiquli»yə əyləşib rayon mərkəzinə qayıdan Adilxan istər-istəməz düşünməli oldu: «Bəlkə anam doğru buyurur. Gec-tez evlənməliyəm. Burada pis nə var ki?»
Doğru deyiblər ki, söz təsirsiz qalmır. Adilxan fikrə getdi: «Bəs kimi alım»? O, indiyə qədər kənd qızlarından heç kimi bəyənməmişdi. Sadəcə, özünə yaraşdırmırdı: «Nə qədər bəzənib-düzənsələr də, elə kəndçidirlər ki, kəndçi». Lakin indi əvvəlcə kənd qızlarını birər-birər yadına saldı: «Uzağa niyə gedim? Sərfəlisi olsa, alım, qoyum başımın altına. Anamın yanında qalacaq. Oğul-uşaq böyüdəcək. Mən də öz kefimdə olaram. Arvad məni şəhərdən qaçaq salmayacaq ki… Yenə bir ayağım oralarda – barda, saunada, restoranda, əyləncə, kef məclislərində olacaq. Kimi nişan verim bəs? Nazlını? Sir-sifəti pis deyil. Amma burnu bir az yekədir. Pərini? Bər-bədəninə söz ola bilməz. Amma deyirlər yatanda xoruldayır. Əsməri? Evdə bir sürü uşaqdırlar. Lüt Qasımın canı üçün. Basıb özümüzü yeyərlər. Bənövşəni? Arxası çox iridir. Hərdən yoldan ötən baxır. Sabah evləndim toya-bayrama aparanda gərək qolumu çırmalayıb onunla-bununla davaya çıxım. Nazpərini? Qıçları çox nazikdir. O biri qızlar da çöl-bayırda alaq, pambıq yığmaqdan, mal altı təmizləməkdən kor-kobud olublar. Yatağa girəndə elə biləcəksən kişi yanında uzanıbsan.
İndi keçək institutdakı qızlara. Vid-fasonlarına söz ola bilməz. Amma bəzilərindən arvad çıxmaz. Bir qismi qıçlarını, bir qismi sinələrini nümayiş etdirir. Kef çəkmək üçün yarananları da var, ayağı sürüşgənləri də, özünü oxumaqdan ötrü öldürənləri də.
Adilxan özündən o qədər bədgüman idi ki, hərədə bir eyib tapırdı. Ona qız bəyəndirmək çətin idi. Birdən Adilxanın yadına yaxınlarda olmuş bir hadisə düşdü. Özünü kənddəki oğlanlara, qızlara göstərməyi xoşladığından maqnitofonun səsini qaldırıb dodağında siqaret maşını kənd yolu ilə asta-asta sürürdü. Bir gün əvvəl yağış yağmışdı. Ətrafda hələ də su gölməçələri vardı. Gözləri çayxanada əyləşən cavanlarda qaldığından (Əlifağanı axtarırdı) təkər çökəyə düşüb suyu ətrafa sıçratdı. Üst-başı islanmış cavan qız diksinib tərs-tərs Adilxana baxdı. Amma bir söz demədi. Adilxan halını pozmasa da üzr istəməyi özünə borc bildi. Qız xoşagəlimli idi. Heç kənd qızlarına oxşamırdı. Adilxan nəzərləri ilə qızı müşayiət etdi. Qız, addımlarını yeyinlədib məktəb binasına daxil oldu. İndi isə qız qoltuğunda bir dəstə dəftər məktəbdən gəlirdi. Əlifağadan öyrənmişdi ki, o, məktəbdə müəllim işləyir. Adı da Əzizədir. Birdən Adilxanın qanı qıza qaynadı: «Bəlkə axtardığım elə budur. Kasıb ailədəndir, qaçqındır. Papağımı hərləsəm, yalvara-yalvara gəlib girəcək topdağıtmaz evimizə».
Əzizə maşının bərabərinə çatanda Adilxanın başını pəncərədən çıxarıb:
- Salam, müəllimə, oturun, sizi aparım, – dedi.
Tanımadığı gəncin təklifi Əzizəni haldan çıxartdı, onun sırtıqlığı xoşuna gəlmədi. Lakin o, müəllim, tərbiyəçi idi. Gərək təmkinini pozmayaydı . Odur ki:
- Sağ olun, ehtiyac yoxdur, – deyib ötdü.
Tində dayanmış cavanlar bir-birlərinə baxıb qımışdılar. Kimsə:
- Bu Adilxan elə bilir ki, maşını var deyə, kimə əl eləsə qaçıb onun boynuna sarılacaq.
Başqa birisi:
- O, Əzizə müəlliməni yaxşı tanımır.
Adilxan rayon mərkəzinə getməyib, yarı yoldan geri qayıtdı. Maşını həyətə salıb çıxdı. Ora-bura dəydikdən sonra Əlifağanı tapdı. Dərdləşmək istəyirdi. Adilxan axtardığına rast gəlmişdi. Əzizə ciddi, ziyalı, tərbiyəli qız idi.
O gündən Adilxan kənddə çox ləngiyir, şəhərə getməyə tələsmirdi. O qızları ələ almaqda usta idi. Şirin dilini işə salıb onları yoldan çıxarır, bir müddət əyləndikdən sonra gül kimi qoxulayıb atırdı. Bəzi qızlar onun toruna asanlıqla düşürdülər. Doğru deyiblər ki, oğlanlar gözləri ilə, qızlar isə qulaqları ilə sevirlər. Bir-iki xoş sözdən, tərifdən ötrü qızların ürəyi gedir. Onların bu zəif tərəflərini bilən oğlanlar da bundan istifadə edirlər.
Utanıb-çəkinmədən xoşuna gələn qıza eşq elan edən Adilxan Əzizəyə bu nəzərlərlə baxa bilmirdi. Heç olmasa, kəlmə kəsməyə belə cəsarəti çatmırdı. Öz-özünə təəccüb etməyə başlamışdı. «Yağlı dillərin nə oldu, Adilxan? Çox döşünə döyürdün. Tələbə yoldaşlarınla mərc gəlib istədiyin qızla tanış olurdun. İndi buyur, məharətini göstər. Əzizə tində dayanan forslu, özündən razı gəncin gözlərini ondan çəkmədiyini duyur, özünü o yerə qoymurdu. Adilxan kimi gənclər onun maraq dairəsindən çox-çox uzaq idi.
Nəhayət, bir gün Adilxan canını dişinə tutub qıza yaxınlaşdı və ürəyini açdı. Lakin həyəcanlı olduğundan dili topuq çaldı. Bilmədi nədən başlasın:
- Anam məni evləndirmək istəyir …
Əzizə həyalı, ciddi qız olsa da hazırcavab idi:
- Təbrik edirəm. Bəs nə durmusan, evlən. Maşallah, şəkil kimi oğlansan.
Adilxan qızardı:
- Mənə deyib özümə qız seçim.
Əzizə özünü o yerə qoymayıb dedi:
- Bəs bunu mənə niyə deyirsən? İstəyirsən, qız seçməkdə sənə kömək edim?
Adilxan çaşdı:
- Kömək?! Yox, qız tapmışam.
- Mən elçi getməliyəm?
Adilxan özünü lap itirdi. Heç cür söhbətləri alınmırdı. Odur ki, birbaşa mətləbə keçdi:
- Mən sizi seçmişəm.
Əzizə təəccüblə:
- Axı mən səni tanımıram.
Adilxan ürəkləndi:
- Burada çətin nə var ki? Tanış olaq. Mən Cəfərxan fermerin oğluyam… İnstitutda oxuyuram.
Əzizə onu tanıdığını büruzə verərək:
- Cəfərxan kişinin əziz-xələf oğlu, demə, sən imişsən. Mən də bu məktəbin müəllimiyəm. Tanış olduq, bu qədər kifayətdir.
Adilxan yenidən çətin vəziyyətə düşdü:
- Bəs mənə sözünüz nə oldu?
Əzizə ötkəm:
- Bundan artıq tanışlıq, məncə, əbəsdir. Sağ ol. Ünvanı səhv salmısan: Yenə axtar.
Adilxan nəsə demək istədi. Əzizə uzaqlaşdı. Oğlan baxa-baxa qaldı.
Qızın özünü tox tutması, ona məhəl qoymaması Adilxanın inadını daha da artırdı. Qəti qərara gəldi: «Öldü var, döndü yoxdur. Qız mənim olmalıdır».
Bu vaxta qədər o, elə bilirdi ki, var-dövlət yiyəsi olduğundan kimə barmağını uzatsa, ona arvad olacaq. Kəndin yarısına onun atası çörək verir. Əzizənin anası Fatma da Cəfərxanın təsərrüfatında işləyirdi.
***
Mərziyyə neçə gün idi ki, oğluna göz qoyur və hiss edirdi ki, o, özündə-sözündə deyil. Şəhərə getməyə də tələsmir. Kənddə bu qədər duruş gətirdiyi olmamışdı. Mərziyyə öz-özünə «Deyəsən, torbada pişik var», – deyə düşünüb
gülümsündü. Hə, onun sözləri təsirsiz qalmayıb, oğlu kimisə gözaltı eləyib. Bəs kimi? Maralı? Səmayəni? Gülçöhrəni, Gülşəni, yoxsa Gülsümü? Açıb-ağartmayım. Axır özü dilə gələcək.
Ana düşünən kimi oldu. Mərziyyə Fatmanı da, Cavadı da yaxşı tanıyırdı. Fağır adamlardır. Kənddə yaşadıqları az müddətdə heç kimin toyuğuna «kiş» deməmişdilər. Onu da bilirdi ki, binəva Fatma, onun ailəsi az müsibət çəkməyib. Əzizəni də başıaşağı, həyalı-abırlı, ismətli qız deyirdilər. Mərziyyəni gəlinin cehizi, ailəsinin var-dövləti maraqlandırmırdı. On oğlu, on gəlini olsaydı, ömürlərinin axırına kimi Cəfərxanın topladıqların: yeyib qurtara bilməzdilər. Daha çox övladının xoşbəxt olmasını arzulayırdı. Oğlunun dilindən Əzizənin adını eşidəndə onun ağlına heyran qaldı: «Mən bunu fərsiz bilirdim. Qorxurdum gedib əsilsiz-nəsilsizin, çılpaq baldırın birisinin qolundan yapışar» Ana daxilən sevinsə də, bu istəyin nə qədər qarşılıqlı olduğunu bilmək üçün soruşdu:
- Qızın fikrini öyrənmisən? Bu işə o necə baxır?
Oğlunun cavabı Mərziyyəni açmadı, amma ona ürək-dirək vermək üçün dedi:
- Sən narahat olma, mən anası ilə danışaram. Çalışıb qızı yola gətirərik.
Adilxanın qəlbində ümid qığılcımları yandı. Bir qədər ürəyi sakitləşdi. Evdən çıxıb Əlifağagilə yollandı.
***
Zahirən sakit görünən Əzizə ağır-ağır evlərinə getsə də, Adilxanla söhbətinin təsiri altında idi. 24 yaşı adlamışdı. Bütün canlılar kimi insan da öz nəslini davam etdirmək qayğısına qalmalıdır. Hər bir şəxs təhlükəyə də, müsibətə də, dərd-ələmə də düçar ola bilər. Lakin tədricən gülür də, şadlanır da, sevinir də. Başqa cür, sadəcə, mümkün deyil. Həyatın qanunu və tələbidir. Hamı ailə qurmalıdır. Dünyaya övladlar gətirməli, onları boya-başa çatdırmalı, təhsil və sənət verməli, yerbəyer etməlidir.. Əzizə də gec-tez ərə gedəcək. Həzrəti Məhəmməd əleyhissəlamın sözləridir: «Evlənməyə qadir ola-ola evlənməyən kəs məndən (hümmətimdən) deyil». Peyğəmbərimizin buyruğundan o necə çıxa bilər?
Oxucuma məlum olmayan bir məqama toxunmaq istəyirəm. Yadınızda varsa, Əzizə Bakıdan kəndə qayıdanda yanında bir gənc əyləşmişdi və o, qıza maraq göstərirdi. Əzizə işə qəbul olunanda burada həmin gənclə qarşılaşdı. Sən demə, o, məktəbdə fizika müəllimi işləyirmiş. Özü qonşu kənddə – Xələflidə yaşayırdı. Müəllimlər otağında, məktəbdə keçirilən tədbirlərdə birlikdə iştirak edirdilər. Təbii ki, müəllim yoldaşlar kimi söhbət də edirdilər. Vaxtilə laqeyd yanaşdığı, qeyri-ciddi saydığı bu gənc –Natiq, sən demə, səmimi, son dərəcə ciddi, öz ixtisasını yaxşı bilən, şagirdlərə qayğı ilə yanaşan insan imiş. Əzizə həm də hiss edirdi ki, Natiqdə ona qarşı xüsusi maraq, istək var. Qıza doğru can atır, onu görəndə sevinir. Başqalarının yanında nə qədər büruzə verməməyə çalışsa da, Əzizə sövq-təbii ilə bunu duyurdu.
Əzizə də artıq uşaq deyildi. Yaraları qaysaq bağlayırdı. Yaşı keçirdi. Gələcəyi barədə düşünməli idi. Körpə uşaq görəndə ürəyi atlanırdı. Mehrini dayısı qızı Pəriyə salmışdı. Onu öpür, əzizləyir, öz balası kimi sevirdi. Lakin insanın yaxın adamlarına sevgisi nə qədər qüvvətli olsa da, övlada olan istəyin, məhəbbətin yerini verə bilməzdi. Əzizə hiss edirdi ki, o da Natiqə biganə deyil. Bunu, xüsusən, evdə sakitlik olanda, yaxud çarpayısına uzanarkən başa düşürdü. Saatlarla gözlərini tavana zilləyib düşünür, ölçüb-biçirdi. Natiq hələ ki, ürəyini ona açmamışdı. Bəlkə də Əzizə yanılırdı… Yox, ola bilməz. Hissləri qadınları heç vaxt aldatmır. Natiq onu sevirdi. Ər-arvada «həyat-yoldaşı», «ömür-gün yoldaşı» deyirlər. Görəsən, onlar ailə qursalar, bu keşməkeşli, çətin, təzadlı, ziddiyyətli dünyada, həyatın yollarında ömürlərinin axırına kimi qoşa addımlaya biləcəklərmi?
Bu və buna bənzər suallar Əzizəni rahat buraxmırdı. Natiq susur, Əzizə gözləyirdi. Onlardan biri susa-susa, digəri gözləyə-gözləyə qaldığı anlarda meydana Adilxan çıxdı. Adilxanın ailəsi varlı-karlı idi. Əzizə ona ərə getsəydi, maddi cəhətdən çətinliyi olmayacaqdı. Cəfərxanla Mərziyyəni yaxşı adam deyirdilər. Amma Adilxan sabahını düşünən, zəhmətə bağlanan deyildi. Əzizə onunla xoşbəxt olacağına inanmırdı. Adilxanla ailə qurarsa, evdə onun kənizinə çevriləcək, ərinin istəyi, hökmü, iradəsi ilə nəfəs alacaqdı. Belə həyat necə də dözülməzdi. Atalar yüz ölçüb – bir biçirlər: «Neyləyirəm qızıl teşti ki, içinə qan qusum». Həm də o, Adilxanı sevmirdi və heç zaman sevə bilməyəcəkdi. Ona görə də Fatma Mərziyyə ilə aralarındakı söhbəti qızına danışanda Əzizə dedi:
- Ana, biz başqa-başqa adamlarıq.
Mərziyyə oğlu Adilxanın Əzizəni istədiyini deyəndə Fatma buna sevinmişdi: Ürəyində: «Şükür Allaha, axır balamın da bəxtinə gün doğdu. Öz ev-eşiyi olandan sonra ağrı-acılarını da tamam unudar. Kasıbçılığın daşını da atar. O da gün görər», – deyə fikirləşmişdi. Mərziyyə xanıma da:
- Mənim sözüm yoxdur. Cavad da etiraz etməz, amma qoy qızımın fikrini öyrənim, – demişdi.
İndi Əzizənin cavabı onun qanını qaraltdı, qəlbi yenə də kədərlə doldu: «Yaman tərs qızdır, bu Əzizə. Bilmirəm, niyə sonalaya-sonalaya dayanıb durub?!»
- Qızım, sən elə bilirsən, evlənənlərin hamısı bir-birini seviblər? Atanla mən sevişib-evlənmişdik? Mənə elçi gəldi. Rəhmətlik atam: «Allah xeyir versin, bir qız bir oğlanındır»,- deyib razılıq verdi. Özün şahidsən ki, rəhmətlik atanla aramızda bircə dəfə də söz-söhbətimiz olmayıb.
Əzizə anasının sözünü yerə salmaq məcburiyyətində qaldığı üçün hədsiz sıxılaraq:
- Ana, özün bilirsən ki, səni dünyalar qədər sevirəm. Amma incimə, ürəyə zor eləmək olmur. Bağışla məni,- dedi və göz yaşlarını axıtdı.
Fatma qızının xasiyyətini bildiyindən təkid etmədi. Cavadla birlikdə onu birtəhər dilə tuta bilərdilər, lakin sonradan bunun ağrısını-acısını çəkəcəkdilər. Əzizə gec-tez səhvini düzəltməyə çalışacaqdı. Bu isə daha pis. Qız həmişəlik bədbəxt olacaqdı. Dul qadına kim yaxın düşəcəkdi? Düşsəydi də Əzizə bir daha ərə getməyəcəkdi. Beləcə cavan ikən həyatı puç olub gedəcəkdi.
***
Mərziyyənin işə qarışmasından da kar aşmadığını görən Adilxan bir yerdə qərar tuta bilmirdi. Əvvəllər qızlara bir əyləncə kimi yanaşan, xoşuna gələnlərini tez yola gətirən Adilxan Əzizənin müqaviməti qarşısında dəli olmaq dərəcəsinə gəlirdi. Odur ki, məktəbdən bir qədər aralıda yerləşən çayxanadan yığışmaq bilmirdi. Burada oturar, qız məktəbdən çıxanda nəzərləri ilə onu evlərinə kimi ötürərdi. Şən, qayğısız Adilxanın gözlərinə dərin bir məyusluq, kədər, ümidsizlik çökmüşdü. Son zamanlardakı müşahidələri onu lap cin atına mindirirdi. Bir neçə dəfə Natiqi Əzizə ilə söhbət edən, onu yola salan görmüşdü. Natiqin qıza meyli vardı. Bu açıq-aydın görünürdü. Əzizə də oğlana laqeyd deyildi, onunla mehriban davranır, arada gülümsəyirdi. Adilxan bu məsələni belə qoya bilməzdi. Odur ki, bir dəfə işdən sonra Natiqin qarşısını kəsdi. Natiq Xələfli kəndinə, evlərinə gedirdi. Adilxan səsində sonsuz qəzəb:
- Müəllim, özünü yaxşı aparmırsan ha! – deyə ona hədə-qorxu gəldi.
Natiq təəccüblə ona baxaraq çiyinlərini çəkdi?
- Başa düşmürəm, nəyi nəzərdə tutursan?
Adilxan əsəbi:
- Sən bilirsən ki, o qızı mən istəyirəm.
- Hansı qızı?
- Guya xəbərin yoxdur, Əzizəni deyirəm.
Natiq çiyinlərini çəkdi:
- Bunu mənə niyə deyirsən, özünə desənə… Hə, yadıma düşdü, məncə, demisən, cavabını da almısan.
Bunu eşidən kimi Adilxan özündən çıxdı:
- Elə bilirsən, mənim cavabımı vermək asan işdir? Mən istəyən qıza yaxın düşənin anasını ağlar qoyaram.
Natiq özünün sındırmadı:
- Hələ bilmək olmaz kimin anası ağlar qalacaq.
Adilxan hədə-qorxu gəlməkdə davam edirdi:
- Bu kəndin cavanları ölüb bəyəm, Xələflidən gəlib burada qız dalına düşürsən?
Natiq onun çox baş apardığını görərək:
- Sözünün canını de, səninlə qurtaraq, – dedi.
Adilxan əl-qolunu ölçərək:
- Bax, axırıncı dəfə xəbərdarlıq edirəm, bir də səni o qızla görsəm, məndən incimə.
- Məsələn nə edəcəksən?
Adilxan qəflətən bir ayağını geri qoydu. Başını irəli uzadıb Natiqə bir kəllə vurdu. Gözlənilməz zərbədən Natiq səndələyib yıxıldı. Qalxmaq istəyəndə Adilxan onun üstünə atıldı, bir-iki yumruq da endirdi. Natiq sifətini tutdu. Adilxan bir-iki təpik də vurdu. Növbəti təpiyi atanda Natiq onun ayağından tutub dartdı və onu yerə sərdi. Bir-iki yumruq da o vurdu. Onların yerdə süpürləşdiyini görənlər qaçaraq gəldilər və gəncləri araladılar. Adilxan ağzına dolmuş qanı tüpürərək Natiqi söydü:
- Düdük! Bilmirsən dərs deyir, yoxsa eşqbazlıq edir.
***
Gözlərinin altı qaraldığından Natiq beş-on gün evdən çıxmadı. Cəfərxan tədbirli adam idi. İşi yoğunlamağa qoymadı. Bir neçə ağsaqqal götürüb Natiqin atası Sadıqla görüşdü. Oğlunun əvəzinə üzrxahlıq elədi. Sadıqla Cəfərxanın çoxdan tanışlığı vardı. Bir-birlərinə xətir-hörmət qoyurdular. Çox söz-söhbətdən sonra arada barışıq oldu, iş gedib milisə çıxmadı. Amma məktəbdə müəllimlər də, şagirdlər də baş vermiş hadisədən xəbər tutdular. Natiq müəllim bu rüsvayçılığı mənliyinə sığışdıra bilmədiyindən məktəbi dəyişib, öz kəndlərində işləmək istəyirdi. Lakin Əzizədən ayrı düşmək onun üçün çətin olacaqdı. Qız heç cür xəyalından çəkilmirdi.
Natiq ərizəsini yazıb məktəbə gəldi. Əhmədlinin kabinetinə keçmək istəyirdi ki, Əzizə ilə rastlaşdı. Onunla salamlaşanda fikrini Əzizəyə bildirdi. Əzizə işdən çıxmağı ona məsləhət görmədi:
- Nə pis iş tutubsan ki? Adilxanı da, səni də hamı tanıyır. Şəxsən mən məsləhət görmürəm.
Əzizənin rəyi Natiq üçün əsas idi. Doğrudan da, baş vermiş hadisədə o, günahkar deyildi. Sadəcə, özünü müdafiə etmişdi. Məgər o, şagirdlərinə haqlarını tələb etməyi, zülmə baş əyməməyi, ədalətsizliyə dözməməyi öyrətmirdi?
Natiq fikrindən daşındı. Əzizənin ona düzgün yol, qayğı göstərməsindən mütəəssir oldu. Yaranmış vəziyyət onu cəsarətli olmağa çağırdı və özü də hiss etmədən qıza ürəyini açdı. Əzizə onun təklifini sakitcə qarşıladı. Sanki bunu gözləyirdi. Başını aşağı salaraq:
- Hələlik bir söz deyə bilmərəm. İmkan ver, fikirləşim, – dedi.
***
Adilxan sakitləşmək bilmirdi. Odur ki, Əlifağanın üstünə qaçdı:
- Qız əldən çıxacaq, Əlifağa. Gözüm görə-görə o, Natiqə qis¬mət olacaq. Ondan sonra gərək kənd arasına çıxmayım. Deyəcəklər: qız məni bəyənmədi. Fərasətim olmadı. Nə bilim, daha nə deyəcəklər.
Əlifağa dostunun vəziyyətini başa düşərək fikrə getdi və nəhayət, çıxış yolu tapdı:
- Gəl, qızı qaçıraq!
Adilxan onun sözlərinə şübhə ilə yanaşaraq:
- Necə yəni qaçıraq? Hara qaçıraq?
Bir qədər fikirləşdikdən sonra yadına salaraq:
- Deyirsən rayon mərkəzindəki otağıma aparaq? Gəlib tapacaq, əlimdən alacaqlar. Bundan başqa, o boyda qızı necə qaçıraq? Öz xoşuna ha bizimlə getməyəcək, müqavimət göstərəcək, hay-küy salacaq. Bütün kənd başımıza yığılacaq. Dədəm xəbər tutub gəlsə, belimi sındıracaq.
Əlifağa onunla razılaşdı:
- Hə, düz deyirsən, bu işi bir az səssiz görmək lazımdır.
Adilxan kinayə ilə:
- Deyirsən, yatanda evindən oğurlayaq? Tacir Əsgər bəyin adamları kimi? Bəs bizə kim kömək edəcək? Cavad? Dayısı? Buna ümid bağlamaq olmaz. Tutub özümüzü basarlar dama.
Əlifağa dinlədi. Çox düşünüb-daşınandan sonra:
- Əzizə hərdən dəftər, kitab almaq üçün rayon mərkəzinə gedir. Maşina mindirə bilsəydin…
- O mənim maşınıma oturmaz. Natiq müəllimin qol-qabırğasını əzişdirəndən sonra məndən zind-zəhləsi gedir.
- Onda gərək avtobusdan düşəndə köməkləşib basaq sənin maşınına. Milisə ilişməsək, rayonda kimin nəyinə lazımdır kimi qaçırırlar, və niyə qaçırırlar.
- Maşına mindirəndən sonra elə bilirsən sakitcə oturub bizə baxacaq?. Təkbaşına onun əl-qolunu tutub saxlaya bilərsən?
- Bir nəfər də köməkçi lazım olacaq.
Adilxan Əlifağanın bərk-boşluğunu yoxlamaq məqsədilə dedi:
- Onu bilirsən ki, ilişsək, qız şikayət etsə, mənimlə bir yerdə sizi də tutub damlayacaqlar?
Əlifağanın rəngi ağardı lakin özünü qorxaq göstərmək istəmirdi. Cəfərxan onsuz da pul töküb onları qurtaracaqdı. Əslində Əlifağanı bu işə vadar edən dostluqdan çox tamahı, işin maddi tərəfi idi. Bilirdi ki, Adilxan onun zəhmətini nəzərə alacaq, xeyli pul verəcək. Odur ki, dostluqda sədaqətini göstərmək üçün dedi:
- Dost yolunda boran olar, qar olar…
- Tələbə yoldaşlarımdan birini də götürərik. Kimə 5-10 manat versəm, yüyürə-yüyürə gələcək. Səhərdən axşama kimi acından qarınlarını qaşıyırlar.
Başqa əlac qalmamışdı. Qız əldən çıxırdı. Götürüb Natiqə versələr, Adilxan nə edəcəkdi?
***
Adilxanla Əlifağanın gözlədiyinin əksinə olaraq, Əzizə avtobusdan tək yox, anası ilə düşdü. Dostlar bərk dilxor oldular. Adilxan öz-özünə deyindi:
- Bu mitil haradan çıxdı?
Fatma ötən dava-dalaşdan bərk dilxor olmuşdu. Adilxan tərsin biri idi. Qızdan əl çəkməyəcəkdi. Onun hədə-qorxusu da qulaqlarına çatmışdı: «Əzizə ya mənə qismət olacaq, ya da heç kimə. Odur ki, Fatma arvad Əzizəni dayandırıb: «Mən də səninlə gedirəm, – dedi.
O, Əzizənin tək-tənha rayon mərkəzinə getməsinə yol verə bilməzdi. Cavada rayon mərkəzində üç otaqlı ev vermişdilər. Bir ay olardı ki, köçüb yeni mənzilə yığışmışdılar. Cavad kənddəki evini bacısına bağışlamışdı: «Sağlıqda yaşayın, … arada gəlib dəyəcəyəm. Əlini yanına salıb oturma. Toyuq-cücəni, mal-qaranı artır. Dolanın», – demişdi.
***
Adilxanın maşını avtobus dayanacağından bir qədər kənarda, ağacın altında dayandığından Əzizəgil onları görmürdü. Tələbə yoldaşları Qədir, Rauf və Nazim Adilxanın maşınında əyləşmişdilər. Adilxan qızı onlara nişan verdi. Dostlar düşüb bir az aralıdakı maşına oturdular.
Əzizə ilə anası addımladıqca Raufun idarə etdiyi maşın onları izləyirdi. Heç nədən xəbəri olmayan ana-bala sakitcə söhbət edir, arada yol boyu düzülmüş xırdavat mağazalarına yaxınlaşıb baxır, məsləhətləşirdilər. Sonra mağazalardan birinə girdilər. Adilxanın dostları səbirsizliklə gözləməyə başladılar. Məqam gözləyirdilər ki, Əzizə tək qalsın. Ana ilə qız içəridə ləngiyirdi. Görünür, nəsə alacaqdılar. Fatma jaketi əyninə geyinib yoxladı, güzgünün qarşısına keçdi. Əzizə özü üçün jaket almağı ona məsləhət görürdü. Ana çıxarıb pul sayanda Əzizə çölə çıxdı. Bundan gözəl fürsət ola bilməzdi. Qədirlə Nazim maşından düşüb sakitcə ona yaxınlaşdılar. Gözlənilmədən qollarından yapışdılar. Yaranmış qəfil vəziyyətdən qız özünü itirdi, dili tutuldu, dizləri əsməyə başladı. Rauf maşını onların bərabərinə sürdü. Nazimlə Qədir qızı, maşına itələdilər. Biri qızın sağ, digəri sol qolundan yapışmışdı. Tanımadığı adamların nə məqsədlə onu maşına sürüdüklərini anlamayan Əzizə qışqırmaq istədi. Onda gördü ki, sağ və sol tərəflərdən böyrünə bıçaq dirəndi.
- Səsini çıxarma! Qorxma, pis niyyətimiz yoxdur. Özünü yaxşı aparsan, xoşbəxt olacaqsan. Dəlilik etsən, canını tapşıracaqsan.
Maşın asfalt yolla şütüyürdü…
***
Başı pulları saymağa qarışan Fatma bir də onda ayıldı ki, Əzizəni zorla maşına aparırlar. Pul və jaket tutduğu əlləri boşaldı və elə mağazanın içərisində ürəyi gedib yerə sərildi. İçəridəkilər bir-birlərinə dəydilər. Kimisi su dalınca qaçdı, kimisi qollarından yapışıb Fatmanı qaldırmağa, özünə gətirməyə çalışdı. Kişilərdən iki nəfəri cəld özlərini çölə atdı. Əzizəni qaçıran maşın artıq tərpənmişdi və onun nömrəsini ayırd etmək də qeyri-mümkün idi. Mağazanın arxasında saxladıqları maşını işə salıb onların dalınca düşmək də artıq gec idi. Odur ki, milisə zəng etdilər. Əzizə ilə rayon mərkəzinə gedən Fatma arvad kəndə tək-tənha qayıtmalı oldu. Qızı qaçıran adamları görsə də, onları tanımamışdı. Sürücü də tanış deyildi.
Fatma əlüstü başa düşmüşdü ki, qızının qaçırılmasında Adilxanın əli var. Odur ki, mağaza işçilərinin maşınında milis şöbəsinə getdi. Başına gələnləri danışdı.. Burdakıların «Kimdən şübhələnirsən»,- sualına «babal yuya bilmərəm. Amma axır vaxtlar Adilxan qızın gününü qara eləmişdi. Ondan əl çəkmirdi. Adilxandan savayı başqa adama gümanım gəlmir» – cavabını verib hönkürdü. «Başınıza dönüm, yetim qızdır. Dərdi özünə bəsdir. Atasını, qardaşını itirib. Adilxan ona toxunsa, qız özünə qəsd edəcək. Nə qədər gec deyil, balamı tapın».
Milis işçiləri vaxt itirmədən Adilxanın oxuduğu instituta getdilər. O dərsdə deyildi. Onu rayondakı mənzildə də tapa bilmədilər. Kəndə gedib Cəfərxanla görüşdülər, baş vermiş hadisədən onu xəbərdar etdilər. Cəfərxan, sözsüz, bilirdi ki, öz xoşu ilə Adilxanla getdiyini qız bildirməsə, oğlunu tutacaqlar. Üstəlik yoldaşları da Adilxanın güdazına gedəcəklər. Odur ki, maşına minib rayon mərkəzinə gəldi. Ağlı kəsən yerlərə birər-birər dəydi, qohum-əqrəbanı sorğu-suala tutdu. Nəhayət, əliboş, ümidsiz və dilxor halda kəndə qayıtdı. Daha çox özünə acığı tutdu. «Bu qədər əlləşib-vuruşuram. Rahatlığım, dincliyim yoxdur. Nə xeyri?! Biri dustaqxanada, o biri də avaralıqla gün keçirir. Bu yaşımda üstümə milis göndərir. Papağımı yerə soxur. Kənddə-kəsəkdə qız qəhətdir? Guya ki, bu qızı almasa, dünya dağılacaq.
Mərziyyə ərini sakitləşdirmək məqsədilə:
- Narahat olma, ay kişi. Bəlkə heç onun işi deyil. Lap tutaq ki: qızı o aparıb, çətini yatağa salana kimidir. Ağlı olan qız bakirəliyini itirəndən sonra atılıb-düşməz. Taleyin hökmünə boyun əyər. Adilxanı tutdurmaqla nə qazanacaq? Minnəti olsun, yoluğun biridir. Bir həsirdir, bir Məmmədnəsir. Heç olmasa, bir gün görəcək.
Hirs Cəfərxanın təpəsinə vurdu:
- Arvad nə danışdığını bilirsən?! Qaçqın ailəsidir. Şikayət olsa, atamı yandıracaqlar. Oğlun da əlli-ayaqlı gedəcək.
Mərziyyənin rəngi ağardı:
- Ay kişi, burada qəbahətli nə var ki?… Gədə evlənir də…
- Ay arvad, lap oğlun kimi fikirləşirsən. Biri var, öz xoşuna, bir də var zorla. Fərq görmürsən? Gedim milis idarəsinə. Deyim: çox səsə salmasınlar. Özüm tapıb gətirərəm uşağı. Sən get Fatmanın yanına, dilə tut. De ki, bir qız bir oğlanındır. Toxtasın, görək, bu işlərin axırı necə olur.
Cəfərxan milis rəisini tanıyırdı. Alış-verişləri olmuşdu. Odur ki, rayona gedib onunla görüşdü. Rəis əvvəlcə özünü naza qoydu. Daş atıb başını tutdu ki, qaçqın olmasaydı, yenə bir əncam qılmaq olardı. Bunların səsi yuxarılara belə gedib çıxır. Elə ki, rəis aldığını aldı, köpü yatdı: «Ə, qağa, narahat olma. Ölüm-itim olmayıb ki. Şikayət olmasa üstünü vurmarıq». Sən də çalış ki, buralara gəlməsinlər».
***
Maşının elə yaxınlaşdığını gördükdə darvazanı açdılar. Maşın içəri keçən kimi dərhal darvazanı bağladılar. Əzizə başını geriyə əyib huşsuz halda oturacağa söykənib qalmışdı. Həyətə girdiklərindən xəbər tutmadı. Düşəndə qışqırmasın deyə yolda Qədir onun ağzını tutub bihuşdarı iylətmişdi. İndi hərəsi bir qolundan yapışıb sərxoş adamlar kimi onu içəri apardılar. Otaqda onları Adilxan qarşıladı. O, qızın gəlib çıxdığını görüb dərindən nəfəs aldı. Yolda hər nə desən ola bilərdi. Qızın izinə düşərdilər. Maşını saxlatdırıb onu düşürüb aparardılar.
- Arxanızca düşən olmadı ki?
- Yox, hər şey qaydasındadır.
Bunu Nazim dedi.
- Adilxan, rayonda toy sabahdır. Atamla anam birisi gün gələcəklər. O vaxta qədər gərək evi boşaldasan.
Bunu Rauf dedi. Sonra dişlərini ağardaraq, əlavə etdi:
- Hə, dostum, indi səni tərk edirik. Əlin cibində olsun.
Bunu da Qədir dedi.
Adilxan onları yola salıb, açarla otağın qapısını bağladı. Bir anlığa stulda oturub çarpayıda uzanmış Əzizəni həsrət və ümidlə süzməyə başladı. Gözlərinə inana bilmirdi. Dərdindən öldüyü qız, bu vaxta qədər əlçatmaz olan Əzizə indi onun yanında, heç kimin olmadığı tənha otaqda idi. Bayaqdan dərin nigarançılıq və qorxu hissi keçirən Adilxan təhlükə sovuşduğundan sakit görünürdü. Əzizə onun gözlədiyindən də artıq gözəl imiş. Xurmayı saçları yastığın üstünə səpələnmişdi. Yuxuya getdiyindən gözlərindəki qorxu çəkilmişdi. Lakin sifəti qayğılı görünürdü. Sol əlini sifətinə qoymuş, sağ qolu yanına düşmüşdü. İndi özünə gələndə bu hadisəyə necə baxacaqdı? Qışqıracaq, söyəcək, özünü yerə çırpacaq. Yoxsa taleyi ilə barışacaqdı? Qaçırılan qızlar, adətən, bir az atılıb-düşür, sonra sakitləşirlər. Evə qayıtmağı özlərinə rüsvayçılıq sayırlar. Onlara kim inanacaq, qaçırılmış qıza kim elçi düşəcək?
Adilxan səhvmi, düzmü iş gördüyünü kəsdirə bilmirdi. Onu anlayırdı ki, indi Əzizə onundur. Qızın geriyə yolu yoxdur. Özünü biabır etməyəcəkdi ki. İndi kənddə hamı bilir ki, onu qaçırıblar. Evə hansı üzlə qayıdacaqdı? Razı olsaydı, dədə-baba qaydası ilə ərə gedərdi. Amma buna haqqı vardı. Adilxanın birdən-birə qıza yazığı gəldi. Öz-özünü qınadı: «Düz iş görmədim. Evdə anamı da aldatdım. Dedim instituta gedirəm».
Adilxan Əzizənin halına acıyaraq çarpayıya yaxınlaşıb aşağı əyildi, onun üzündən öpdü. Buna bənd imiş kimi Əzizə gözlərini açdı. Əvvəlcə harada olduğunu kəsdirə bilmədi, key-key Adilxanın üzünə baxdı. Adilxan sevdiyi qızı bu günə saldığı üçün bir anda acizləşdi, yazıqlaşdı. Axı Əzizə buna layiq deyildi.
Əzizə yuxu görürmüş kimi, baxdı, baxdı və yenidən gözlərini yumdu. Adilxan bu dəfə onun saçlarını sığalladı. Əzizə dik atıldı. Başına gələnləri yadına salıb qışqırdı:
- Bura haradır? Mən haradayam? Sən burada nə gəzirsən?
Sonra susub acı-acı və nifrətlə Adilxana baxdı:
- Məni qaçırıblar? Səninçin qaçırıblar?
Əzizə çarpayıdan sıçrayıb qapıya sarı qaçdı. Dartdı. Qapı bağlı idi. Geri qayıdıb amiranə:
- Qapını aç! – dedi
Adilxan key-key dayanıb baxır, dinmirdi.
- Dedim ki, qapını aç! Açmırsan? Belə evlənirlər?
Adilxan dilə gəldi:
- Qapını açaram. Beş dəqiqə əyləş, söhbət edək…
Qonşu evdə otağın pəncərəsi qarşısında bir qadın dayanıb qulağını şüşəyə söykəmişdi. Danışığı eşitməyə çalışırdı. Qırıq-sökük sözlərdən nəsə ciddi hadisə baş verdiyini hiss edirdi. Bayaq maşının həyətə girdiyini də, iki gəncin bir qızın qollarına girərək apardığını da görmüşdü. Bihuşdarı verildiyindən Əzizə özündə-sözündə deyildi. Odur ki, qadın onu sərxoş bilib qarasınca deyinmişdi: «İndiki qızlar yaman xarab olublar. Ata-anaları başlı-başına buraxıb bunları, xəbərləri yoxdur haralarda veyillənirlər. Gör nə qədər içib ki, ayaq üstə dura bilmir. İki oğlan güclə evə aparır. İndi də evə salıb başına pislik gətirəcəklər. Üç oğlan, bu da tək».
Az sonra Rauf, Qədir, Nazim maşına minib getdikdən sonra maraq qadına güc gəldi. Pəncərənin pərdəsini azacıq aralayıb qonşu evi nəzərdən keçirməyə başladı. Qız gözə dəymirdi. Bir oğlan narahat halda otaqda var-gəl edirdi. «Yəqin qızı bununçun gətiriblər. Yaxşı, Rauf, əlbət, anan gələr. O, olmayanda evi fahişəxanaya necə döndərdiyini ona deyərəm».
Maraq güc gəldiyindən qadın pəncərənin önündən çəkilmək bilmirdi. Birdən qışqırıq səsi eşitdi. Qız idi. «hə, başlandı». Daha niyə çığırırsan, o qədər içəndə bilmirdin ki, basmarlayacaqlar?».
Az sonra qadın yanıldığını başa düşdü. Deyəsən qızı qaçırmışdılar. «A…a, mən də yazığı suçlayırdım. Yəqin döyüb o günə salıblar. İşin axırını gözləyim, görsəm ki, oğlan zora keçdi, milisə zəng vuracağam…»
***
- Eşidirəm səni.
Bunu Əzizə dedi. Adilxan ağır-ağır söhbətə başladı:
- Əzizə, bilirsən ki, səni sevirəm…
- Adilxan demə, sən də sevməyi bacarırsanmış… Bəs o şəhərdəki yoldan çıxardığın qızlar necə oldu?
Adilxan cavab vermədi. Sözünə davam etdi:
- Onlar başqa, sən başqa…
Əzizə gözlərinin yaşını yaylığı ilə silə-silə:
- Axı sənə demişdim ki, biz başqa-başqa adamlarıq. Bizimki tutmaz. Məni niyə biabır edirsən? Mənim dərdim özümə bəsdir. İndi-indi özümə gəlirdim. Natiq müəllimlə yumruq davasına çıxdın. Onu da, məni də dilə-dişə saldın. O azmış kimi, daha bir oyun çıxartdın…
Adilxan qızın gözlərinə baxmaqdan çəkinərək:
- Əzizə, mənim sənə olan münasibətim ciddidir. Sənin anan da, dayın da razıdır. Mənim atam, anam da … Bilirəm, səhv iş tutmuşam. Vallah, istəkdəndir. Səni itirmək istəmədiyimdən bu ağılsız işlərə baş qoşdum.
- Etirafına görə çox sağ ol. İndi isə qapını aç, gedim.
- Bir dəqiqə səbrin olsun. İndi hamı bilir ki, səni qaçırıblar. Bəlkə də bu da qismətdəndir. Mən sənə yaxşı ər olmağa söz verirəm. Təki sən razı ol. Getsən, hərənin ağzından bir avaz gələcək. Elə mənə də şəbədə qoşacaqlar.
Əzizə ayağa qalxıb əli ilə qapını göstərdi:
- Aç.
Adilxan irəli yeriyib qızın qarşısında diz çökdü:
- Sındırma məni, Əzizə.
- Yox, Adilxan, nə qədər gec deyil mən getməliyəm. Gərək tutduğun işin nəticəsini əvvəlcədən fikirləşəydin. Ürəyə zor eləmək olmaz. Günahını yusan, səndən şikayət etmərəm.
Adilxanın yatmış vicdanı oyanmışdı. Qapını açarkən üzünü Əzizəyə tutaraq:
- Elə isə səndən bir xahişim var. Gəl, dost kimi ayrılaq. İstəyirəm, öz maşınımda səni aparıb Fatma xalaya təhvil verəm…
***
Fatma Əzizənin gəldiyini görüb ayağa sıçradı və özünü qızının üstünə atdı. Əzizə Adilxanın maşınında gəlmişdi. Gənc günahkar adamlar kimi bir kənarda dayanıb başını aşağı dikmişdi. Əzizə Adilxanı göstərərək:
- Ana, məni Adilxan xilas etdi…
Fatma oğlana dil-ağız elədi. Adilxan bir söz deməyib maşına mindi və ayağını qaza basdı…
Fatma: «Ərimi, oğlumu, gəlinimi, evimi-eşiyimi, doğma yurdumu itirdiyim azmış kimi qızımı da əlimdən aldılar», – deyib saçlarını yolurdu. Qızını pis niyyətlə qaçırmamışdılar. Bunu bilirdi. O hansısa evin gəlini olacaqdı. Lakin öz arzusu, istəyi ilə getməmişdi. Qızının xasiyyətini bilirdi. Madam ki, özü istəmədən aparılıb, mütləq bədbəxt olacaq. Görəcəkli günləri varmış. İlahi, nədir mənim günahım? Çəkdiklərim məgər azdır?».
İndi qızını yenidən gördükdə allahına min şükür etdi. Tanrı onun giley-güzarını eşitmiş, ona rəhmi gəlmişdi. Yox, allah hələ ondan tamam üz döndərməyib. Səsini eşidir.
Əzizəni duz kimi yalayan Fatma birdən ondan əl çəkib kətildə oturdu, kənardan qızını başdan-ayağa kimi süzməyə başladı. Qızına toxunulub-toxunulmadığına əmin olmaq istəyirdi. Bərində-bədənində, pal-paltarlarında zorakılıq əlamətləri axtarırdı. «İlahi, işə bir bax. Orada ev-eşiyimizdən, canımızdan məhrum olub ermənilərdən namusumuzu qoruduq. Burada da özümüzünkülər belə…» Qızından soruşmağa qorxdu. Anasının narahatçılığını duyan Əzizə:
- Ana nigaran olma. Mənə toxunan olmayıb. Necə aparmışdılar, öz xoşları ilə də buraxdılar.
- Bala, düzünü de, səni Adilxan üçün qaçırmışdılar?
Əzizə başı ilə təsdiq etdi.
- Milisin dəymədiyi yer qalmayıb.
- Ana, milisə ehtiyac yoxdur. Mən Adilxana söz verdim ki, ona xətər dəyməyəcək. Biz, axır ki, bir-birimizi başa düşdük. Onun məni narahat etməyə daha cürəti çatmaz.
- Bala, qız doğulmağın nə çox dərd-səri varmış. Nəsə… Yəqin acmısan…
(ardı var)




Yazıya 771 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.