Akif Abbasov – “BREJNEVİN ÇƏNƏSİ”

akif abbasov (hekayə)

Sizə kimdən deyim, kimdən danışım? Deyiləsi, danışılası o qədər adam var ki. Onlardan yox, gəlin Həsən çobandan danışım. Həsən it oynadanın biri idi. Otur yanında, o danışsın, sən qulaq as onun uydurduqlarına, gülməli, məzəli əhvalatlarına. Gülməkdən qarnını tutub az qalırsan yerə yıxılasan. Çoban baba idi, üç-beş sinif oxumuşdu. Düz əməlli-başlı yaza da bilmirdi. Krill əlifbası ilə bir təhər başını girələyirdi. Latın əlifbasına keçiləndən sonra təkcə adını, soyadın, bir də dədəsinin adını güc-bəla ilə yazırdı. Onları da kiçik hərflərlə. Atası Məmmədin adını “məməd” yazırdı.

Çoban olmaqdan savayı bu Həsənin bir peşəsi də vardı. Sınıqçılıq. Çoxunun dadına çatırdı.

Bütün günü çöldə-bayırda olduğundan, adam-insan üzünə həsrət qaldığından, oturub fikirləşər, cürbəcür əhvalatlar uydurardı. Elə ki, qoyun-quzunu dağ yamacından, otlaqdan gətirib sahiblərinə verirdi, dərindən nəfəs alıb özünü verirdi çayxanaya. Kənd əhli, cavanlar başının üstünü alırdılar. Şənlənmək, əylənmək üçün. Çoban Həsən də başlayardı onların kefini açmağa. Cürbəcür əhvalatlar, lətifələr danışdıqca bunlar özünə də ləzzət edirdi.

-Məni təkcə bu kənddə, Azərbaycanda yox, Moskvada da yaxşı tanıyırlar. Hər yerdə məndən danışırlar.

Yaşlı adamlar öz sualları ilə onu daha da qızışdırırdılar:

-Doğru deyirsən, Həsən əmi? Moskva hara, sən hara? Düz əməlli-başlı azərbaycanca danışa bilmirsən, dilin topuq çalır. Rusca nə başa düşürsən, nə danışa bilirsən. Moskvada da olmamısan.

Çoban Həsən əlini yellədib özünü o yerə qoymurdu:

-Sizin bilmədiyiniz çox şey var. Urisiyyətdə yaşayanların  yarısının çıxığını mən salmışam. Sınığına da mən əlac qılmışam.

İndi çoban Həsən yenə çayxanada idi. Bir çaynik çayı gətirtmişdilər. Tez armudu stəkanda ona çay süzdülər. Özləri də ona yaxın əyləşib:

-Ay Həsən əmi, doğru sözündür ki, rusların da sınıq-çıxığı sənlik olub?

-Əlbəttə, düz sözümdür. Bu yaşımda yalan danışmaq mənə ayıb olar. Gərək danışım ki, biləsiniz. Günlərin bir günü həmişəki kimi arvad günorta yeməyimi bir heybəyə qoyub verdi qoltuğuma. Sürünü qabağıma qatıb düzəldim yola. Qoyun-quzu otlamaqda idi. Mən də çinarın kölgəsində uzanıb dincimi alırdım. Gün günorta yerinə qalxmışdı. Süfrəni açıb əlimi çörəyə uzatmışdım ki, bir də gördüm bərk gurultu qopdu. Sürüdəki qoyun-quzu hürkdü. Allah üzümə baxdı ki, qaçıb dağılışmadılar. Əlimin işarəsi ilə ayaq saxladılar. Sağ olsunlar, həmişə mənə qulaq asıblar.

Ətrafa boylandım, gözümə heç nə dəymədi. Başımı qaldıranda nə gördüm? Vertolyotlar havada cövlan edir. Onların varlığından xəbər tutduğumu görəndə aşağı endilər. Dörd vertolyot olardı. Hərbi geyimli adamlar mənə sarı gəlməyə başladılar. Tez əllərimi qaldırdım. Öz-özümə dedim: “Görəsən mən yazığın günahı nədir ki, üstümə ordu göndərilib”.

Əllərimi yuxarı qaldırdığımı görən əsgərləri gülmək tutdu. Zabitlərdən biri irəli yeriyib əllərimi aşağı saldı. Yüksək rütbəli zabitlərdən biri soruşdu:

-A kişi, çoban Həsən sənsən?

Özümü itirdiyimdən bilmədim general idi, yoxsa marşal. Qorxudan titrəyə-titrəyə:

-Mənəm, qadan alım, -dedim. -Bu sürünü sizə peşkəş edirəm, bircə mənimlə işiniz olmasın.

Zabiti gülmək tutdu.

-Ay kişi, sənin nə qoyunun, nə keçin, nə də quzun bizə lazım deyil. Sən özün lazımsan.

Dilim tutuldu. Beynimdən heç bilirsiniz nə keçdi? Dedim elə buradaca, şahidsiz-sübutsuz məni güllələyib, kəndə hücuma keçəcəklər. Yəqin bunların qorxusu təkcə mənəm. Məni aradan götürsələr, qarşılarındakı maneə yoxa çıxacaq. Kəndin daşını daş üstə qoymayacaqlar”. Odur ki, dedim:

-Marşal yoldaş, biryolluq mənim canımı alın, amma kənd camaatı ilə işiniz olmasın.

Marşal yoldaşın gülməkdən gözlərinə yaş gəldi:

-A kişi, nə öldürmək? Sənin dalınca gəlmişik ki, Moskvaya aparaq.

“Görünür aparıb orada öldürəcəklər”, – deyə fikirləşib:

-Mənim Moskvada nə ölümüm? – dedim.

-A kişi, sən elə bayaqdan ölüm-itimdən danışırsan. Niyə titrəyirsən? Niyə yarpaq kimi əsirsən? Sənə işimiz düşüb.

Onun axırıncı sözlərini eşidib cana gəldim:

-Mən sizin qulluğunuzda hazır. Yəqin istirahətə gəlmisiniz. Neçə qoyun deyirsinizsə, kəsim, soyum, ətini də kabab çəkim sizinçin.

-A kişi uzatma, vaxtımız azdır, səninlə kababı Moskvada yeyəcəyik.

-Ay marşal yoldaş, indi deyirsiniz bu qoyunları vertolyotla Moskvaya daşıyacaqsınız?

Bunu eşidən zabit yana tüpürdü, deyəsən məni söydü də. Rusca nə dediyini başa düşmədim. Deyəsən belə dedi: tvoyu mamu… Day bilmədim nə deməkdir. Amma söyüşə oxşayırdı. Sonra da dedi: “Tupoy”. Amma bu deyəsən yaxşı söz idi. Mənə belə gəldi.Gülə-gülə dedi.

Maraq dolu gözlərini çoban Həsənə zilləyən cavanlar soruşdular:

-Sonra nə oldu, Həsən əmi?

-Bilmirəm marşal idi, general idi, yoxsa kapitan idi, üzünü mənə tutub ciddi şəkildə:

-Əlqərəz, səni aparmağa gəlmişik, – dedi.

Mən də öz növbəmdə dedim:

-Məni balalarının başına dolandır. Yazığam, kasıb adamam. Başıma bir iş gəlsə, arvad-uşağım acından ölər.

Marşal idi, general idi, bəlkə də leytenant idi, ayırd edə bilmədim. Amma komandir idi. Həə, o dedi:

-A kişi, sevin, bəxtin açılıb.

Əlimi çənəmə qoyub fikirləşdim: “Bunların mənə işi düşübsə, mən niyə qorxudan əsirəm, az qala şalvarımı da batıram. Nağıllarda belə hadisə danışılır. Padşah öləndə quş uçururlar, kimin başına qonsa, onu şah elan edirlər. Əlimi başıma apardım. Quş-zad yox idi. “Brejnevə nə olub ki, bunlar mənim dalımca gəliblər???”

Tez soruşdum:

-Çoban adamam, məni hara aparırsınız?

-Deyirlər sən çoban olmaqdan savayı, həm də yaxşı sınıqçısan.

Mən tez:

-Hə, hə, sınıqçılıqda əvəzim yoxdur, – dedim.

-Həsən kişi, bir hörmətli kişinin sənə ehtiyacı var. Bir aydır nə yeyə bilir, nə də içə bilir. Əsnəyəndə çənəsi çıxıb. O boyda Rusiyətdə həkim qalmayıb göstərməsinlər. Baş tapa bilmirlər. Axırda dedilər Azərbaycanda Armudlu kəndində çoban Həsən var, onu tapın.

Dedim:

-Axı o kişi kimdir ki, bir ordunu, dörd vertolyotu mənim dalımca göndərib?

Demədilər:

-Gedərsən, görərsən.

Məni vertolyota mindirib apardılar Moskvaya. Otağa girəndə nə görsən yaxşıdır?

Çayxanadakılar maraq içərisində:

-Nə? – deyə xəbər aldılar.

-Gördüm hamımızın padşahı Brejnev oturub kresloda, çənəsi sarıqlı, ah-uf edir.

Məni görən kimi:

-Həsən kişi, gəldin? – deyə soruşdu.

Mən də qeyri-ixtiyari dilləndim:

-Gəldim, Leonid İliç.

-Deyilənə görə, mənim dərdimə sən çarə qıla bilərsən. Bir ordenin məndə.

Çənəsindəki sarğını açıb baxdım. Marşaldı, generaldı, serjantdı nədi ona dedim:

-Bunu indiyə kimi nöş yubatmısınız? Sizdə insaf-mürvət yoxmu?

Dinmədilər. Dinib nə deyəcəkdilər? Aldım Brejnevin çənəsini əlimə. Yan-yörəmdəkilərə dedim:

-Möhkəm tutun bu kişini, tərpənə bilməsin.

Tez irəli yeriyib kişinin əl-ayağından yapışdılar. Mən də eləməyib tənbəllik şaqqıldada-şaqqıldada çənəsini saldım yerinə. O boyda kişi əvvəlcə qışqırıb bağırdı, sonra sakitləşdi. Kişinin gözlərinə işıq gəldi, sevincindən, şadlığından gözləri doldu:

-Allah köməyin olsun, Qasan kişi. Özümə gəldim.

           Sonra ayağa durub məni qucaqladı və öpməyə başladı. Mən geri çəkilərək:

-Leonid İliç, -dedim, -mən çoban babayam, kirin-kərmənin içindəyəm, üstüm-başım yaman gündədir, kostyumun çirklənər.

Bu sözün ağzımdan çıxdığını gördüm. Kişi bayaq pencəyini çıxarıb əynimə geyindirdi.

-Məndən sənə hədiyyə.

Götürmək istəmirdim. Təkid etdi. Əlimi sıxaraq:

-Mənə dair qulluğun….- deyə soruşdu.

Dedim:

-Əsnəyəndə ehtiyatlı ol. Əlinlə çənəni tut ki, çənən çıxıb əlində qalmasın. Mənə də izn ver gedim. Arvad-uşaq narahatdır, sürü başsız qalıb.

Dedilər tələsməyim. Mənə qonaqlıq verəcəklər. Tez süfrə açdılar. Leonid İliç göz elədi. Mənə içki süzdülər. Dedim, içən deyiləm. Brejnev inciyən kimi oldu:

-Bu gün mənim şad günümdür. Mənim sağlığıma içmək istəmirsən? İnciyərəm ha…

Yüz qram araq ona, yüz qram mənə süzdülər. Mən nəkarəyəm ki, padşahın sözündən çıxam.

Qədəhləri qaldırıb badələri bir-birinə vurduq. Bir də gördüm Brejnev əlini cibinə atıb bir kağız çıxardı:

-Burda telefon nömrəm var, nə sözün olsa, zəng edib deyərsən.

Kağızı aldım. Bir də gördüm kişi cibimə nəsə basır. Gözucu baxdım ki, 100 dollardır.

Təzədən məni vertolyota mindirib gətirdilər kəndə. Brejnev neçə il mənim hesabıma yaşadı. Mən olmasaydım, yediyi-içdiyi haram olacaqdı. Bizə baxmayın, Rusiyətdə sınıqçı olmur.

 

 

 

    Yazıya (145) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.