AKİF ABBASOV – ƏRİZƏSİNİ ALIN

akif abbasov  (hekayə)
Çinarə axır ki, işə düzəldi. İndi müəssisələrin birində rəisin katibəsi idi. Həm başı qarışırdı, həm də bilirdi ki, ayın axırında maaş alacaq. Çalışırdı ki, işinin öhdəsindən gəlsin. Ona başa salmışdılar ki, rəisə qarşı diqqətli olsun, vaxtlı-vaxtında çayını versin, yazılarını yazsın.
Çinarə deyilənləri qulağında sırğa eləmişdi. Pürrəngi çay hazırlayır, rəisi çay sarıdan korluq çəkməyə qoymurdu. Çay soyuyanda tez onu dəyişirdi.
İlin son günləri idi. Hava üzünü bozartmışdı. Gah külək əsir, gah da yağış və qar yağırdı. Nə etməli, qış idi. Havanın necəliyindən asılı olmayaraq iş iş olaraq qalırdı. Hərə öz işini yerinə yetirməli idi.
Rəisin işi başından aşırdı. Katibəsindən də, onun gətirdiyi çaydan da çox razı idi. İşini görə-görə sağ tərəfində qoyulmuş fincanı götürür, işindən ayrılmadan çayını içirdi.

         Nəhayət, rəisin başı işdən ayrıldı. Rahat nəfəs almağa imkan tapdı. Amma nədənsə qanı qara idi. Kadr şöbəsi müdiri Nəsibə xanımı yanına çağırıb:
-O Çinarədir, nədir, onun ərizəsini alıb əmr hazırla, gətir imzalayım, -dedi.

          Nəsibə xanım təəccüblə rəisə baxdı:
           -Sizin katibəni deyirsiniz?

           Rəis əsəb halda:

           -Başqa Çinarə də var? Onu deyirəm.

           Nəsibə xanımın donub yerində qaldığını görüb səsini qaldırdı:
-Eşitmədin nə dedim? Əmrini gətir rədd eləyim, getsin.

           Nəsibə xanım key-key baxmaqda idi:

           -Cənab rəis, səbəbini bilmədim. Əmrdə nə yazım? Bilməliyəm axı.
Rəis əlini stola vurub qalxdı:

           -İndi sənə hesabat verməliyəm?

           Nəsibə xanım təəccübünün səbəbsiz olmadığını bildirmək üçün dedi:
-Axı onun işindən razı idiniz.

            -Razı idim, indi də narazıyam. Buna nə sözün?

           -Birdən-birə nə baş verdi?

           Əsəblərini cilovlaya bilməyən rəis aydınlaşdırmağa məcbur oldu:

           -Heç bilirsən başıma nə oyun açıb?

           Nəsibə çiyinlərini çəkdi:

           -Bilmirəm. Deyərsiniz məlumatım olar.

           Rəis dedi:

           -Başım qarışıb nazirliyə hesabat yazmağa. Bu qız da bir ucdan mənə çay gətirir. Heç təsəvvür edirsən? Ara vermədən çay daşıyır. Mən də fikir vermədən dalbadal çay içirəm. Sən də məni bağışla. Qalmışam kabinetlə ayaqyolu arasında. Ayaqyolu da dəhlizin o başında. Gündə adam neçə dəfə ayaqyoluna qaçarmış! Amma yaxşı ki, vaxtında xəbər tutdum. Yoxsa bu qız məni öldürəcəkdi. Əlqərəz, əmrini gətir, azad eləyim onu işdən…

       Rəisin başına gələn əhvalatı eşidən Nəsibə xanımı gülmək tutdu. Rəisin ona acığı tutacağından ehtiyatlanıb tez otaqdan çıxdı. Dəhlizdə ayaq saxladı. Bilmədi ki, əmri hazırlasın, yoxsa hazırlamasın. Beləcə dayanıb durdu.

    Yazıya (224) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.