“AĞILLI ARVAD” – AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ…

akif abbasov(ingilis xalq nağılı)
Biri vardı, biri yoxdu, tanınmış bir memar vardı. Onun adı Gobborn Siə idi. Onun Cək adında bir oğlu vardı. Günlərin birində Gobborn Cəki qoyun dərisi satmağa göndərdi və ona dedi:
– Sən dərini özünlə geri qaytarmalısan, ona verilən pulla birlikdə.
Cək getdi, amma elə bir adam tapa bilmədi ki, həm dərini ona satsın, həm də o, dərini Cək üçün qoyub getsin. Odur ki əliboş geri qayıtdı. Atası dedi:
– Eybi yoxdur. Sabah bir daha cəhd edərsən.
Cək dərini götürüb ikinci dəfə yola düzəldi, amma heç kim həmin şərtlə dərini almaq istəmədi. O, evə gələndə atası dedi:
– Sən bir daha özünü sınamalısan.
Üçüncü gün də uğurlu olmadı. Cək elə bir adam tapa bilmədi ki, ondan həm dərinin pulunu, həm də özünü ala bilsin.
Atasından qorxduğu üçün qərara gəldi ki, evə getməsin. Cək çayın üzərindəki körpüyə gələndə bir qıza rast gəldi. Qız Cəkə baxanda onu qəmgin gördü və ondan xəbər aldı:
– Olar səndən soruşum? Sən niyə belə dilxorsan?
Cək dedi:
– Atam mənə qoyun dərisi verib. Şərt kəsib ki, gərək həm dərini satıb onun pulunu, həm də dərinin özünü aparıb atama verim.
Qız:
– Elə bu? – deyə soruşub gülməyə başladı. –Dərini mənə ver.
Cək dərini ona uzatdı. Qız dərini çaya apardı, onu yuyub yununu qırxdı. Qız yunu özünə götürdü. Onun pulunu da, dərini də Cəkə verdi ki, evə aparsın.
Gobborn əhvalatı eşidəndə çox şad oldu və Cəkə dedi:
– O, ağıllı qızdır. Ondan yaxşı arvad olar. Sabah körpüyə get, axtarıb o qızı tap, ondan xahiş et ki, bizə gəlib bizimlə şam etsin.
Ertəsi gün Cək körpüyə getdi, çay qırağında qızı tapıb ona dedi:
– Atam səni görmək istəyir. İstəyir ki, bizimlə şam edəsən.
Qız cavabında dedi:
– Sağ ol. Sabah gələrəm.
Qızı görən kimi qoca Gobborn başa düşdü ki, doğrudan da o, ağıllı qızdır. Odur ki, qızdan xahiş etdi ki, oğlu Cəkə ərə getsin.
Qız “hə” dedi və onlar evləndilər.
Bir müddət sonra atası Cəkə dedi:
– Ömründə görmədiyin bir saray tikəcəyəm. Sən gərək mənə kömək edəsən.
Yolda Gobborn Cəkə dedi:
– Sən yolu qısalda bilərsən?
Cək onların qarşısından uzanıb gedən uzun yola baxıb:
– Anlamıram, – dedi. –Bunu necə etmək olar?
Qoca kişi bunu eşidib dedi:
– Elə isə, sən mənim ümidimi doğrultmursan, evə qayıt.
Beləliklə, Cək evə döndü. O, geri dönməyinin səbəbini arvadına bildirdi. Qadın gülməyə başladı və xəbər aldı:
– Nə üçün nağıl danışmadın? Nağıl yolu qısaldır. İndi qulaq as, mən sənə bir əhvalat danışacağam. Sən gedib Gobborna çatar və dərhal bu əhvalatı ona danışarsan. Bu nağıl onun xoşuna gələcək və siz öz səyahətinizi başa vuracaqsınız.
Cək nağılı dinlədi, sonra qaçaraq özünü atasına çatdırdı və həmin nağılı ona danışdı. Bu minvalla da yolu qısaltdı. Mənzil başına çatıb sarayın tikintisinə başladılar. Bir il işlədilər. Elə bir saray inşa etdilər ki, minlərlə adam gəlib onun tamaşasına durdu. Hamıdan axırda kral gəldi və xəbər aldı:
– Saray hazırdır?
Gobborn cavab verdi:
– Biz tavanı qurtarmalıyıq, sonra saray hazır olacaq.
Həmin gündən bit qədər sonra Gobborn və Cəkə belə bir xəbər çatdırdılar:
– Kral qorxur ki, birdən siz başqa adamlar üçün də belə bir saray tikərsiniz. Ona görə sizi zindana salmaq, bütün həyatınız boyu orada saxlamaq istəyir.
Ertəsi gün kral gələndə Gobborn ona dedi:
– Biz sarayın inşasını başa çatdıra bilmərik. Çox vacib bir aləti evdə qoymuşuq. Buna görə Cəki evə göndərməliyəm.
Kral dedi:
– Yox, yox, qoy nökərlərdən biri getsin.
Gobborn dedi:
– Alət çox qiymətlidir. Onu nökərə etibar edə bilmərəm.
Kral dedi:
– Yaxşı, onda öz oğlumu göndərərəm.
Gobborn razılaşdı:
– Yaxşı. Qoy o gertsin. Mən Cəkin arvadına məktub yazar, alətin harada olduğunu bildirərəm.
Gobborn bunu deyib, belə bir məktub yazdı: “Mənim sirli bir alətə ehtiyacım var. Sən onu mənim alətləri yığdığım böyük sandıqda tapa bilərsən. Bu məktubu gətirən şahzadə onsuz geri qayıda bilməz”.
Şahzadə gedəndən sonra Gobborn Cəkə dedi:
– Əgər sənin arvadın mənim düşündüyüm qədər ağıllı olsa, biz qorxmamalıyıq. Bu məktub nə etməli olduğunu ona anladacaq.
Şahzadə tez bir zamanda gəlib Gobborn Siənin evinə yetişdi. Cəkin arvadı məktubu oxuyub fikrə getdi: “Belə bir alət yoxdur. Böyük sandıq da boşdur. Məktubda isə deyilir ki, şahzadə həmin alətsiz geri qayıda bilməz. Çox gözəl. O geri dönməyəcək!
Qadın şahzadəyə dedi:
– Səndən bir xahişim var. Həmin aləti tapmaqda mənə kömək et.
Şahzadə:
– Mən sənə kömək etməyə hazıram, – deyə cavab verdi.
Cəkin arvadı onu böyük sandığa sarı apardı və dedi:
– Mən sandığın qapağını qaldıracağam, sən də çalış ki, aləti tapasan.
Şahzadə sandığa doğru əyilən kimi qadın dabanlarından yapışıb onu sandığa saldı və onun qapağını bağladı. Sonra sandıqda bir neçə deşik açdı və dedi:
– İndi isə, şahzadə, sən deməlisən ki, mənim ərim və onun atası ilə nə etmək fikrindəsiniz. Bu barədə hər şeyi deməmiş evə qayıtmayacaqsan.
Bunu eşidən şahzadə bildirdi ki, atası onları zindana salmaq istəyir.
Cəkin arvadı bir parça kağız, qələm və mürəkkəb gətirdi. Sandığın deşiklərindən şahzadəyə uzadıb dedi:
– İndi krala – atana məktub yazıb bildirməlisən ki, mənim ərimlə onun atası azad edilməyincə, sən heç vaxt geri dönməyəcəksən.
Şahzadə dinmədi, qadının dediklərini yazdı. Kral məktubu alanda əvvəlcə Gobbornun zəhmət haqqını ödədi, sonra Cəklə birgə onu evinə yola saldı. Evə gedəndə qoca kişi dedi:
– Cək, sənin arvadın bizə yaxşı kömək elədi. Sən onunçun kralın sarayından daha yaxşısını tikməlisən.
Cək atasının dediyinə əməl etdi. O vaxtdan onlar öz saraylarında xoşbəxt həyat sürürlər.

Qeyd: nağıl ingiliscədən tərcümə edilib.

    Yazıya (247) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.