Əbil Həsənov – Yarım qalmış ömürlər…

14715554_533901363479803_2810886636229510669_oYarım qalmış ömürlər…yarım qalmış arzular… yarım qalmış vətən torpağı…

Rayon mərkəzinə girəndə avtomatlardan havaya atəş açdıq. Bu, rayona şəhid gətirilməsindən xəbər verirdi. Azadgilin evlərinin yerini öyrənmək üçün maşını birbaşa rayon hərbi komissarlığına sürdük. Bizi komissarlığın işçiləri qarşıladılar. Onlardan Azadgilin evinin yerini soruşduq, məsələni izah etdik. İşçilərdən biri özünü itirmiş halda mənə dedi: -Siz nə danışırsınız? Bu gün onun bacısının toyudur. İndi bu xəbəri onlara necə verəcəyik? Nə edəcəyimizi bilmirdik, çarəsiz qalmışdıq. Tərslikdən həmin vaxt rayon hərbi komissarı kəndlərin birində şəhidin dəfn mərasimində idi və onu gözləyib məsləhətləşmək üçün kifayət qədər vaxtımız da yox idi. Bir qərara gəlməliydik. Dincimizi almaq üçün bizi yaxınlıqdakı çayxanaya aparıb çay verdilər. Elə bu an komissarlığın həyətində ağlaşma səsi eşidildi. Mən dözə bilməyib bayıra çıxdım. Ürəyim sıxılırdı. Nə qədər ağlaşma səsi eşitmək olardı! Ağlayan qadınlardan biri mənə yaxınlaşaraq dedi: -Ay bala,sənə qurban olum, doğrudanmı Azad şəhid olub, siz onu gətirmisiniz? Mən nə deyəcəyimi bilmirdim. Axı, bu xəbəri ona necə deyəydim?
-Siz kimsiniz, ay ana? Onu sizə kim dedi? -Mən Azadın anasıyam.
-Yox, ay ana. Bizim burada işimiz var idi. Azadın bacısının toyu olduğunu eşitdik. Toyda iştirak edib, onun adından bacımızı təbrik etmək istədik.- deyib üzümü gizlətməyə çalışdım. Arvad deyəsən mənim yalanıma inandı. Ağlamağını kəsib gözlərinin yaşını silə-silə : -“Bəs, niyə durmusunuz, gəlin gedək.Toyun başlamasına az qalıb.”-dedi. – “Siz gedin. Biz bir azdan gələrik, hərbi komissarı gözləyirik. İşimiz var” deyib susdum.
-Yox, elə şey olmaz. Siz bizimlə gedəcəksiniz. Evimiz yaxındadır, deyərək israr etdi. Biz istər-istəməz Azadın anasının ardınca getdik. Hərbi komissarlıqla onların evlərinin arası təxminən yüz əlli-iki yüz metr olardı. Yol boyu Azadın anası bizə :-“Nə toy eee, qız nişanlıdı. Nişanlısına çağırış vərəqəsi gəlib.Toy eyləyib qızı köçürdürük ki, birdən bir hadisə olar” deyə gileylənirdi.
Biz gəlib onların evlərinə çatdıq. Həyətlərində balaca mağar qurulmuşdu.(Yazıqlar bilmirdilər ki, toy üçün qurduqları bu mağarda birazdan ehsan verəcəklər) Bizi mehribanlıqla qarşılayıb oturmağa yer göstərdilər. Çox keçmədi ki, Azadın anası 18- 19 yaşlı bir qızla bizə yaxınlaşdı.-“Tanış olun Vəfa, Azadın nişanlısıdır. Azad gələn kimi toyunu edib, evimizə gəlin gətirəcəyik. ”Vəfanın baxışlarından hiss olunurdu ki, Azadın gəlməsini həsrətlə gözləyir.” Bu sözlərdən sonra ürəyim parça-parça oldu.Yazıqlar bilmirdilər ki, bir neçə saatdan sonra bu qapıya Azadın meyidini gətirəcəyik. Bizə yemək gətirdilər. Ac olsaq da yeyə bilmirdik. Belə vəziyyətdə necə boğazımızdan yemək keçə bilərdi ki?! Birazdan masabəyi məni meydana dəvət edib bəylə gəlinə ürək sözlərimi çatdırmağımı istədi. İlahi, necə də dəhşətli bir mənzərə idi, ayaqlarım yerimir, dilim söz tutmurdu. Mən Azadın meyidini hərbi komisarlıqda qoyub, burada Vəfanın gözlərinə baxa-baxa Azadın sağlığına badə qaldırır, bacısına xoşbəxlik arzulayırdım. Masabəyi isə :-“Gün o gün olsun ki Azadın toyuna gələsiniz:”-deyib, bir oyun havası çaldırıb bizi rəqsə dəvət elədi. Ürəyimdə:- “Bu nə zülmdür mənə verirsən, ay Allah, deyib qollarımı qaldırdım. Azadın atası, anası, bacı, nişanlısı və qardaşları da bizə qoşularaq rəqs edirdilər…
Bu an mənim nələr çəkdiyimi məndən başqa heç kim bilməzdi. Bu vəziyyət bir neçə dəqiqə belə davam etdi. Mən vaxtımızın az olduğunu bildirib onlardan getmək üçün icazə istədim. Hərbi komissarlığa gəlib toyun sona çatmasını gözlədik. Nəhayət, gəlinin bəy evinə yola salındığı və toyun sona yetdiyi xəbərini gətirdilər. Azadın meyidi olan tabutu maşına qoyub, havaya atəş aça-aça bayaq toya getdiyimiz qapıya tərəf istiqamətləndik. Bir saat əvvəl musiqi səsi gələn qapıdan indi ağlaşma , vay-şivən səsi eşidilirdi. Azadın anası saçlarını yolaraq üzünü cırırdı. Üzünün cırıqlarından qan süzülürdü. Ağlayaraq mənə : -“A bala, bəs deyirdin Azad ölməyib…”
Mən isə günahkarcasına onun üzünə baxaraq, yazıq anaya nə deyəcəyimi bilmirdim. Bu vaxt bir qadın onun qolundan tutub ağlaya-ağlaya, yazıq bala neynəsin.Toyu yarımçıq qoymayacaqdı ki…deyib kənara apardı. Biz Azadı dəfn edib geri qayıtdıq…
Sonradan eşitdim ki, Azadın toyu olan bacısının əri də şəhid olub. Qız isə qardaşının və ərinin ayrılığına dözə bilməyib intihar edib…

 

Yazıya 636 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.