İMARƏT CƏLİLQIZI – DÜŞÜNCƏLƏR YIĞNAĞINDAN

  1. Nağıldan düşən düyünlər

“Göyçək Fatma” nağılı yadınızdadır, yəqin. Bir neçə variantı olsa da, əksər epizodları eynidir. Haqqında danışacağım epizodlar bütün variantlarda var.

1-ci epizod:
Fatma qarıya baş әyib dedi ki, mәnim әlçimimi ver. Qarı dedi:

“Gәl başıma bax, sonra verim.”

Fatma baxanda gördü ki, qarının başı ilan-qurbağa ilә doludur.

Qarı soruşdu:

“Mәnim başım yaxşıdı, yoxsa ananın başı?”

Fatma cavab verdi ki, sәnin başın yaxşıdır.

 

2-ci epizod:

Qarı Fatmanın bir ovcuna qızıl, bir ovcuna da torpaq qoyub tapşırdı ki, toyda oynayanda torpağı analığıngilin ,  qızılı isə o biri qonaqların üstünə səpərsən.

Fatma da çox gözәl oynayırdı. Hamı onun oynamağına aşiq oldu. Fatma qarının dediyi kimi, analığıgil tәrәfә oynayanda onların üstünə torpaq sәpdi, özgәlәri tәrәfә oynayanda isə qızıl.

Heç bəyənmirəm bu epizodları. Nağılın bu yerlərində Fatma gözündən düşür sanki, vallah.

İstəmirsən belə eləsin, yaraşdırmırsan belə cavabı, əvəzçıxmaya bənzəyən belə cılız hərəkəti ona. Deyəcəksiz, axı  yanıqlıdır Fatma, həm də uşaqdır, nə qanır? Yanıqlı olsa belə, uşaq olsa belə, haqq verə bilmirəm bu epizodlara. Xoş heç nə təlqin etmir onlar.

…Özü göyçək təsvir edilən Fatmanın gərək ürəyi də göyçək ola axı!..

 

***

 

  1. “Özəl” normalar

 

Dildə belə bir anlayış var; normal. Normal şərait, normal temperatur, normal vəziyyət, normal münasibət, normal səviyyə… Nə deməkdir normallıq? Əslində çox nisbi olan bir şey. “Normal” sözü hər hansı bir situasiyada ucdantutma hamının yox, əksəriyyətin qane olduğu bir göstəricidir.

1.bəzi adamlar bu göstərici ilə tamamilə qane olur,

2.bəziləri zahirən özlərini qane olurmuş kimi göstərir,

3.bəziləri qane olmasa da, bunu biruzə verməməyi lazım bilir, amma saxtakarlıq edə bilmədiklərinə görə qane olmadıqları onların hər halından hiss olunur.

4.bəziləri də qane olmur  və qane olmadıqlarını da heç gizlətmir.

Məsələn, çay nə çox tünd, nə də çox açıqdırsa, bu, normal sayılır, buna görə də məclisdə hamıya çayı bu cür verirlər. Əksəriyyət də çayı bu cür qəbul edib içəcəkdir. Tutaq ki, onların içində bir neçəsi çayı çox tünd içməyi xoşlayır. Həmin adamlardan 2-ci qrupa aid olan heç nə deməyib çayını içəcəkdir.

3-cü qrupa aid olan heç nə deməyib çaydan yalnız iki-üç qurtum alacaqdır.

4-cü qrupa aid olan isə deyəcəkdir ki, a bala, mən belə çay içmirəm,apar mənim çayımı tünd elə.

Deməli, hər bir normalın içində mütləq istisnalar var. Və həmin istisnaların qəbul etdiyi göstəricilər onların özləri üçün normaldır. Bəs digərləri üçün?!.. Bu sual bütün zamanların ən çətin suallarından biridir. Hər kəs öz normalı ilə yaşamaq istəyində haqlıdırmı, haqsızdırmı? Bu sualın cavabı məlum deyil. Yalnız bir həqiqət danılmazdır: insan seçim etməkdə sərbəstdir, hansı normalarla yaşayır, yaşasın, amma bir kimsəyə ziyan verməsin – nə özünə, nə də başqalarına!..

 

 

 

 

 

Yazıya 409 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.