İran–Azərbaycan gərginliyində Türkiyənin rolu

Rafiq Əsədov, Ədalət Partiyasının Humanitar məsələlər üzrə sədr müavini

İran və Azərbaycan arasında zaman-zaman yüksələn gərginlik fonunda Türkiyənin mövqeyi həm “bir millət, iki dövlət” prinsipinə, həm də Ankaranın regional liderlik ambisiyalarına əsaslanır. Türkiyə Şuşa Bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü rəsmi hərbi zəmanət altına alıb. Bu, regionda Azərbaycana düşmən mövqedə olan dövlətlər üçün açıq mesajdır: hər hansı təhdid yaranarsa, Ankara birbaşa müdaxilə edə bilər.
Zəngəzur dəhlizi üzərində gedən geosiyasi rəqabət isə yeni təzyiqləri gündəmə gətirir. İran bu dəhlizi Ermənistanla sərhədini itirmək və Türkiyənin bölgədə artan nüfuzunun göstəricisi kimi qiymətləndirir. Ankara isə Azərbaycanın haqlı tələblərini dəstəkləməklə yanaşı, İranı prosesə cəlb etməklə Tehranın “izolyasiya olunurıq” qorxusunu azaltmağa çalışır. Tarixi baxımdan Türkiyə və İran həm rəqabət, həm də əməkdaşlıq əsasında münasibətlər qurmuş iki regional gücdür.
İranın zəifləməsi İsrail və Qərbin təsirinin artması ilə nəticələnə bilər ki, bu, Ankara üçün arzuolunan deyil. Digər tərəfdən, İranın Azərbaycana qarşı təzyiqləri isə Türkiyənin Turan layihəsi və Orta Asiyaya çıxış stratejiyasına ciddi zərbə vurur. Türkiyə Azərbaycan vasitəsilə Orta Asiyaya çıxış əldə etməyi hədəfləyir, İran isə Şimal–Cənub nəqliyyat xəttində mərkəzi rol oynamaq istəyir. Ankara üçün balans siyasəti bu iki xəttin bir-birini bloklaması deyil, əksinə, inteqrasiyası üzərində qurulub.
Türkiyə Azərbaycanın maraqlarını qoruyur, lakin İranla körpüləri yandırmır. Tehranın daxili qarşıdurması və mümkün çökməsi Türkiyə üçün Suriyadakı böhrandan daha böyük regional təhlükələr yarada bilər. Bu səbəbdən Ankara məsələləri diplomatik yollarla həll etməyə üstünlük verir: hərbi konflikt isə milyonlarla potensial qaçqının Türkiyə sərhədinə yönəlməsi riskini doğurur. İran həmçinin Türkiyə üçün mühüm ticarət tərəfdaşı və təbii qaz təchizatçısıdır, bu da hərbi qarşıdurmanı daha da arzuolunmaz edir.
Türkiyə qonşuluqda xaosun yaranmasını istəmir, çünki bu, regionda terror təşkilatlarının güclənməsinə şərait yaradır. Eyni zamanda İranda yaşayan qırx milyondan çox soydaşımızın taleyi və mümkün humanitar fəlakət həm Ankara, həm də Bakı üçün ciddi narahatlıq mənbəyidir. Azərbaycan və Türkiyə qonşu dövlətlərlə, həmçinin ABŞ və digər Qərb ölkələri ilə belə siyasət yürütməlidir ki, birbaşa müharibə hədəfinə çevrilməsin.
Ankara və Bakı potensial qaçqın dalğası, iqtisadi çöküş və regional xaos risklərini nəzərə alaraq status-kvonu qorumağa çalışmalıdırlar. Əks halda, region böyük fəlakətlə üz-üzə qalacaq. Bundan əlavə həm Türkiyə, həm də Azərbaycan bu xaosun içinə çəkilə bilər. Buna görə də hər iki tərəf üçün hazırlıqlı olmaq və strateji balansı qorumaq həyati əhəmiyyət daşıyır.

 

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.