Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Bu misralar Səməd Vurğunun Üzeyir Hacıbəyovun ölümünə dərin kədər və hörmətlə yazdığı şeirdəndir.
Səməd Vurğun burada bir daha vurğulayır ki, xalq üçün yaşayan, elin qədrini canından üstün tutanlar ölmür, zamanın yaddaşına çevrilir.
Bu gün İlyas İsmayılov da xalq üçün ölməyib, zamanın yaddaşına çevirilib. İlyas müəllim ömrünü bada vermədi. O, adı olan, sözü olan, mövqeyi olan insan idi. Xalqın dərdini kabinetlərin divarları arasında yox, vicdanında daşıdı. Vəzifəni ad üçün deyil, məsuliyyət üçün daşıyanlardan oldu. Sükutu belə mövqeyə çevrilən, danışanda ölçü-biçi ilə danışan bir şəxsiyyət idi. Onu yaşadan tutduğu kürsü yox, saxladığı ədalət idi. Arxasınca gələnlərə miras qoyduğu sərvət vəzifə deyil, ləyaqət oldu. Zaman hər kəsi sınayar, amma yalnız az adamı yaddaşa çevirər. İlyas İsmayılov da o azlardandır.
Bu gün İlyas müəllim torpağın sükutuna sığınmayıb, zamanın yaddaşında yaşayır. Onun adı rəsmi lövhələrdə deyil, insanların vicdanında çəkilir, şəkillərdə donub qalmayıb, xatirələrdə nəfəs alır. O, ömrünü ad qazanmağa yox, iz qoymağa sərf etmiş insanlardan idi. Məhz buna görə də gedişi yoxluq olmadı, bir yaddaşa çevrilmə oldu. Çünki el üçün yaşayanlar ölmür, onlar zamanın içində sevilərək yaşadılır.
Sahib Əmrəliyev, Ədalət Partiyasının üzvü
Yazıya 1147 dəfə baxılıb









