“Hər insanın gizlətdiyi kədər var” – İlyas İsmayılovun gizlətdiyi kədər…

Hər insanın gizlətdiyi kədər var,
Kədər var ki, gülüşünə bükülmüş.
Kədər var ki, üzdə dərin qırışdır,
Kədər var ki, saçlarına tökülmüş.

S.Əfsəroğlu

Bu şəkilə baxmaq asan deyil.
Bu şəkil sadəcə bir kadr deyil — bu, bir atanın ömrünə çəkilmiş ən ağır xəttdir.
Bu, qəhrəman bir oğulu torpağa tapşıran atanın sükutudur.
Bu sükutda qışqırıq var, amma səs yoxdur.
Bu sükutda göz yaşı var, amma gözlər qurudur.

İlyas İsmayılov!
Ömrü boyu ədaləti müdafiə edən, haqqı qoruyan, sözü ilə, duruşu ilə mənə və ətrafında olan hər kəsə güvən verən bir kişi. Həyatın onu hansı pillələrə qaldırmasından asılı olmayaraq, heç vaxt insani mövqeyini itirməmiş bir şəxsiyyət.
Amma həyat ona ən ağır imtahanı verdi — ata olaraq.
Bir ata üçün bundan ağır dərd varmı?..

İlyas İsmayılovun dünyadan köçməsindən bir il ötür.
Bir il…
Amma elə acılar var ki, zaman onları sağaltmır. Sadəcə insan öyrəşir susmağa.
Mən bu şəkli paylaşmaqla, bu sözləri yazmaqla onun çəkdiklərini bir anlıq da olsa təsəvvür etmək istədim. Çünki İlyas müəllimi çox sevirdim.
O, isə dərdini nümayiş etdirməzdi. O, susardı… ata kimi.
Danışsaydı, dünya onun səsinə tab gətirməzdi. Cünki ən böyük ağrı elə susanların qəlbində olur. Sözlər aciz qalır, gözlər dolur, boğaz düyünlənir. İnsanın içində bir boşluq qalır və heç nə onu doldurmur.Ürək yanğısı ilə deyirəm:
Allah sənə rəhmət eləsin, İlyas müəllim!

Eldəniz Xəlilov,
Ədalət Partiyası MNTK sədri

Yazıya 29 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.