Akif ABBASOV – MUSTAFA KAMAL Fon SANDERSLƏ ÜZ-ÜZƏ

Samsundan_başlanan_yol_(kitab)   (“Samsundan başlanan yol” romanlndan)

Hər ikisi eyni vaxtda ayağa qalxıb bir-birlərinə əl uzatdılar. Kazım bəy nə isə fikirləşib Mustafa Kamalın əlini buraxmadı. Sözlü olduğu bilinirdi. O, Mustafa Kamalı intizarda qoymadı:

– Gəlsənə, səni ordu komandanımızla görüşdürüm.

– Pis olmaz.

Kazım bəy bir anlığa çıxdı. Görünür, əvvəlcə ordu komandanına bu barədə məlumat verib onun razılığını almaq istəyirdi. Mustafa Kamal çox gözləməli olmadı. Kazım bəy geri qayıdıb onun qoluna girdi və onu müşayiət etdi.

Ordu komandanının köməkçisi qapını açıb onları içəri buraxdı. Kazım bəy gənc zabiti general Liman fon Sandersə təqdim etdi:

– Yarbay  Mustafa Kamal! Sofiyadakı hərbi atteşedən gəlib.

Liman fon Sanders ayağa qalxıb çox nəzakətlə onu qəbul etdi və yer göstərdi. Fon Sanders ilk növbədə onun İstanbula nə zaman təşrif buyurması ilə maraqlandı, sonra bolqarların müharibədə iştirakı məsələsi barədə soruşdu. Mustafa Kamal dedi:

– Məncə, onlar hələlik müharibəyə qatılmaq barədə fikirləşmirlər.

Fon Sanders bunun səbəbi ilə maraqlandı. Mustafa Kamal bunu belə izah etdi:

– Mənim qənaətimə görə, bolqarlar müharibəyə qoşulmazdan öncə iki məsələni özləri üçün aydınlaşdırmaq istəyirlər: birincisi budur ki, onlar alman ordusunun həqiqətən qələbə çala biləcəyinə əmin olmalıdırlar. İkincisi, onlar yalnız o zaman ayağa qalxacaqlar ki, ölkələrinə basqın olsun.

Onun açıqlaması Liman fon Sandersə xoş gəlmədi və o hiddətləndi. Hirsindən onun dodaqları titrəyirdi. O, Mustafa Kamal belə dediyinə görə deyil, bolqarlar alman ordusuna qarşı inamsız mövqe tutduqlarına görə əsəbiləşmişdi. General sağ yumruğunu sıxaraq yuxarı qaldırdı və acı-acı güldü:

– Belə de. Sən bolqarlardakı cəsarətə bax. Alman silahlı qüvvələrinin məğlubedilməzliyinə şübhə ilə yanaşırlar?!

Mustafa Kamal özünü saxlaya bilməyib həqiqəti söylədi:

– Bəli, zati-aliləri. Onlar alman ordusunun qələbəsinə inanmırlar.

Cənab Sanders bir az da qəzəbləndi. Elə bil dərisinə saman təpmişdilər. Birtəhər özünü ələ alaraq bu inamsızlığın səbəbini aydınlaşdırmağa çalışdı.

Alman generalı Otto Liman fon Sanders I dünya müharibəsində Osmanlı imperiyasının məsləhətçisi idi. Almaniya hökuməti Rusiyanı Türkiyə və Balkandan sıxışdırıb çıxarmaq qərarına gəlmişdi. Osmanlı Türkiyəsi get-gedə Almaniyadan asılı vəziyyətə düşürdü, bu ölkədən borc almaq məcburiyyətində idi. Almaniya Avropada türklərə dəstək verəcəyini vəd edirdi. Bütün bunlar təsadüfi deyildi. Almaniya arada Türkiyəyə kömək əlini uzadır, bunun əvəzində öz niyyətlərini reallaşdırmaq üçün ondan yararlanırdı. Beləliklə, ötən əsrin əvvəllərində Almaniya Osmanlı Türkiyəsini razı salıb Berlin-Bağdad dəmir yolunu çəkməyə başlamışdı. Nəticədə Almaniya Türkiyə iqtisadiyyatının bir sıra əsas nöqtələrini ələ keçirə bilmiş, bununla da İngiltərə və Rusiyaya güclü zərbələr endirmişdi. Bundan başqa, Almaniya Türkiyə vasitəsilə İrana və rus “nüfuz dairələrinə” yol tapmışdı. Almaniya Bağdad dəmir yolunu Tehrana qədər uzatdı. Bunlar rus-alman münasibətlərini son dərəcə kəskinləşdirdi.

Almaniya türk ordusunda hökmranlığı da əlinə almışdı. Osmanlı dövlətinin başçısı Sultan və Xəlifə II Əbdülhəmid türk ordusunu formalaşdırmaq, milli zabit kadrları yetişdirmək üçün alman zabitlərindən istifadə etməyi məsləhət bilmişdi. 1913-cü ildə Mehmət Rəşad xan zamanında Türkiyəyə alman hərbi nümayəndəliyi yola salınmışdı. Alman zabitləri Türkiyə baş qərargahının müşavirləri, hərbi məktəblərin rəisləri, bir sıra diviziyaların komandirləri təyin edilmişdilər. Yüksək rütbəli zabitlərdən biri hətta İstanbul korpusunun komandiri idi.

Türkiyə Rusiyanın da maraq dairəsində idi və təbii ki, alman hərbi nümayəndəliyinin Türkiyədə yerbəyer olmasına dözə bilmir, buna etirazını bildirirdi. Lakin onun etirazlarına məhəl qoyulmurdu.

Türkiyəyə göndərilmiş hərbi nümayəndəliyə Mustafa Kamalın indi qarşı-qarşıya əyləşdiyi həmin bu general Otto Liman fon Sanders başçılıq edirdi.

Liman fon Sanders siqarını tüstülədərək:

– Boqlarların inamsızlığı nədən irəli gəlir, bəy? – deyə xəbər aldı.

Mustafa Kamal ikimənalı cavab verdi:

– Səbəbini mən də bilmirəm. Görünür, buna əsas var.

Bu javabı gözləməyən ordu komandanı diqqətlə onun gözlərinə baxıb bu dəfə sualı başqa şəkildə qoydu:

– Bəs bu barədə sizin fikriniz necədir?

Bu sual Mustafa Kamal üçün gözlənilməz olduğundan o, fikrə getdi. Bunu görən fon Sanders sualı bir qədər də açıqladı:

– Alman ordusunun potensial imkanına dair siz nə deyə bilərsiniz?

Otto Liman fon Sanders indi Türkiyədə ordu komandanı idi. Mustafa Kamal nə desin, nə söyləsin?! Onlar düşmənə – Antanta dövlətlərinə qarşı birgə döyüşəcəklər. Öz inamsızlığını açıb-ağarsınmı? Bununla nəyə nail olacaq? Müharibə dünyanı başına götürmüşdü. Mustafa Kamalın istəyindən asılı olmayaraq Osmanlı Türkiyəsi Almaniya ilə müttəfiq idi.

Liman fon Sanders gözlərini ondan ayırmadan cavab gözləyirdi. Mustafa Kamal həqiqəti söyləməkdən özünü güclə saxlayırdı. Eyni zamanda fikirləşirdi ki, özünə, türk zabitlərinə qarşı fon Sandersdə inamsızlıq yaratmağa dəyərmi? Türkiyənin, türk boğazlarının müdafiəsi bu generala tapşırılmışdı. Odur ki yenə ikimənalı cavab verdi:

– Cənab general, bolqarları düşünməyinizi doğru hesab edirəm.

Liman fon Sanders Mustafa Kamalla görüşüb getməyə icazə verdi.

Görünür, Liman fon Sanders Mustafa Kamalın fikrini tuta bilmədi. Elə başa düşdü ki, bu türk zabiti deyir ki, onlara dərs vermək lazımdır. Mustafa Kamal da öz-özünə: “Mən əslində öz mövqeyimi bildirdim: bolqarlar doğru fikirləşirlər. General sözlərimi necə başa düşdü, öz işidir. Necə yozur, özü bilər”.

Mustafa Kamal vaxt itirmədən Gelibolu yarımadasına yola düşdü. 1915-ci ilin yanvar ayının ortaları idi. O, yarımadada yerləşən Tekirdağ şəhərinə gəlib on doqquzuncu diviziyanı təşkil etməyə başladı. Fevral ayının 25-də bu diviziya yerini dəyişib Maydosa (Eceabada) köçdü. Bu şəhərlər yarımadada Dardanel (Ağ dəniz) boğazı hövzəsində yerləşirdi. Burada Mustafa Kamal sərəncamında olan diviziyadan başqa həm də ikinci piyada alayını və bir sıra topçu birləşmələrini də tabeçiliyinə aldı. Beləliklə, o, Maydos hərbi dairəsinin komandanı oldu.

Yarımada narahat günlərini yaşayırdı. Martın 18-də ingilis donanması Çanaqqala  boğazını keçməyə cəhd etdi. Bunu görən sahil topçuları onları şiddətli atəşə tutdular. Düşmən ağır itki verdi, lakin öz niyyətindən əl çəkmədi. İngilislər yarımadaya desant çıxarmaq fikrində idilər. Türk ordusu bundan vaxtında xəbət tutdu.

Geliboluda beşinci ordu yaradılmış və alman generalı Liman fon Sanders ordu komandanı təyin olunmuşdu. O, ingilis həmlələrinin qarşısını almaq üçün ordu qüvvələrini üç qrupa bölmüş və onları təlimatlandırmışdı.

Mustafa Kamalın komandanlığı altında olan birləşmələr ehtiyat qüvvə kimi dayanıb dururdu. Baş plana əsasən, Mustafa Kamalın diviziyası aprelin 18-də Tümeni və Bıqalı şəhərlərinə doğru hərəkət etdi.

İngilislər axır ki, öz planlarını həyata keçirdilər və aprelin 25-də Çanaqqalada Səddülbahir və Arıburnu bölgəsində desant çıxardılar. İlk desant dəstələri Mustafa Kamalın ordusu yerləşən ərazidə gözə dəydi. Bunu görən Mustafa Kamal tez qoşunları Bıqalıdan Conkbayıra köçürdü. İngilis ordusu Arıburndan Conkbayıra doğru irəliləyirdi. Lakin elə həmin gün bu qüvvələr on doqquzuncu diviziyanın həmləsinə tuş gəlib geri oturduldu. Ordu komandanı general Liman fon Sanders əməliyyatı müvəffəqiyyətlə həyata keçirdiyi üçün Mustafa Kamala öz təşəkkürünü bildirdi. İyun ayında Mustafa Kamala albaylıq  rütbəsi verildi.

Atatürk Çanaqqala döyüşlərinin qəhrəmanı Koja Seyidi yadına saldı. Koca Seyid evli idi, bir qızı da doğulmuşdu. Qayğıya ehtiyacı olan qoja ata-anası vardı. Bir sözlə, evdə-eşikdə lazım idi, öz ailəsinin, arvadının, körpə qızının yanında olmaq, valideynlərinə həyan durmaq üçün. Fəqət Osmanlı Türkiyəsi ağır gündə idi. Belə bir zamanda evdə, isti ocağın qırağında oturub qızınmaq kişilikdən deyildi. Odur ki Koca Seyid könüllü orduya yazılıb, cəbhəyə yollandı. Bu, 1909-cu ilə təsadüf edirdi. Üst-üstə doqquz il orduda xidmət etdi. Düz doqquz il evindən-eşiyindən ayrı düşdü, ailəsində baş verənlərin birindən xəbər tutdusa, digərindən xəbər tuta bilmədi, başqa bir xəbəri də ondan gizlətdilər.

Bu doqquz ilin içində neçə dəfə yır-yığış elədi ki, tərxis olunub evə qayıdır, hər dəfə bir iş çıxdı və o, əsgəri xidmətini başa vura bilmədi. Gah Balkan müharibəsi, gah Ədirnə fəthi oldu. Nəhayət, gəlib min doqquz yüz on dördüncü il yetişdi. Birinci dünya müharibəsi başlandı. Belə məqamda ordudan tərxis oluna bilərdi?! Çanaqqala qan ağlayırdı. Koca Seyidi Çanaqqalaya göndərdilər: “Orada sənin kimi igidlərə ehtiyac var. Get, düşmənin anasını ağlat!” – dedilər.

Çanaqqala cəhənnəmi xatırladırdı. Fransız qoşunları, ardınca da ingilis ordusu boğaza girmişdi. Ətrafa od saçırdılar. Bu dövlətlərin nə qədər desən silahı, topu-tüfəngi, canlı qüvvəsi vardı. Saya-hesaba gəlməzdi. “Kraliça Yelizaveta” və “Okean” hərb gəmiləri atəşə ara vermirdilər. Türk əsgərləri və zabitləri düşmən donanması ilə qeyri-bərabər döyüşdə müqavimət göstərməkdə idilər, geri çəkilmək barədə fikirləşməyi belə özlərinə ar bilirdilər. Bu zaman bir top mərmisi döyüşçülərin lap yaxınlığında partladı. Havaya sovura bildiyini havaya sovurdu, sovura bilmədiyini yerə çırpdı. Yerin altı üstünə çevrilmişdi. Türk topları və əsgərlər torpağın altında qalmışdılar.

Onbaşı Koca Seyid özünə gələndə gördü ki, onu yarıyadək batdığı torpaqdan dartıb çıxarmaq istəyirlər. Özü də hərəkətə gəldi və birtəhər qurtuldu. Koca Seyid nə hadisə baş verdiyini anlamaq iqtidarında deyildi. Ətrafa baxdı. Nə əsgərlər, nə də zabitlər gözə dəyirdilər. Gözlərini dolandırıb yerdə uzananlara və şiddətli ağrıdan qıvrılanlara nəzər saldı. Saymağa başladı. Artıq döyüş yoldaşlarından on dördü həlak olmuşdu. İyirmi dörd yaralı vardı. Toplar torpağın altında qalmışdı. Bu cəhənnəmin içərisində fransız və ingilis donanması ilə üzbəüz vur-tut üç nəfər döyüş qabiliyyətli adam qalmışdı: biri batareya komandiri yüzbaşı Hilmi bəy, biri Niğdeli Əli, biri də Koca Seyid.

Fransızların “Okean” hərbi gəmisi atəş açmaqda davam edirdi. Türklərin topları sıradan çıxmışdı. Onbaşı Koca Seyid gedib birər-birər yoxladı. Yalnız bir top salamat qalmışdı, fəqət onun da vinci qırıq idi. Koca Seyid dilxor oldu, lakin inamını itirmədi, Allahdan imdad dilədi.

Bir qədər aralıda top mərmiləri vardı. Amma onun hər hansı birini qaldırmaq tək adamın işi deyildi. Yoldaşlarında da hey qalmamışdı ki, mərmiyə yaxın düşə bilsinlər. Gözlərinin qarşısında neçə-neçə say-seçmə igid, cavan əsgər yoldaşının öz canını tapşırması, o birilərinin isə yarımcan uzanıb yerdə qalması, Vətəninə olan sonsuz sevgisi, düşmənə nifrəti Koca Seyidin damarlarında axan qanı coşdurdu, ona sanki əlavə can, güc və qüvvət verdi. Ata-anasını, balaca qızını, arvadını gözləri önünə gətirdi: “Bu ingilislər, bu fransızlar basa-basa o uzaqlıqda yolu ona görə gəliblər ki, torpaqlarımızı tutub, bizi özlərinə kölə etsinlər? Ay siz öləsiniz!”

Onbaşı Koca Seyid irəli yeridi. Yüzbaşı Hilmi bəy onun niyyətini başa düşüb:

– Seyid, tək nəfərin işi deyil, – dedi. – Özünü gücə salarsan, belin sərpər, ömrün boyu sürünə-sürünə qalarsan. Çəkil, onsuz da qaldıra bilməyəcəksən. Əli ilə mən də yaralı, əlimizdən bir iş gəlmir.

Koja Seyid özünə inamlı:

– Siz narahat olmayın. Hər halda cəhd eləyim, bəlkə alındı. Həm də gözümüz baxa-baxa necə yol verə bilərik ki, düşmən torpaqlarımıza soxulsun, arvad-uşağımıza əl atsın, babalarımızın gorunu söysün. Allah mənə o günü göstərməsin. Düşmən yalnız mənim meyitimin üstündən keçib Vətən torpağına ayaq basa bilər.

Top mərmilərinin hər birinin ağırlığı 275 kiloqram olardı. Koca Seyid bir anlığa yerində dondu. Anasından öyrəndiyi duaları oxudu, Allahını səslədi, ona güc-qüvvət verməyi xahiş etdi. Sonra yerə əyilib top mərmisini qaldırdı. Hiss etdi ki, sümükləri şaqqıldayır. Fikirləşdi ki, indi sümükləri bir-bir qırılacaq. Fəqət onların heç biri sınmadı. Koca Seyid gözlərini qaldırıb Vətənin göylərinə, gözlərini endirib Vətənin torpağına baxdı. Necə də böyük, qüdrətli, gözəl, füsunkar, doğma idi Vətən! Koca Seyid güc aldı, qüvvə topladı: “Ya Allah!” – deyib mərmini qaldırdı. Topa sarı gedib yerində oturtdu. Atəş açdı.

Fransız gəmisi qəh-qəhə çəkir, onun acizliyinə gülürdü. Koac Seyid ikinci mərmiyə güc elədi. Zor-bəla ilə, ayaqları bir-birinə dolaşa-dolaşa topa sarı apardı… Atəş açdı. Bu səfər ingilis gəmisi şaqqanaq çəkirdi.

Yüzbaşı Helmi:

– Seyid, özünü həlak edəcəksən!

Niğdeli Əli də öz növbəsində:

– İndi buraya bir mərmi atarlar, bizi də göyə sovurar, – dedi.

Koja Seyid hirsindən qaraldı:

– Deyirsən can bəsləyək?

O, israrlı idi. Top üçüncü mərmini də ağuşuna aldı. Yüzbaşı Helmi ilə Niğdeli Əli təəccüb qalmışdılar. Koca Seyiddə bu qədər güc haradan idi?

Onbaşı Koca Seyidin artıq nə qollarında, nə ayaqlarında, nə də dizlərində taqət qalmışdı. Bir anlığa dincini aldı, əlinin ardı ilə tərini silib, yenə böyük yaradanı köməyə çağırdı: “Ya Allah!” Atəş açdı.

Fransızların nəhəng gəmisi dənizdə ləngər vururdu. Onu alov bürümüşdü, göyərtədə bir çaxnaşma düşmüşdü ki, gəl görəsən. Gəmi yerində fırlanır və ətrafa atəş yağdırırdı. Atəş açdıqca ətrafdakı fransız gəmilərinə itkilər verirdi. Bir müddət sonra yavaş-yavaş batmağa başladı.

Təhlükə sovuşdu. Cəbhədə dönüş oldu. Koca Seyidin qəhrəmanlığı dillərə düşdü. Dəniz donanması komandanı Cavad paşa düşmənə sarsıdıcı zərbələr vuran Məjidiyə batareyası döyüşçülərinə baş çəkməyə gəldi. Onlar bir neçə nəfər idi. Özləri ilə fotoqraf  gətirmişdilər. Şəhidlərin dəfni ilə bağlı göstəriş verildi. Yaralılar dərhal hərbi xəstəxanaya yola salındılar. Cavad paşa yüzbaşı Hilmi bəy Əli və Koja Seyidlə görüşdü. Üzünü Koca Seyidə tutaraq:

– Seyid əfəndi, indi anlat o ağırlığında top mərmilərini necə qaldırıb atəş nöqtəsinə gətirə bildin?

Koca Seyid çiyinlərini çəkdi:

– Bilmirəm, paşam, vallah bilmirəm.

Cavad paşa fotoqrafa işarə etdi ki, yaxın gəlsin:

– Seyid əfəndi, indi o mərmilərdən birini qaldır, sənin şəklini yapsın. Xalqımız da, düşmənlər də görsün ki, bizdə necə igid oğullar var.

Koca Seyid nə qədər əlləşdisə, mərmini yerindən tərpədə bilmədi. Pərt oldu, tər onu basdı. Belini dikəltdi. Əllərini yanlara açdı, yəni bacarmadım.

Cavad paşa:

– Bir daha, yenə cəhd et, – deyə dilləndi.

Fəqət yenə alınmadı.

Cavad paşa təəccüb içərisində soruşdu:

– Bu nədən olur, Koca Seyid? Mərmini qaldırırdın, indi isə qaldıra bilmirsən. Bunu necə başa düşək? Bəs sənin şəklini necə yapaq? Əcəb işdir…

Koja Seyid yadına salmağa çalışaraq:

–  Paşam, həmin hissləri yenidən yaşasaydım, mərmini bir daha qaldıra bilərdim. Sirr bunda imiş…

Həmin gün Koca Seyid mərmini yenidən qaldırıb əllərində tutdu. Onun şəklini çəkdilər. Fəqət mərminin içərisi boşaldılmışdı ki, onu qaldırmağa Koca Seyidin gücü çatsın…

Mustafa Kamal xəyaldan ayrıldı. Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı dizinin üstündə idi. Vərəqləyib 23-cü səhifəni açdı və oxumağa davam etdi. O, Çanaqqala döyüşlərindən əvvəl “Çalıquşu”nu mütaliə edərdi.

Vaxt gələcəkdi alman ordusunun şanlı-şöhrətli generalı Liman fon Sanders öz ixtiyarında olan bütün hərbi qüvvələrin komandanlığını Mustafa Kamal paşaya təslim edəcəkdi. İndi isə hələlik Otto Liman fon Sanders buralarda at oynadırdı.

 

Haşiyə: 1915-ci ilin əvvəllərində Osmanlı imperiyasında alman hərbi missiyasının sabiq başçısı baron Kolmar fon der Qolts əslində hakimiyyətə malik olmayan sultan V Mehməd Rəşad xanın hərbi məsləhətçisi sifətində İstanbula gəldi. Qoca baronun nə Otto Liman fon Sanders, nə də müharibə dövründə Osmanlı dövlətini idarə edən üç paşanı – Ənvər paşa, Camal paşa və Tələt paşanı görməyə gözü var idi. Fəqət sən demə, iddialı generel fon der Qoltsun da əlindən bir iş gəlmirmiş. Onun tərəfindən planlaşdırılan böyük hücumların heç biri səmərə vermədi. Həmin ilin oktyabrında Ənvər paşa general-leytenant Liman fon Sandersi (1855, 17 fevral, Ştolp, Pomeriniya-1929, 22 avqust, Münxen, Bovariya) Mesopotamiyada ingilislərlə döyüşə yolladı. Fon Sanders Fələstindəki türk qoşunlarının komandanlığını qəbul etdi. O, burada alman generalı Erix fon Falkenxaunu əvəz etməli oldu. Bu generalın burunu 1917-ci ilin sonlarında ingilislər, daha səhih desək, general Allenbi tərəfindən ovulmuşdu.

Döyüş sursatı sarıdan Türk ordusu korluq çəkirdi. Bu, Liman fon Sandersin vəziyyətini ağırlaşdırırdı. Onun başçılıq etdiyi ordunun müdafiədə durmaqdan və Britaniya ordusunun hücumunu gözləməkdən başqa çarəsi qalmırdı. Hücum başlandı. General Allenbinin qoşunları cəbhəni yardı, bir həftənin içində döyüşün taleyi həll olundu. Fon Sanders qaçıb canını qurtarmasaydı, əsir düşəcəkdi. Birinci dünya müharibəsindən sonra 1919-cu ilin fevralında Otta Liman fon Sanders Maltada həbs olundu. Onu hərbi cinayətdə təqsirli bildilər, lakin yarım il sonra azadlığa buraxıldı. Elə həmin il o, alman ordusundan tərxis olundu.

 

 

    Yazıya (68) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.