Zemfira Məhərrəmli — Folklor nümunələri tərbiyə məktəbi, xalq pedaqogikası qaynaqları kimi

 

Zemfira Məhərrəmli

Zemfira Məhərrəmli

 

Xalq hikmətinin əsl xəzinəsi olan folklor nümunələri – atalar sözləri, zərb-məsəllər, tapmacalar, nağıllar, bayatılar, yanıltmaclar böyüyən nəslin əxlaqi keyfiyyətlərinin formalaşmasında mühüm tərbiyəvi əhəmiyyət kəsb edir. Zaman-zaman yaranıb araya-ərsəyə gəlmiş şifahi xalq ədəbiyyatı dəyərli əxlaqi fikirlər üzərində köklənib.
El içindən çıxmış insanların arzu və ümidlərini, ən xoş istəklərini, sabaha inamını əks etdirən folklorumuz nəsillərdən-nəsillərə bir ərməğan kimi ötürülərək cilalanıb, çağdaş dövrümüzə gəlib çatıb. Xalq dühasını ehtiva edən, tarixi salnaməyə çevrilən şifahi xalq ədəbiyyatı nümunələri sadə insanların, toplumun dünyagörüşünü, yaradıcılığını, əmək vərdişlərini, həyat tərzini, bənzərsiz ənənələrimizi bugünümüzə çatdırıb. Bu zəngin irsi tərbiyə məktəbi adlandırmaq daha doğru olardı.
Görkəmli rus tənqidçisi V.Q. Belinski uşaq ədəbiyyatının tərbiyəvi rolunu qeyd etməklə yanaşı, diqqəti bu təsiri qüvvətləndirən pedaqoji ustalığa və sənətkarlıq məsələlərinə yönəldirdi. Böyük inqilabçı-demokrat uşaq yazıçılarına müraciətlə deyirdi: “Sizin əxlaqi bir fikriniz var: çox gözəl! Bunu uşaqlara açıqdan-açığa söyləməyin, qoy onlar özləri hiss etsinlər. Qoy bu nəticəni uşaqlar özləri çıxarsınlar. Əgər hekayə onların xoşuna gəlirsə, deməli, siz öz işinizi görmüsünüz”.
Uşaqların əxlaq tərbiyəsi Azərbaycan uşaq ədəbiyyatının əsas mövzusunu təşkil edir. Ədəbiyyatımızın yaşlı, orta və gənc nəslinin nümayəndələrinin yaradıcılığında zövq oxşayan, uşaq və gənclərə yüksək hisslər və nəcib sifətlər aşılayan bədii nümunələr, şeir və hekayələr çoxdur. Abdulla Şaiqin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Süleyman Sani Axundovun zəngin yaradıcılığının uşaqların tərbiyəsi baxımından xüsusi mövqeyə malik olduğu danılmazdır. Maarifçilik ideyaları və görüşləri ilə seçilən bu qələm sahibləri şeir və hekayələrində geniş yer verdikləri mənəvi dəyərləri həm də pedaqoji aspektdən şərh etmişlər.
Sonrakı dövrdə İlyas Tapdıq, Xanımana Əlibəyli, Zahid Xəlil, Oqtay Rza və digər qələm sahibləri Azərbaycan uşaq ədəbiyyatının gözəl nümunələrini yaradıb, öz rəngarəng yaradıcılıqlarında həm də zəngin folklorumuzdan bəhrələnib, onların təlqin etdikləri fikirlər xalq qaynaqlarına söykənib. X.Əlibəylinin “Mərcanqulu əfsanəsi”, Z.Xəlilin “Qarışqalar”, O.Rzanın “Adlı-ünvanlı misralar” silsiləsindən olan uşaq şeirləri bu qəbildəndir.
Təbii ki, uşaq mədəni davranışı, yoldaşlarına xoş münasibəti, mərdliyi, təvazökarlığı, əməksevərliyi ilə sevdiyi qəhrəmana oxşamağa çalışır. Böyük mütəfəkkir A.Bakıxanov yazırdı ki, “ insanlar şəkil və simaca bir-birindən fərqli olduqları kimi, əxlaqca da müxtəlifdirlər. Dünyada iki nəfər tapılmaz ki, onların əxlaqı bir-birinə tam oxşasın, hər kəsin əlahiddə rəyi vardır”. Ədib “Təhzibül-əxlaq” əsərində söylədiyi bu qiymətli fikri əsasında insan xasiyyətini fitri və kəsb edilən xüsusiyyətlərə bölüb və fitri əlamətlərin də xarici təsir nəticəsində dəyişməsinin mümkün olduğunu, tərbiyə prosesində fərdi məziyyətlərin nəzərə alınmasını önə çəkib.
Şifahi xalq ədəbiyyatı nümunələri həm də hər bir xalqın pedaqoji mənbələri, əsl tərbiyəedici əsərlərdir. Bu qaynaqlar uşaqların, böyüyən nəslin şüuruna, təfəkkürünə güclü təsir göstərir.
ÇİLLƏ NAĞILLARI NƏYİ TƏLQİN EDİR
Qarşımda bir kitab var: “Çillə gecəsinin nağılları”. İran yazıçısı Məhəmməd Mirkeyaninin qələmə aldığı həmin kitab uşaq və gənclərə ünvanlanıb. Bu yazıçı-pedaqoq haqqında, onun əsərləri barədə müəyyən məlumatım vardı. Doğma vətənində çox sevilən qələm sahibinin 30 ildən artıq müddətdə təhsil ocaqlarında uşaq ədəbiyyatının öyrədilməsi sahəsində çalışmaları, eləcə də mənəvi dəyərlərə söykənən nağılların və rəvayətlərin uşaq və gənclərin düşüncəsinin, təfəkkürünün inkişafındakı rolunu tədqiq etməsi, azyaşlılar üçün folklor nümunələrini iyirmi beş kitab şəklində işləyib çap etdirməsi, şifahi xalq ədəbiyyatını və xalq danışıq nümunələrini, o cümlədən atalar sözləri və zərb-məsəlləri araşdırıb bir sıra təlim və tədris əsərləri yazması barədə oxumuşdum.
Mirkeyaninin urdu dilinə tərcümə olunmuş beşcildliyi Pakistanda çap edilib, alman dilinə çevrilmiş “ Biri vardı, biri yoxdu” kitabı isə Almaniyanın Münhen şəhərində işıq üzü görüb və “İlin uğurlu kitabı ” adlandırılıb. Maraqlı cəhət odur ki, yazıçının əsərləri uşaqlar və gənclər üçün nəzərdə tutulsa da, müxtəlif yaş həddində olan insanlar tərəfindən də həvəslə oxunur.
Müəllifin Azərbaycan oxucularına təqdim edilən “Çillə gecəsinin nağılları” kitabını ana dilimizə çevirən isə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dosenti, fars dilinin mahir bilicisi Əsmətxanım Məmmədova və onun rəhbərlik etdiyi tələbə tərcümə qrupunun üzvləridir.
Deyilənlərə görə, ata-babalarımız qonum-qonşunu bir yerə toplamağı, yaxın münasibət qurmağı sevər, dostluq və səmimiyyət yaratmaq üçün kiçik bir imkanı da əldən verməzdilər. İlin ən uzun gecələrindən olan Çillə gecəsində böyük-kiçik, qoca-cavan kürsü ətrafında oturub qışa saxlanılan yer-yemişdən nuş edərək nənələrin, babaların söylədikləri şirin nağılları, rəvayətləri dinləyərdilər. Yəqin ki, yaşlı nəslin nümayəndələri bunları yaxşı xatırlayır.
Çillə gecəsindən ərməğan olaraq adı çəkilən kitabda iyirmi nağıl oxucuların ixtiyarına verilib. Ə.Məmmədovanın məharətlə tərcümə etdiyi “Müdrik qız“, “İki müsafir“, “Yaqut kisəsi“, “Yaxın günün dostları“, “ İki yoldaş “ hekayələrində mənəvi yüksəlişin mühüm amili hesab edilən əxlaq və tərbiyə məsələlərinə önəm verilib.
Əxlaqi borc, yoldaşlıq, əməksevərlik, sədaqətlilik, comərdlik, səxavətlilik və başqa bu kimi müsbət əxlaqi keyfiyyətlər bu hekayələrin ruhuna hakim kəsilib. Müəllif gənclərə əxlaq prinsiplərinə yiyələnməkdə fayda verə biləcəyini düşünərək adı çəkilən qələm nümunələrini ərsəyə gətirib.
Başa çatmaqda olan il Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə elan edilən və mühüm tədbirlərin həyata keçirildiyi “Uşaq ili” kimi xatırlanacaq. Bir həqiqətdir ki, xalqımızın gələcək taleyi yetişməkdə olan nəslin əxlaqi cəhətdən doğru-düzgün tərbiyə edilməsi ilə üzvi surətdə bağlıdır, milli-mənəvi, humanist, mədəni dəyərləri hər bir gənc mənimsəməli, tərbiyəedici əsərlərdən bəhrələnməlidir.Sözlə işin, mənəvi şüurla davranışın vəhdəti sayəsində mənəvi əqidənin formalaşdığı unudulmamalıdır.
AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Fidan Nəsirovanın çevirdiyi hekayələrdə də ədalətlilik, halallıq, dostluq, varlığa fəal münasibət, zəhmətsevərlik kimi mənəvi keyfiyyətlər, əxlaq normaları önə çəkilib.
Pedaqoji elmlər doktoru, professor Əliheydər Həşimov folkloru mənəvi tərbiyənin qida mənbəyi hesab edərək yazırdı: “İnsanlarda nəcib hisslər oyatmaq, onları dosluq, yoldaşlıq, mərdlik və vətənpərvərlik ruhunda tərbiyələndirmək üçün kəsərli vasitə axtarırsınızsa, folklordan istifadə edin.”
“Yaxşılığın mükafatı”, “Comərdlik adəti”, “İki qardaşın səfəri”, “Dostluqda vəfa” və digər hekayələr də hikmətli nəsihətlərlə doludur, zəngin mənəvi dəyərləri təlqin edir.
“ Biri vardı, biri yoxdu…” ifadəsi bizə uzaqda qalmış uşaqlıq illərimizi xatırladır, o xoş anların sehrinə düşürük. Unudulmayan, əbədi xatirələr olan, düşündürən, tərbiyəedən nağıl, hekayə və rəvayətlər əlçatmaz, ünyetməz illərimizin ən dəyərli məqamları kimi yaddaşımızda yaşayır. O xatirələrə dalmaq üçün bəzən bir ömür belə kifayət etməz.

Yazıya 1847 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.