Məmməd Dəmirçioğlu — Hürmələk nənə (poema-esse)

məmməd demirci

 

1

SÜBH DUASI
Sarmaşıb, qarışıb
Ay işığı suya.
Yarpızlar titrəşir,
Qoxuya- qoxuya.
Sevdalı çay axır,
Oxuya- oxuya.
Gör necə məst olub,
Ay üzündəki mah,
Şırşırlar pıçıldar-
Allah, Allah, Allah!

Bayatı söyləyir
Gecənin nəfəsi,
Yoxluğun səsidi,
İsaq- Musaq səsi.
Qovuşur varlığa
İlahi nəğməsi…
Açılır gül kimi,
Qönçəsindən sabah,
Cəh-cəh vurur quşlar-
Allah, Allah, Allah!

Əriyir qaranlıq,
Durulur dan üzü.
Silinir üfüqdən
Günəşin qan izi.
Şehlərlə öpüşür,
Lalənin qan üzü…
Boynu bükük-bükük,
Bənövşə çəkir ah,
Zikri, fikri,ətri-
Allah, Allah, Allah!

Quşların səsinə,
Hopub ozan səsi.
Yarpaqlar pıçıldar
Sükut pozan səsi.
Sübhün namazıdı,
Gəlir əzan səsi…
Pərən-pərən olur,
Var olmaqdan günah,
Qaybdan səs gəlir-
Allah, Allah, Allah!…

Üç dəfə səcdəyə əyilib ayağa durdu. “ Sübhan Allah, Sübhan Allah”- deyib əllərini qulaqlarının yanında tutaraq, dodaqaltı zıkrini tamamlamağa başladı. Üzünü göylərə tutub, şükranlıqla pıçıldayaraq dualar etdi, diləklərini dilə gətirdi, Uca Yaradandan dünyamıza əminamanlıq dilədi, qüsurlarına, günahlarına görə bəndələrinin bağışlanmasını rica etdi.
Əvvəlcə yuxudan oyanan quşların ara-sıra civiltisi, sonra da bir- birini əvəz edən cəh-cəh səsləri qulaqlarını oxşadı. “Şükür sənə,İlahi”,- deyib cənəmazını yığışdırmağa başladı. Sübhün alatoranını cəh-cəh səsləriylə hürküdən quşların xoş avazından məst olmuş səhər nazlana- nazlana yuxudan oyanır, atəşin eşqiylə üfüqləri alqırmızı rəngə boyamış günəş dan yerindən boylanmağa başlayırdı.

Tanrı camalına tamaşa eylə,
Bülbüllər oyanıb, dil açan çağı.
Şehli tumurcuqlar, bağlı qönçələr
Günəşin eşqiylə gül açan çağı.

Nə nazlı mələkdir oyanan səhər,
Çəkilib qaraca tül camalına.
Hər quş öz dilində salam söyləyir
Açılan sabahın gül camalına.

Ümiddi, arzudu, həvəsdi, səsdi,
Gecənin səhərə qovuşan yeri.
Yaşamaq eşqidi, Allah eşqidi,
Üfüqün qızarıb alışan yeri.

Süzüldü bu səhər gecə daşından,
Olsun səhər kimi üzünüz aydın.
Aydınlığa çıxın bu səhər kimi,
Bu səhər də gəldi, gözünüz aydın.

Adəti üzrə qara önlüyünü belinə bağlayaraq, odun sobasına yaxınlaşdı, axşamdan etdiyi çıtıqları peçın içinə səliqə ilə yığıb, alışdırdı. Sobanın altlna yığılmış palıd yarmaçalarını odun üstündən yığıb, çölə çıxdı. Hava yavaş- yavaş işıqlanırdı. Qapını açanda sübhün ətirli, xoş nəfəsi ağ camalına, lalə yanağına sığal çəkdi. Səhərin ətir dolu havasını sinəsinə çəkdi,oxuşan quşların cəhcəh səslərindən riqqətə gələrək yenə də əllərini uca göylərə qaldırıb “Sübhan Allah, Sübhan Allah”,- deyə pıçıldamağa başladı…

Nəğmə dedi quşların,
Dilləri- Sübhan Allah.
Açıldı könüllərin,
Gülləri, Sübhan Allah.

Ürəyi quş eylədik,
Hər dərdə tuş eylədik.
Mey bilib, nuş eylədik
Qəhəri, Sübhan Allah.

Yola saldıq köçəni,
Unutmadıq keçəni.
Yaşadıq bu gecəni,
Səhəri- Sübhan Allah.
-Fida olum sənə, ilahi, səni tanımayana lənət. Min şükür sənə, nə gözəl gəlib ilimiz,- deyib uzun saplı çalğısını əlinə alaraq həyət- bacanı süpürməyə başladı…

2

İncəlidə mövlüd gecəsi

Könlünü sidq ilə bağladığı Hacı Mahmud əfəndinin müridlərindən idi Hürmələk nənə. Ömrünün tacı, ruhunun şahıydı Pir həzrətlərinin qəzəlləri, Sufi meyxanaları, mövludlarda oxunan ilahilər. O, hər dəfə Hacı Mahmud ocağında veriləcək mövlüd mərasimlərinə tələsər, könlünün dərinliklərində zikr etdiyi ilahilərin qanadlarında Yuxarı Salahlı kəndindən payi-piyada İncəliyə tərəf uçunardu. Hacı Mahmud əfəndinin nur camalını görməyə, könlünü işıqla doldurmağa, ruhunu uca göylərə pərvazlandırmağa tələsirdi.

İncə Dərəsinə uzanan dolama yollar , ağ, şümşad qollar kimi gah sağa- sola açılıb baharın al-əlvan donunu geymiş yumru təpələri qucaqlayır, gah da çarpazlanıb qoşalaşır, həsrətli sevdalılar kimi yenidən bir –birinə qovuşurdu…
Təpələrin yarğan yerlərində yuvalar salmış bəzəkli “qizdar quşları”( İncəlilər bu bəzəkli quşları belə adlandırırlar) özunə məxsus səslər çıxarıb Hürmələk nənənin başı üzərəmdə süzürdülər. Bir birinə bənzəməyən dərələr, təpələr min rəngli xalı kimi göz oxşayır, vızıldaşan böcəklər çiçəkdən çiçəyə qonur, rəngbərəng kəpənəklər əlvan ləçəklər kimi sağa-sola uçuşurdular. Hər tərəfdən qulqğına gələn səslər, nəğmələr müşgi ənbər qoxularıyla nəfəsinə hopub sinəsinə dolurdu:
Könlümdə batan,
Könlündü butam.
Sünbüldə yatan
Sarı darı- mən.

Vuruldum görcək,
Ay üzü göyçək.
Dodağın çiçək,
Arı yarı- mən.

Ruhum bir qanad,
Dərdini qan, at.
Bu dünya abad,
Tarimarı- mən.

Sözün qoruyam,
Gözün nuruyam.
Sudan duruyam,
Aydan arı- mən.

Qəlb evim sərin,
Göylərdən dərin,
Qul qəriblərin
Xanimanı- mən.

Dərdimi dərdin,
Hara göndərdin?
Ən uca dərdin
Dağı, qarı- mən.

Sularla coşun,
Nəğmələr qoşun.
Dərdim bir qoşun,
Səridarı- mən.

Oduna yanın,
Qönçə fidanın.
Dosta fədanın
Düz ilqarı- mən.

Könlünü alın,
Könlü viranın.
Haqqa varanın
Dostu, yarı- mən.

Quzularını cicəkli təpənin güneyinə ötürmüş balaca çoban cilovunu əlində tutduğu carı rəngli atı, vücudundan daha çox gözə çarpan qara papağı, çiynindən asdığı iri çantasıyla bu mnzərənin bütövlüyünü tamalayırdı. O, özünə məxsus bir ədayla atasının düzəldib hədiyyə etdiyi dəmir toqqalı qarmağını çiyninə almış, fit çala-çala namaz qılmağa hazırlaşan yolçuya yaxınlaşırdı.
Baharın bu göz oxşayan mənzərəsinə heyran qalmış yolçu adəti üzrə yolun kənarındakı balaca, yastı təpənin üstünə qalxdı. Əlindəki bağlamadan cənəmazını çıxarib göy çəmənin üstünə sərdi, ilkindi namazını qılmağa başladı. Pıçıltılarla “sübhan Allah, sübhan Allah”,- deyib ayağa durdu. Qıraqdan ona tamaşa edən balaca çobanı yanına çağırdı.
-Adın nədi, ömrüm-günüm?
-Nəsibdi,- deyib yolçuya bir az da yaxınlaşan Nəsib heyran- heyran onu seyr etməyə başladı.
-Ay maşallah, nə gözəl adın var.
Sonra papağını gözünün üstündən qaldırıb alnından öpdü, bağlamasını açıb Nəsibin qoşalanmış ovcunu qalet-qanfetlə doldurdu və yoluna davam etdi.

3

Hacı Mahmud əfəndi gilə qalxan yolun girişində dayandı. Nəfəsini dərib dizlərini yerə söykədi. Yolun kənarındakı daşı bir neçə dəfə opüb, üzü yuxarı qalıxmağa başladı.
Hacı Mahmud əfəndinin hundür təpənin ətəyində yerləşən evi heç vaxt qonaqsız- qərəvəsiz olmazdı. Təriqətcə Nəqşibəndi olub, Murşidi- kamili Mir Hımzə Seyid Nigari Həzrətlərindən dərs almış, Nəqşibəndiyyədə altun silsilənin 33 şeyxi olan bu övlüyanın ocağına bölgənin hər yerindən ziyarətə gələnlər, bu ocaqdan nur payı götürüb, könül ucalığı, boyük ümidlər, uca amallarla geri dönərdilər. Bu mövlanə insana murid olmaq, onun yanında qalıb dərs almaq istəyində bulunanlar da ümidsiz qayıtmazlarmış onun ulu dərgahından. Ruhunu gen səmalara uçurmağı bacaran neçə-neçə seçilmiş, kərəmətli müridləri varıydı bu Mürşidi – kamilin.

Bu gün bu müqəddəs məkanda mövlüd gecəsi keçiriləcəkdi. Ona görə də uzaq Qarabağ ellərindən, Aran, Dağ Borcalıdan,ətraf bölgələrin hər tərəfindən Hacı Mahmud Əfəndi işığına pərvazlanan eşq aşiqlərinin, Allah qullarının hamısı pir, ocaq bildikləri bu məkana toplaşmışdılar.
Bu məkanda Hurmələk nənəni bura yığşanların hamısı tanıyırdı. Onu ehtiramla qarşılayıb, qadın mürüdlərin yanına ötürdülər…

Qaranlıq düşmüş ,gündüzün hayı- harayı səngimiş,səslər, nəfəslər evlərinə daşınmışdı. Hər tərəfə sakitlik, sukut hakim kəsilmiş, yer ilə göy arasındakı qara nəfəslər aranıb, daranmış, gecənin ortasında bərq vüran ay, nurlu camalıyla gül- çıçəyə qərq olmuş İncə dərəsini bir Cənnət yaraşığına boyamışdi. Hacı Mahmud Əfəndinin qonaq otağı sayılan geniş, hündür odası bu gecə Allah nuruna qovuşmağa gəlmiş Mürşıdi – kamillər, eşq divanələri, kəramətli müridlər, “dəli”dərvişlərlə daha da müqəddəs bir görkəm almışdı. Odanın ortasında qoyulmuş, nəhəng daş sütunlar, iri çilçiraqlar, çilçiraqlarda yanan şam şölələri bu Nəqşibəndi ocağının əzəmətini bir az da artırırdı.
Otaq boyu dövrələmə taxtlar düzülmüş, üstünə al- əlvan xalılar döşənmişdi. Baş tərəfdə qoyulmuş taxt bir az hündur idi. Taxtın artasında ədəblə bardaş qurub oturmuş Hacı Mahmud Əfəndinin sağ tərəfində əslən Qarabağlı olan, ən sevimli muridi, məzhəbcə şiyə olan Seyid Yasin əfəndi, sol tərəfində isə məzhəbcə sünni olan, Amasyada Seyid Həmzə Nigari həzrətlərindən birgə dərs aldığı təriqət və könül dostu, Borçalının İlməzli obasından olan Hacı Mustafa Əfəndi əyləşmişdi. Hər üç övliya xocanın camalından süzülən nur, məclisdə əyləşənlərin könül dünyasında şövqlə cilvələnirdi…

Boyca daha uca olan Hacı Mahmud Əfəndi,başındakı yaşıl əmmamə ilə, gözəl camalına xüsusi yaraşıq verən ağlı-qaralı saqqalı, qara qaşları, işıqlı gözləriylə xüsusi seçılirdi. Tünd, boz rəngli cuxası, boynuna doladığı al lalə rəngli şarfı, əlində çevirdiyi uzun, iri təsbehi onun görkəmini bir azda gözəlləşdirirdi.

Məclisin sağ hissəsində müridlər, dərvişlər, Arifi- kamillər, kəramətli təriqət sahibləri qatarla əyləşmişdilər. Allah eşqiylə göylərə bülənd olmağa tələsən bu aşiqlər sanki işığa dönmüş ruhlarına qoşulmağa tələsirdilər. Onların bir neçəsinin əlində, yanları bəzəkli qotazlar, rəngbərəng muncuqlarla bəzədilmiş dördkünc dəmir tənəkə qutular var idi. Avazı tutmaq uçün bu qutuları musiqi alət kimi istifadə edərək oxuduqları ilahilərin ritminə uyğun barmaqlarının ucu ilə səsləndirirdilər.
Məclisin sol tərəfində isə demək olar ki, tamamən oxşar, qara qiyafətlər geymiş qadın müridlər- Allah işığına qovuşmaq üçün alışıb yanan eşq pərvanələri əyləşmişdilər. Onların məxsusi geyimləri vicudlarını tamamilə örtur, qara, uzun qollu koftalarının qolları əllərinin üstünüdə bağlayirdı. Başlarına bağladıqları qara, saçaqlı şalın alın tərəfini kələğayı ilə çəkib, ağızlarını yamşaqla bağlamışdılar. Bu məkanda qadın- kişi məsələsi olmur, hamı bir canda döyünən ürəyə çevrilərək cənnət mələklərinə dönürdülər. Axı Cənnətdə olan bütün ruhlar, isdər qadın, isdər kişi, Adəm babamızın, Həvva nənəmizin ruhlarına qovuşur, bacı- qardaş olurlar…

Nəhayət, müqəddəs sükutu həzin pıçıltı əvəz edir, hamının diqqəti məclisin baş tərəfində əyləşib, ilahi bayatılarla mövlüdü açan Hacı Mahmud Əfəndinin nurlu çöhrəsinə dikilir. O, üç dəfə ”Allah, Allah, Allah”- deyib Məhəmməd Peyğəmbərin gül camalına salavat çevirərək, Süleyman Çələbi Həzrətlərinin təfsilində düzümlənmiş “Mövlüdi- şərifin” ilk beytlərini bayatı ağzında çağırmağa başladı:
Sallu alə rasulinə Muhəmməd (s.a.v.)
Sallu alə qulubinə Muhəmməd (s.a.v.)
Sallu alə şəfi i-zubinə Muhamməd(s.a.v.)
Bir daha əllərini saqqalına çəkərək, əlindəki kəhraba təsbehini çevirə-çevirə, mövlüdi- hekayəti xoş bir avazla davam edirdi:

Var idi Bagdadidə bir salihə,
Abidəydi, zahidəydi, nasihə.

Bir gün ol dünyadan eylədi səfər,
Dunyaya gələn kişi labüd gedər.

Bir füluri qaldi sonundan həmən,
Ona cənnət olmasın necə məkan.

Var idi bir salih oğlu növcavan,
Taət üzrə olur idi hər zaman.

Ol füluri qaldı anasından ona,
Der idi kim nə alaydım bən buna.

İş bu fikir ilə yürürkən ol cavan,
Gördüki, biryerdə xalq var nagahan.

Müctəmi olub oxurlar Mustafa,
Məvlidini dinlədi ol pürsəfa.

Məclisdə bir canlanma yarandı, əvvəlcə yanında oturan Seyid Yasin Əfəndi, Hacı Mustafa əfəndi, sonra isə yerlərdə əyləşmiş müridlərdən- Haşım baba, Cındır Osman, Taylı Nəsib, Dəli Cəfər, Yel Əhməd və digər meyxana oxuyan dərvişlər, Mürşidi-kamillərinin səsinə səs verərək ruhları yerindın oynadan bir havacat yaratdılar:

Çünki ani dinlədi ol növ cavan,
Gozlərindən qanlı yaş oldu rəvan.

Ol gecə yatdı evində ol cavan,
Gördü kim olmuş qiyamət nagahan.

Çağırışıb derlər münadilər rəvan,
Qandasan gəl cənnətə gir ya filan.

Nagahan bir qəsri ali gördü ol,
Ona girmək dilədi ol pürüsul.

Dedilər məvlid edən girər ona,
Verməzəm pəs girməyə dəstur sənə.

Ta vəfat edincə hər yıl cavan,
Mustafa məvlidin etdi şaduman.

Gülə-gülə etdi ol sərvər səfər,
Çün bu fani dünyadan qıldı güzər.

Hazır etdilər həmən dəm bir təbib,
Dedilər ölmüşmüdür gör bu qərib.

Dedi, bilin bu igid ölmüşdürür,
Leyk buna Haqq nəzər qılmışdürür.

Gözün açdı ol cavan ol dəm haman,
Qəvminə dedi ki, olun şaduman.

Ölmədən cənnətdə yerim görmüşəm,
Mustafanin məclisinə ermişəm.

Etdiyiçün mövludinə hörməti,
Haqq Təalə ona etdi rəhməti.

Güldügim budur bənim, bilin dedi,
Mustafanin məvlidin qılın dedi.

Böylə dedi gözlərin yumdu haman,
Qəvmi oldular onunçün şaduman.

Əslində bu müqəddəs Mövlüd gecəsi- eşq ilə coşan könüllərin, axşamında, sabahında nəfəslərlə ürəklərə dolan nəfsi- iblislərin yer ilə göy arasında qara pərdələr çəkdiyi maddi dünyadan ayrılıb, Tanrı dərgahına qovuşma məqamıydı. Özü bu dünyada, ruhu ilahi bir məkanda dolaşan Hürmələk nənə oxunan hekayətin avazında yaranan fasilədə sanki özünə gəldı. Əllərini qoşalayıb oxunan salavata qoşuldu.

Əssəlatu vəssəlam olsun sənə,
Ya Muhəmməd, alinə, əshabinə, övladına.
Failatun, failatun, failət
Ver Muhəmməd Mustafaya salavat.

“Oda” adlandırdığımız bu iri, geniş mənzilin içi sevdalı aşiqlərlə dolmuşdu. Məclisdə əyləşənlərin bir qismi avaz- avaza verib cənnət bülbülləri kimi oxuyan kamili- mürşüdlərin, havalı müridlərin, divanə dərvişlərin səsinə səs verərək oxuyurdular. Həyətdə düzülmüş iri samavarları qaynadan gənc müridlər, əllərində tutduqları mis sinilərin içinə düzülmüş armudu stəkanları məxməri çayla doldurur, böyük ehtiramla əyləşən qonaqların qarşısına düzərək, təzim edə-edə geri qayıdırdılar.
Məclisdə yaranan ilahi abu- hava anbaan canlanır, arası kəsilmədən bir qəzəli başqa bir qəzəl əvəz edirdi.

Ey çərxi- sitəmkari, pərişan olacaqsan,
Viran elədin varımı, viran olacaqsan.
Əlhəmdü ki, meyxanədə gördüm səni zahid,
Şükr eylədim Allaha, müsəlman olacaqsan…

Xoş avazla oxunan mövlüdün ilahi sehrinə düşən məclis əhlinin çılğınlığı, coşqusu getdikcə artmağa başlayır, eşq ilə coşan könüllər bu fənafillahdan ayrılıb üzü həqiqətə uçunurdular.
Sol tərəfdə cərgələnmiş qadın müridlər könülləri riqqətə gətirən bu ilahi nəğmələrin sehrinə düşərək, oxunan qəzəlləri dodaqaltı pıçıldayır, səslənən ritmlərin avazına uyğun olaraq pərvazlanırdılar.

Cahan içrə şah edər,
Qəlblər üzrə mah edər,
Basili Allah edər-
Lə- iləhə- illallah.
Lə- iləhə- illallah.

Qəlbindən silər pası,
Haq yola sürər nası.
Nərm edər qəlbi kası-
Lə- iləhə- illallah.
Lə- iləhə- illallah…

Məclisin başında əyləşmiş mürşidi övliyalar bir bayatıdan digər bayatıya elə usdalıqla adlayır, ritmdən ritmə elə keçidlər edirdilər ki, oxunan mövlidi-şəriflə məclis arasında pozulmaz vəhdət, ilahi bir harmoniya bərqərar olurdu.

Şol cənnətin irmaqları,
Akar Allah deyu- deyu,
Çıkmış İslam bülbülləri
Ötər Allah deyu- deyu.

Aydan aydındı yüzləri,
Şəkərdən tamlı sözləri.
Cənnətin huri qızları
Gəzər Allah deyu- deyu …

Yunus Əmrəm var yanına,
Qoyma bu günü yarına,
Yarın Haqqın divanına,
Varım Allah deyu- deyu.

 

Mövlüdü- şərifin sonluğunda yenə araya sükut hakim kəsildi. Hacı Mahmud Əfəndi əllərini gümüşü saqqalına çəkərək , bir daha sükutu pozdu.” Allah, Allah “ deyərək, Peyğəmbərimizin gül camalına yenidən bir salavat cevirib, qarşısında qoyulmuş, əlvan qotazlar, parlaq muncuqlarla bəzədilmiş dördkünc tənəkəni əlinə götürdü, barmaqlarının ucları ilə vuraraq ilahi bir şövq, xüsusi bir məharətlə ritm tutmağa başladı. O, qəzəlləri oxuyarkən biixtiyar gözləri qapanır, özü ilə bərabər bütün məclisi də müqəddəs bir məkana aparırdı. Əlində rəqs edən qotazlı tənəkəni barmaqlarının ucu ilə səsləndirərək, könülləri riqqətə gətirən məlahətli səsiylə meyxanənin ilk beytlərini dilə gətirib, mürşidi – kamili , Pir həzrətləri- Mir Həmzə Seyid Nigarinin məşhur qəzəlini oxumağa başladı:

Könlümdə gəzər, ləli- gövhər barı Muhəmməd,
Ta zahir olur löyleyi- əsrari Muhəmməd.

Sihət bulur işşadi mərəzdari ləbindən,
Peymaneyi-candır ləbi- gülnari- Muhəmməd,

Bir xoş düşün ey talibi- sərçeşmeyi heyvan,
Gör kim nə rəvanbəxşdir əfnari Muhəmməd…

Əjdər demə, gəncineyi- əsrari xudadan,
Sərtabeqədəm türreyi- tərrari- Muhəmməd…

Bu dəfə əllərində tutduqları bəzəkli dəmir qutuları eyhamla səsləndirən muridlər də bu övliya həzrətlərinin oxuduğu ilahi şərqilərə qoşularaq, qumrov avazlarıyla onun səsinə səs verdilər:

Nə əcəb dövlət imiş, seyri- şikari- Qarabağ
Nə gözəl nemət imiş, söhbəti-yari – Qarabağ
Rəşk müşkü ənbər imiş buyi- qubari- Qarabağ
Abuheyvan imiş ənhari- pünari- Qarabağ.
Aləmi- cənnət imiş qari- diyari – Qarabağ,
İmdi bildim nə aliş vəsvi-həzari- Qarabağ.
Yeridir kim, çəkərəm ahu- zarı- Qarabağ,
Dağlayıbdır bəni bir lalə-üzari – Qarabağ,
Yandırıbdır bəni bir naru- Nigari – Qarabağ…

Məclisdə yaranan canlanma yerində oynayan müridləri rahat qoymadı. Əlindəki tənəkə qutunu oturduğu yerə qoyan Taylı Nəsib məclisin ortasında düzənlənmiş, kilim və keçələr döşənmiş meydana çıxdı. O əllərini yanına salaraq gah sağ, gah da sol ayaqları üstündə yırğalanaraq məclisin ortasında dolanmağa, sonra isə qollarının birini yana, birini isə yuxarı qaldıraraq fırlanmağa başladı. Başını yuxarı qalxan qoluna söykəmiş Taylı Nəsib sanki bu dünyadan başqa bir dünyaya qanadlanırmış kimi firlana- fırlana məclisin ortasında dövrə vurur, ilahi bir məkana qovuşmağa can atırdı.
Taylı Nəsibin halından şövqə gələn Haşım baba, onun ardınca Cındır Osman, Dəli Cəfər, Yel Əhməd də meydana çıxdılar. Oynayan müridlər şam işığına hərlənən pərvanələr misalı əllərini gah yana açır, gah da yuxarı qaldıraraq bir ayaqları üstındə fırlanır, hərdən cezv məqamına yetib ”Yahu! Yahu! Yahu”, hərdən də “Allah! Allah! Allah” deyə-deyə daha da surətlə fırlanmağa başlayırdılar.
Ilahi nəğmələr avazdan – avaza, qəzəldən-qəzələ qanadlanır, eşq pərvanələri bir- birini əvəz edirdi. Hürmələk nənə bir əlini digər əlinin üstünə vurur, ritmə uygun olaraq oynayan müridlərin halını özündə yaşayırdı.

Səs-səsə verib oxuyan müridlər növbəylə bəzəkli tənəkə qutuları bir-birinə ötürə-ötürə rəqs meydanına çıxır, tər-suya qərq olub yorulanlar yenidən bardaş qurub oxunan ilahi nəğmələrə qoşulurdular. Başda oturmuş mürşidi- kamillər artıq bir neçə saatdır ki,oxuduqları ilahi qəzəllərin cezvində bulunub, gözlərini açmadan bir qəzəldən digərinə keçirdilər.

Rəqs edənlərin “Ya Allah, ya Allah”yahuları, meyxana oxuyanların al-əlvan səsləri, hərdən nazik səslə zilə qalxan müridlərin avazları damarlarda qanı coşdurur, ürəklər qəfəsə salınmış quşlar kimi çırpınır, can evindən perikmiş ruhlar yer üzündən göy üzünə havalanırdılar. Bu anlarda “Allah,Allah, Allah” deyib cezv məqamına düşən Taylı Nəsib ayağındakı bəzəkli corabı çıxarıb fırlana- fırlana pəncərənin yanındakı yanar sobaya yaxınlaşdı. Içi tez-tez odunla dolan sobanın ustü qıpqırmızı qızarmışdı. Taylı Nəsibin ruhu artıq cismini tərk etmişdi.

Dərdi-möhnətin, ey sənəm, sənəm,
Eşq ilə çəkən bir mənəm, mənəm.
Ari- varını, ruhi- mehirdə,
Tarümar edən, bir mənəm, mənəm.

Çəkmişəm cəfa, eylə bir vəfa,
Səndə əl, əta, can sənə fəda.
Rahi- mehirdə zari- binəva,
Tarükül vətən bir mənəm, mənəm…

Taylı Nəsibi cezvə gətirən bu qəzəlı, o özü daha fərqli bir səslə ucadan oxuya- oxuya köz kimi qızarmış odlu sobaya yaxınlaşdı. Fırlana- fırlana ayaq yalın sobanın üstünə tullandı. Heyrət içində çaş-baş qalan meyxanə əhlinin bir qismi inanılması mümkün olmayan bu heyrətamiz mənzərəyə öz gözləriylə tamaşa edir, cezv halında oxuyanlar, oynayanlar isə öz aləmlərində idilər.
Taylı Nəsib cezv məqamında qaynayan samavarı başından tökməklə, qışda buz bağlamış suya girib tərləməklə bu möcüzələri sübuta yetirmiş kəramətli müridlərindən biri idi Hacı Mahmud Əfəndinin. Bu doğrudan da bir həqiqət idi. O, köz kimi qızarmış dəmir sobanın üstündə bir neçə dəfə dövrə vuraraq, eyni cəldliklə yerə tullandı. Yenə də davamlı olaraq əllərini yana açıb bir istiqamətə firlanmağa başladı. Heyrətdən yerində donub Taylı Nəsibin bu halına tamaşa edənlər onun ayaqlarının yandığını zənn edib, dayanmadan onun daha da eşqlə oynamasına mat qalmışdılar.

Gecə yarıdan ötmüşdü. Sehrikar nəğmələriylə İsaq-Musaq Quşlarının nəğmələrini ovsunlayanUlu Tanrı sevdalıları, qaranlıq gecənin ortasında heyran-heyran bu mənzərəni seyr edən ayın camalı, İncə dərəsinin zulmətə qərq olmuş qucağından göy üzünə nur yayan Hacı Məahmud əfəndi ocağı bu gecə dünyanın ən diri məkanına qovuşmuşdu…

İlahi eşq ilə qaynayıb coşan meyxanaya ara verən Hacç Mahmud Əfəndi məclis əhlinə fasilə etməyə, çay süfrəsinin açılmasına izin verdi.
Adət üzrə bu fasilədən sonar meyxana davam etməli, bu dəfə qadın müridlər Allah eşqiylə alışıb yanan mələk xanımlar rəqs etməli, yerdə qalan müridlər isə ilahilər oxuya-oxuya zikr etməli idilər.

Bir azdan süfrələr yığıldı,mövlüd məslisi yeni bir şövdlə davam etməyə başladı. Bu dəfə Hacı Mahmud Əfəndi təriqət qardaşları Seyid Yasin Əfəndi, Hacı Mustafa Əfəndiylə birlikdə məclisi tərk etmişdilər. Onlar başqa hücrədə namaza oturaraq izkr məqamına qovuşmuşdular.
Haşım baba, Cındır Osmanla qoşalaşıb, yeni bir şövqlə oxumağa başladı. Qara geyimli nənələr, ağzı yaşmaqlı analar, Allahın dərgahı adlanan uca məqama qovuşmaq eşqiylə alışıb- yanan məleykə xanımlar meydana çıxıb bu səma rəqsini davam etdirərək əlləri yuxarı fırlana-fırlana məclisin ritminə şux bir rövnəq gətirdilər. Bu müqəddəs pərvanələrin içində Hürmələk nənə cazibəli oyunu, yaşının çox olmasına rəğmən, çevik rəqsiylə məclisin ortasında işıqlı çevrələr çıza-cıza sanki səmaya ucalırdı.
Xanım müridlərdən də eyni halı yaşayıb “Allah, Allah, Allah!”- deyə-deyə qəşş edənləri var idi. Onları bir yana çəkib üzlərinə su səpərək öz hallarına qaytarırdılar.
Hürmələk nənə cezv məqamına Allahı zikr etməklə qərq olmuşdu. O artıq ətrafda baş verənləri görmür, mələk ruhuna qoşulub, İlahi bir məkana uçub getmişdi. Tanrı dərgahında məst olub, öz pıçıltılarıyla Allahı zikr edir, uca yaradanın müqəddəs nəfəsini duyaraq Abu-kövsər suyu kimi durulur, könül dünyası Cənnət baxçası kimi gülə-gülşənə boyanırdı…

5
Kannan məkana

Yaz ağzıydı. Amma günəş günortanı elə qızdırmışdı ki, isti hava qorabişirən ayını xatırladırdı. Bulud kölgəsinə sığınmış balaca çoban ucunu şiş kimi itilədiyi zoğal toxasıyla (toxmaq, bu toxmaqla çiling- ağac oyunu da oynayırdılar) eşib çıxardığı dərəğuranın , mollabaşının yumru kökünü( bu novruzgülünə bəzən “dərəqıran” da deyirlər) əliylə təmizləyib iştahla yeyirdi. O, əkə-bükə çobanlar sayağı sarı üryənin uzun cilovunu qoluna keçirib quzuların ağzını yamyaşıl göyərmiş taxıl zəmilərinin əks tərəfindəki ağ, sarı çiçəklərlə bəzənmiş təpənin döşünə ötürmüşdü. “Çoban” Nəsib şirin-şirin otlayan, hərdən oynaqlaya-oynaqlaya bir-birinə kəllə atan ağlı, qaralı quzuları seyr edir, hərdən də çəmənlikdən dərdiyi qoçları (qoç buynuzuna oxşayan bitgidi) bir-birinə çarpazlayaraq “dalaşdirirdı”. Hərdən də “ehe-he-he” deyə çobanlara məxsus səslər çıxarır, balaca dodaqlarını büzərək növbənöv səslərdə fit çalaraq quzulara anladırdı ki, taxıl zəmilərinə tərəf dönməsinlər.
Təpənin arxasından burulub aşağı enən yolda nöqtə kimi görünən qaraltını görüb, maraqla onu izləməyə başladı. İncə Dərəsindən payi-piyada gələn yolçu “Hurmələk” təpəsinə yaxınlaşdıqca böyüyür, böyüdükcə kim olduğu aydınlaşırdı.
-Bu Hürmələk nənədir ki- deyib dodaqaltı pıçıldayan Nəsib əminiydi ki, bu mehriban qarı , elə sağlığındaykən adıyla möhürlədiyi “Hürmələk təpəsi”-ndə namaz qılandan sonra onu yanına çağıracaq, ciblərini qalet-qanfetlə qolduracaqdı.
Müqəddəs adətinə bir dəfə də olsun belə naxələflik etməyən Hürmələk nənə hər cümə günü Aslanbəyli kəndinə gedib cümə namazlarını Hacı Mahmud Əfəndi həzrətlərinin iqamətgahında qilar, bu ulu Övlüyanın camalından nur payını götürərdi. Günorta namazını isə həmişə olduğu kimi həmin təpənin üstündə qılıb Salahlıya- evlərinə tələsərdi. Elə buna görəydi ki, camaat həmin təpəni “Hürmələk təpəsi” adlandırırdılar.

Qızmar günəş onu yamanca təntitmişdi. Uzaqdan balaca çobanı gözü almışdı. Nurlu camalına bir təbəssüm qonmuşdu. Namaz qılacağı təpənin dörd dövrəsini al rəngə boyamış lalələr nədənsə boyunlarını aşağı əymişdilər. Böcəklər, əlvan rəngli kəpənəklər yoxa çıxmışdılar sanki. Həmişə lalələri utandıran al yanaqları solmuşdu. Dizlərinin taqətı kəsilmiş, nəfəsi təngimiş halda əlindəki ağaca dirsəklənə-dirsəklənə birtəhər təpənin üstünə qalıxdı. O biri əlində tutduğu bağlamanı yerə qoyub nəfəsini dərdi. Sonra bağlamadan çıxardığı cənəmazını yerə sərdiyi önlüyünün baş tərəfinə qoydu. Üzünü qibləyə tutaraq günorta namazını qılmağa başladı. Bir neçə dəfə səcdəyə əyilib dikəldi, güclə eşidiləcək bir səslə pıçıldamağa başladı:

- Rəhmani Nəğmələrdən gəlib, Sübhani Nidalarla səni zikr edirəm,ey Könül Higarım! Ey uca Allahım!
Sənə olan məhəbbətim bu dünyada sərvətim, o dünyada cənnətimdir. Mən səni sevdikcə özümü unutdum, bu dünyanın faniliyini anladıqca sənin varlığını dərk etdim. Sənə qovuşmağın yolunu səmalarda gördüm. Mənə əmanat etdiyin Nurunun cöhrəsinə xəyanət etmədim, səni özümdə tapıb qüdrətli oldum və son nəfəsimə qədər qəyyumum oldun. Sənin nəfəsinlə qüdrətli, sənin camalınla əsgilməz oldum. Sənin lütfükarlıqla mənə verdiklərinə şükr elədim, kifayətləndim, artığına iddia etmədim,faydasını gördüm. Bir başqasında qüsur axtarmadım, görə bildiyim öz qüsurlarım oldu, yalnız sənin, sənin rəhminə, ədalətinə güvəndim. Səni, ancaq səni sevdim, başqa məhəbbət axtarmadım. Hər hansı sirrimi gizlədə bilsəm də sənə olan sevgim nur kimi aşgarda oldu, örtülmədi. Bilmədiyimi danışmadım, edə bilməyəcəyimə söz vermədim, mənə əl açanları naümid etmədim, hər kəsin çöhrəsində sənin camalını görub insanlığı sevdim, bir kəsə qayğı göstərə bilməyəndə utandım. Ən təəsüfləndiym anlar sənin hicrində olduğum anlar, ən xoş anlarım sənin vüsalına qovuşmağım oldu. Bizə bəxş etdiyin yer üzündə səni zikr etdim ki, məni səmalara çağırasan, Əzəmət Çadırının altında, İzzət Sərapərdəsinin arxasında nəfəsinə hopdurub, Uca Cənnətdə əmrinin Məşriqi və Nurunun Məzhərinə qovuşdurasan.
Dünyanı fani, var dövləti ani, dərdi-möhnəti ali, yox bildiyimizi var, var bildiyimizi yox gördüm. Bütün var-dövlət sənin olduğu halda bu var dövləti mənimsəyib sənin olan yoxsullarına verməyənləri görüb xəcalət çəkdim, öz ruhumu, könlümü fəda etməklə təsginlik tapdım. Sənin mənzilin saydığım ürəyimə kin küdurəti yaxın qoymadım, sənin vəhyinin məkanı olan ruhumu qənşərində zühur edəcək günə pak saxladım.
Zatımızın torpaq olduğunu, torpaqdan yarandıqlarını unudub təcrid cövhərindən məhrum olanları, ləzzət tamına aldanaraq lovğalananarı görüb usandım. Hər şeyi sənin gözünlə, hər dadı sənin ağzınla, hər sözü sənin qulağınla eşitdim. Sənin hidayət və inayətinlə, bizlərə bəxş etdiyin nemətlərin müqəddəs ətrinə, rayihəsinə qərq olaraq hər an şükürlər etdim. Özünü qardaşından üca tutanları gördüm, özlərinə şah dedilər. İzzət Qələmindən müqəddəslik rayihələri süzülənləri gördüm, özlərinə Qul dedilər. Şaha itaət edənlərin qullara məhəl qoymayanlarını gördüm, bağrim başı şan-şan oldu.Ürəyimi ruhumun cilasıyla təmizləyib, pərdəsiz camalını görmək üçün dərgahına tələsdim. Dilimdə sən, gözumdə sən , könlümdə sən oldun deyə bu dünyada kar, kor, lal kimi yaşadım, təmiz gözlə, təmiz ağızla, təmiz könüllə müqəddəs dərgahına qovuşum deyə. Sən mənim munisim olandan məyyusluq görmədim, izzətindən tamıb, cəlalına min yol aşiq oldum. Bu fani küləklərin əsib Ruhani Qulamın cəlalını tozla örtdüyü məkanda, məzlumluq əlində parpıldayan Eşq sultanı-Müqəddəs Göyərçinin bayquşlar caynağına giriftar olduğunu görməyib, qəflət yuxusunda rahatca yatanları gördüm. Batini canavar, zahiri çobanların, çox lətif və lətafətli görünməyə çalışıb sənin camalının təcəlləsindən məhrum olanların, laməkan olub Ol Məkana qovuşmaq eşqiylə yananlara güldüklərini gördüm. Sən insanları öz lütfündən, öz nurundan, öz paklığından yaratdın, öz camalından pay verdin .
Mən bağladığım gözlərimlə gördüm bunları. Gözlərimi açanda isə tək səni gördüm.

Ey könlümün məhbubu, hər quşun gözü öz yuvası, hər bülbülün avazı öz butası olduğu kimi mənim də gözüm, könlüm sənə olan sevgimin yuvası, butası oldu. Sən məni fanilikdən əbədiyyətə çağırırsan, sənin nuruna qovuşmaqdan böyük səadət olmaz. Mənə Ruhil- Qüds müjdəsi kimi göndərdiyin ölümlə fərəhləndim, sənin ruhuna əbədi qovuşmaq məqamına yetdim. Məkansızlıq qapılarını aç, müqəddəs səmada, Uca Cənnətdə eşq sirlərinin həqiqətləri, onun lalələrində aşgarlanan hikmətləri ilə gözlərimi işıqlandır. Məni Üfüqi- Əlana qovuşdur…

Zülmət və nur pərdələrin görünən üzlərini görməkmiş yaşamaq. Yaşamaq göz görduyündən pay ummaq, doyduqca acmaq, acdıqca doymaqmış. Göz görməyəni görmək, qulaq eşitməyənləri eşitmək, bu zülmət və nur pərdələrinin yox saydığımız üzünü dərk etməkmiş əzzəlin sonu…

Beyqafıl yağan şıdırğı yağış beyqafılcada dayandı. Göy üzünü yer üzünə qovuşduran əlvan rəngli göy qurşağı da beyqafılca nazil oldu. Dizi üstəcə dualarını sona yetirdi, göylərə uzanan qolları boşalıb yavaş-yavaş yanına düşdü Hürmələk nənənin. Zülmət pərdəsi bağlandı, illərlə qəfəsə salınıb göylərə can atan, dərhaldaca qəfəsinə dönən sonuncu nəfəs beyqafıl uçub getdi, geri dönmədi. İllərlə “Allah, Allah” deyib döyünən ürəyi beyqafılca dayandı. Beyqafıl yağan yağışdan sonra yaranan qövsiquzehin üstündən adlayıb üzünə açılan nur pədəsinin işıqlarına qərq oldu. Həqiqətə uçunan ruhu Üfiqi- Əlaya qovuşdu Hürmələk nənənin.

Allah, gözümdə yaş,
Güldükcə ölürəm.
Mən bilməyənləri,
Bildikcə ölürəm.

Yerin, göyün cəmi-
Bircə anın dəmi.
Gözlərimdən qəmi
Sildikcə ölürəm.

Döndər axan çaya,
Göydən baxan aya.
Bu fani dünyaya
Gəldikcə ölürəm

Yağışın göz yaşlarıydi taxıl zəmilərinin ətəyini bəzəyən al qırnızı lalələrin yanaqlarında titrəşən şəbnənmlər. Yer ilə göy arasında beyqafilca peyda olan yeddi rəngli göyqurşağı bəzəkli körpü kimi beyqafılca da yoxa çıxdı.

Bu bahar bir çiçəkli
Narıydı, yoxa çıxdı.
Çiçəkləyən iydələr
Sarıydı, yoxa çıxdı.

Gülüm soldu budaqda,
Sözüm dondu dodaqda.
O ucalıq o dağda,
Qarıydı, yoxa çıxdı.

Ay laləyə xal çəkən,
Söz yüküdü lal çəkən.
Çiçəklərdən bal çəkən
Arıydı, yoxa çıxdı.

Heçə döndü neçə say,
Keçən ömrü heçə say.
Gündüz günəş, gecə ay
Varıydı, yoxa çəxdı.
Balaca Nəsib taxıl zəmisinə dolmuş quzuları, cilovu qolundan aralanmış sarı üryəsini belə unudub, uşaq heyranlığıyla Hürmələk nənənin sehirli hərəkətlərinin cezvinə düşmüşdü. O, gözləyirdi ki, bu mehriban nənə ayağa durub onu yanına çağıracaq, üzundən, alnından öpüb boxçasına əl atacaq, növbənöv şirnilərlə ciblərini dolduracaq. Amma indi tamam başqa bir mənzərəni görüb cəld ayağa qalıxdı. Qaça-qaça gəlib üzü üstə yıxılmış Hürmələk nənəyə yaxınlaşdı. Qarının başını yerdən qaldırıb dizləri üstünə qoydu. Hürmələk nənənin balaca Nəsibə baxan gözləri gülümsəsə də, bir nöqdədəcə donub qalmışdı. Azacıq aralanmış dodaqları sanki Nəsibi öpmək istəyirdi.
Həyacandan bədəni uçunan Nəsib qarının başını ehmallıca yerə qoyub sarı üryəyə tərəf qaçdı…
6
Hacı Mahmud Əfəndi boğazını qara əsgi parçasıyla bağladığı balaca Pərinin başını ülgüclə təraş edirdi. O taydan,( Kürün o tayı) Sadıxlıdan ona pənah gətirmiş bu balaca qızcığazın hər iki gözü kor idi. Ancaq bəsirət gözləri açıq olan bu qızcığazı Hacı Əfəndi baba öz balası kimi sevib, qayğısına qalırdı. Balaca olmasına baxmayaraqa, artiq bir kəramət sahibi kimi tanınırdı.Bir dəfə məclislərinə gəlmiş pis niyyətli adamın üzünü görməsə də, “ buradan pis qoxu gəlir”- deməklə bəd niyyət adamın gəlişini anlatmış, hamını öz kəramətinə inandırmışdı. Qəribəliklərindən biri də o idi ki, saçları bir barmaq enindən artıq böyümürdü. Ona görə də Hacı Mahmud Əfəndi vaxtı çatanda saçlarını ülgüclə təraş edərdi. (Haqqında söhbət açdığımız kor Pəri sonralar kəramətli təriqət sahiblərindən olmuş, son nəfəsinə qədər İncə dərəsinə gəlib, Hacı Mahmud əfəndinin müqəddəs türbəsini ziyarət edər, mövlüd məclisləri qurub, mürşüdi- Kamilinə ilahi nəğmələrlə laylalar oxuyardı.)

Hürmələk nənənin ölüm xəbərini İncəliyə çatdıran Həsib özünü Hacı Mahmud Əfəndinin evinə yetirib, qığılcim kimi atından yerə sıçradı. Həsib ( sonralar Qorğa Həsib kimi tanınıb və həmin ocağın müqəddəs amallarının ləyaqətli daşıyıcılarından biri olub,” Qoca baba”- deyə çağırdığı Haçı Mahmud əfəndinin doğmaca əmisi nəvəsi idi). O, özünü Qoca babasının üstünə salıb gördüklərini olduğu kimi ona söylədi. Bu xəbərdən pərişan olan Hacı Mahnud əfəndi sevimli dostu, ləyaqətli şagirdi olan Seyid Yasin Əfəndiyə üz tütaraq belə söylədi:
- Ey Seyid Yasin Əfəndi, Hürməlk xanım Haqqın dəgahna qovuşdu. O, bizim təriqət qardaşımız, ləyadət və paklıq aynamız idi. Biz onu ləyaqətlə dəfn edib, vəsiyyətinə əməl etməliyik. Söz arasında bir dəfə vurğulmışdi ki, o zamn özümü arzu-kamıma yetmiş sanardım ki, sən özün məni öz əllərinlə həmişə namaz qildiğım o təpənin üstündə dəfn edəsən, cənazə namazımı da özün qılasan. Allahın əmriylə o məqam yetişdi. İndi bizim də öz börcumuza əməl etməyimizin zamanıdı.

Salahlı tərəfdən bir bölük, İncəli istiqamətdən də bir bölük camaat üz-üzə gəlib, eyni zamanda Hürmələk təpəsinə çatdılar…

İllər ötüşdü, Hürmələk nənənin tək məzarı ocaq yerinə döndü. Ehsanat olaraq kimi həmin məzarın ətrafını hördurdü, kimi baş daşı qoydu, kimi isə məzarı ziyarət etmək üçün təpənin baçına qədər pilləkan saldırdı.
Könül sevdalarımla cilalayıb, söz kərpicləriylə horməyə çalışdiğım bu balaca abidəni də məndən bir ehsan kimi qəbul elə.

Yer- göy arası Allaha yoldu,
Yer cadar- cadar, göy puçur-puçur.
Pak ürəklərdə nurlu diləklər
Nəfəslə uçur, göyləri qucur.

Ağ bulud ahlar,- dil deyib ağlar,
Uca dağların qaşından öpər.
Dolama yollar, sevdalı qollar,
Başına dönər, daşından öpər.

Xirda çıçəklər, göy bənövşələr,
Allah eşqıylə qoxurlar yenə.
Anadil quşlar, sarı bülbüllər
Salavat deyib oxurlar yenə…

Yazdı, yamaclar xalılar toxur,
Cicəklər qoxur, bülbüllər oxur.
Qoxuyan oxur, oxuyan qoxur,
Bu “HƏMDİ” sənə, Hürmələk nənə.

Qaymaq dodaqdı sarı çiçəklər,
Köksünün üstdə arı iməklər.
Çiçək arzular, arı diləklər
Busəmdi sənə, Hürmələk nənə.

Can evim qəfəs, ruhum ağ nəfəs,
Bu səs, bu qəfəs Qurbanındı- kəs.
Eşqimdə həvəs, quş ağzımda səs
Nəğməmdi sənə, Hürmələk nənə.

Dillərin lalı- sevği məlalı,
Leylinin xalı, Məcnunun halı,
Lalənin alı, ayın camalı
Haləmdi sənə, Hürmələk nənə.

Qarada ağlar, ağda qaralar,
Gözdə qoralar, ah çəkib ağlar.
Meyvəli bağlar, bəhrəli tağlar
Töhvəmdi sənə, Hürmələk nənə…

Əsdi küləklər, düşdü lələklər,
Güldü”fələklər”, öldü mələklər.
Solan diləklər, qanlı ürəklər
Laləmdi sənə, Hürmələk nənə.

Köçür arılar, saralır bağlar,
Sökülür tağlar, tökülür dağlar.
Sinəmdə dağlar, gözüm qan ağlar,
Ümid ver mənə,Hürmələk nənə.

Yazıya 1242 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.