Vahid Ömərov — XVII əsrdə Azərbaycan mədəniyyəti

XVII  əsrdə Azərbaycan mədəniyyəti fars mədəniyyətilə qarşılıqlı əlaqədə inkişaf edirdi. “Azərbaycan tarixi” kitabında göstərilir ki, XVII- xalçaXVIII əsrlərdə məktəb və maarifi ruhanilər idarə edirdilər. Yaxın ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqlar təhsili məscidlərin nəzdində təşkil edilmiş məktəblərdə alırdılar. Məktəbə davamiyyət 10 yaşdan başlayır və bütün kənclik illərini əhatə edirdi. Təhsilin davam etdirilməsi birbaşa maddi imkanlardan, həmçinin, şagirdin meyl və qabiliyyətindən asılı idi. Orta məktəb mədrəsə adlanırdı, ali təhsil müddətində tibb, fəlsəfə, astronomiya, ədəbiyyat və digər elmlərin ayrı-ayrı nümayəndələrinin mühazirələri dinlənirdi. Təhsil Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da fanatizm ruhunda aşılanırdı.

XVII əsrin ortalarında Azərbaycanda olan-Evliya Çələbi yazırdı ki, təkcə Şamaxıda 40 ibtidai və 7 orta məktəb vardı. Şah Səfi tərəfindən tikdirilmiş məscidlərin nəzdində çoxlu ayrıca otaqlar-hücrələr vardı, orada tələbələr yaşayırdılar. Həmin səyyahın hesablamasına görə, o vaxta qədər Təbrizdəki ibtidai məktəblərin sayı 600, orta məktəblərin sayı 47-yə çatırdı. Evliya Çələbiyə görə, məktəblər abad idi. Burada dünya şöhrətli alimlər elmin müxtəlif sahələrini tədris edirdilər. Onlardan Mirzə Məhəmməd Məczuba Təbrizi (1657-1658), İman təxəllüslü Molla Mömin, Mir Əli Nağı Ərdəbili, Mövlana Ələkbər Şirvani, Molla Əliqulu Xalxali, Mirzə İbrahim Ordubadi və s. xüsusilə fərqlənirdilər.
XVII əsrdə Azərbaycanda maarif əsas etibarilə şəhər əhalisi arasında yayılırdı. Kəndli kütlələrinin böyük əksəriyyəti elm və təhsildən kənarda qalırdı. Azərbaycan şəhərinin hər məhəlləsində bir neçə məktəb var idi, kənd yerlərində bir məktəb bir neçə kəndə xidmət edirdi. Dövlət bürokratiyası və divanın məmur kadrları bir qayda olaraq şəhərlərdə gənclərdən hazırlanırdı. Onların içərisində kəndli gənclər cüzi idi.
XVII əsrdə Azərbaycan dili bütün Səfəvi imperiyasında, xüsusilə, hakim sinfin içərisində geniş yayılmışdı. Səyyahlar göstərirdilər ki, XVII əsrdə şah sarayında, həmçinin, adlı-sanlı adamların ailələrində Azərbaycan dilində danışırdılar. J.Şarden xalq məsəlinə isnad edərək, Azərbaycan türk dilini hakim dil adlandırırdı. Bu vaxt Azərbaycan türkçəsi “saray dili” adlanırdı, bütün əyanlardan bu dili kamil bilmək tələb olunurdu. Azərbaycan  türkcəsi Səfəvilərin doğma dili idi. Bunu müasir İran   tarixçiləri də etiraf edirdilər. Nəsrullah Fəlsəfi yazır: “türk dili Səfəvi sarayının rəsmi dili idi”. Əhməd Kəsrəvi, həmçinin, öz tədqiqatlarında belə nəticəyə gəlib ki, “Səfəvi dövründə İranda türk  (Azərbaycan-S.M.) dilinin yayılması inkişafın kulminasiya nöqtəsinə çatdı”. Bu vaxt türk dillərinə mənsub olan orijinal, zəngin Azərbaycan dilində xeyli poetik və nəsr əsərləri yarandı. Mənbələr göstərir ki, II Şah İsmayıl Sani təxəllüsü ilə Azərbaycan dilində şeir yazırdı.
XVII əsrdə fars ədəbiyyatı tənəzzül dövrü keçirirdi. XVI- XVII əsr Azərbaycan şairlərinin səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, onlar əsərlərini fars dilində də yaradırdılar. XVII əsrin ortalarında ən istedadlı şairlərdən biri Qövsi Təbrizi idi. Onun divanının əlyazması Gürcüstan və Britaniya müzeylərində saxlanılır. Divanına daxil edilmiş qəsidəyə əsasən deyə bilərik ki, Qövsi Təbrizi Qarabağ bəylərbəyi Uğurlu xan tərəfindən himayə olunurdu. Nəsrabadinin iqrarına görə, Qövsi elm öyrənmək üçün Təbrizdən İsfahana gəlmişdi.
XVII əsr ədəbiyyat aləmində Qövsi Təbrizi ən parlaq simalardan biri olmuşdur. O, azadlıq və vətənə məhəbbət ideyasını böyük sənətkarlıqla vəsf edir, istismarçılara nifrətini, yoxsullara, sadə adamlara, istismar olunanlara bütün varlığı ilə bağlılığını bildirirdi.
Saib Təbrizi-Mirzə Əbdürrəhman oğlu Mirzə Məhəmməd Əli Təbrizdə doğulmuş və ibtidai təhsilini orada almışdır. XVII əsrdə yaşamış azərbaycanlı Vəliqulu Şamlı qeyd edirdi kn, I Abbasın göstərişi ilə Saibin ailəsi təbrizlilərin kütləvi sürgünü vaxtı İsfahanda yerləşdirilmişdi. Ticarətlə məşğul olan atasının Təbrizdə geniş nüfuzu var idi. Saibin uşaqlıq və gənclik illəri Təbrizdə, sonra isə İsfahanda keçmişdi. Şair vətəni Azərbaycan və Təbriz haqqında həmişə böyük məhəbbətlə danışırdı. Öz əsərlərində doğma vətəninin gözəlliyini vəsf edib, onu “təmizlənmiş torpaq”, “cənnətəbənzər diyar” adlandırır. Saib qəzəllərinin birində Təbrizin yuksəkliyini, başqa şəhərlərdən onun üstünlüyünü göstərir. Özünün poetik istedadının formalaşmasında Təbrizin xidmətindən danışır.
XVII əsr Azərbaycan və fars şairləri içərisində Saib layiqli yer tutur. Nəsrabadi onu Səfəvi dövrü ədəbi fikrinin başçısı hesab edir.  E.Bertels isə S.Təbrizini XVII əsrin hafizi adlandırır.
Tərzi Əfşar XVII əsrin əvvəlində Urmiya ətrafında yerləşən Tərzi kəndində doğulmuşdur. Öz vətənində təhsil almış və İsfahanda təhsilini davam etdirmişdi. Ağır ehtiyac içərisindəq olmasına baxmayaraq, şair təhsilini təkmilləşdirmiş, Azərbaycan dilindən əlavə, fars və ərəb dillərinə də kamil yiyələnmişdi. Azərbaycan və fars dillərində şeir yazan Tərzi fars poeziyasında yeni məktəb yaratmışdı. Lakin bu məktəb orijinal olsa da, sonralar inkişaf etdirilməmişdir.
Kənc Tərzi Yaxın və Orta Şərq ölkələrinə səyahətə çıxmış, Hindistan, Ərəbistan, Türküstan və Kiçik Asiyada olmuşdur. Şeirlərində Təbriz mövzusu geniş yer tutur. Buna görə də, Y.E.Bertels onun təbrizli olduğunu ehtimal edir. Tərzi bir neçə dəfə Şamaxıda və Gəncədə olmuş, Azərbaycanın böyük şairi Nizami Gəncəvinin vətənini yüksək qiymətləndirmişdi. Alman şərqşünası Q.Ete qeyd edir ki, Tərzi Əfşar “Mədan ül-cəvahir” (“Cəvahirat bulağı”) adlı hekayələr toplusunu hind şahı Nəsrəddin Cahangirə (1605-1627) təqdim   etmişdi. Tərzi Əfşarın irsi XVII əsrdə Azərbaycanın və bütün Səfəvi dövlətinin sosial-iqtisadi-siyasi və mədəni həyatını öyrənmək baxımından dəyərlidir.
Məşhur  Azərbaycan  rəssam-naturalisti   və  təzkirəçisi  Sadıq bəy Əfşar (1534-1612) Təbrizdə doğulmuş, Müzəffər Əlinin yanında rəssamlıq təhsili almışdı. Azərbaycan ədəbi dilində yazdığı “Məcmə ül-xəvvas” adlı əsərində Azərbaycan şairləri haqqında dəyərli məlumat vermişdir. Onlardan   Ətiqi XVII əsrdə saray ədəbiyyatından əsaslı surətdə fərqlənən şifahi xalq ədəbiyyatı xeyli inkişaf etmişdi. Bu ədəbiyyatda geniş xalq kütlələrinin arzusu və istəyi öz əksini tapmışdı. Öz kəsəri ilə istismarçılara, feodallara, ruhani nümayəndələrinə qarşı çevrilmiş şifahi xalq ədəbiyyatı xalqı onlara qarşı qətiyyətli döyüşlərə çağırırdı.
XVII əsr Azərbaycan xalq poeziyasının ən görkəmli nümayəndələrindən biri Tufarqanlı Aşıq Abbasdır. Əsrin əvvəllərində yaşayan Abbasın həyat və yaradıcılığı barədə natamam məlumat qalmışdır. Doğma Azərbaycan, xüsusilə, Təbriz, Dərbənd, Tufarqan şəhərləri onun yaradıcılığında xüsusi yer tutur. Qoşma, gəraylı, divani, müxəmməs və s. yazmışdır. Yaradıcılığında ictimai bərabərsizlikdən, dövrandan şikayət, dərd və kədər motivləri ilə yanaşı zülm və haqsızlığa qarşı etiraz, xalqı birliyə və mübarizəyə çağırış ruhu da öz əksini tapmışdır. Didaktik və dini məzmunda şeirlər də yazmışdır. Məhəbbət mövzusunda lirik şeirləri məşhurdur. Şeirləri orijinal bədii təsvir vasitələri ilə zəngindir. Yaradıcılığı aşıq şeirlərinin inkişafına güclü təsir göstərmiş, “Abbas və Gülgəz” dastanı isə onun həyatı və şeirləri əsasında qoşulmuşdur.
Sarı Aşıq XVII əsrdə yaşayıb yaratmışdır. Onun bayatıları qeyd kitabçalarının ayrı-ayrı səhifələrində kiçik parçalarla birgə dövrümüzədək gəlib çatmışdır. Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrin təzkirəçisi Qaradaği verir və qeyd edir ki, Sarı Aşıq Cənubi Azərbaycanın Qaradağ mahalındandır. Sonralar o, Zəngəzur mahalının Güləbird kəndinə köçmüşdü (indiki Laçın rayonu). Haqq Aşığı, Qərib Aşıq adları ilə tanınan Sarı Aşıq gözəl bayatılar ustası idi. Yaradıcılığında əsas yer tutan aşiqanə şeirlərində vüsal həsrəti təbii və təsirli ifadə edilmişdir. Bir sıra bayatılarında həyatdan narazılıq, şikayət, kədər motivləri də əksini tapmışdır. Qoşma və bağlamalar da yazmışdır. Lakin onların az qismi dövrümüzədək gəlib çatmışdır. Şeirlərində xalq dilinin bədii imkanlarından məharətlə istifadə etmiş, orijinal təşbeh, bənzətmə və cinaslar işlətmişdir. Sarı Aşığın Yaxşı adlı qızla nakam məhəbbətindən bəhs edən “Yaxşı və Aşıq” dastanı qoşulmuşdur. Şeirlərini ilk dəfə Salman Mümtaz 1927-ci ildə “Aşıq Abdulla” adlı kitabında çap etdirmişdir. Həmin şeirlər 1935-ci ildə “Sarı Aşıq və bayatılar” adı ilə yenidən nəşr olunmuşdur.
Sarı Aşığın yaradıcılığı öz səmimiliyinə, xalqa yaxınlığına görə cəlbedicidir. Onun irsi məhəbbətlə qorunmuş, nəsildən-nəslə ötürülmüşdür. Xəstə Qasım (təq. 1684-1760) Azərbaycanın şair-aşığıdır. Təbriz yaxınlığındakı Tikmədaş kəndindəndir. XVII əsrin sonu-XVIII əsrin əvvəllərində yaşamış və yaradıcılığının ilk dövründə lirik səpkidə şeirlər yazmışdır. Lakin o, daha çox xalq şeiri üslubunda yazdığı əsərləri-gəraylı, qoşma, təcnis, bayatı, bağlama və qıfılbəndləri ilə şöhrət qazanmışdır. Yaradıcılığında əxlaqi-tərbiyəvi fikirlər, nəsihətçilik mühüm yer tutur. Ustadnamələri məşhurdur. Onlarda şair insanları ədalətə, xeyirxahlığa çağırmış, zülmü, şöhrətpərəstliyi, tüfeyliliyi tənqid etmişdir. Bir sıra şeirlərində zəmanədən, təklikdən, yoxsulluqdan şikayət motivləri əksini tapmışdır. Xəstə Qasımın məhəbbət mövzusundakı şeirləri də geniş yayılmışdır. Şeirləri yüksək bədii sənətkarlığı, poetik dilin xəlqiliyi ilə seçilir. O, cığalı təcnisin, qoşma-müstəzadın gözəl nümunələrini yaratmışdır. Xəstə Qasım şəhər və kəndləri gəzmiş, aşıqlarla (o cümlədən, Dağıstanda Ləzgi Əhməd adlı məşhur aşıqla) deyişmişdir. Əsərləri erməni əlifbası ilə də köçürülərək yayılmışdır. Şeirlərini ilk dəfə M.Mahmudbəyov toplayıb “SMOMPK” məcmuəsinin 19-cu buraxılışında çap etdirmişdir. O, həmçinin, Şamaxının Tircan kəndində (indiki İsmayıllı rayonunda) Aşıq Orucun Xəstə Qasım haqqında “Molla Qasım” dastanını yazıya alıb qısa məzmununu “Kaspi” qəzetində (1895 № 137) dərc etdirmişdir,
Xəstə Qasımın yaradıcılığı aşıq şeirinin inkişafına əhəmiyyətli təsir göstərmişdir.Tarixi hadisələr və XVII əsrdə Azərbaycan xalqının azadlıq mübarizəsi məhəbbətlə dildən-dilə keçən xalq dastanlarının yaradılması üçün  əsas  mövzu olmuşdu. Dastanlarda xalq kütlələrinin   arzusu,   istəyi,  kin-küdurəti,   hakim   feodallara, yadellilərə qarşı ədalətli mübarizədə onların mərdliyi və hünəri tərənnüm edilmişdir.
Bu dastanlar içərisində “Koroğlu” qəhrəmanlıq dastanı xüsusi yer tutur. “Koroğlu” dastanı Azərbaycanda xalq hərəkatı salnaməsinin ən parlaq səhifələrindən birini əks etdirilir və XVII əsrin ən gözəl əsərlərindən biridir.
XVII yüzillikdə Azərbaycan dastanları içərisində “Şəhriyar və Sənubər” dastanı görkəmli yer tutur. Dastan Azərbaycan nəsrinin ən gözəl nümunəsini təmsil edir.
XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri zamanı Azərbaycan elmi böyük itki verdi. Onun çoxlu nümayəndələri məhv edildi, çoxları  İran şəhərlərinə köçürüldü.
XVII əsrin birinci yarısında Azərbaycanın mədəni həyatında diqqətəlayiq şəxsiyyətlərdən biri Yusif bin Məhəmmədcan Qarabaği Məhəmməd Şahidir.
Azərbaycan alimləri əsrin ikinci yarısında Səfəvi imperiyasının bir sıra elm sahələrinə yeni istiqamət verməyə başlayırdı. Mirzə Məhəmməd Təbrizi, Molla Mömin İman, Molla Əliqulu Xalxali, Molla Vaqif Xalxali, Nəcibəddin Rza Təbrizi, Mövlanə Rəcəbəli Vahid Təbrizi və b. kimi ölkənin mədəni həyatının ön səhnəsinə çıxan alim və şairləri yazıb yaradırlar. Onların içərisində Mövlana Mirzə Məhəmməd bin Həsən   Şirvani, xüsusilə, fəxri yer tuturdu.
XVII əsr Azərbaycan incəsənəti XVI əsrdə bütün Yaxın Şərqdə tanınmış Təbriz rəssamlıq məktəbi əsasında inkişaf edirdi. Səfəvilərin idarə etdikləri hər yerdə böyük hörmətlə qarşılanan gözəl rəssam-miniatürçülər nəsli yetişdi.
Məşhur xəttat, I Abbasın kitabxanasının müdiri Əli Reza Təbrizi böyük nəqqaş-miniatürçü, Təbriz miniatür məktəbinin ənənələrinin görkəmli davamçılarından biri idi. 1585-ci ildə Təbriz osmanlılar tərəfindən tutulduqdan sonra Əli Reza şəhəri tərk edib Qəzvinə getdi və orada gənclərə xəttatlıq öyrətdi, eyni zamanda, öz sənətkarlığını təkmilləşdirdi.
Əli Reza Təbrizi həm də incə ornamentçi idi. Şahın fərmanı ilə o, iki il Məşhəddə qaldı və şiələrin səkkizinci imamı Musa ər-Rezanın məzarı ornamentinin tərtibatı üzərində işlədi. Onun işləri indi də XVII əsr incəsənətinin gözəl nümunəsi kimi Məşhəddə “Rezevi” muzeyində saxlanır. Əli Rezanın təvəllüdü və vəfatı tarixi məlum deyil, lakin 125 yaşında öldüyü bəllidir.
Osmanlı yürüşləri ilə əlaqədar vətəni tərk etmiş görkəmli Azərbaycan nəqqaşlarından biri də Seyid Əli Təbrizidir. O, 16 cilddən ibarət nağıllar tərtib etmişdi. Bu cildlərin hər səhifəsini rəssam fırça ilə bəzəmişdi. Qeyd etmək lazımdır ki, incəsənət rəssamlıq, miniatür əsərləri ilə sıx təmasda inkişaf edirdi. İncəsənətin nümayəndələri, adətən, böyük şəhərlərdə yaşayıb yaradır, ən məşhurları isə şah kitabxanasının ətrafında toplaşırdılar. XVII əsrdə biz Təbriz miniatür və rəssamlıq məktəbinin nümayəndələrinə İsfahanda şah saraylarında təsadüf edirik. Onlar zəngin Təbriz məktəbinin qədim ənənələrinə sadiq qalaraq yeni İsfahan rəssamlıq məktəbi yaratmışdılar. Beləliklə, Azərbaycan nəqqaşlıq məktəbi yeni formada özünü göstərir və nümayəndələr yetişdirirdi.
    Yazıya (625) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.